Kirpinin aqibəti  

 

(hekayə)

 

O yeniyetmə oğlan hər səhər şirin yaz yuxusundan yatıb doymamışdan, bəzən heç əl-üzünü də yumadan balaca bağçalarının bir qırağında əkilmiş çiyələk ləklərinə tələsər, qıpqırmızı, şehli, şipşirin çiyələkləri bir-bir dərib ağzına aparar, ləzzətlə yeyib üz-gözünü də meyvələrin şirəsinə bulaşdırardı.

 

Çiyələk yetişəndən bəri ağsaqqal baba az qala hər gün dönə-dönə oğluna-gəlininə tapşırardı ki, gözünüz uşağın üstündə olsun. Çiyələk yığmağa gedəndə elə özünüz ehtiyatlı olun...

 

Oğlu ilə gəlininin təəccübləndiyini görən ağsaqqal kişi xəbərdarlığına haqq qazandırıb izah edərdi ki, ilan lənətə gəlmişin bu vaxtlar torpaq altdan baş qaldıran vaxtlarıdır. O məlun da çiyələyin tamarzısı! İyini, qoxusunu alan kimi yerindən çıxır, sürünüb harda var özünü çiyələkliyə çatdırır. Sonra da qoca ilanın ardınca dişinin dibindən çıxanları yağdırıb: - Şeytan məlun da elə o vaxt ( qoca bu kəlməni elə yanıqlı-yanıqlı deyərdi ki, "o vaxt" sanki dünən imiş...) nazik bir ilana çevrilib, dar bir yer tapıb, oradan da cənnətə girib. Həvva nənəni min bir qılıqla, şirin dillə, axır ki, tovlayaraq, yolundan azdıra bilib...

 

Baba şeytanı lənətləyə-lənətləyə, dişinin dibindən qan çıxa-çıxa qarğışlayıb söyə-söyə: - Sonrası da məlum, Həvva nənəmiz Adəm atamızı çaşdırdı...

 

Baba dərindən bir ah çəkib əllərini dizlərinə vura-vura: - Əgər Adəmlə Həvva şeytanın felinə-fitnəsinə uyub günaha batmasaydılar, rəhmli Allahımızın da qəzəbinə tuş gəlməz, ömürlərinin sonunacan cənnətdə kef-damaq içində yaşayardılar.

 

Qoca köks ötürüb davam edərdi: - Biz Adəm övladı da indi hardan bilək ki, bu fani dünyadan köçəndə axirətdə yerimiz cənnət olacaq, ya da ki, cəhənnəm... Yoxsa ölməyə var ki... Allah bilir ki, haqq evində hara düşəcəyik...

 

Baba hər belə söhbətdən sonra: - Bax, yenə deyirəm, ehtiyatlı olun, ilan elə bir məlundur ki, sancıb zəhərini qəfil tökür...- deyə bir daha xəbərdarlıq edərdi,- adamın heç özünün xəbəri olmur.

 

***

 

Oğlan kirpini hasar boyu ucalan küknar ağaclarının iri-iri qozalarının səpələnib ətrafa tökülüb qaldığı yerdə gördü. Əvvəlcə onu payız küləklərinin əsib tökdüyü küknar qozası bildi. Ayaqqabısının gah ucu, gah da dabanı ilə ora-bura itələdi.

 

Küknar qozası zənn edib irəli-geri itələdiyi qozanın qəfildən canlanıb hərəkət etməyə can atmasından ilk əvvəl hətta azca qorxdu da.

 

Handan-hana başa düşdü ki, bu canlı, körpə kirpi balasıdır. Çox güman ki, anası da bu həndəvərdə, yaxında olar. Yəqin ki, bala kirpi onun üçün azuqə axtaran anasının ardınca düşüb.

 

Yaxın künc-bucağa, ora-bura boylanan oğlan ana kirpini buralarda tapa bilməyib bostana keçdi.

 

Oğlan əlini şehli çiyələklərə hələ heç uzatmamışdı ki, ləklərin arasında boz rəngdə yupyumru nəsə gördü. İlk əvvəl şara oxşatdı. Əlinə almaq istəyirdi ki, "şarın" üzərindən birdən bir-bir qalxan tikanlar əlinə batdı. Demə, ana kirpi imiş. Oğlan mehribanlıq göstərib kirpini öz tikanlı kürkündən çıxarmaq üçün dodaqaltı fit çaldı.

 

Elə bu vaxt hiss etdi ki, çiyələklərin arası ilə elə bil nəsə sürətlə sürüşüb keçdi. Oğlan qəzəbli fısıltı səsinin hardan gəldiyini ayırd etmək istəyirdi ki, yumru kirpi az qala yerindən top kimi sıçrayıb səs gələn tərəfə şığıdı...

 

Oğlan qorxub təlaşla boğuq səslər gələn tərəfdən dərhal xeyli aralandı. Qeyri-ixtiyari başa düşdü ki, kirpi canlı-cansız kiminləsə çarpışır, az qala əlbəyaxadadır...

 

***

 

Səs-küyə bostana axışan yaxın-uzaq qohum-qonşu oğlanın ata-anasına gözaydınlığı verirdilər. "Gürzədir ki, var", - gəbərmiş ilanı o yan-bu yana çevirə-çevirə deyirdilər. Yazın bu vədələri ilan zəhərinin ən güclü öldürən vaxtıdır. Zərdabın, iynə-dərmanın da hələm-hələm xeyri olmur. Yaşlı bir qoca: - Anan namaz üstə imiş, ay bala, - deyə söz-söhbətə xitam vermək istədi.

 

Baba qəzəblə üzünü oğluna, gəlininə tutmuşdu. Səsi bostanı başına götürmüşdü:

 

- Nəvəmin ayağına tikan batsaydı, hər ikinizinlə özüm haqq-hesab çəkəcəkdim.

 

***

 

Bu hay-haraya hadisə yerinə bir nəfər özünü çatmışdı. Kənddə at oynadanın, kef-damaqla yaşayanlardan idi, bir ayağı burda, biri gorda olsa da, bu yaşınacan hələ ki, büdrəyib bir yıxılanın qolundan tutub ayağa qaldırmamışdı, dərd-sərindən xəbər tutmamışdı, əl uzatmağı ağlına belə gətirməmişdi, yanaqlarından qan damırdı, top kimi idi.

 

Kişi elə bil sevincək idi. Əlbəttə, ilk əvvəl toplaşanlar onun bu sevincini bədbəxt hadisənin baş verməməsinə görə, kirpinin ilanı məhv edib oğlanı ölümdən xilas etməsi səbəbinə yozdular.

 

Tosqun kişi isə heç soruşmayıb, heç xəbər almadan tələm-tələsik: - Bəs o kirpi hanı, - deyə əmr edirmiş kimi kirpinin göstərməyi tələb etdi. Onun bu naqolay sualına cavab verməyib pərt olanlar başlarını aşağı dikib susdular. Kişi özündən razı halda: - Neçə vaxtdır, o həkim qalmayıb ki, bir ətək pul xərcləyib özümü müayinədən, min bir aparatdan keçirməyim, - deyə tox səslə dilləndi: - Axtarıb soraqladım, türkəçarədən yaxşı baş çıxaranın birindən öyrəndim ki, sən demə, dərdimin dərmanı kirpi ətinin qovurması imiş...

 

***

 

- Cəld olun, cəld, tapın o kirpini, tapın...

 

Kişinin əmr kimi səslənən bir kəlmə sözü ilə əl-ayağa düşənlər əlbəəl dördgöz olub ətrafa cumdular. Bir-birinə macal verməyib axır ki, kirpini axtarıb tapdılar. Kirpi bu dəfə nədənsə kürkünə bürünməmişdi. İynələri biz-biz dursa da fağır kirpi bəlkə də özlüyündə başa düşmüşdü ki, bu dəfə tikanlarının da faydası olmayacaq, canına qəsd edəcək adamın əlindən qurtarıb xilas olmağa gücü çatmayacaq.

 

Kirpini dərhal hardansa tapdıqları boş torbaya salıb əlbəəl ağzını da bərk-bərk burub bağladılar. Guya ki, fağır kirpi dustaq edilib salındığı o torbadan çıxıb canını qurtara biləcəkdi...

 

***

 

Bütün bunları bayaqdan bəri qəhərindən boğula-boğula bir qırağa çəkilib seyr edən oğlan ələ keçən kirpinin qətlində özünü günahkar sayırdı. Ona fikir verən yox idi.

 

Kirpini dustaq edilib salındığı torbadakı adamın əlindən almağa, əlbəttə, gücü çatmazdı.

 

Onu çalmaq istəyən zəhərli ilanı iynələrini batırıb gəbərdən, məhv edən kirpinin özü indi bir harının qurbanı olacaqdı.

 

Oğlana qəflətən elə gəldi ki, boy-buxunca böyüməsə də sanki birdən-birə uşaq ağlı böyüyüb çox mətləbi dərk etdi; əşi, axı sən kirpinin şirin çiyələk ardınca gələn gürzəylə nə işin vardı?.. Əgər sən ilanı tamah saldığından mərhum etmək fikrinə düşmüsənsə, aqibətini də gözünün qabağına gətirməlisən...

 

2021

 

 

Aydın TAĞIYEV

AYB Şabran bölməsinin rəhbəri

 

525-ci qəzet.- 2022.- 1 aprel.- S.11.