Döyüş
tapşırıqlarının yerinə yetirilməsində
rəşadət göstərdi...
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, eləcə də vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 11 nəfər hərbi qulluqçusundan biri də ölümündən sonra bu mükafata layiq görülmüş kapitan Hüseynli Türkay Nizami oğludur.
Ölkə başçısının, həmçinin, 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə kapitan Türkay Hüseynli (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.
Kapitan Türkay Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub. Hüseynovlar ailəsində böyüyüb boya-başa çatan və tərbiyə alan 4 övladdan (Sədi, Natəvan, Şahnabat və Türkay) biri, həmçinin, ailənin sonbeşiyi və vüqarı idi Türkay...
Orta təhsilini Daxili Qoşunların Birinci Qarabağ müharibəsində şəhid olmuş giziri Etibar Şirəliyevin adını daşıyan 274 saylı orta məktəbdə alıb. Müddətli həqiqi hərbi xidmətini 2009-2010-cu
illərdə Daxili Qoşunların Naxçıvanda
yerləşən “N” saylı hərbi hissəsinin xüsusi
təyinatlı dəstəsində keçib. Hələ
uşaq yaşlarından hərbi xidmətə olan
böyük həvəsi sayəsində Türkay
müddətli hərbi xidmətini başa vurduqdan sonra elə
həmin hərbi hissənin xüsusi təyinatlı
dəstəsində qalaraq, 2012-ci ilin iyul ayınadək
müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçusu kimi Vətənə olan
şərəfli borcunu yerinə yetirməyə
başlayıb. Zabit kimi
xidmətini davam etdirmək arzusunda olan silahdaşımız,
2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta
İxtisas Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə bu hərbi təhsil
ocağını bitirərək “leytenant” hərbi
rütbəsi alan Türkay zabit kimi ilk olaraq
qoşunların Quba rayonunda yerləşən “N” saylı
hərbi hissəsində fəaliyyətə
başlayıb. 2019-cu ilin fevral ayınadək burada müxtəlif
bölmələrin tərkibində taqım və qrup
komandiri vəzifələrində xidmət edib. Bir komandir
kimi hər zaman yüksək hərbi intizamı,
çalışqanlığı və biliyi sayəsində
böyük rəislərin etimadını və
tabeliyində olan şəxsi heyətin hörmətini
qazanmağa müvəffəq olub. Yüksək
döyüş hazırlığı, nümunəvi və
qüsursuz xidmətilə fərqlənən hərbi
qulluqçu kimi “Qüsursuz xidmətə görə” 3-cü
dərəcəli medalla, eləcə də hərbi hissə
komandanlığı tərəfindən bir sıra
mükafatlarla təltif edilib.
T.Hüseynli xidmət etdiyi
dövrdə iki dəfə - 2010-cu ilin sentyabr ayından
2011-ci ilin iyun ayınadək və 2019-cu ilin fevral ayından
iyul ayınadək qardaş Türkiyə Respublikası Jandarm
Baş Komandanlığının Jandarm Komando
Məktəbləri və Təlim Mərkəzi
Komandanlığında müvafiq olaraq “Gizir komando
təməl kursu” və “Zabit komando təməl kursu”nda
təhsilini davam etdirib.
Sonuncu
kursu da müvəffəqiyyətlə başa vuran
T.Hüseynli, 2019-cu ilin iyul ayından etibarən Daxili
Qoşunların Sumqayıt şəhərindəki “N”
saylı hərbi hissəsində xüsusi təyinatlı
dəstənin xüsusi həmlə qrupunun komandiri
vəzifəsində xidmət edib.
Vətən
qarşısındakı müqəddəs borcunu
şərəflə yerinə yetirən
vətənpərvər hərbi qulluqçu kimi işğal
olunan torpaqlarımızın azadlığı
üçün döyüş meydanında
düşmənlə savaşmaq və lazım
gələrsə, bu amal uğrunda şəhidlik
məqamına yüksəlmək Türkayın ən
böyük arzusu olub.
Daxili Qoşunların “N” saylı
hərbi hissəsində “Əqrəb” şərti
adını daşıyan xüsusi təyinatlı
dəstənin komandiri, “Qarabağ” ordeni və “Cəbrayılın
azad olunmasına görə” medalı ilə təltif
edilmiş mayor Ələsgər Muxtarov (Vətən
müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı
Bazar yaşayış məntəqəsi istiqamətində
gedən döyüşdə yaralanıb) vaxtilə birgə
xidmət etdiyi qrup komandirinin mərdliyi və
qorxmazlığı haqqında bu gün də ürək
dolusu danışır:
“44 gün
davam edən Vətən müharibəsində
dəstəmizin 6 nəfər hərbi qulluqçusu
qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan
biri də qrup komandiri kapitan Türkay Hüseynlidir.
Bir komandir
kimi fəaliyyətinə gəlincə, deyə bilərəm
ki, istər nəzəri, istərsə də
keçirilən bütün praktiki
məşğələlərdə ən aktiv qrup
komandirlərindən biri olub Türkay. Ümumilikdə
isə qarşıya qoyulan bütün
tapşırıqları vicdanla yerinə yetirib. Olduqca
vətənpərvər, ləyaqətli hərbi qulluqçu
kimi tabeliyində olan şəxsi heyət üçün
hər zaman nümunə idi.
Yaxşı
yadımdadır, döyüş öncəsi şəxsi
heyətə tapşırıqlar verirdim. Bu vaxt Türkay böyük əzmlə: “Cənab
mayor, ölmək var, dönmək yoxdur” – dedi və
üzünü şəxsi heyətə tutub ardınca da:
“Xüsusi təyinatlı illərlə yaşayır, lakin bir
dəfə lazım olur, o da məhz Azərbaycanın
ərazi bütövlüyü uğrundadırsa,
sevə-sevə canımızdan keçməyə hazır
olmalıyıq” - deyə qürur hissi ilə fikrini
bitirdi.
Gözündə
heç zaman qorxu hissi olmazdı. Elə
döyüşə də gözünü qırpmadan
atıldı. Onun qrupu
döyüş tapşırıqlarının yerinə
yetirilməsində rəşadət göstərdi...”.
3 oktyabr 2020-ci il... Cəbrayıl
istiqamətində gedən döyüş Türkayın son
döyüşü oldu. Komandiri
olduğu qrupun şəxsi heyəti ilə birgə rayonun
Böyük Mərcanlı kəndi ətrafındakı
yüksəklikdə düşmənin 30 il ərzində möhkəmləndirilmiş birinci
müdafiə xəttini darmadağın etdi. Ermənilərin
xeyli sayda canlı qüvvəsi, o cümlədən, 8
tankı və 1 topu məhv oldu. Lakin
düşmənin bu istiqamətdəki ikinci müdafiə
səddinin yarılması uğrunda gedən şiddətli
döyüşün gedişində erməni snayperinin
açdığı atəş nəticəsində
ağır yaralanan kapitan Türkay Hüseynli
qəhrəmancasına şəhid oldu...
Bu döyüşdə cəsur
komandirlə birgə onun tabeliyində vuruşan Daxili
Qoşunların digər 2 nəfər igid hərbi
qulluqçusu – çavuş Məmmədov Elvin Tərlan oğlu
və MAXE əsgər Abasov Ayaz Nizami oğlu da
qəhrəmanlıq göstərərək şəhid
oldular.
Kapitan T.Hüseynli 2020-ci il oktyabrın 3-də Bakıdakı İkinci Fəxri
xiyabanda dəfn olunub. Subay idi.
Hər qarış torpağa göz
bəbəyini,
İstəsələr
verrəm, deyildir qəmim.
Silah götürməsəm də,
köməyini,
Əsirgəyən
deyil şair qələmim.
Bir yığın arzum var,
qəlbimdə yenə,
Ata da
bilmirəm bu həyəcanı.
Birinci yer verim hansı birinə,
Çiçəkli
görməkdir Azərbaycanı.
Bu misralar
şəhid zabitimizin atası şair Nizami Elyanar
Göyçəviyə məxsusdur. 8 kitabın
müəllifi olan Nizami müəllim, eyni zamanda Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. O, Türkay kimi şəhid oğullarımızla
qürur duyduğunu deyir:
“Türkayla sonuncu dəfə
oktyabrın 2-də saat 18:20-də
danışmışdıq. Özü zəng etmişdi. Dedim: “Milli Qəhrəman, necəsən?”. Təvazökarlıq elədi, dedi: “Ata, hələ
ona tezdir”. Çox danışmadıq. Sonra “Problem
yoxdur, yaxşıdır hər şey. Sağlıq-salamatçılıqdır. Özünüzdən
muğayat olun. Narahat
olma” – dedi və bundan sonra telefon əlaqəsi kəsildi...
Müharibəyə
hazır vəziyyətdə getmişdilər. Yoldaşları
ilə birgə xüsusi igidlik göstəriblər. Düşmənin
xeyli sayda canlı qüvvəsini məhv ediblər. Texnikalarını
ələ keçiriblər. Həmin
döyüşdə oğlum Türkay Hüseynli
şəhid oldu...
Şəhidlik
onun üçün sanki bir amal, bir əqidə yolu idi. Hələ 3 il bundan öncə, Daxili
Qoşunların Qubada yerləşən hərbi
hissəsində xidmət edən dövrdə
məzuniyyətə gəlmişdi. Gəlib yanımda,
bir az aralı oturub, nədənsə “Şəhidlik
məqamına yüksəlmək lazımdır” – deyə,
bir fikir səsləndirdi. Düzü, başım
qarışıq olduğundan, həmin vaxt bu sözü
nə üçün deməsinə fikir vermədim. O da gördü ki, məşğulam, başım
qarışıqdır, artıq heç nə
danışmadı. Lakin indi başa düşürəm ki,
sən demə, bu müqəddəs zirvəyə
yüksəlmək onun həyat məsləyi
olubmuş...
Qüsursuz
və nümunəvi xidmətinə görə vaxtından
əvvəl ona “kapitan” hərbi rütbəsi
vermişdilər.
Hələ
evlənməmişdi. Noyabrın
25-də 30 yaşı tamam oldu. Mənim
oğlum sağdır. Ölməyib. Şəhidlər ölmürlər...”.
Türkayın ailə üzvlərinin, yaxın qohum və dostlarının, həmçinin, vaxtilə tabeliyində xidmət etmiş hərbçi yoldaşları – baş çavuş Musa Qədirov, çavuşlar Rasim Hacıyev, Kamal Məmmədli və Tahir Babayevin xatirələri əsasında “Real” televiziya kanalının, o cümlədən, “APA” TV və “Report.az” saytlarının “YouTube” internet portalı vasitəsilə yayımlanan xəbər proqramlarında “Şəhidlik xüsusi təyinatdır” və “Anası
şəhid olduğu günə qədər müharibədə olduğunu bilmədi” adlı süjetlərdə qəhrəman zabitimizin gənc nəslə nümunə olan həyat və hərbi xidmət yolu barədə məlumatlar izləyicilərə təqdim edilib. Bundan əlavə, “Xalq qəzeti”nin 27 dekabr 2020-ci il tarixli sayında Əli Nəcəfxanlının müəllifi olduğu “Kapitan Türkayın rəşadət dastanı” başlıqlı məqaləsində
şəhid silahdaşımızın həyat və döyüş yolu geniş işıqlandırılıb.
Sonda şəhid atası Nizami Elyanar Göyçəvinin qeyd etdiyi kimi, yalnız onu deyə bilərik ki, bəli, həqiqətən də
şəhidlər ölmürlər. Vətən uğrunda canını qurban verən Türkay
kimi igid oğullarımızın əziz xatirəsi
qədirbilən xalqımızın qəlbində
əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin!
Mayor Anar Əhmədov
525-ci qəzet.- 2021.- 20 yanvar. S. 23.