"Sus"mayan eşqölüm  

 

 

Qaranlıq şəhərin soyuq sakinləri bu gün yenə sınağa çəkilmişdilər. İnsanlar London şəhərinin acılarını, əzablarını kürəklərinə alıb gedirdilər. Tək Cessikadan başqa. Məsum, sakit qızcığazın hələ yaşayacaqlarından xəbəri yox idi... Bu məsum qızcığazın taleyi qarışıq olmaqla yanaşı, bir o qədər gizli idi.

 

Hadisələrin hamısını sizə izah etməyəcəm. Sizləri bir o qədər intizarda saxlamaq istəyirəm. Düşünün ki, qaranlıq otaqda yalnızsınız. Beyninizdəki fikirlər sizi öz ağuşuna alıb. Bu fikirlərdən qaçmaq istəyirsiniz, lakin qaça bilmirsiniz. Bu sizin həyatınızda kabusa çevrilir. Bu kabusdan qaçmağın yollarını axtarırsınız, ancaq yenə qaça bilmirsiniz. Baxın, eynən Cessika da bu yoldadır. Cessika kabusdan qaçmaq istəyir, amma alınmır. Bu kabus onun həyat səhifələrində iz olaraq qalır. Əslində isə Cessikanın həyatı bundan sonra başlamalı idi. Başlamır. Bəlkə Cessika bu kabusla yaşamaq istəyir. Sizcə, hansı ola bilər? Bu sualların cavabı da çox gizlidir, çünki hər kəs fərqli yöndən yanaşa bilər. Suallar qarışıq, cavablar isə naməlumdur...

 

Sara Bekkerin "Sus" əsərini oxuduqda heyrətə gəlmişdim. Elə ilk səhifəsini açıb bu kitab ən sevimli kitabıma çevrildi. Fikirlərimin hazırda necə qarışıq olduğunu hiss edirəm.

 

Kitab məni qədər özünə cəlb etsə , bir o qədər çox düşündürür suallar yaradırdı. Bu barədə yazıçıya əhsən!-deyirəm. Hər dəfə yeni hadisələr baş verdikdə sanki onları mən yaşayırmışam kimi fikir formalaşırdı məndə. Cessika ilə Cerrinin sevgisi bu sevginin kabusa çevrilməsi heyrətamizdir. Qəribədir, sanki qəhrəmanların tam gözümün önündə yaşadığı hadisələrlə qarşı-qarşıyayam. Cessikanın yaşadığı kabusu isə özüm yaşayırmış kimi hiss edirdim.

 

Zülmətin günəşi həbs etdiyi küçələrin birində gəzişən Cessika dumanı içinə çəkib addımlayırdı. Addımların arxasında bir iz qoyub gedirdi elə bil. Döyünən ürəyi isti nəfəsiylə çarpışırdı. Artıq evə gedib çatmışdı. Sanki Cessikanın qəfildən gəlməsi nəticəsində tənha divarlara buz çökmüşdü. Hər dəfə o divarlara toxunduqca parça-parça olan əllərini izləyirdi Cessika. Qorxudan titrəyirdi. Özünü sakitləşdirməyə çalışırdı, amma o dəqiqələrdə hər şey dəyişmişdi artıq...

 

Baxın, faciə indi başlayır. Gözlərinizdə qurutduğunuz göz yaşlarınızı Cessikanın soyumuş, parçalanmış cəsədinə tökməyin. Axı onu incidirsiniz... Əlinizi qəlbinizə qoyub, dişlərinizi bir-birinə sıxıb qaranlıqda ağlayın. Niyə, bilirsiz? Çünki Cerri ilə Cessika ömür divarlarını həbsxanaya çevirən Con Gloqdan qisaslarını ala bilmədilər. Məhz Cerri o göz yaşlarını axıda bilmədi. İçində od tutub yanan ürəyini, üsyan edən ruhunu qoruya bilmədi. Onlar ikisi göz yaşlarını ikiyə bölünmüş qəlblərinə tökdülər. Siz elə edin! Onların payız qoxulu, həsrətli sevgilərinə dərd bağlatmayın...

 

Duyğularım çox qarışıqdır. Yazıçının qələmə aldığı əsər fırtına qopardı qəlbimdə. Demək olar dəfələrlə oxuduğum bitirmək istəmədiyim kitablardan birinə çevrildi.

 

Bəzilərinin reallıq, bəzilərinin isə mistika adlandırdığı həyat hekayələrindən biri. Qələmim yazır, ancaq dünyam talan olub elə bil. Yazıçının o bomboz küçələri, soyuq insanları anlatması içimdə bir qədər nifrət hissi oyatdı. Əsəri oxuyan zamanda yuxuda olduğumu hiss etdim. Gərgin, dramatik əsərdə yazıçı qadınlara qarşı zorakılığı təsvir etməklə yanaşı, onların necə güclü, iradəli olduğunu da göstərib. Həmçinin, onları hər şeyi, hər tərəfi ilə sevən kişilərin olduğunu. Təəssüf edirəm ki, Cessika da bu qurbanlardan birinə çevrildi.

 

Mən onların sevdasının vurğununa çevrildim. İndiki dönəmdə Leyli Məcnun kimi sevdalılar varmı? Təəssüf ki, çox az rast gəlinir. Bir daha bu sevginin şahidi olduğumda özümü bir az da olsa, xoşbəxtlik çərpələnginə atdım. Sevincdən uçduğumu orada qalmağımı istədim. Ancaq Cerri Cessikanın faciəvi ayrılığından sonra mən ömür divarlarını əllərimdən qan axana qədər yapışıb, göy üzündə asılmış ulduzlar kimi qoparmağa çalışdım. Onlar yaşamayandan sonra artıq ulduzlara necə tamaşa edəcəkdim? O parlayan ulduzların arasından gülümsəyən Cerri Cessikanın gözləri olmayacaqdı artıq. Gecəyə rəng verən o ulduzlardı axı...

 

London Cerrinin dəli sevdasına tamaşa edərkən artıq susmuşdu. Burada artıq müəllifin qələmini düşüncəsini alqışlayıram! Soyuq, dəhşətli ətrafı duman bürümüş fundalığa kim gedə bilərdi? Əcəli ilə qarşı-qarşıya gələn Cerri Cessika üçün hər şeyi edə bilərdi. Cerri Cessikanın öldüyünə inanmaq istəmirdi. Söyləyin, bu dövrdə hansı sevənlər bu cür sevdalana bilib? Dediyim kimi çox az... Baxın, qaranlığın insanları ovsunlaması, ancaq Cerrinin cəsurluğu? Milyonlarca məzar daşları onu izləyir, Cerri onları. Duman ətrafı sarmış, payızın sərt yarpaqları ətrafa səpələnmiş, dənizin dalğası isə torpağı islatmış. Soyumuş cəsədlərin gözləri açıq Cerrini seyr edir, o isə Cessikanın cəsədini tapmaq üçün bağırdıqca bağırır. Nəfəsi tükənir, lakin yenə dözür. Tükənmiş nəfəsi şam kimi əriyir. Baxışlarında titrəyən məzar daşları onu seyr edir donuq vəziyyətdə sonunda o Cessikanı tapır. Toxunulmamış, yenə zərif, incə. Ona sarılır, ancaq əlləri qopub düşür. Elə bilir ki, Cessika yaşayır.

 

Ətrafındakı insanların qatili olur. Yandırmış otağın külünü simasına toxundurur ki, göz yaşları gözlərində qurusun. Əgər bir damlası Cessikanın simasına toxunarsa, özünü məhv edər...

 

Çirkli, bozarmış cəsədi evə gətirib, onu stola əyləşdirir, ölmüş cəsədi ilə söhbətləşir... Sevgisini ona hiss etdirməyə çalışır...

 

sonda Cessika parçalanır... Ətrafa dağılmış saçları, qopmuş əlləri ayaqları tərk edir o küçəni , insanları da. Dözə bilmədiklərindən deyil, yaşamaq istəmədiklərindən gedirlər.. Cerri qışqırır, qollarına Cessikanın cəsədini alıb onu əzizləyir... Baxın, bu deyilmi faciə?

 

Qələmə aldığım səhnə mistikaya yaxın ola bilər, eynən mənim əsərlərim kimi. Oxucularımdan çoxlarının fikirlərini nəzərə alaraq deyə bilərəm ki, "Adam Papatyanın Tanrıyla görüşdüyü gün" adlı kitabımda yer alan "Yuxu" adlı hekayəm burada olan faciəni əks etdirməkdədir, ancaq bu bir reallıqdır. Yazıçı biz oxucuları bu cür sevdalıların olduğuna nələr yaşadıqlarını görməyə səsləyir. Görün, oxuyun! "Bu necə dəhşətdir, faciədir" söyləyib keçməyin!

 

Yazıçı xəyali təfəkkürünə əsaslanaraq yaza bilər, amma unutmayaq ki, bu hadisələr real həyatda da mövcuddur. Mən düşünürəm ki, bu kitabı oxuduqdan sonra yalnız duyğularımı və fikirlərimi bölüşmədim. Bu gün yenidən obrazların yaşadıqlarını mən də yaşadım.

 

 

Səma MUĞANNA

 

525-ci qəzet.- 2022.- 1 aprel.- S.15.