Penitensiar - tövbə etmək, peşmanlamaq...
Esse
"Barəsində həbs
qəti-imkan tədbiri
seçilsin". Həbs edilmə ilə
bağlı bu ifadə adi bir cümlə sayılmamalıdır. Kəsici, qandonduran
təsiri var. Yaşamının
azad hissəsi sanki, bıçaqla kəsilir, balta ilə baltalanır, azadlıqdan, azad olmaqdan məhrum edilirsən. Ruhundan, aldığın
nəfəsdən qeyri-bütünlüklə,
tamlıqla nəzarət
altına düşürsən.
Hər işin, hər anın qaydalar və icazələrlə
tənzimlənir. Düşüncəndən savayı, özünü
sərbəst idarə
etməyə ixtiyarın
alınır. Həm varsan,
yaşayırsan, həm
də yox kimisən. Məhrumiyyətdəsən, öz iradəndə
deyilsən, asılısan.
Bütün maddi-mənəvi tələbatın məhdudlaşmış
qaydalarladır. Əzizlərindən günlərlə, aylarla,
hətta illərlə
aralı, kənar qalırsan. Yaşanması mümkün olmayan
keçmiş anların
üçün burnunun
ucu göynəyir.
Həbsdə qalmaqdan cana doyduqca, bayırın-çölün həsrətini çəkdikcə
- həyatına və
fəaliyyətinə mane olası
sıxıntıların, məhrumiyyətlərin
olmadığı halın
- azadlığın şirinliyini
iliklərinəcən duyursan.
Axşamlar evinə gedən cəza evinin işçiləri ilə qarşılaşanda
ürəyində "bəxtəvərlər"
deyib həsədlə
baxırsan...
Bəzən də qaydalardan, icazələrdən yorulanda,
ümidsizləşəndə özünü yaşayan
meyit, canlı "ölü" - kliniki ölümdə olan sayaq hiss edirsən. İlk günündən
son gününədək təqsirləndirildiyin
cinayətə, pis əmələ görə
tətbiq edilən təsir tədbirinin - cəzanın daş kimi ağırlığını
çiyinlərində daşıyırsan.
Beləliklə, dustaqsan, yaxud ərəbcədən dilimizə
keçən məhbussan. Yaşadığın şərait məhbəsdir,
məkan isə məhbusxana, yəni həbsxanadır. Ya da öz dilimizin sözü ilə dustaqxanadır.
Ayrı-ayrı zamanlarda belə məkanlara xeyli adlar qoyulub. Hələ qədimlərdə
adətən yerin altında olan qaranlıq və müdhiş dustaqxananı
zindan adlandırıblar.
Son yüz ilədək
təcrid edilmiş qaranlıq otaqları olan tikiliyə türmə demişlər.
İtalyanca "qaranlıq qala"
mənasını verən,
tək adamlıq kameralara deyilmiş qazamat sözü də bu qəbildəndir.
Məhkəmənin qərarı ilə məhbus idinsə, müttəhim -
ittiham edilən müqəssir haqqında məhkəmə tərəfindən
hökm çıxarılanda
olursan məhkum - cinayət məcəlləsinin
hər hansı maddəsilə cəzaya məhkum edilmiş...
Azadlıqdan məhrumetmə hökmü
qüvvəyə minənədək
istintaq təcridxanasında
saxlanılırdınsa, hökm
qanuniləşəndən sonra göndərilirsən
cəzaçəkmə müəssisəsinə. Və başlayır təkəri
dönmüş ömrünün
ürəyinin içindən
gözlərinədək yol
alan əzici,
yeksənək, qaramtıl
günləri...
Sovet dövründə əmək
islah vasitəsi hesab edildiyindən və məhkum əməyindən geniş
istifadə olunduğu
üçün həm
də, məhkumlar qapalı otaqlarda - kameralarda yox, yataqxana şəraitində
- baraklarda saxlandığına
görə yaşayış
və istehsalat zonalarından ibarət belə müəssisələrə
islah əmək kaloniyaları deyilirdi.
Demək, həbsdə məqsəd cəzanın verilməsidir. Cəzanın mahiyyəti isə şəxsi mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onu tənbeh etməkdir. Tənbeh də düzgün nəticəyə gəlmək, ağıllanmaq, islah olunmaq üçündür.
Dərketmə qabiliyyəti hər kəsdə eyni dərəcədə, eyni tərzdə olmadığından bu proses üçün əksər insanlar çox vaxt aylarını, illərini sərf etməli, müəyyən yaşa dolmalı, zaman ötməlidir. Həyatda hər şeydən dəyərli, "qızıl qiymətinə" bərabər zaman məhbəsdə "acı bağırsaq" dadır. Faydasız keçən günlər o qədər bol olur ki, həbsə qədər yaşadıqlarını saatlarla təkrar-təkrar düşünüb daşına bilərsən.
Böyük zaman boşluğunda vicdanınla üzbəüz qalanda, mütləq, haqqı nahaqdan, əyrini düzdən ayırıb, etdiklərini tövbə edəcək, baş verənlərə peşman olacaqsan. Elə o səbəbdən, son yarım əsrdə bütün dünyada cəzaların icrasına dair sistem Penitensariya, cəza yerləri - penitensiar müəssisələr çağırılır. "Penitensiar" adı isə latın dilindəki "poenitentia" sözündən yaranıb, tərcüməsi tövbə etmək, peşmanlamaq deməkdir.
Həqiqəti, Allahın varlığını, haqqı həbsxanada xatırlamaq gecdir, daldan atılan daşdır. Sonrakı peşmançılığın dünya yaranandan faydası olmayıb. Dustaqlıqda itirilən illər, aylar bir daha ömrünə qayıtmayacaq.
İnsanlara səslənirəm:
dünyaya gəlişinizin, həyatınızın
qədrini bilin, gərəksiz tövbəyə,
peşmançılığa yol verməyin...
Rövşən YERFİ
525-ci qəzet.- 2022.- 1 aprel.- S.13.