Həqiqətin səsi: "Qarabağ"  

 

"Qarabağ bölgəsi qədim Paytakaran, Uti, Havand, Arsax ("ərsaq" sözünün etimologiyası qədim türklərə məxsusdur. Saq adlı qədim türk tayfalarının adı ilə bağlıdır. "Ər" sözü isə saqların mərd, qorxmaz olduğunu təsdiq edir) və Qarqar vilayətlərinin müəyyən hissəsini birləşdirərək, Araz və Tərtər çayları arasında yerləşən geniş bir ərazini əhatə etmişdir". İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə Mədəni irsimizdən seriyasından Azərbaycan və ingilis dillərində çapdan çıxmış "Qarabağ" adlı kitabdan götürülmüş yuxarıdakı sətirlər bu dəyərli nəşrin əsas leytmotivi kimi ilk səhifədən tutmuş, sonadək oxucunun diqqətini əsas məsələyə - həqiqətin həsini eşitməyə yönəldir. Tanınmış tarixçi alimlərimiz - tarix elmləri doktoru Vəfa xanım Quliyeva və tarix üzrə fəlsəfə doktoru Qənirə xanım Pirquliyevanın xronoloji ardıcıllıq prinsipinə sadiq qalmaqla, böyük zəhmət hesabına araya-ərsəyə gətirdikləri bu mükəmməl nəşri sözün həqiqi mənasında mənfur düşmənlərimizə və onların riyakar havadarlarına verilən ən tutarlı "cavab" hesab etmək olar. Tərtibatı ilə gözoxşayan kitabdakı mətnlərin eyni səhifədə - qarşı-qarşıya - sütunlarda iki dildə verilməsi, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir oxucu üçün əlçatanlıq baxımından əvəzolunmaz mənbədir. Fikrimizi bir qədər də sadələşdirsək, demək olar ki, "görünən dağa bələdçi lazım deyil..."

 

Bu uğurlu nəşrin tərcüməçisi Səadət İbrahimova, redaktorları Dürdanə Hüseynova və Səlim Babullaoğludur. İngilis mətninin redaktoru İan Piertdir.

 

Tarixi faktların bariz nümunəsi olan şəkillərdən kitabda yerli-yerində istifadə olunması da müəlliflərin düzgün seçim etdiklərinin göstəricisi kimi yüksək dəyərləndirilməyə layiqdir.

 

Başlanğıcda Qarabağ bölgəsinin yerləşdiyi ərazi haqqında dəqiq məlumat verən müəlliflər daha sonra "qara" sözünün mənaları barədə müfəssəl açıqlama verirlər: "... Qədim türkdilli xalqlarda "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və digər mənaları vardır. "Bağ" isə qədim dövrlərdən Şərq bədii mədəniyyətinin ən mükəmməl nümunələrindən biri olmuşdur. Mənası "şəfa", "rahatlıq" kimi anlaşılır. Bu baxımdan yanaşdıqda, "Qarabağ" sözü "böyük bağ", "sıx bağ", "qalın bağ", "şəfalı bağ" mənalarını özündə ehtiva edir".

 

Kitabda mövzular bu ardıcıllıqla verilib: "Qarabağ tarixindən", "Qarabağın numizmatikası", "Qarabağın epiqrafik abidələri", "Aran Qarabağ xalçaçılıq məktəbi", "Qarabağın milli geyimləri", "Bədii metal zinət əşyaları", "Atçılıq", "Ədəbi mühit", "Musiqi və teatr", "Ədəbiyyat" və "Biblioqrafiya".

 

"Qarabağın tarixindən" bölməsindəki materiallarla tanış olarkən, ən çox nəzərəçarpan bəzi məlumatları təqdim etmək yerinə düşər. Qeyd olunduğuna görə, Azərbaycan arxeoloqları Füzuli rayonu ərazisində dünyada ən qədim yaşayış məskənlərindən sayılan Azıx və Tağlar (indiki Xocavənd rayonu) mağaralarını aşkar etmişlər. Orada aparılan arxeoloji qazıntılar nəticəsində uzun bir tarixi dövr ərzində ibtidai insanların həyat şəraiti tədqiq edilmiş və 1,5-2 milyon il bundan əvvəl Azərbaycan ərazisində mövcud olan flora və faunanın izlərini özündə əks etdirən zəngin maddi-mədəniyyət qalıqları tapılmışdır. Bu tapıntılar isə Qarabağın maddi-mədəniyyət tarixini hərtərəfli öyrənmək istəyən tədqiqatçılara böyük imkanlar yaratmışdır.

 

Qarabağ sənətkarlığının dünya şöhrəti qazanması barədə verilən aşağıdakı fikirlərə diqqət edək: "Bu gün dünyanın ən zəngin muzeylərində Qarabağ sənətkarlığının timsalında Azərbaycan incəsənətinin bir çox gözəl nümunələri ilə rastlaşırıq. Bu muzeylərdən Londonun Viktoriya, Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, o cümlədən, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin kolleksiyalarında dünyanın mədəni incilərilə yanaşı, Qarabağ sənətkarlarının yaratdıqları ən müxtəlif sənət nümunələrini də görmək olar".

 

Müəlliflərin fikrincə, Qarabağda bir əsrə yaxın dövr ərzində aparılan arxeoloji qazıntılar nəticəsində Kəlbəcər, Ağdam, Laçın rayonları ərazisində tapılan qayaüstü təsvirlər, zəngin naxışlı əmək alətləri, xalça sənəti nümunələri, zərgərlik əşyaları, həmçinin, nəfisliyilə seçilən memarlıq abidələri Qarabağ sənətkarlığının yaradıcılıq zirvəsi hesab olunur.

 

Vaxtilə Qarabağda pulaqədərki ən qədim ödəniş vasitəsi hesab edilən kauri balıqqulağı dəfinəsi də məhz Qarabağda, müasir Xankəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir.

 

Dünyanın ən qədim tarixi-mədəni mərkəzlərindən sayılan "Kür-Araz Mədəniyyəti" eramızdan əvvəl IV-III minilliyin sonuna doğru bu bölgədən Suriya, Türkiyə, İran və Qafqaz ərazisinə yayılmışdır.

 

 

 

... Eramızdan əvvəl III əsrdə Qafqazda Albaniya dövləti yarandıqda onun ən mühüm və strateji cəhətdən sərfəli torpaqları müasir Qarabağ ərazisi olmuşdur. Dünya alimləri və tədqiqatçıları tərəfindən qəbul olunan və uzun illər boyu araşdırmaları davam edən Yaloylutəpə və küp qəbirlər mədəniyyətinin "erkən vətəni" yenə Qarabağdır.

 

Daha sonra, II minilliyin 2-ci yarısında isə Qarabağ ərazisində Xocalı-Gədəbəy mədəniyyəti təşəkkül tapmışdır.

 

Uzunmüddətli araşdırmalar sübut etmişdir ki, V əsrdə Albaniyanın ikinci paytaxtı Bərdə şəhəri olub və hakim sinif Qəbələdən sonra Qarabağda əsaslı kök salmağa başlayıb.

 

Müəlliflər belə bir fikri də xüsusi vurğulayırlar ki, son illərdə Avropanın və Amerikanın arxeoloq-alimləri çaxmaqdaşından hazırlanan əmək alətlərinin ilk istehlakçılarının əksər hallarda Azərbaycan olduğunu və ayrıca Qarabağın Daş dövrünə aid bəzi mağaratipli yaşayış yerlərindən də tapıldığını araşdırmaqdadırlar. Onların hazırladıqları xəritələrdə belə əmək alətlərinin yayılma arealında ilk məskənlər sırasında adını çəkdiyimiz Tağlar abidəsi də önəmli yer tutur.

 

Kitabda vurğulanan əsas faktlardan biri də odur ki, bir sıra tapıntılar əslində, bizlərə hələ Tunc dövründən qədim tayfalara məlum olan beynəlxalq ticarət yolunun Qafqazdakı marşrutunun Qarabağdan keçməsini birbaşa sübut edir. Pulaqədərki digər maraqlı əmtəə mübadiləsi qrupuna aid olan boyalı qabların xüsusi ornomentli nümunələri Xocalı-Gədəbəy mədəniyyətinə aid olmaqla Qarabağın, demək olar ki, bütün antik dövrə qədərki yaşayış məntəqələrindən və qəbir abidələrindən aşkar edilmişdir.

 

1897-ci ildə Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında tapılan gümüş sikkələrin Makedoniyalı İsgəndərə aid olan iri tetradraxmalardan ibarət dəfinə olduğu da araşdırmalar nəticəsində təsdiq edilmişdir.

 

Beləliklə, Qafqaz Albaniyası dövrünün erkən Barbar - bənzətmə sikkələrinin bir qismi Qəbələdən sonra ikinci paytaxtı olan Bərdədən də zaman-zaman aşkarlanmışdı. Bu sikkələr anonim olduğundan, onların zərb yerini alimlər topoqrafik üsulla həyata keçiriblər...

 

İslam sikkələrinin ilk araşdırıcılarından olan V.Tirzenhauzen "Aran" adı olan dirhəmlərin Qarabağ ərazisindəki Bərdə şəhərini ifadə etdiyini yazmış və bu inzibati bölgəyə həm də Gəncə, Təbriz, Beyləqan və Şəmkir şəhərlərinin daxil olduğunu qeyd etmişdir.

 

Sikkə zərbi analizlərinə görə də Bərdə şəhəri antik dövrdən Azərbaycanın köklü dini, ticarət və mədəniyyət mərkəzi olmuş və tarixin, demək olar, dönəmlərində öz əhəmiyyətini itirmişdir. 200 illik numizmatik materiallar axtarışında olan alimlər orada heç zaman ermənilərə aid bir ədəd də olsun sikkə aşkar etməmişlər. Deməli, onların Qarabağa heç bir iddiası ola bilməz. Çünki dövlət - pul deməkdir, pul - qanun deməkdir. Bu qanunu özündə əks etdirən zərbxanalar və onların məhsulları yalnız bizlərə - yerli avtoxton Azərbaycan türklərinə aiddir...

 

Həmin dövrlərdə "Qarabaği", "Bərdəli" təxəllüsü ilə tanınmış onlarca mütəfəkkir şəxsiyyətlər yetişmiş, onların adı və yaradıcılıqları haqqında məlumatlar tarixə çevrilmişdir.

 

"Qarabağın bir çox şəhərləri - Ağdərə, Kəlbəcər, Xocavənd, Şuşa, Xankəndi, Tərtər, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Qubadlı, Zəngilan islam dini dövründə meydana gəlmişdir. Bu şəhərlərin inşa mədəniyyətində yerli əhalinin milli-mənəvi və ideoloji təfəkkür tərzi öz bədii əksini tapmışdır... Bu isə öz növbəsində orta əsrlərdə Azərbaycanın bütün bölgələrində inşa edilmiş memarlıq incilərilə təsdiq olunur..."

 

XVIII əsrin II yarısında Qarabağda Bayat, Şahbulaq (Tərnəküt), Pənahabad (Şuşa) qalaları salınmış və həmin qalalarda bazar, karvansara, məscid, hamam və s. inşa edilmişdir. Ağdam bölgəsində imarətlər, saraylar, Pənah xana və nəslinə aid günbəzlər tikilmişdir...

 

Ümumiyyətlə, təkcə Şuşa şəhərində 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala mövcud olub. O cümlədən 72 mühüm tarixi sənət abidəsi, dövlət xadimlərinin və tanınmış şəxslərin evləri olmuşdur. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.

 

Təəssüflə qeyd etmək lazımdır ki, artıq özü bütövlükdə bir abidə olan Şuşa şəhəri 30 ilə yaxın dövr ərzində mənfur ermənilər tərəfindən dağıdılıb viran olunmuşdur...

 

"Qarabağ. Mədəni irsimizdən" kitabından nəticə olaraq götürdüyümüz aşağıdakı sətirlər təkcə ermənilərə deyil, eyni zamanda bütün dünyanın ermənipərəst şər qüvvələrinə verilən ən sərt və tutarlı cavablardan biridir: "Orta əsr mənbələrinin analizləri göstərdi ki, bu regionda XIV-XVII əsrlər dövründə heç bir Ermənistan dövləti olmayıb. Ermənistanın hal-hazırda yerləşdiyi ərazi həmin dövrdə orta əsr Azərbaycan feodal dövlətlərinin (Qaraqoyunlu, Səfəvilər) tərkib hissəsi olub. XIX əsrin əvvəlində Rusiya Gürcüstanla Azərbaycanı işğal edib. İlk erməni dövləti Qafqazda ruslar və ingilislərin razılığı və köməkliyilə 1920-ci ildə yaradılıb".

 

 

Maral POLADOVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.23.