Müasir tariximizin və insan münasibətlərinin
təsviri
Nəzəriyyəçi alim, ədəbiyyatşünas
kimi tanıdığımız filologiya elmləri doktoru,
professor Məmməd Əliyevin əvvəlcə "Həsrətin
o üzü", ardınca da "Karvan köçər,
ötər gedər sədası" romanları dərc
edilib. Doğrusu, indiki roman bumunda bunu təsadüfi hesab
etmək olmaz; hər iki əsərlə tanışlıqdan
gəldiyimiz qənaət əsasında deyirik. Yazıçı sanki illərdi içində gəzdirdiyi
və özünün də içində olduğu hadisələri
bir süjet ətrafında toplayır. Ən
əsası isə yazıçı qəhrəmanının
həyatı ilə dövrün ictimai-siyasi proseslərini paralel
şəkildə təsvir etməklə mənəvi-əxlaqi
problemləri əks etdirməyə çalışır.
Hər iki roman sovetlərin müəyyən bir
dövrünün gerçəkliklərindən bəhs edir.
Eyni mövzuda birdən-birə iki romanla ədəbi
prosesə daxil olmaq, hər halda müəllifin bu mövzuda
yeni söz demək istəyindən xəbər verir. Birinci romana "I hissə" qeydi yazılsa da,
ikinci romanda belə bir qeyd yoxdur. Ancaq hadisələrin
inkişafı, süjet xətti və obrazların eyniliyindən
ilk romanın ikinci hissəsi olduğu aydın
görünür. Süjet xəttinin
inkişafından, hadisə və vəziyyətlərin
yarımçıq qalmasından o da aydın olur ki, əsərin
3-cü hissəsi də olacaq. Hər iki
romanda qarışıq üslubdan istifadə olunur; burada bədiiliklə,
xatirəlilik, sənədlilik, paralellik təşkil edir.
Məmməd Əliyevin romanlarında təsvir olunan
hadisələrdə bir xronikallıq var; hadisələr
ötən yüzilliyin 50-ci illərindən başlayaraq (bəzən
keçmişə qayıdaraq müharibə dövrü də
əks etdirilir), hələ ki, 80-ci illərə qədər
gəlib çıxır. Bu, müəllifə
imkan verir ki, otuz illik sovet dövrünü bütün
gerçəklikləri ilə təsvir edə bilsin. İndiyədək bu dövr haqqında yazılan bədii
əsərlər dövrün içindən, sosialist
gerçəkliyindən və müəyyən mənada
sosrealizm mövqeyindən yazılmışdı; indi isə
bu dövrə kənardan baxılır. Kənardan
baxdıqca dövrün mürəkkəblikləri, ziddiyyətləri
üzə çıxır. Sosrealizm
kontekstində dövrün gerçəklikləri
bütün ziddiyyətləri ilə təhlilə cəlb
olunmurdu. İndi həmin dövrün bədii
obrazı iki kontekstdə əks olunur; həm dövrün
içindən (qəhrəmanın yaşadığı,
başına gələn hadisələr), həm də ondan kənarda
(qəhrəmanın hadisələri bugünkü kontekstdən
qiymətləndirməsi). Məmməd
Əliyevin bu romanları dövrün təsvirində yeni
tendensiyanın yarandığından xəbər verir. Sosrealizm içindən yazılsa da, dövrün
gerçəklikləri İsa Hüseynovun
yaradıcılığında bəzən sərt realizm
mövqeyindən təsvir edilirdi. Ancaq
dövr başa çatdıqdan sonra İ.Hüseynov öz əsərlərinə
əl gəzdirməli, redaktələr etməli oldu. Bu o demək idi ki, sosrealzimin dar çərçivələri
müəllifə hadisələri istədiyi kimi təsvir etməyə
imkan verməyib. Doğrudur, bədii əsərlərə
bu cür müdaxilələr hər zaman effektli olmur və
buna görə də dövrə tamamilə yeni bədii
meyarlarla yanaşmaq lazım gəlir. Artıq
bunun müəyyən işartılarını da
görürük; sovet dövrü bədii düşüncənin
tədqiqat obyektinə çevrilir, bu dövrə müraciət
edilməklə tarixi baxımdan ictimai münasibətlərin,
idarəetmə metodlarının, respublikada gedən
ictimai-siyasi proseslərin mahiyyəti bədiiliyə
qovuşur. Bu, necə deyərlər,
dövrün bədii düşüncədəki redaktəsi
deyil, onu yaşlı nəslin yaşadığı, gənc
nəslin isə haqqında ziddiyyətli məlumatlara malik
olduğu dövrün, gerçəkliyin bədii
obrazının yaradılmasıdır. Əlbəttə,
gerçəkliyi əks etdirmək baxımından bu
dövrün üstünlükləri çoxdur, ancaq bir məsələ
vardır; indi yazılan əsərlər daha çox tarixi
aspektdə olur və dövrün ruhunu əks etdirmək
baxımından müəyyən çətinliklər ortaya
çıxır. O dövrdə yaşamaq şərt
deyil, gərək onun ruhunu hopduran detallar, təfərrüatlar
olsun. Məmməd Əliyevin bu romanlarında bir çox
hallarda buna nail olunur, müəllifin hadisələrə
yanaşmasında fərqlilik, yenilik və özünəməxsusluq
var.
Məmməd Əliyevin "Həsrətin o
üzü" və "Karvan keçər, ötər gedər
sədası" romanları məhz bu missiyanı yerinə
yetirir. Bir-birinin davamı olan romanlarda XX yüzilin 50-70-ci
illərinin hadisələri bir ailənin
düşdüyü böhrandan ləyaqətlə,
üzüağ çıxması bədii, sənədli
boyalarla təsvir olunur. Romanın səciyyəvi
cəhətlərindən biri müəllifin hadisələri,
insan talelərinin ictimai-siyasi proseslər kontekstində
göstərməsidir. Bu isə müəyyən
mənada hadisələrə tarixi yanaşmanı şərtləndirir.
Müəllifin uğuru orasındadır ki,
hadisələrə bugünün mövqeyindən baxmır -
bu, yanlış bir yol olardı, -hadisələrin içindən
çıxış edir (hətta erməni məsələsində
belə dövrün reallıqları gözlənilir). Həmin dövrü yaşayan müəllifin
yaddaşı, xatirələr və yəqin ki, gündəliklər
yazıçının hadisələri və ictimai
münasibətləri reallıqla göstərməsinə
imkan yaradır. Ancaq tarixə
çevrilmiş dövrün reallıqlarını yenidən
bədii düşüncəyə gətirməyin də
öz çətinlikləri var. Görünür, bu çətinliklərdən
yalnız üslub və forma zənginliyindən istifadə ilə
çıxmaq olardı; həm hadisəçiliyin xronoloji tərkibi,
həm psixoloji təsvirlər klassik romançılıq ənənələri
ilə yeni romançılığı birləşdirir, hətta
modernizm, postmodernizm elementlərinin izlərinə rast gəlinir.
Bütün bunlar müəllifə hadisələrə
bir neçə yöndən baxmağa imkan verir.
Hər iki romanın bədii, sənədli-publisist,
avtobioqrafizm, yaddaş və xatirə elementlərinin
qarışığı onun forma və məzmun vəhdətini
şərtləndirir. Təsvirlərin tez-tez dəyişməsi,
obrazların adlarında bədiilik və sənədlilikdən
paralel istifadə (obrazların bir çoxunun adı olduğu
kimi qalsa da, bəziləri bədiiləşdirilir) bu iki
xüsusiyyətin paralel gedişini axıradək izləyir.
Dövrün xarakteri, ruhu dövrə məxsus
müşahidələrlə təsvir edilir (bu təsvirlər
çox zaman peşəkar yazıçı müşahidələri
ilə eyni sırada dayanır). Bəzən
təsvirlərdə indiyədək yazılmış əsərlərdə
görmədiyimiz gerçəkliklərlə
qarşılaşırıq. Deyim ki,
müəllifin seçdiyi təhkiyənin müxtəlifliyi
hadisələrə baxış bucağının təsvir
imkanlarını da artırır. Romanın
gah Muradın dilindən başqa obrazların dilinə tez-tez
keçməsi və dəyişməsi hadisələrin
axarını sürətləndirdiyi kimi, müəllifə
müəyyən dərəcədə hərəkət sərbəstliyi
verir.
"Həsrətin o üzü" romanında hadisələr
bəzən modern dastan formasında təsvir edilir. Birinci əsərdə
İracla Muradın dastanı verilir; İracın ailəsinin
başına gələn hadisələrdə bu üsuldan
istifadə edilir; İrac trest rəisinin müavini işləyir,
işini yaxşı bilir, hamı ona hörmət edir. İlk iki uşaqları - bir oğlan, bir qız, -
olsa da, heç bir xəstəlik keçirmədən qəflətən
vəfat edirlər. Bu hadisələr ailəyə
bir dərd olur. Ona görə də
üçüncü uşaqları Muradın üstündə
əsir, onu tez-tez həkimə və ziyarətgaha
aparırlar. Muraddan sonra bir oğlu da olur.
Lakin həyat İracın üzünə
gülmür, beyni kilsə təbliğatı ilə zəhərlənmiş
erməni sürücü Vazgenin xəyanəti nəticəsində
həlak olur (onun qəzanı təsadüfən törətmədiyi,
buna hazırlaşdığı barədə müəyyən
işarələr var). Qəsdlə
törədilmiş qəzada İrac vəfat edir və ailə
başsız qalır.
Yazıçı adi bir sürücü olan Vazgen
obrazında kilsə duaları ilə böyümüş,
keşişlərin təbliğatı ilə yaşayan bir
erməni olaraq göstərir. Qarabağı
özününkü sayır və min illərdi burada
yaşadıqlarını deyir. Yadına
salanda ki, Qarabağa köçlərinin tarixi cəmi 120-130
ildir, bu zaman sözün altından hiyləgərcəsinə
çıxmaq istəyir. İraca ermənilərin qədim
xalq olduqlarını, Qarabağda min illərdi
yaşadıqlarını deyəndə İrac ona
xatırladır: "Yadımdadır, Vazgen, sən o vaxt
heç maşının rolunu tuta bilmirdin. Bir dəfə də
işçiləri başına yığıb söhbət
edirdin ki, babaların Suriyada yaşayıblar, ruhani olublar,
böyük mülkləri, torpaq sahələri olub, oradan
İrəvana, sonra Qarabağa gəlmisiz", "Nə bilim
İrac can, babalarım gah belə deyir, gah da başqa cür
danışırdılar, - deyə söhbətin altından
çıxmağa çalışır. Vazgenin
İracın qanadı altında yaşayaraq ona qarşı məkrli
plan hazırlaması onun milli və dini tərbiyəsindən
irəli gəlirdi. İracın bu qədər
qabiliyyətli, savadlı olması onu həmişə narahat
edir və ona qarşı məkrli planını həyata
keçirmək fürsəti güdürdü. Meşədə içi dolu adamla maşını
uçurumdan aşağı buraxıb, özü də kabinədən
atılması nəticəsində İrac həlak olur.
Yazıçı Vazgenin məhkəməsini
milli münaqişənin həmin dövrdəki
reallığı kontekstində təsvir edir. Məhkəmənin
nəticəsini raykom katibi ilə məsləhətləşən
prokuror ya güllələnmə, ya da 25 il
Sibirə sürgün cəzaları üzərində
dayanır. Raykom katibi vəziyyətlə bağlı daha
çox məlumata malik olduğundan deyir: "Bu, çətin
iş deyil, fakt göz qabağındadır, amma sonra buna
yuxarılar nə deyəcək? Onsuz da ölkədə
vəziyyət qarışıqdır. Mir Cəfər
Bağırov yoxdur! Bakıda yenə ermənilər
fəallaşıb. Bir neçəsi də Mərkəzi
Komitəyə şikayət yazıb, erməni
sürücü ilə bağlı... Yazırlar
milli-ayrı-seçkilik törədirsiz, sürücüyə
maşını zorla ora sürdürmüsüz... Moskvaya
yazanlar da var..."
Məhkəmədə Züleyxa xanım və prokuror
cinayətkara ölüm cəzası istəyir, lakin məhkəmənin
qərarından əvvəl Vazgenin ürəyi partlayır və
elə məhkəmə zalındaca ölür. Vazgenin bu
şəkildə ölümü onun nə qədər rəzil
və qorxaq olduğunu göstərir.
İrac obrazı əsərin əvvəlində cəmi
bir-iki epizodda təsvir edilsə də, təəssüratı
axıradək qalır qalır. Roman boyu xatırlamalar
İrac obrazına müəyyən ştrixlər əlavə
edir ki, bu da obrazın tamlığını,
dolğunlaşmasını təmin edir. Bundan sonra Züleyxa obrazı irəli
çıxır; iki uşağını çətinliklə,
ləyaqətlə böyütməsi, onların üzərində
əsməsi, Muradın uşaqlığı, məktəbə
getməsi və s. nağılvari üslubda son dərəcə
cizgilərlə verilir. Bu obrazda ədəbiyyatımızda
müharibədən əri qayıtmayan qadınların
çəkdiyi cəfaları görürük.
Züleyxa sonadək övladlarının yanında olur,
onları cəmiyyət üçün ləyaqətlə
hazırlayır, hər iki övladı ali
təhsil alaraq cəmiyyətdə müəyyən mövqe
tutur.
Bəzən yazıçı təsvirdə müxtəlif
baxış bucaqlarını təklif edir; yəni
ayrı-ayrı obrazların təqdimində hadisələrin
baş verdiyi zamanın ruhu və
dünyagörüşü, ikincisi hadisələri
danışdığı zamanın əvvəlki zamana
münasibəti. Bu ikili münasibət zamanın təhlilində
və anlaşılmasında oxucuya dövrün ruhunu anlamaq
üçün yardımçı olur. Yazıçı
əsərin böyük bir hissəsini Muradın həyatına
həsr edir; lakin bu, şərtidir, burada biz həmin
dövrün ictimai-siyasi, iqtisadi mənzərəsi ilə
qarşılaşırıq. Ailə
başsız qaldıqdan sonra çətin günlər
başlayır. Lakin ananın mətanəti,
doğru qərarları və uşaqlarına düzgün tərbiyə
verməsi onların gələcəyi üçün
rahatlığı çətinliklə də olsa, gətirir.
Xeyirxah əllər Muradın gələcək
taleyinin sanki mələyinə çevrilirlər. Erməni xəyanətinə rast gələn ailənin
gələcəyi məşhur müğənni Şəhla
xanımı (Şövkət Məmmədovanın
obrazı) narahat edir. Başsız qalan ailəyə
təqaüd kəsilməsi üçün Ali Sovetin sədri
Mirzə İbrahimovun qəbuluna gedir. Onun
göstərişi ilə ailəyə təqaüd kəsilir.
Muradın taleyində rol oynayan bu iki şəxsiyyətin
obrazı xeyirxahlıqla yaradılır (eyni xeyirxahlıqla Məmmədcəfər
Cəfərovun, Mirzağa Quluzadənin və b. obrazları
yaradılır). Sonralar onların hər
biri yenə də Muradın qarşısına
çıxacaqlar. Xüsusilə, Şəhla
xanım Muradın şəklini böyüdüb
otağından asır. Fikri var idi ki, onu
oğulluğa götürsün, lakin ailə ilə əlaqəsi
itdiyindən bunu edə bilmir. Şəhla
xanım ailənin kəndə köçməsindən sonra
Muraddan xəbər tuta bilmədiyindən çox
narahatlıqlar keçirir. Bir dəfə
tələbə vaxtı Murad onun qəbuluna gəlmişdisə
də, yanında adamlar olduğundan onu görə bilməmişdi.
Yalnız ömrünün sonlarında bir təsadüf
nəticəsində Murada yenidən qovuşur. Yazıçı bu görüşü çox təsirli
şəkildə verir; artıq Murad nazirlikdə işləyir.
Konservatoriyanın illik hesabatında Murad çıxış
edərkən neçə vaxtdır bu gənci tapmaq
haqqında Şəhla xanımdan tapşırıq alan elmi katibi onu tanıyır. Bir
anda hesabatın həyəcanı da keçir və yalnız
bu oğlanın müjdəsini Şəhla xanıma vermək
haqqında düşünür. O
yanılmamışdı, Murad uzun illərdi
axtardığı və heç yerdə tapa bilmədiyi, onu
tapmadan öləcəyindən əndişələnən Şəhla
xanımın sağlamlığına da təsir
edəcəkdi. Bu xəbəri Şəhla
xanıma dedikdə isə, artıq gec idi, Murad oranı tərk
etmiş və bir daha oraya getməmiş, nə də
ünvan qoymuşdu. Şəhla xanım həmişə
baş tutmayan bu görüşün ağrısını
çəkirdi, onu görmədən həyatdan gedəcəyini
düşünürdü. Yazıçı
neçə ildən sonra Muradla Şəhla xanımın
görüşünü çox təsirli şəkildə
təsvir edir. Köməkçisinin Muradın
tapılması haqqında ona xəbəri ehtiyatla
çatdırması, Şəhla xanımın bu xəbərdən
çox sevinməsi, nəhayət onların görüşməsi
və yeni görüşün vaxtının təyin edilməsi,
Muradın bu görüş üçün gül
alması, Şəhla xanımın evinə getməsi və
Şəhla xanımın yasına
yığışmış qonşuları ilə
rastlaşması - bütün bunlar əsərin əvvəlində
verilmiş Şəhla xanım-Murad xəttinin son
akkordları kimi təsirli səslənir.
Muradın uşaqlığı, həm də onun
yaşadığı dövrün mahiyyətini əks
etdirir. 50-ci illərdə ictimai-siyasi sahədə baş
verən dəyişikliklər, Stalinin ölümü,
Xruşşovun "şəxsiyyətə pərəstiş"
siyasəti, onun hakimiyyətdən
uzaqlaşdırılması və Brejnevin gəlməsi və
s. hadisələrin kənddəki təsirləri reallıqla
verilir. Stalinin ictimai həyatda adının silinməsi
ilə bağlı oxuyuruq: "O, bir gün məktəbə
gələndə şəhərdəki internat məktəbin
həyətində xeyli adamın
toplaşdığını gördü. İ.V.Stalinin
heykəlini götürürdülər. İnternat məktəbin
həyətinin sol tərəfində V.İ.Leninin, sağ tərəfində
isə İ.V.Stalinin heykəli dayanırdı.
Sürücü kranın kabinəsinə qalxdı, qülləni
yuxarı qaldırdı, yerdəkilərdən bir-iki adam krandan sallanan qarmaqları bir neçə
yerdən heykələ sarıdılar, sonra da
sürücüyə "podyom" (çək) əmri
verdilər. Krançı bir anda heykəli
yuxarı qaldırdı, lakin onu yerə qoymağa macal
tapmadı, qarmaqların arasındaca heykəl
parça-parça olub yerə töküldü". Yazıçının 50-ci illərdə Azərbaycana
qarşı mərkəzin apardığı siyasətin
yanlışlığı, milli düşüncənin
sıxışdırılması ilə bağlı
müşahidələri olduqca qiymətlidir.
Yazıçı Muradın uşaqlıq və gənclik
illərindən ən yadda qalan hadisələri təsvir edir. Muradın
qonşu uzaq kəndə qarlı-boranlı gündə məktəbə
getməsi ilk dəfə "Koroğlu"nu oxuması, daha
sonra kitabxanada olan bir çox bədii əsərlərlə
tanışlığı yadda qalan hadisələrdəndir.
Onun səkkizilllik məktəbi bitirərək
Şamaxıda pedaqoji texnikuma sənəd verməsi, burada onun
qəsdən qiymətinin kəsilməsi ilə Muradın ilk
dəfə ədalətsizliklə üzləşməsi nəticəsində
həyatı dərk etməsi onun formalaşmasında əsas
rol oynayır. Hələ orta məktəbdə
oxuyarkən Sumqayıtda şair Bəxtiyar Vahabzadənin
iştirakı ilə keçirilən görüşdə
şairin şeirini deməsi onun gələcək həyatında
müəyyən rol oynayır.
Muradın tələbəlik illəri də maraqlı
keçir; biz burada onu qətiyyətli, dərslərini oxuyan,
uşaqlığından atasızlığını
unutduran anasına verdiyi sözləri tutan, öz üzərində
çalışan bir gənc kimi görürük. Tələbəlik həyatında
dövrün ictimai-siyasi proseslərinə bir qədər də
nüfuz edir, elmi kommunizmin, sosialist siyasətinin iç
üzünü yaxşı görür. İnstitut
həyatı, müəllimləri və dostları onu gələcəyə
yaxşı hazırlayır. Dərslərini
yaxşı oxumaqla yanaşı, ailə məsuliyyətini də
daim üzərində hiss edir. Müəllimləri
Əbdüləzəl Dəmirçizadə, İsmayıl
Şıxlı, Məmmədsəlim Tahirli, Kamal Qəhrəmanov,
Fərhad Fərhadov və başqalarının obrazı
yaradılır. Bu ziyalılar mənim də
müəllimim olduqlarından onların obrazının nə
qədər xeyirxahcasına yaradıldığının bir
daha şahidi oldum. Ancaq institutda baş verən
proseslərdə Muradın yolunu kəsmək, ona mənəvi
zərbə vurmaq istəyənlərin obrazını da
görürük. Muradın institutda
qalıb burada müəllim işləməsi ilə
bağlı qərara mane olmaq üçün dövlət
imtahanından aşağı qiymət almasına
çalışan qüvvələr birləşərək
ona mane olurlar. Murad bu hadisələrdən
çox sarsılır, bir müddət işsiz qalır.
Heç kimi olmayan Murad dəfələrlə
rektorun qəbuluna gedir və vəziyyətini başa salmaq istəyir.
Lakin rektoru da Murada qarşı bu oyuna qoşaraq
bu gəncin gələcək həyatını sual altına
alırlar. Yazıçı əvvəldən
axıra Muradın taleyini təsvir edərkən xeyirxah,
gözəgörünməz bir gücü təsvir edir; hər
zaman bir çətinlik olanda hansısa qüvvə onu buradan
çıxarırdı. İndi də elə
olur; gözlənilmədən maarif naziri (Daniel Quliyev)
Muradı nazirlikdə işə götürür, ona
böyük etimad bəsləyir. Murad da bu
etimadı doğruldur. Tezliklə kimsəsiz
bir gəncə qarşı birləşən müəllimlər
və dekan etdikləri əməldən xəcalət çəkməli
olurlar. İş elə gətirir ki, gənc
Murad nazirlikdən institutda olan əyintilərə
qarşı yoxlamaya gəlir və obyektiv qərar
çıxarmaqla ona qarşı haqsız mübarizə
aparanları utandırır.
Yazıçı Muradın və onun ailəsinin həyat yolunu axıracan izləyir. Murad onu çətinliklə böyüdən anasının arzuladığı bir oğul, vətəndaş olur. Ali məktəbi bitirdikdən sonra bütün maneələrə rəğmən, aspiranturaya daxil olur, dissertasiya müdafiə edir, ev-eşik sahibi olur. O, həm də prinsipialdır, məqsədyönlüdür, anidən qərar verməyi bacarır və onu həyata keçirə bilir. Dissertasiya müzakirəsi zamanı şöbə müdirinin onun haqqında yanlış informasiyası Muradı kəskin qərar verməyə məcbur edir. Müzakirədən çıxdıqdan dərhal sonra bir taksiyə oturub hərbi komissarlığa gedərək əsgər getməsi üçün ərizə yazır və elə həmin gün yola düşür. Yazıçı Muradın əsgərlik həyatının bəzi ştrixlərini də təsvir edir və bu təsvirlər onun bir vətəndaş kimi formalaşdığını göstərir. Muradın yeganə uğursuzluğu tələbə ikən sevdiyi qıza ürəyini aça bilməməsi və ömrü boyu onun əzabını yaşamasıdır. Səadət də onu sevir, lakin onların bu sevgisi onları birləşdirə bilmir. Yazıçı demək istəyir ki, sevgi azdır, onu qalıcı etmək üçün hər şeydən əvvəl cəsarət lazımdır. Bu cəsarət onların hər ikisində çatmadığından qovuşa bilmirlər. Murad dəfələrlə özünün bu xarakterinə görə üsyan etmək istəyirsə, bacara bilmir. Murad özünün bu cəhətlərini aydın dərk edir, lakin heç zaman bu xarakterinə qarşı çıxa bilmir.
Məmməd Əliyevin "Həsrətin o üzü" və "Karvan köçər ötər gedər sədası" romanları bütöv bir dövrün xarakterini canlandırır, hadisələrini əks etdirir. Bu romanlarda dövrün siyasi, ictimai mənzərəsi ilə yanaşı, insan mənəviyyatının mürəkkəbliyi, sadəliyi, səmimiliyi, xeyirxahlığı ilə də yadda qalır. Yazıçının bədii qayəsi aydındır; bir ailənin həyatı kontekstində dövrün ziddiyyətlərini, mahiyyətini göstərmək. Hər iki romanda ictimai mətləblərin özünəməxsus təqdimi, fikrin bədii ifadə imkanları, obrazların səmimiliyi, psixoloji təsvir zənginliyi yazıçının yeni bədii nəsrin inşasında mövqeyini artırmış olur. Yazıçının ən böyük uğuru yaxın dövr ictimai həyatımızı son dərəcə səmimi şəkildə təsvir etməsindədir. İnsan münasibətlərinə yaxşı bələd olan yazıçı əvvəldən sona cəmiyyət münasibətlərinin dərinliklərinə enir, şəxsi müşahidələrini ümumiləşdirməyi və nəticə çıxarmağı bacarır. Ən əsası oxucunu da buna inandırır. Nəticədə oxucu yaxın dövr tariximizin insan həyatına təsir göstərən hadisələrinin, münasibətlərinin ən dərin qatlarına enir, özünü həmin münasibətlər sisteminin içində görür və bütöv bir sistemin anomaliyalarını dərk edir.
İlk romanları olmasına rəğmən,
bu əsərlərdə yazıçı Məmməd
Əliyevin yeni bədii axtarışları ilə müasir
tariximizin ictimai dərinliklərinə enərək onun
obrazını yaradır. Yazıçı insan münasibətlərini
yaxşı təsvir edir, bəzən təfərrüat
çoxluğuna rast gəlinsə də, müşahidələri
dolğundur, retrospeksiyalardan, bədii
keçidlərdən geniş istifadə edir. Bütün
bunlar Məmməd Əliyevin müasir nəsrin
inşasında yazıçı iddiasını ortaya qoyur.
Bu yolda ona uğurlar arzulayırıq!..
Bədirxan
ƏHMƏDLİ
525-ci qəzet.- 2022.- 1 aprel.- S.12;13.