Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Digər bir hadisə isə Ruhiyyənin əlindəki iri bir qızılgül dəstəsi ilə redaksiyaya gəlib, onun barəsində qələm çalmış jurnalisti təbrik etməsi idi. Qız isə onu baş redaktor və onun birinci müavini ilə tanış etmək istədiyini bildirdikdə, Ruhiyyə etiraz etmədi.

 

Baş redaktor Ruhiyyəni gülərüzlə qarşıladı, Südabə xanımın vaxtilə onların qonağı olduğu anları yada saldı. O, əlavə etdi ki, siz Südabə xanımın həm fiziki, həm də mənəvi varisisiniz. Kolleqamızın zəhməti hesabına biz sizinlə də yaxından tanış olmaq imkanına yiyələndik.

 

Ruhiyyə cavabında baş redaktora dedi:

 

- Xoş sözlərə və qəzetinizdəki yazıya görə sizə minnətdaram, lakin məni Südabə xanım kimi nadir istedad sahibinin varisi adlandırmağınızla qətiyyən razılaşa bilmərəm, bütün ömrüm boyu çalışsam da, onun şagirdi adlanmağım da mənim üçün olduqca böyük mükafat olardı. Sizə də özüm haqqındakı xoş rəydən sui-istifadə etməyəcəyimə söz verirəm. Lakin həm də sizin maraq dairənizə uyğun gələ biləcək bəzi məqalələrlə qəzetinizdə çıxış etmək istərdim. Çünki sizin qəzetdə çap olunmağın özü çoxları üçün şərəf hesab edilir, hətta bəzi akademiklər sizdə dərc olunmaqla müəyyən reklama və əslində nüfuza yiyələnmişlər. Baş redaktor etiraz etmədiklərini bildirdi. Söhbətdə iştirak edən baş redaktorun birinci müavini də Ruhiyyəyə bir neçə xoş söz söylədi. Beləliklə, Ruhiyyə gözləmədiyi halda hörmətli bir qəzetin rəhbərliyi ilə tanış olmaqla kifayətlənməyib, özünün əməkdaşlıq etmək təklifini də çatdırmışdı.

 

Ruhiyyə evə dönəndə, onun əhval-ruhiyyəsi çox yaxşı idi. Hamneti qucaqlayıb öpdü və dedi ki, səni ən bahalı məktəblərdə oxudacağam, çünki tərcümə ilə yaxşı pul qazanacağam, bizim heç nəyə ehtiyacımız olmayacaqdır.

 

Oğlu otaqdan çıxdıqda bacısı ilə hal-əhval tutdu və Aynur dedi ki, nişanlısının valideynləri toyu gecikdirmək istəmirlər, toy restoranların birində, 40-50 adamın iştirakı ilə keçiriləcəkdir, pandemiyaya görə karantin tədbirləri daha çox adamın bir yerə yığışmasına icazə vermir. Ruhiyyə dedi ki, lap yaxşı, biz tərəfdən də ən çoxu beş adam olacaqdır. Yusif müəllimi və oğlanlarını öz xanımları ilə birlikdə dəvət etməliyik, yoxsa bizdən inciyərlər. Onlar bütün ad günlərinə Hüseynlə məni dəvət edirdilər, bizim də şənliklərimiz onlarsız keçmirdi.

 

Ruhiyyə bacısına dedi ki, biz sabah mağazaları gəzib, sənə cehiz almalıyıq. Cehizin elə olmalıdır ki, heç kəs fikirləşməsin ki, oğlumuz kasıb, yetim bir qızla ailə qurmuşdur. Kasıblıq ucbatından mən Hüseynə ərə gedəndə cehiz kimi bir boşqab da gətirməmişdim, bu barədə sonralar ərimə üzrxahlıq edəndə, sadəlövhlüyümə gülürdü və deyirdi ki, biz evdə qab-qacağı qoymağa yer tapmırdıq, sənin gətirdiyin ucuz şeyləri satmalıydıqmı? Mən, bəlkə də, ölkədə çox az sayda cehizsiz ər evinə köçən gəlinlərdən biri idim.

 

Hüseyn dedi ki, biz Südabə ilə ailə quranda da heç nəyimiz yox idi. Sağ olsun mənim dostlarım və Südabənin rəfiqələri, onlar niderlandlılar qaydasında bizə hədiyyə kimi ev müxəlləfatı gətirmişdilər. Bir neçə il onların bağışladığı məişət əşyaları ilə dolandıq, ən bahalı hədiyyə isə termos idi. Biz tələsəndə çay qoymurduq, termosdan istifadə edirdik. İlk aylarda ucuz stol, stul, divan və çarpayı aldıq və beləliklə, evimizi məişət əşyaları ilə zənginləşdirməyi bacardıq.

 

Səhərisi günü onlar ticarət obyektlərinə gedişi iri mebel mağazasından başladılar, digər əcnəbi ölkələrin mallarına görə Türkiyədə istehsal olunmuş mebellər göz oxşamaqla yanaşı, ucuz idi və həm də iki illiyə alıcıya qarantiya verilirdi. Ruhiyyə az əşyadan ibarət olan yataq dəsti sifariş verdi, həm də yemək stolu və altı dənə stul götürdülər. Sonra qab-qacaq tədarükünə keçdilər. Ruhiyyə ucuz qiymətə olan soyuducu və televizor da aldı. Mağazalar sifarişi qəbul edib, göstərilən ünvana çatdıracaq və quraşdıracaqdılar. Ona görə Aynur nişanlısından kirayə götürdüyü birotaqlı mənzilin ünvanını öyrəndi və satıcılara bu ünvan təqdim edildi. Çünki mebeli və digər əşyaları Ruhiyyənin evinə daşımaq olmazdı, onları orada yerləşdirmək imkanı da yox idi.

 

Aynur bacısının əliaçıqlığına məəttəl qalmışdı, o bilirdi ki, Ruhiyyə onu və anasını aclıqdan xilas etmək üçün özünü oda-közə atmış, surroqat ana olmaq hesabına ailəyə yarımzirzəmidə yerləşən üçotaqlı mənzil almışdı və Hüseynə ərə gedənə qədər özü də orada yaşamışdı. Sonrakı illərdə anası ilə Aynur bu evdə yaşamaqla yanaşı, bir otağı da rayondan gəlmiş iki bacıya kirayə vermişdilər. Kirayə pulu onların kommunal xərclərini bütünlüklə ödəyirdi. Hüseyn də hər ay onlara ərzaq almaları üçün o qədər də böyük olmayan məbləğdə pul verirdi, buna görə də qida barədə qıtlıq çəkmirdilər. Bəzən Ruhiyyə də anasını görməyə gələndə özü ilə xeyli ərzaq - ət, vermişel, yağ gətirirdi. Bir sözlə, onların qidalanmasında əvvəlki çətinlik heç də hiss olunmurdu.

 

Hüseynin ölümü onlara da ağır təsir göstərmişdi, heç üç ay keçməmiş anası da dünyadan köçdü. Bu qadın ərini itirdikdən sonra olduqca ağır şəraitdə yaşamış, küçədə soyuqda, küləkdə, qızmar günəş altında qəpik-quruşa çərəz, limon satmaqla məşğul olmuş, vəziyyət ağırlaşanda, gənc Ruhiyyə üçün də, onun varlığını məhv edən bir fədakarlıq dövrü başlanmışdı. Bu qız evə utandırıcı məşğuliyyətindən dilənçi payı ilə müqayisə edilə bilən pul gətirirdi və onların ac qalmasına yol vermirdi. Sonra surroqat ana hamiləliyi baş verdi və onlar ilk dəfə öz evlərində yaşamağa başladılar, kirayədə yaşadıqları evin sahibinin giley-güzarından, hədələrindən xilas oldular. Sonra Ruhiyyənin də bəxti açıldı və dul qalmış Hüseynə ərə getdi. Yeni ailə isə olduqca xoşbəxt yaşayırdı, bu xoşbəxtlikdən Aynura və anasına da yaxşı pay düşürdü.

 

 

 

Aynurun toyu

 

 

 

Üç həftə sonra kiçik bir restoranda Aynurun toyu oldu. Qonaqlar, əsasən, rayondan gəlmişdilər, bəyin 3-4 tələbə dostu da iştirakçıların arasında idi. Yusif müəllim də oğlanları və gəlinləri ilə gəlmiş, Aynura yaxşı hədiyyə gətirmişdilər. Bəyin atası ilk çıxışı ilə qonaqları salamladı, onun ailəsinin şənliyinə qatıldıqlarına görə onlara minnətdarlığını bildirdi. Sonra çıxışını bəylə gəlinin üzərinə keçirdi, oğlunun və onun ömür-gün yoldaşı olacaq Aynurun bir-birinə olan sevgisi əsasında bu ittifaqın yaranmasını dedi. Anası da, mən də başqa planlara malik olduğumuz halda, gizlətmirəm, uzun müddət kəndimizdə kolxoz sədri işləmiş adamın nəvəsini almaq istəyirdik, qızın atası da indi rayon icra hakimiyyətində sayılan vəzifədə işləyir. Lakin oğlum İlqar bizim nəzərdə tutduğumuzla razılaşmadı, bildirdi ki, mənim artıq Bakıda nişanlım var və bizim universitetin tələbəsidir. Uşaqların anası ilə mən bu sözü eşidəndə az qala dəli olduq, biz valideynlər sağ ola-ola oğlumuz bizdən xəbərsiz özünə nişan qoymuşdur. Kənddə camaat bunu bilsə, el içində biabır olardıq, bir oğlun ola, o da sənə məhəl qoymayıb, evlənmək məsələsini özü həll edə. Anası da, mən də onun üstünə düşüb, çox narazı qaldığımızı bildirdik və onun nikahına qarşımayacağımızı elan etdik, necə nişanlanıbsa, özü də bizsiz toyunu etsin.

 

İlqar qəhqəhə çəkib güldü və dedi:

 

- Ata, sən də, anam da məni düzgün başa düşmədiniz. Mən oxumuşam ki, İngiltərədə cavan oğlan və qız bir-iki görüşdən sonra nişanlandıqlarını elan edir və xəbəri hər kəs öz valideynlərinə çatdırır. Valideynlər də buna qətiyyən etiraz etmirlər. Mən də ingilisləri təqlid edərək, sevdiyim qızla nişanlandığımızı dedim. Əslində isə bizim milli qaydalarımıza uyğun olan heç bir nişan-filan olmamışdır. Biz sadəcə bir-birimizə əhd-peyman bağlamışıq, mən bu məsələdə tələsdim ki, Aynurun qəlbinə və əlinə başqa namizəd meydana çıxmasın. Səhvim ondadır ki, kəndli oğlu olduğumu unudub, mən özümü İngiltərə ənənələri ilə hərəkət edən kimi apardım.

 

Atası əlavə etdi ki, biz valideynlər hər şeyi anladıq. Ona görə də gecikmədən elçiliyə gəldik, Ruhiyyə xanım kimi, Yusif müəllim kimi nəcib insanlarla tanış olduq və bugünkü toy baş tutdu.

 

Sonra kənddən gəlmiş bəyin qohumu olan bir ağsaqqal kişi danışıb, bəylə gəlinə xoşbəxtlik arzuladı və dedi ki, gəlin xoş qədəmləri ilə kəndə gələndə mənim evimin əziz qonağı olacaqdır, onların gəlişinə iri bir qoç kəsəcəyəm. Tələbə dostlarından biri Aynurun gözəl xasiyyətinə bələd olduqlarını dedi və əlavə etdi ki, İlqar xoşbəxtdir ki, belə bir qızla ailə qurur.

 

Qız evi adından danışmaq üçün söz Yusif müəllimə verildi. O, əlində portağal şirəsi süzülmüş qədəhi qaldıraraq dedi:

 

- Mən, övladlarımla birlikdə bugünkü toyda iştirakıma ürəkdən sevinirəm. Övladlarım deyəndə Ruhiyyəni, oğlanlarımı və gəlinlərimi nəzərdə tuturam. Ruhiyyənin öz toyu olanda mən ilk dəfə onu qızım adlandırmışdım və bu ifadəmə daim sevinmişdim. Ruhiyyəni mən feniks quşuna bənzədirəm. Bu quş yanıb gülə dönsə də, həmin küldən yenə də dirilməyə, canlanmağa başlayır. Özü də feniks öz külündən doğulur. Bu yaxınlarda o, əziz ərini itirmişdir. Lakin yenə də onu əzən kədərə təslim olmur və böyüməsində xüsusi rolu olduğu bacısının şadlığının təxirə salınması variantı ilə də razılaşmadı və xeyirin şər üzərində qələbəsinin bir real əlaməti olan bu toyun vaxtında baş tutması üçün hər şeydən keçməyə hazır olduğunu göstərdi.

 

Aynuru mən təkcə Ruhiyyənin bacısı deyil, həm də öz doğma qızım hesab edirəm. O, çox gənc olmasına baxmayaraq, dünyaya açıq gözlə baxır, reallığın ağır çətinlikləri qarşısında əyilmir, onun seçimi də ürəyinin və ağlının saat əqrəbi kimi düzgün işlədiyini bir daha sübut edir. İlqar da ona layiq oğlandır, bizim üçün çox xoşdur ki, bu gün yeni və xoşbəxt gələcək vəd edən bir ailənin təməlinin qoyulmasında iştirak edirik. Yeni ailənin üzvlərini məhəbbət birləşdirir, bu məhəbbət təbii xüsusiyyəti ilə yanaşı, ötüb keçən olmamalıdır. Biz bu binanın möhkəmliyinə olan arzularımızın rəmzi kimi, metal kapsulaya qoyulmuş hansısa sənədi saxlamaq üçün onu beton kütləsi ilə örtmürük, bunun şəhadətini biz yeni ailənin mehribanlığında, bir-biri arasındakı səmimiyyətdə və ən başlıcası, ikisinin də bərabər qaydadakı cəhdləri ilə ailədə əsl sevgi mühitinin yaradılmasında görəcəyik. Qoy onlar öz xoşbəxtlikləri ilə tək iki ailəni deyil, bizim hamımızı, buna ümid bəsləyənləri sevindirsinlər.

 

Şənlik iştirakçıları bu nurani kişinin sözlərinə çox diqqətlə qulaq asıb, sonra əl çalmaqla onu alqışladılar. İlqarın atası təsirlənib, şampan qədəhini başına çəkəndən sonra dedi:

 

- Əziz Yusif müəllim, əziz Ruhiyyə xanım! Biz sizinlə qohum olmağımıza çox şadıq və sevinirik ki, oğlumuz ingilis qaydasında özünə nişan qoyubmuş ki, belə gözəl qız əldən çıxmasın. Aynur bizim təkcə gəlinimiz deyil, ailəmızın, nəslimizin, tayfamızın əzizi olacaqdır, biz onu ən azı İlqar qədər istəyəcəyik. Kənddə əvvəllər gəlinin cehizi kimi üstü güzgü ilə bəzənmiş və qabaq tərəfində "toyun mübarək" sözləri yazılmış boş kiçik sandıq nümayiş etdirilirdi. Gəlinimizin oğlumuza olan sevgisini biz bütöv bir xəzinə hesab edirik, elə bilirik ki, həmin sandıq dolu biz almaz tapıb, təkcə kənjdin deyil, ölkənin ən varlı adamına çevrilmişik. Çünki oğlumuzun xoşbəxtliyi bizim üçün hər cür var-dövlətdən qiymətlidir.

 

Musiqiçilər çıxışların çoxluğundan narazı idilər, bəyin atasının sözü bitən kimi coşğun toy havası çaldılar və bəylə gəlin rəqsə dəvət edildi. Aynur ayaq barmaqlarının ucunda süzürdü və öz toyunda rəqs edən Ruhiyyəni təqlid etməyə çalışırdı. İlqar isə özünü professional rəqqas kimi aparırdı, təəccüblənən Yusif müəllimə bəyin bir dostu pıçıltı ilə dedi ki, o, bir ay ərzində professional rəqqasdan dərs almışdır.

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.22.