Biz sizdən doymadıq ki...
HƏMİDƏ
XANIM ÖMƏROVANIN SEHRLİ GÖZLƏRİ...
1998-ci ildə
- o vaxt hələ elmi işimi müdafiə eləməmişdim
- dostum və ustadım Aydın Kazımzadənin təşəbbüsü
ilə yeni tədris ilində məni Mədəniyyət və
İncəsənət Universitetinin Sənətşünaslıq
fakültəsində "Müasir film" fənnindən
saathesabı mühazirələr oxumağa dəvət etdilər.
Uzun fasilədən sonra yenidən auditoriyaya dönüş -
özü də bu dəfə müəllim kimi - təbii ki,
maraqlı və cəlbedici idi. Ona görə də
razılıq verdim. Amma vaxt ötüb, vədə
yetişəndə bir az narahat oldum -
pedaqoji iş sahəsində təcrübəm yox idi, üstəlik,
bilirdim ki, vaxt çox şeyləri dəyişib: indiki tələbələr
mən oxuduğum dövrün tələbələri deyil,
işə hazırlıqsız başlamağım
özüm də istəmədən məni naqolay vəziyyətdə
qoya bilər.
Odur ki,
ilk mühazirədən 1 gün əvvəl Universitetə
getdim, fakültə yerləşən mərtəbənin dəhlizində
var-gəl edə-edə sabah qarşılarına
çıxacağım tələbələrə göz
qoymağa başladım, ruhən özümü müəllimliyə
kökləməyə çalışdım və qəfildən
dəhlizdə peyda olan Həmidə xanım Ömərovanı
görəndə bircə anın içindəcə beynimə
parlaq bir ideya gəldi.
Əvvəla
onu deyim ki, həmin vaxta qədər mən dəyişməz
qənaətimə görə, Azərbaycanda ən gözəl,
cazibədar gözlərə yiyəlik edən bu
yaraşıqlı xanımla şəxsən tanış
deyildim və təbii ki, o da məni tanımırdı. Amma
xoş aurası, sehrli təbəssümü istənilən
adamı öz cazibəsinə salırdı, hiss edirdin ki, bu
xanım dünyaya yalnız yaxşı obrazlar yaratmaq
üçün yox, həm də insanlara yaxşılıq
etmək üçün gəlib. Elə mən də bu cazibənin
sehrində hayıl-mayıl vəziyyətdə ona
yaxınlaşıb özümü təqdim etdim və dedim:
- Həmidə
xanım, sabahdan mən də burada müəllimlik fəaliyyətinə
başlayıram. Psixoloji hazırlıq məqsədilə
olarmı sizin dərsdə oturum?
Həmidə
xanım dərhal razılıq verdi:
- Niyə
olmur ki? Heç bir problem yoxdur.
Elə həmin
anda zəng vuruldu və o, məni yandakı auditoriyaya dəvət
edib dedi:
- Lap
arxada əyləşin. Ordan rahat müşahidə
aparmaq olar.
Dediyi kimi elədim. Tələbələr içəri daxil olanda təəccüblə
gah mənə, gah da Həmidə xanıma baxmağa
başladılar - təhər- tövrümdən tələbə
olmadığım məlum idi, amma tələbə deyildimsə,
bəs kim idim?
Həmidə
xanım isə sən demə, bizə gözəl bir
sürpriz hazırlayıbmış:
-
Uşaqlar, Əlisəfdər müəllim Təhsil
Nazirliyinin ali məktəblər
şöbəsinin mütəxəssisidir. Dərsimizdə
ekspert kimi iştirak edir. Xahiş edirəm
nəzərə alasınız.
İçimdən yuxarı püskürən
gülüşü boğazımda zorla cilovlaya bildim. Əllərimlə
üzümü qapadım ki, bu çətin "əməliyyatın"
mimik təzahürünü gizlədə bilim.
Həmidə xanım dünya kinosu tarixini tədris
edirdi. Onun mövzuya dair sualları geniş şərh etməsi,
əsas məqamları yerli-yerində vurğulaması, ən
əsası isə tələbələrlə
qarşılıqlı ünsiyyətə girib dərsi bir
növ müzakirə, diskussiya ruhunda qurması məni valeh
etdi.
Onunla tez dostlaşdıq, Həmidə xanımla
ünsiyyət bu istedadlı aktrisa və müəllimənin
möhtəşəm portretinə yeni cizgilər əlavə
edib onu daha da dolğunlaşdırdı. Amma mənim
üçün ən gözlənilməz məqam onun
qeyri-adi publisistikası oldu. Həmidə xanım bir ara "Alma+" qəzetində köşə
yazarı kimi də fəaliyyət göstərdi və
özünün qeyri-adi, parlaq yazı üslubu ilə bizləri
yenə də mat qoydu.
Bir
neçə il bundan əvvəl televiziya
ilə absurd teatrın görkəmli nümayəndələrindən
biri E.İoneskonun "Stullar" pyesinin tamaşası göstərilirdi.
Tamaşada baş rollardan birini Həmidə
xanım oynayırdı və düzü, onun bu rolu məni Həmidə
xanımın jurnalistliyindən daha çox təəccübləndirdi
- tamaşada o, kinoda nümayiş etdirməyə imkan
tapmadığı aktyorluq istedadını bütün
parlaqlığı ilə ortaya qoya bilmişdi. Əlbəttə, bu o demək deyil ki, mən Həmidə
xanımın kino sənətimizdəki xidmətlərinə,
yaratdığı ekran obrazlarına skeptik yanaşıram.
Xeyr, belə deyil! Amma unutmayaq ki, aktyorun
özünü tam şəkildə realizə etməsi
heç də həmişə onun özündən
asılı olmur. Bu, xüsusilə kino sahəsində
çalışan aktyorların ən yaralı yeridir,
çünki onların teatrdakı kimi hansısa rol
uğrunda mübarizə aparmaq, istədiyinə nail olmaq
şansı çox azdır.
Nə isə, söhbətdən uzaq düşməyək;
tamaşa başa çatan kimi Həmidə xanıma telefon
açdım, onu təbrik etdim, sözügedən problemlə
bağlı fikir mübadiləsi apardıq.
Həmidə xanım çox etibarlı dostdur. "Kinonun fəlsəfəsi"
kitabımın təqdimatı olanda necə deyərlər,
daşan yağını elə daşa-daşa qoyub gəldi,
gözəl bir çıxış elədi və sonra mənə
üzrxahlıq edib getdi yağın altını
söndürməyə...
Onu absurd dramaturgiyanın banisi E.İoneskonun
"Stullar" pyesinin tamaşasında yeni bir ampluada kəşf
edəndə dərhal telefon açıb
heyranlığımı bildirdim, telefonda xeyli dərdləşdik.
Çoxdandır səsini eşitmirəm. Bu yazıya nöqtə
qoyan kimi zəng edəcəm...
RAMİZ
MƏLİKİN ZİYASI VƏ... SONRAKI PARADOKSLAR
Azərbaycan
kinosunun ən yaxşı detektiv filmlərindən olan "O
qızı tapın" filmi ekranlara çıxanda rejissor Həsən
Seyidbəyli yenə də bizi özünün aktyor seçmək
və onunla işləmək, həmin aktyorun bəlkə
heç özünə belə məlum olmayan
imkanlarını üzə çıxarmaq
bacarığı ilə heyrətə saldı. Baxın, bu
film bizə birdən birə Ramiz Məlikov, Tofiq Mirzəyev,
Əminə rolunu oynayan və təəssüf ki,
adını unutduğum qeyri-peşəkar bir xanım kimi simaları
tanıtdı, onların başqa rejissorların görə
bilmədiyi imkanlarını reallaşdırdı və bir
daha inandırdı ki, əsl rejissorun ən mühün
missiyalarından biri də aktyoru onun özü
üçün kəşf etmək, onu önə
çıxarmaq bacarığıdır.
Bu filmdə Azərbaycan kinosu üçün kəşf
olunan aktyorlardan biri də Ramiz Məlikov idi. Ramiz Məlikov
o vaxt Azdramanın nisbətən gənc aktyorlar nəslini təmsil
edirdi və kifayət qədər səhnə təcrübəsi
də vardı. Lakin kinoda elə bir
uğurları yox idi - səhv etmirəmsə, bu filmə qədər
"Ulduz" filmində tələbə, "Qanun naminə"
filmində təzə prokuror rollarında çəkilmişdi.
"O qızı tapın" filmində isə o, əsas
rollardan birini - diş həkimi Ziya rolunu oynayırdı və
elə bəri başdan deyim ki, aktyor bu rolu gözlənildiyindən
də artıq dərəcədə ustalıqla oynadı.
Onun kamera qarşısında sərbəstliyi,
yaratdığı obrazın içində yaxşı mənada
"əriməsi", ifadəli jestləri
tamaşaçılarda elə təəssürat
yaradırdı ki, bu gənc aktyor kino sənətinin incəliklərinə,
necə deyərlər, cikinə-bikinə yaxşı bələddir,
bir aktyor kimi elə çəkiliş meydanında bişib-bərkiyib.
Üstəlik, onun kino aktyoru üçün vacib olan fotogenik
görkəmi, koloritli siması, qeyri-adi tembrə malik
cingiltili səsi... Bir sözlə, Ziya obrazı
sanki Ramizin boyuna biçilmişdi və aktyor bu obrazın
canlı alınması, yadda qalması, önə
çıxması üçün nə lazımdırsa
hamısının öhdəsindən uğurla gəlmişdi.
O, səmimi, təbii oyun manerasında yaratdığı və
elə Ramiz müəllimin özü kimi kübar,
vicdanlı, cəsarətli bir gənc olan Ziyanı
tamaşaçılara sevdirə bildi.
Bu, Ramiz Məlikovun kinoda ilk uğuru idi və aktyorun
tezliklə daha böyük uğurlara imza atacağına dərin
bir inam yaradırdı. Amma...
"Amma"sı
budur ki, H.Seyidbəyli 4 il sonra çəkdiyi "Nəsimi"
filmində, ümumiyyətlə, kino aktyorluğu sahəsində
ilk addımlarını atan T.Mirzəyevi Dövlət bəy,
"O qızı tapın" filminin uğurunun təmin
olunmasında mühüm rol oynamış, necə deyərlər,
bişib-bərkimiş Ramiz Məlikovu isə 1-2 dəqiqəlik,
heç bir kəlməsi, replikası belə olmayan epizodik bir
rola - Şirvanşah İbrahimi öldürmək istəyən
təsadüfi bir tip roluna dəvət etdi.
Bu nə paradoks idi görəsən? Axı bu rolu ona
tapşırılan mizanları az-çox yerinə yetirməyi
bacaran istənilən sıravi aktyor oynaya bilərdi! Nə üçün H.Seyidbəylinin fikrincə,
bu filmdə Ramiz Məlikov aktyor üçün heç bir
improvizasiyalara əl yeri belə qoymayan məhz bu rolu
oynamalı idi?!
Və
Ramiz Məlikov bu dəvəti qəbul edəndə
düzmü iş tutdu? Bu suallara təbii ki,
Ramiz müəllimin öz, mənim isə öz cavablarım
var.
Mənim
fikrim belədir ki, istedadlı aktyor yalnız o halda epizoda
çəkilməyə razılıq verməlidir ki, bu rol
30, 20, hətta 10 saniyə müddətində belə nə
isə yaratmağa, peşəkarlıq göstərməyə
şans versin və aktyor da həmin o 30, 20, 10 saniyəlik
müddətdə öz istedadını nümayiş etdirib
sübüt etsin ki, istedadlı aktyor elə 10 saniyədə
də istedadlıdır!
"Nəsimi" filmindəki rol isə qətiyyən
belə şans vermirdi.
Nəinki
bu rolun, bundan əvvəl aktyorun "Ulduz", "Yeddi
oğul istərəm" (poçtalyon), sonralar isə
"Ad günü" (Əlinin dostu), "Səmt küləyi"
(Müsavat zabiti), "Qatır Məmməd" (əsir
götürülmüş jandarma zabiti) və s. filmlərdə
oynadığı rolların boyu Ziyanın boyundan
çox-çox kiçik idi. Bunlar aktyorun
yetişməsində əhəmiyyətli rol oynamayan, yaxud
yetişmiş, kamil aktyorun gücünü, qabiliyyətini
sınağa çəkmək iqtidarında olmayan, qəzetçilərin
işlətdiyi terminlə desək, "dejurnı" rollar
idi və Ramizin istedadına qətiyyən
yaraşmırdı.
Halbuki kinoda bu boz rolları oynaya-oynaya R.Məlikov teatrda bir-birindən gurultulu uğurlara imza atırdı - "İblis"də Arif, "Dəfn edilməmiş ölülər"də Jan, "Atabəylər"də Toğrul, "Kəllə"də Vilyams, "Günahsız Abdulla" və "İnanmırsansa" televiziya filmlərində müvafiq olaraq Şarko və Adil kimi psixoloji nüanslarla zəngin obrazlar məhz onun zəmanəti ilə həyata vəsiqə almışdı.
Kino isə bu istedadlı aktyorun səbri və səmimiyyəti ilə zarafat etməyində idi və elə belə də qaldı.
Ramiz müəllim Azərbaycan teatrında xarakterik obrazları ustalıqla yaradan ən güclü aktyorlardan idi, amma təəssüf ki, kinomuzda da özünü tam reallaşdırmağa, neçə-neçə maraqlı obraz yaratmağa lazım olan şansı ona vermədilər.
Amma Ramiz Məlik tamaşaçıların yadında teatrda yaratdığı bu monumental obrazlarla yanaşı, həm də kinoda ən uğurlu işi - bütün süjet boyu günahsız və köməksiz Əminə adlı qızı mafiyanın qorxunc caynağından xilas etmək üçün çarpışan, bu yolda hətta həyatı ilə risk edən Ziya obrazı ilə qaldı.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2022.- 1 aprel.- S.10.