Sənətə həyat kimi baxanda...  

 

ƏDƏBİYYATIMIZDA VƏ KİNOMUZDA BİR HƏSƏN SEYİDBƏYLİ İMZASI PARLAYIR

 

 

(Əvvəli ötən sayımızda)

 

Həsən Seyidbəylinin şöhrətinin üstünə şöhrət gətirən ekran əsəri yaradıcılığının yetkin dövründə çəkdiyi "Nəsimi" filmi oldu. Azərbaycan xalqının görkəmli şairi və mütəfəkkiri, hurifiliyin tərənnümçüsü İmadəddin Nəsiminin 600 illiyinə həsr edilən bu film 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalda "Tarixi mövzuda ən yaxşı filmə görə" mükafat aldı. Filmin taleyi respublikanın rəhbəri Heydər Əliyevin etimadı ilə Həsən Seyidbəyliyə həvalə olunmuş, o da ortaya Nəsimiyə layiq bir əsər qoya bilmişdi...

 

96 dəqiqə boyu Nəsimi dünyasında qeyb olursan. "Nəsimi"ni "pafosdan, patetikadan uzaq" real ekran əsəri adlandırsalar da, hər ikisindən bir az olduğunu düşünürəm. Nəsiminin adı elə pafosdur, vəcd, entuziazm, təmtəraqdır. H.Seyidbəyli həm də vətənpərvər, təəssübkeş vətəndaş idi. Böyük tabloda baxanda nə görürük? Rejissor Nəsimi roluna aktyor seçmək üçün daha "əhatəli" axtarış aparmır. "Dağa-daşa" da düşmür. Kəşf etmək, yetişdirmək onun stixiyası, ampluası idi. Hər kəsin tanıdığı Vyaçeslav Tixonovu qoyub heç kəsin tanımadığı Rasim Balayevi çəkməklə daha böyük dövlət mükafatlarından, daha yüksək mərtəbələrdən özünü və filmi məhrum etdiyinin fərqində idi. Vətənpərvərlik kor millətçilik, özündən olmayana nifrət deyil,  milli həssaslıqdır, özününkünə sevgidir, tələb olunduqda birinciliyi ona verməkdir. Filmin rus dilinə dublyajı zamanı SSRİ Xalq artisti V.Tixonov "Heç olmasa, Nəsimini səsləndirmək  qismətim oldu", - demişdi. Onun 100 illik yubileyinin Zəfər günlərinə təsadüf etməsində də sənətkarın ruhunu şad edəcək bir rəmz görünür.

 

Azərbaycan kinosunun Metri "H.Seyidbəyli kinodan və ədəbiyyatdan nə istəyirdi?", - sualına filologiya elmləri doktoru Məmməd Adilov belə cavab vermişdi: "Mən cəsarətlə onu V.Şukşinlə eyni düşüncə dünyasının adamı hesab edərdim. Şukşin rus mujikinin, H.Seyidbəyli Azərbaycan qadınının, ələlxüsus gənc qızların, azərbaycanlı ailəsinin xoşbəxtliyi problemi ilə məşğul olurdu". (Mənsə, cəsarətlə onu yuxarıda adını çəkdiyim E.Ryazanovla müqayisə edərdim. Böyük komedioqrafa tamaşaçı sevgi və pərəstişini azaltmamaqla H.Seyidbəylinin də qiymətini lazımınca vermək lazımdır. E.Ryazanov SSRİ xalqları mədəniyyəti üçün nə etmişdisə (senarilər, filmlər, əsərlərindəki kədərli lirizm, müştərək əməkdaşlıq, yeni aktyor kəşfləri və heç kəsin tanımadığı və bəlkə də heç vaxt belə geniş tanımayacağı aktyorları ulduz səviyyəsinə çatdırmaq ustalığı və s.) H.Seyidbəyli də Azərbaycan mədəniyyəti üçün onu etmişdi. (Geniş anlamda milli ədəbiyyat xalqı üçün politoloqlardan çox görür). Hələ üstəlik, H.Seyidbəyli professional yazıçı idi. Onun obrazları romantik, cəmiyyətdə yerini axtaran,  özünü təsdiq etmək istəyən qızlar, qadınlardır, azərbaycanlı ruhunun parlaq ifadəçiləri, daşıyıcılarıdır.

 

H.Seyidbəylinin  publisistikası  heç də onun bədii yaradıcılığından geri qalmır və az əhəmiyyətli deyildir. Onun publisistikası da əslində elə bədiidir, təhkiyə, sənətkarlıq, ruh mətnə uduzmur. "İlk tanışlıq", "Yuqoslaviya xatirələri", "15 gün Yaponiyada"  kitabları məlumatlandırıcı, öyrədici olduğu qədər, əyləncəli, həm də bitkin əsərlərdir. XX əsrin ikinci yarısından sovet adamlarına xarici səfərlərə imkanlar açılmağa başladı. Hərtərəfli yaradıcı insan olan H.Seyidbəyli üçün dünyanı görmək, gördüyünü anlatmaq mühüm, vazkeçilməz fürsət idi. İlk səyahətini barkasla Zirə, Türkan bağlarından başlayan H.Seyidbəyli böyüdükcə marşrutu da Xəzər dənizinin sərhədlərini aşdı, yer kürəsinin yarısını gəzdi. Daim üzdə olan hörmətli ictimai-siyasi xadim kimi Amerika, Kanada, Hindistan və başqa ölkələrə etdiyi səfərlərin  geniş icmalını "Gördüyüm yerlər" adlı yol qeydlərində yazmış, bu gün də  həvəslə oxunan memuar ədəbiyyatı nümunələri yaratmışdı.

 

Yaponiya xatirələri yazıçının təzadlar, zəngin mədəniyyət və gözəlliklərin vətəni olan "gündoğan ölkə" ilə ilk tanışlığı, gərgin qrafikli həm iş, həm səyahət məzmunlu səfər təəssüratıdır. Asiyanın ən mənzərəli ölkələrindən olan "Yaponiyada şəhərlər arasında sərhəd yoxdur. Bir şəhər qurtaran kimi, o biri şəhər başlanır". Yazıçı oxucuya ensiklopediya xarakterli informasiya yox, "Yaponiyanı necə gördüyü, necə kəşf etdiyi" barədə ətraflı məlumat verir. Bu gün 1966-cı ildə çapdan çıxmış bu yazı leksikası ilə də diqqəti çəkir. "Bufetin qarşısında ağ paltarlı kişilər nazik qəmişlərdən coka-cola sorurdular". Google-də nə qədər axtarış versəm də "qəmiş"ə  rast gəlmədim. Qarşılaşdığı, gördüyü heç bir epizod səyahətçinin nəzər nöqtəsindən, müşahidəsindən  kənarda qalmır. Bundan başqa, onu əhatə edən hər şeyə öz düşüncəsinin gözü ilə baxır, hər nəsnədə məna axtarıb münasibətini bildirir.

 

 

 

Amerika XXI əsrin dünyanı altının üstünə çevirdiyi  insanı üçün  sirli-soraqlı, səyahətlərin zirvəsi hesab edilən bir ölkədir. Qarşısına lay divar çəkilmiş imperiya vətəndaşının nəzərində isə əsl kosmos idi.  Okeanın o tayı dediyimiz  möcüzəli,  fantastik bir dünya...  H.Seyidbəylinin "20 gün Amerikada" kitabı bir səfər hüdudlarında  hər xalq, hər dövr üçün ekzotik, cəlbedici olan bu ölkəni öz kəşfində A-dan Z-yə təqdim edir və məncə məqsədinə də nail olur. Gözlərimiz önündə Amerika ştatları səyahətçinin "obyektivinin" fokusunda bütün qütbləri ilə açılır. O vaxt bizə yad olan avtomobil tıxacları (halbuki Bakı əsl trafikin nə olduğunu 1990-cı illərdən bildi),  televiziya reklamları, mağazalarda eyni malın fərqli qiymətləri, ticarət mərkəzlərində quraşdırılmış videokameralar, "bahalı qadınlar", küçələrdə  hökumətə qarşı çıxışlar, dilənçilər, gecənin bir aləmi vıyıldayan sirenalar, Nyu-Yorkun siçovullar qaynaşan nəhəng zibillikləri barədə məlumat verilir. Necə deyərlər, hər zaman "macəra dolu Amerika". H.Seyidbəylidən xeyli əvvəl sovet satirik yazıçıları İ.İlf və E.Petrov "Birmərtəbəli Amerika", rus sovet prozaiki və digər vəzifə və titulları olan  B.Polevoy "Amerika gündəlikləri" yol oçerklərində bu dəmir pərdəni bir qədər qaldırıb arxasındakını sovet oxucusuna göstərmişdilər. İ.İlf və E.Petrovun, B.Polevoyun Amerika "kəşf"indən sonra 1972-ci ildə H.Seyidbəyli okeanın o tayına səfər etdi və gördüklərini, eşitdiklərini oxucuları ilə bölüşdü. Onun "Amerikası" isə bir başqa idi... Ən maraqlısıdı da o idi ki, Amerikaya ilk səfər edənlər sahildəki 6-7 mərtəbəli evləri hündür bilib mat qalırdılarsa, sonrakı səyahətçilər 15-20 mərtəbəli binaları "göydələn" sayırdılar. Belə-belə, vaxt keçdikcə sayı itirilmiş əsl göydələrin əlindən  sahil görünürdü, nə maili yağış, nə duman. Toz-dumandan isə söhbət belə gedə bilməzdi... Yazıçı nədən danışırsa, yenə   səmanı qucaqlayan göydələnlərə dönür,  qarışqa yuvasına bənzəyən bu əcaib üfüqi konstruksiyalara təəccüblənir, təəccübləndirir: "Yenə göydələnlər rayonuna gəlirik. Küçələr - dərin quyunun dibi. Biz bu quyu dibi ilə gəzirik".

 

Bədiiyyat, obrazlılıq  publisistika üçün "məcburi" olmasa da, H.Seyidbəylinin səfər söhbəti haradasa, lirik monoloqa bənzəyir. Dilin təsir vasitələri fikrin qüvvətlənməsinə ədviyyat effekti qatır və nəticədə əsəri gözəlləşdirir: "Təyyarəmiz yenidən havalanıb San-Fransiskoya üz tutdu".

 

H.Seyidbəylinin nəsr əsərləri də ekran əsərləri kimi uzunömürlüdür, hər kitabı özünə sağlığında qoyduğu bir abidədir. "Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal, mülk tələf olub gedir, amma söz qalır". (C.Məmmədquluzadə) Ədibin yaradıcılığına qəlbi ilə toxunan hər kəs əsərlərindən ayrıla bilmir, əli daim onun kitablarına uzanır. H.Seyidbəyli yenə də maraqla oxunur, bu gün fərqli nəzərlərlə! Onun kitabları müsbət enerji ötürən həmsöhbətdir. Oxucu məhəbbətinin qanunları bir başqadır, mətn qiraətçini özü seçir. H.Seyidbəylinin auditoriyası da müəllifi qədər istedadlı, dünyagörüşlü  görünür. O, oxucunun həyatını dəyişdirməyə qadir yazıçılarımızdandır. Əsas səbəb də, onun öz işinin ustası olmaqla bərabər, həm də şəxsiyyət olmasında idi.

 

Diqqət etsək, lap ilk gənclik fotolarından H.Seyidbəyli işıqlı, xoş siması ilə diqqəti cəlb edir, kamilliyə doğru isə bu işıq gur pozitivin hökmran olduğu açıq təbəssümə çevrilir, oxucu və tamaşaçını özünə tərəf yönəldir. O, xalq içindən çıxmış və həmişə xalqa yaxın sənətkar olmuşdur. O qədər ki, camaat yaraşıqlı bir simaya rast gələndə "bunu mütləq H.Seyidbəyliyə göstərmək lazımdır", -  deyirdi.

 

H.Seyidbəyli xoşbəxt taleli sənətkardır. Onun sənət yolu sistemli, uğurlu,  dövrünün gözü ilə baxsaq, çox uğurlu olub. Əlbəttə, planlaşdırdığı, bu və ya digər səbəblərdən, xüsusilə, sağlamlıq və həyatın vəfasızlığı tərəfdən reallaşdıra bilmədiyi yarımçıq işləri də qalıb. Lakin geniş bucaqdan baxanda tərəzinin  bəxtli işləri cəmlənmiş gözü kifayət qədər ağır gəlir.

 

Beləliklə, H.Seyidbəyli dünyasına bu yolçuluğumuz yekunlaşır. Həcm reqlamenti daxilində bəzi nümunələri ətraflı araşdırdıq, bir qisminə ekskurs etdik, bəzilərinə fraqmentar toxunduq. H.Seyidbəyli Azərbaycan sovet ədəbiyyatının tərəqqisi yolunda pauzasız, stabil fəaliyyəti ilə onun klassiki adını hələ sağlığında qazanmış, həyatda payına düşən missiyanı şərəflə yerinə yetirmiş, özündən sonra təmiz ad, qüsursuz reputasiya qoyaraq nekroloqunu necə deyərlər, heç nə ilə korlamamışdır. Azərbaycan Kinematoqraflar İttifaqına rəhbərlik etdiyi 17 il kinomuzun intibah dövrü sayılır. Xatirəsi əbədiləşdirilmiş, haqqında neçə-neçə sənədli filmlər çəkilmiş, televiziya verilişləri hazırlanmışdır. Bakının dağlıq hissəsində sakit bir küçə var: Həsən Seyidbəyli küçəsi... Gediş-gəliş yolunun üstündə isə qədimi bina yerləşir. Bu binanın fasadına "Yazıçı, kinorejissor, Azərbaycan SSR Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli burada yaşayıb-yaratmışdır" sözləri həkk edilmiş barelyef vurulub. Bu tikili həm də Seyidbəylilərin dədə-baba mülkünə yaxın yerləşir. Ötüb-keçənlər ayaq saxlayıb görkəmli yazıçı, əsl insan, əlahəzrət kinonun əbədi fanatiki H.Seyidbəylinin daşa dönsə belə xeyirxah, güləş simasına baxır, böyük sənətkarı minnətdarlıqla anaraq yollarına  davam  edirlər...

 

(Ardı var)

 

 

Dilarə ADİLGİL

 

525-ci qəzet.- 2022.- 1 aprel.- S.14.