"Qalmaz belə, qalmaz dünya"

 

Bığ yeri tərləyən igid,

Girəvə hərləyən igid.

İçində çərləyən igid

Qalmaz belə, qalmaz dünya.

 

Sığınar bir xəlvət döşə,

Qorxar baxtı bəndə düşə.

Boynunu bükmə, bənövşə,

Qalmaz belə, qalmaz dünya.

 

Könül verməzlər şər vaxtı

Arxamca bir qərib baxdı...

Qarabağım - qara baxtım

Qalmaz belə, qalmaz dünya.

 

Övladların çıxdı naşı,

Qəm yükünü özün daşı.

Axma, anamın göz yaşı,

Qalmaz belə, qalmaz dünya.

 

Başında xoş sevda dəmi,

Ocağında hicran qəmi.

Ağlama, "Yanıq Kərəmi",

Qalmaz belə, qalmaz dünya

 

 

"Qarabağsız"

 

Dostlar, bağışlayın, əliboş gəldim,

Gəldim qapınıza mən Qarabağsız.

Vallah, gözlərimdən çəkilib getmir

Duman Qarabağsız, çən Qarabağsız.

 

Ələ qələm aldım, əlim göynədi,

Hər adı gələndə dilim göynədi.

Çiçəyim göynədi, gülüm göynədi,

Bölündüm ortadan tən - Qarabağsız.

 

"Qalmaz belə, qalmaz dünya" yazanda,

Ümid közərirdi könül sazında.

Zakir Fəxri, hər üzünə yozanda,

Anasız yetimsən sən - Qarabağsız.

 

Zakir FƏXRİ

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.21.