Milli birliyin carçıları - "Molla Nəsrəddin" və "Tərcüman"

 

"Molla Nəsrəddin" jurnalının nəşri Şərq dünyasında milli-azadlıq hərəkatına təkan verib, xalqların müstəqillik və demokratiya uğrunda mübarizəsini müdafiə edib və onların haqq səsini dünyaya çatdırıb. Krım türkləri - tatarlar ilə ədəbi-mədəni əlaqələrimizin qurulmasında da bu jurnalın müstəsna xidməti vardır. Krım türklərinin görkəmli ictimai-siyasi xadimi, böyük maarif islahatçısı, naşir, milli mətbuatın banisi, Rusiyada yaşayan türk-müsəlman əhalisinin mədəni birliyi ideyasını irəli sürən İsmayıl Qaspıralı bu ideyanın gerçəkləşməsini milli mətbuatın və məktəbin yaradılmasında görür, bu istiqamətdə böyük işlər həyata keçirirdi. Məhz buna görə də İ.Qaspıralı  xeyli mücadilədən sonra 1883-cü il aprelin 10-da, türkcə-rusca nəşrə başlayacaq "Tərcüman" qəzetinin buraxılmasına icazə alır. Qəzet "Dildə, fikirdə, işdə birlik" şüarı ilə fəaliyyətə başlayır və bu ideyanı bütün türk xalqları arasında təbliğ edir. İlk dövrlərdə cəmi 320 tirajla buraxılan "Tərcüman" qəzeti sonralar daha sürətlə yayılaraq maraqla qarşılanır və tirajı 20 minə qədər yüksəlir.  İsmayıl bəy Qaspıralı "Tərcüman" qəzetinin əlavəsi olaraq əvvəlcə "Aləmi-nisvan" (Qadınlar aləmi"), "Aləmi səbyan" (Uşaqlar aləmi") və "Məktəb" adlı vaxtaşırı çıxan mətbuat orqanlarını çap etdirmiş, "Molla Nəsrəddin" jurnalının Tiflisdə nəşrə başlamasından bir neçə gün öncə isə Bağçasaray şəhərində tatar dilində satirik bir orqan yaratmaq fikrinə düşmüşdü. O, 1906-cı il aprel ayının 1-dən  "Tərcüman" qəzetinə əlavə şəklində "Xa-xa-xa" adlı satirik qəzetin nəşrinə başlayır. Qəzetin sərlövhəsində "Lətaif,  gülgü, həcviyyat və tənqid ...rəsmli həftəlik qəzetə" qeydi verilmişdi. Qəzetin sonuncu,  yəni 5-ci sayı 1906-cı il mayın 5-də çapdan çıxıb. "Xa-xa-xa"nın səhifələrində müxtəlif mövzulu karikatura və məlumatlar yer alsa da, bəzən kəskin satirik yazılara ehtiyac duyulmuş və bu haqda qəzetin 5-ci sayında belə bir elan dərc edilmişdi: "Ötkün, gülünc  nəzm və lətifə yazanlara yaxşı mükafat veriləcəkdir". Lakin qəzetin redaksiyasına belə əsərlər daxil olmamış, "Molla Nəsrəddin" jurnalının ilk sayları İsmayıl bəy Qaspıralıya çatarkən o, qəzetin nəşrini dayandırmışdı. Görünür, "Molla Nəsrəddin"in proqram səciyyəli "Sizi deyib gəlmişəm" adlı məqaləsi, satirik felyeton, teleqraf xəbərləri, dərin məzmunlu satirik şeirləri və yüksək peşəkarlıqla çəkilmiş karikaturaları "Xa-xa-xa" qəzeti ilə müqayisədə çox yüksək səviyyədə olduğundan İsmayıl bəy Qaspıralı bu qənaətə gəlmişdi.

 

"Molla Nəsrəddin" jurnalı nəşrə başlayarkən onu dəstəkləyən və təqdir edənlərdən biri də "Tərcüman" qəzeti idi. "Tərcüman"la "Molla Nəsrəddin" jurnalını əqidə və məslək birliyi ilə yanaşı, həm də mövzu və problematika oxşarlığı da yaxınlaşdırırdı. Buna görə də hər iki mətbuat orqanı ardıcıl olaraq bir-birini izləyir, öz səhifələrində dərc etdikləri məsələlərə münasibət bildirirdilər. "Tərcüman" Rusiyada nəşr olunan müsəlman mətbuatına dair məqaləsində yazırdı: "Həcviyyata dair dörd məcmuəmiz arasında "Molla Nəsrəddin" birincilikdə davam edir. Hər nüsxəsi kəmali-ləzzətlə oxunub, rəsmlərindən bir çox ibrət alınmaqdadır. Bu kimi nəşriyyat və rəsmlərin ağır görüləcəyi təbiidir. Lakin daha çox zaman keçməz, "Molla Nəsrəddin" in qədrü-qiyməti məlum olar. Düşmən gülüşü ağırdır. "Molla Nəsrəddin" düşmən deyil, milli dost və müəllimdir, bunun gülüşünə dözmək lazımdır. Çünki şər üçün deyil, xeyir üçün gülməkdədir". Qəzetin "Molla Nəsrəddin"i "xeyir üçün gülən" bir məcmuə kimi səciyyələndirməsi jurnalın əsl məram və məqsədini açıqlayan obyektiv qiymətdir. "Tərcüman" öz səhifələrində dərc etdiyi mətbuat xülasələrində də "Molla Nəsrəddin"ə xüsusi diqqət yetirir, jurnalın əməkdaşlarına, xüsusilə  redaktorun gördüyü işlərə böyük dəyər verirdi. "Molla Nəsrəddin" adlı məqalədə jurnalın aydın tendensiyasını, obyektiv mövqeyini düzgün şərh edərək yazırdı: "Adından da anlaşıldığı üzrə "Molla Nəsrəddin" zarafat edər, lakin zarafatın  arxasında acı bir həqiqət gizlədər... Aləmi-ədəbiyyata məlumdur ki, yerli-yerində edilən bir zarafat, lətifə, uzun bir vəz və nəsihətdən daha təsirli olur..."

 

 

 

"Molla Nəsrəddin" jurnalı da qarşılıqlı olaraq, öz səhifələrində "Tərcüman"la bağlı yazılara xüsusi yer verirdi. Jurnalda əksini tapan "Tərcüman", "Milli bayram", "Təzə xəbər" və başqa sərlövhəli yazılarda, "Mətbuat xəbərləri" rubrikasında qəzetin Şərq xalqlarının taleyindəki rolu və əhəmiyyətindən söhbət açılmış və onun 25 illik yubileyi ilə bağlı yazılar dərc olunmuşdur. "Molla Nəsrəddin" jurnalı "Milli bayram" adlı məqaləsində "Tərcüman"ın uğurlu fəaliyyətini yüksək dəyərləndirərək yazır: "Bir müsəlman qəzetinin faydalı və səmərəli bir yolda 25 il davam etməyi nəinki Rusiyada,  bəlkə bütün dünyada əvvəlinci dəfə görülən bəxtiyarlıqdandır. Mətbuat aləmində 25 il qələm çalan böyük yoldaşımız İsmayıl bəy Qaspıralı, həqiqətən, bəxtiyardır... İsmayıl bəy haziq həkim kimi millətimizin dirilməyini məhz məktəbdə, maarifin nəşrində gördü; qüvvətinin ən çoxunu bu yolda sərf elədi. Üsuli-cədidəsini, üsuli-cədidə kitablarını Baxçasaraydan Çinə, Kazandan İrana qədər nəşr elədi. Mülayimanə, lakin təsirli məqalələrlə uyuşmuş beyinlərdə "mühakimə" qüvvəsini oyandırdı; köhnə üsulu, bütpərəst adətlərimizi silməyə çalışdı...demək olar ki, indiyə qədər millətin ehtiyacını, gələcəyini haqqı ilə nəzərə alıb ciddi və səmərəli yolda çalışan, türk millətinin içində birinci dəfə İsmayıl bəy çıxdı...İsmayıl bəy öz milli və insani borcunu nə cür yerinə yetirdisə, ümid ki, millətimiz də onun xidmətini təqdir edib qədirşünaslıq borcunu yerinə yetirər və bu günün yadigarlığı üçün əldən gələn fədakarlığı əsirgəməz. Hərçənd İsmayıl bəyin böyüklüyünü, xidmətini tarix və gələcək bizdən daha yaxşı təqdir edəcək və adını qızıl xətlə yazacaq, bizsiz də o, uca mərtəbəsinə çatacaq". Jurnal İsmayıl bəy Qaspıralının türk dünyası üçün əvəzolunmaz bir şəxsiyyət olduğunu, bütün ömrünü müsəlman xalqlarının milli dirçəlişinə, elm, maarif və mədəniyyətin inkişafına sərf etdiyini, bu istiqamətdə görülən işlərdə "türk millətinin içində birinci" olduğunu dərin hörmət və ehtiramla qeyd edir. "Molla Nəsrəddin" jurnalı "Tərcüman"ın 25 illiyi münasibəti ilə görüləcək tədbirlərdən bəhs edərək bildirir ki, "Orenburq, Ufa, Türküstan, Krım müsəlmanları bu günün mübarəkbadlığı üçün böyük nişanələr, əsərlər qoymağa hazırlanırlar. Rusiyanın bir çox yerlərində bu günün yadigarlığına "İsmailiyyə" adı ilə darülmüəlliminlər, nəşri-maarif cəmiyyətləri, ibtidai oğlan və qız məktəbləri açmaq, mühərririn naminə məktəblərə müsəlman şagirdləri üçün stipendiya vermək " və başqa işlər həyata keçirəcəklər.

 

Abid Tahirli  "Tərcüman" qəzetinin tarixi əhəmiyyətindən bəhs edərək yazır: "İsmayıl bəy Qaspıralı öz qəzetinə "Tərcüman" adını verməklə səpələnmiş, parçalanmış, hüquqları əlindən alınmış türkdilli xalqları birləşdirmək, onların  istəyini, iradəsini ifadə etmək kimi tarixi missiyanı öz üzərinə götürmüş oldu..."

 

İsmayıl bəy Qaspıralı yaxşı dərk edirdi ki, velikorus millətçiliyi türk dünyası üçün ciddi təhlükədir. Bu problemin türk-müsəlman xalqlarını bir-birindən ayırıb parçalayacağından ehtiyatlanan böyük ziyalı müsəlmanlar arasında milli şüurun formalaşmasına, mənəvi birliyə böyük önəm verirdi. Təsadüfi deyil ki, o zaman Firidun bəy Köçərli deyirdi: "İsmayıl Qaspıralı "Tərcüman"ı ilə bizi ayıltdı".

 

"Tərcüman" qəzeti özünün mətbuat xülasələrində "Molla Nəsrəddin" jurnalına ardıcıl olaraq yer verir və jurnalın səhifələrində əksini tapan maraqlı məlumatlara münasibət bildirirdi. Bu baxımdan "Tərcüman"dakı "Bizim mətbuat" başlıqlı icmal xarakterli yazı olduqca maraqlı görünür. İsmayıl bəy Qaspıralının  "Molla Nəsrəddin" jurnalında diqqətini cəlb edən əsas məsələ jurnalın redaktoru Cəlil Məmmədquluzadənin və onun əməkdaşlarının yüksək peşəkarlığı, yazıçılıq istedadı və mühərrirlik bacarığı idi. Qaspıralının fikrincə, məcmuənin bu qədər oxunaqlı, cəlbedici və əhəmiyyətli təsir bağışlamasının başlıca səbəbi "Molla Nəsrəddin"in real gerçəklikləri, acı həqiqətləri, sxolastik, köhnə adət-ənənələri tənqid edən satirik və yumoristik yazılara geniş yer verməsi, böyük ustalıqla, sənətkarlıqla, məharətlə çəkilmiş, özündə milli koloriti əks etdirən maraqlı karikaturaların çap olunmasıdır. Qaspıralının diqqətini cəlb edən həm də jurnalın sadə, aydın, təsirli, lakonik və iynəli dili, dərin mənalı, ibrətli gülüşü, böyük mətləbləri, mürəkkəb ictimai-siyasi problemləri, felyeton, atalar sözü, zərb-məsəllər şəklində yığcam bir formada təqdim edib geniş oxucu auditoriyasına çatdırmaq bacarığı idi. Böyük mühərrir bütün bu müsbət məziyyətlərinə görə türk dünyasını "Molla Nəsrəddin" jurnalını oxumağa və ondan lazımınca bəhrələnməyə səsləyərək yazırdı: "Məcmuələrimizin dördüncüsü boyalı rəsmləri ilə təzyin olunub, həcviyyatdan, lətayifdən, tənqid və müvaxizədən bəhs edən "Molla Nəsrəddin" məcmuəsidir. Bu məcmuə həftədə bir kərə Tiflisdə çıxmaqdadır. Mühərriri Cəlil bəy Məmmədquluzadədir. Şimdiyə qədər müntəzəmən 23 nüsxəsi nəşr olundu. Rəsmləri və mündəricatı qayət gözəl və millidir. Lisanı ötkün və təsirlidir. Masalları gülgülü və ibrətlidir. Şöylə ki, acı, ağu həqiqətləri ballı, şəkərli oxumaq, üsul və köhnə adətlər və körənəklər lətifə ilə mat edildiyini görmək istəyənlər bu jurnalı alsınlar, oxusunlar".

 

 

 

 

 

"Tərcüman" dövrün aktual problemlərinə həssaslıqla yanaşmış, xüsusilə əsrlərcə davam edən erməni-müsəlman məsələlərinə, daşnakların 1897-ci ildə Anadoluda, 1905-1906-cı illərdə Qafqazda, Azərbaycanda törətdikləri qanlı cinayətləri hiddət və qəzəblə pisləmiş və erməni vandallarını bu mənfur niyyətlərinə son qoymağa səsləmişdir. Erməni soyqırımlarına qarşı öz etiraz səsini ucaldan "Tərcüman" qəzeti bu önəmli məsələləri qabartmaqla "Molla Nəsrəddin" jurnalı ilə həmfikir olduğunu da bəyan edirdi. Çünki Azərbaycanın ilk satirik mətbuat orqanı olan "Molla Nəsrəddin" jurnalı da bu taleyüklü məsələyə öz səhifələrində geniş yer verir, müxtəlif janrlı yazılarda-felyetonlarda, məqalələrdə, şeirlərdə, teleqraf xəbərlərində və digər publisistik əsərlərdə erməni daşnaklarını və onların havadarları olan rus imperiyasının ikiüzlü, şovinist siyasətini kəskin şəkildə tənqidə məruz qoyurdu. Hər iki mətbuat üçün ortaq olan, onların səhifələrində əksini tapan bu köklü problemlər çağdaş dövrümüzə qədər davam edən münaqişə və müharibələrin real faktlar əsasında yaradılmış tarixi salnaməsi təsirini bağışlayır.

 

İsmayıl bəy Qaspıralı XX əsrin əvvəllərində "İslamı əsri bir surətdə anlamaq", "dildə, fikirdə, işdə birlik" tendensiyası ilə yanaşı, həm də öz həmməsləklərinə "...hər nə yazacaq isən, qələmi üç qəpiklik mürəkkəbə batırma, ürəyinə batırıb qanı ilə yaz" fikriylə də bir səsləniş etmiş və bu ideyanı dil, ədəbiyyat, ictimaiyyət və siyasət sahələrinə tətbiq etməyin vacibliyini gündəmə gətirmişdi. "Molla Nəsrəddin" jurnalı nəşrə başladığı dövrdən  "Tərcüman" qəzetinin diqqət mərkəzində olmuş, İsmayıl bəy Qaspıralı müxtəlif  səpkili  publisistik yazılarda jurnalın fəaliyyətindən bəhs etmiş və Rusiyada, Krım, Volqaboyu və Sibir tatarları arasında təbliğ olunmasında mühüm rol oynamışdı. Qaspıralının  mülahizələri "Molla Nəsrəddin" və mollanəsrəddinçilərin  tarixi xidmətlərini təsdiq edən mötəbər vəsiqə idi.

 

1907-ci il dekabrın 29-da C.Məmmədquluzadəyə göndərdiyi məktubda İ.Qaspıralı "Molla Nəsrəddin"in bütün Şərq aləmi üçün misilsiz tərbiyəvi əhəmiyyətindən bəhs edərək yazırdı: "Sizin məcmuədə olduqca hədəfə sərrast dəyən şeylər var... gümrah çalışın, şübhə yoxdur ki, sizin məcmuənizin gələcəyi məncə təmin olunmuşdur. O, geniş yayılacaq və bizim publisist aləmində olduqca görkəmli mövqe tutacaqdır".  "Tərcüman"ın redaktoru İsmayıl bəy Qaspıralı qəzetə əlavə şəklində nəşr etdirdiyi  "Xa-xa-xa" dərgisində "Molla Nəsrəddin" jurnalında mühüm yer tutan karikaturalara, felyetonlara, mükalimələrə və Molla Nəsrəddin lətifələrinə tez-tez müraciət edirdi.

 

"Molla Nəsrəddin"in dəsti-xəttini, satirik üslubunu və orijinal ifadə tərzini yüksək dəyərləndirən "Tərcüman" qəzeti jurnalın 1906-cı il 37-ci sayında  "Mozalan" imzası ilə dərc olunan "Dəbistan" felyetonunu olduğu kimi öz səhifəsində çap etmişdi. "Molla Nəsrəddin"də xüsusi yer tutan elm və təhsil məsələləri, qadın azadlığı və beynəlxalq aləmdə baş verən problemlər "Tərcüman" qəzetində də prioritet mövzulardan idi. "Molla Nəsrəddin" jurnalının 1906-cı ilin 15-ci nömrəsində dərc edilən "Ər və övrət" adlı karikatura "Tərcüman" qəzetində  çap olunmuşdu. "Molla Nəsrəddin"də at üstündə əyləşərək tar çala-çala yol gedən cahil  bir kişi və atın yanınca irəliləyən, çiynində beşik, kürəyində  uşaq olan əzabkeş qadın obrazı təsvir edilib. "Tərcüman" "Molla Nəsrəddin"dən götürülmüş bu karikaturada bir deyil, iki qadının  rəsmini vermiş, şəklin altında isə yazılmışdı: "Çox bəxtiyardır bu adam ki, bir eşq ilə iki qadına malikdir. "Jurnalın 1906-cı il 11-ci nömrəsində yer almış bir karikatura da "Tərcüman" qəzetində cüzi dəyişiklik edilərək çap edilmişdi. Şəkildə hədsiz dərəcədə şişman, eybəcər bir kişi təsviri verilib. Jurnalda başında papaq olan kişi "Tərcüman"da əmmamə ilə rəsm edilib. Şəkilaltı yazıda da bu harmoniya, karikatura ilə yazının vəhdəti prinsipi gözlənilib: "Əlicəfər Seyid ağa cənabları millət üçün qəm çəkib, əzab üzüb bu hala gəlmişdir". "Molla Nəsrəddin"də karikaturalarla mətnlərin uyarlığı prinsipinin qorunmasına "Tərcüman" xüsusi önəm verir və bu tipli materialları heç bir dəyişiklik etmədən çap edirdi. Jurnalda sxolastik təlim üsullarını ironik bir tərzdə tənqidə məruz qoyan bir karikaturada mollaxanada təlim verən molla yatmış vəziyyətdə təsvir edilmiş, uşaqlar isə ətrafında oynaşaraq elm öyrənmək əvəzinə əyləncə ilə məşğul olurlar. Şəklin altında verilən "ata-baba məktəbi bu məktəbdir. Elm də burada, tərbiyə də... üsuli-cədid məktəbi bizə lazım deyildir. Təcədüd və islah günahkarlıqdır" sözləri olduğu kimi "Tərcüman"da dərc edilmişdi. Jurnalda böyük insan, unudulmaz şəxsiyyət, görkəmli publisist, naşir və ədib İsmayıl bəy Qaspıralının vəfatı münasibəti ilə nekroloq və şəkil verilib. Onun "Molla Nəsrəddin"in 18 oktyabr 1914-cü il, 25-ci sayının üz qabığında dərc edilmlş şəklinin sağ tərəfində yazılıb: "Sentyabrın 11-də dünyadan köçüb 12-də mübarək bədəni torpağa tapşırılan yazıçılar atası İsmayıl Mirzə Qasprinski həzrətlərinin təsviridir". Şəklin altında isə bir bənddən ibarət şeir dərc edilib:

 

Doğammaz madəri-giyti sənintək bir də bir dahi,

 

Sübutunda bu bir qövlün gətirrəm şahid Allahi.

 

Basarkən cəhli-qəflət büsbütün əqvami-islami,

 

Çıxıb meydana oldun millətin bir sən mədədxahi.

 

"Molla Nəsrəddin" jurnalı fəaliyyəti boyunca daim diqqət mərkəzində saxladığı tatar xalqının ictimai-siyasi və ədəbi-mədəni həyatının işıqlandırılmasında böyük rol oynayıb. Jurnal Kazan, Orenburq, Həştərxan, Baxçasaray, Peterburq, Uralsk, Moskva, Daşkənd və başqa şəhərlərdə geniş yayılmış və şöhrət qazanıb.  Tatarıstan mətbuatı da "Molla Nəsrəddin" satirik jurnalının geniş fəaliyyətini, onun zülm və istibdada, fanatizmə, cəhalətə qarşı kəskin mübarizəsini daim izləyib və bəzən jurnalda dərc olunmuş materialları və karikaturaları eynilə öz səhifələrində çap edib. "Molla Nəsrəddin"də olduğu kimi, tatar satirik mətbuatında da müxtəlif satira janrlarından - felyeton, teleqraf xəbərləri, sual-cavablar, məktublar, elanlar, lüğət, daxili xəbərlər, tapmaca, epiqram və sairədən geniş istifadə edilib.

 

Cəlil Məmmədquluzadə ilə İsmayıl Qaspıralını birləşdirən bir sıra önəmli məqamlar vardır. Hər iki mütəfəkkiri hər şeydən öncə öz xalqının taleyi düşündürürdü. Qəflətdə yatan müsəlman Şərqini oyatmaq, elm, maarif və mədəniyyətin inkişafı, tərəqqisi uğrunda mübarizə aparmaq, türk dünyasını öz müqəddaratını təyin edən xalqlar sırasında görmək bu ziyalıların hər ikisinin böyük amalı olub. Buna görə də "Molla Nəsrəddin" jurnalı ilə "Tərcüman"ı bir-birinə bağlayan səmimi dostluq və əməkdaşlıq bağları mövcud idi. Bu mətbuat orqanlarının tez-tez qarşılıqlı olaraq bir-birinin səhifələrində dərc olunmuş xəbərlərə, məlumatlara, müxtəlif janrlı yazılara müraciət etməsi və geniş işıqlandırması bütövlükdə türk xalqlarını milli və mənəvi birliyə səsləyirdi.

 

 

Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.20;21.