Hirudoterapiya

 

Esse

 

 

Düz dörd aya yaxındır, az qala, hər gün bir tərəfimi "tuturam". Son tutduğum  da çiynimdir hələlik. Eləcə asta-asta gəldi, sonra ustalaşdı. Aptek bolluğu, geniş dərman biznesi olan yerdə nəticə göstəricisinin müsbətə tərəf əyilməsi qəliz məsələdir. İllah da tibdən az-çox başın çıxa, canında gedən patoloji prosesləri biləsən. Üstəlik. addımbaşı bahalı klinikalar, onların "göz oxşayan", "gəl-gəl" deyib səsləyən reklamları... İlk baxışda bunun nəyi pisdir ki, ürəyin hansına istəyir get. Amma içərinin havası sənə "düşməsə", ürəyinə ləkə salsa, "menyu" utandırsa  səni!?... Bu yerdə "kökünə balta çaldığımız" keçmiş rejim düşür yadına...

 

Tibb Universitetində oxuduğum illərdən zəli haqqında bilgim olsa da, uzun illər bu müalicə sahəsində "sakitlik" olduğundan məlumatımı təzələmək və bundan sonra zəli müalicəsi almaq qərarı verdim.

 

Zəli və ya sülük, latınca "hirudinea" adlanan bu möcüzəvi canlı həlqəvi qurdlar tipinə, kəmərlilər yarım tipinə, hirudinea sinfinə aiddir. Zəli 1984-cü ildən "Qırmızı kitab"a daxil edilib. Bədəninin hər iki tərəfində sormac deyilən xüsusi törəmə var ki, ön sörmac qidalanma, arxa sormac isə dayaq və hərəkət üçündür. Lap qədim zamanlardan ən müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan və özünü doğruldan zəli terapiyası bu gün də öz yerini qoruyub saxlayır. Azərbaycanda zəlinin on yeddi növü var. Bunun isə yalnız üçü-Şərq zəlisi, aptek və tibb zəlisi təbabətdə istifadə olunur...

 

Zəlinin ağız dəliyi ön sormacda yerləşir. Qida qəbul edərkən zəlinin çənələri şəxsin dərisini kəsir və üç şaxəli yara alınır. Ağız suyunda 100-ə qədər ferment var ki, bunun yalnız 20 faizi elm tərəfindən öyrənilib. Zəli müalicəsi xəstəyə üç növ təsir göstərir, meaxaniki, bioloji və reflektor. Bununla da bədəndə qan durulur, qan dövranı yaxşılaşır, iltihab sorulur, müxtəlif orqanların pozulmuş fəaliyyəti bərpa olunur. Əlbəttə, dərman preparatları kimi zəlinin də əks-göstərişləri var ki, həmin xəstəliklər zamanı istifadə etmək olmaz...

 

Zəli müalicəsi də sistemli aparılmalı, müalicə kursları təyin ediləməli və bu sona çatdırılmalıdır.  Müalicə həkim nəzarəti altında aparılmalı, gedişat diqqət mərkəzində saxlanmalıdır. Hər zəli 20-40 dəqiqəyə qədər qan sorur və doyub düşür. Həmin zəlidən təkrar istifadə etmək olmaz və bu heç mümkün də deyil. Çünki o, bir də altı aydan sonra acır!..

 

...Həkimlik qədim peşə olmaqla çox məsuliyyətli peşədir, bu həm də güclü xarakter deməkdir, həkimin iş obyekti insandır, canlı insan! Təsəvvür edin ki, hər xəstənin ətrafında neçə nəfər əlavə şəxs olur, qohumları, doğmaları, yaxınları... Həkim tək xəstə ilə deyil, həmin adamlarla da üz-üzə qalır, bu sizə asan gəlməsin... Xəstələrin də əlbət ki, ağır vəziyyətdə gələni, ölüm ayağında gətiriləni olur. Amma hamı şəfa tapmaq üçün, sağalmaq üçün gəlir axı. Həkim eyni zamanda psixoloq olmalıdır, xəstənin olduğu psixoloji durumu qiymətləndirməli, onda sağalacağına inam oyatmağı bacarmalıdır. Xəstəlik insana təkcə maddi zədə vurmur, ən birinci onun ruh halına təsir edir, axı, "sağlam ruh sağlam bədəndə olur"...

 

 Cibində diplomu olan hər kəs hək

 

im işləyə bilmir, həkimdə bu sənətə sevgi, məhəbbət olmalıdır. Xəstə öz həkimini həmişə güclü, sağlam, mehriban və qayğıkeş görmək istəyir. Bir tələbə yoldaşım vardı, yaxşı da oxuyurdu, nəzəri cəhətdən biliyi yerində olsa da, bir gün də həkim işləyə bilmədi. Səbəb sadə idi, o, xəstə ilə üzbəüz gəlməkdən çəkinir, hətta qorxurdu...

 

Artur Şopenhauer deyirdi ki, sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq. Son bir neçə ayda səhhətimdə yaranan problemləri əvvəl ciddiyə almırdım. Amma ağrılar beynimi daimi məşğul etməyə başlayanda tanış həkim yoldaşlarıma üz tutmaq qərarı verdim. Amma... Onların çoxu daha işləmirdilər, 65 yaşları olduğundan işdən uzaqlaşdırılmışdılar. Təsəvvür edirsiz, həkimin çoxlu təcrübə topladığı, bəlkə də səhvsiz işləyə biləcəyi bir dönəmdə illərlə yoldaşlıq etdiyi peşəsindən uzaqlaşır. Bu, çox çətindir... Amma nə yaxşı ki, özəl klinikalar var və orada yaş nəzərə alınmır. Elə mənim çiyin yoldaşlarım da rayonda fəaliyyət göstərən belə özəl müəssisələrə üz tutmuş və işlə təmin olunmuşdular...

 

"Muğan" klinikası rayonda ilk yaradılan özəl tibb ocağıdır. Amma onun bəxti uzun müdət üzünə gülmədi. Çünki rayonda böyük mərkəzi xəstəxana vardı və əhaliyə yüksək səviyyədə pulsus tibbi xidməti təmin edirdi. Müxtəlif sahələr üzrə ixtisaslanmış həkim kollektivi və bacarıqlı tibbi personal gecə-gündüz əhalinin xidmətində yüksək səviyyədə dayanırdı. Nə ortaya 65 yaş bəndi atılmışdı, nə də indiki kimi məlum və məcbur xidmət haqqı var idi. Minnətdarlıq, hörmət adına olunan hədiyyədən başqa...

 

Zaman dəyişdi nə dəyişdi!.. Yaşla bağlı həkimlər istəmədən özü də təcrübəli vaxtlarında işdən kənarlaşmağa məcbur oldular. Hər işin öz vaxtı var, dövlət xəstəxanasından işdən uzaqlaşan həkim və tibb işçilərinin sayının artması və onların işləmək həvəsi tələblə təklifi üst-üstə gətirdi...

 

Uzun müddət baxımsız qalan "Muğan" klinikasının da yatmış bəxti açıldı. Klinikanı qısa bir vaxtda müasir tibbi avadanlıqlarla təmin edən rəhbərlik işsiz qalan həmin tibbi personal və təcrübəli həkimləri işə cəlb edərək həm öz işini yürütməyi bacardı, həm də onları sevindirə bildi. O həkimlərə inanan, etibar edən yüzlərlə insan da bu klinikaya üz tutdu...

 

Rasim Əliyev də o həkimlərdəndir. Ali məktəbi bitirəndən həkimlik taleyini Sabirabad Mərkəzi rayon Xəstəxanası ilə bağlayıb, ta "yaşı imkan verənə qədər" orada çalışıb, uzun illər terapiya şöbəsinə rəhbərlik edib. Rayonda yaxşı həkim kimi ad qazanıb. Əlləri şəfalıdır, indi də bu klinikada sevimli peşəsi ilə əhalinin xidmətindədir.

 

Zəli terapiyasının sirlərini dərindən öyrənib və uzun illər müalicə kurslarına daxil edib. Deyir ki:

 

- Zəli təmiz heyvandır, tər, tütün, ətir qoxusu varsa yapışmır. Qaydalara uyğun tətbiq ediləndə nəticə də yüksək olur. Ən birinci öz üzərimdə sınaqdan keçirmişəm, nəticələrə güvənib xəstələrimə də tətbiq etmişəm. Hazırda bu üsulla müalicəyə tələbat da artıb...

 

Masanın üstündə "Piyavka leçit vsyo" kitabı diqqətimi çəkir, götürüb vərəqləyirəm. Kitabda ətraflı məlumatla yanaşı, bir neçə şəkil də var. Şəkillərin üzərində xəstəliklərə uyğun işarələr zəlinin qoyulmalı olduğu yeri göstərir. Pəncərənin önünə qoyulmuş ağzı bağlı şüşə bankalarda zəlilər öz iş vaxtını gözləyr. Sonra həkim ilkin hazırlıq mərhələsini bitirir və biz prosedurumuza başlayırıq...

 

Olduqca cəld olan zəlinin bəzisi dəriyə tez yapışsa da bəzisi gecikir. Yerini "rahatlayıb" həvəslə qan soran zəlinin yapışdığı yerdə cüzi yanğı və göynəmə hiss edirəm. Bir zəli 10-15 qram qan sora bilir. Sonra bir sutka ərzində yara yerindən qan gəlməsi də normal sayılır... Birinci seansda həkim on üç zəlidən istifadə edir. Prosedur uğurla başa çatır və toxunmağa çəkindiyim canlılar bir-bir doyub dəridən ayrılıb düşür...

 

Qeyd edim ki, burda mehriban bir kollektiv tibbin müxtəlif  sahələri üzrə xidmət göstərir. Cərrahiyyə, Oftalmologiya, Fizioterapiya, Laboratoriya və əsasən,  qadınların daha çox maraqlandığı kosmetoloji kabinetin önündə də növbə görürəm...

 

Bu tibb ocağından fərqli düşüncələrlə ayrılıram. Uzun illərimi həsr etdiyim bu nəcib və humanist peşəyə və sahiblərinə bu gün də məhəbbətlə, heyranlıqla baxıram. Həkimliyi öyrənmək insanlığı öyrənməkdir, əsl həkim üçün həkimlik təkcə sənət deyil, onun həyatıdır. Bu peşə sahibindən paklıq, fədakarlıq tələb edir. Hər oxuyan molla Pənah olmadığı kimi, hər kəs də həkim ola bilməz. Həkimlik həm də qəhrəmanlıqdır... Təbabətin məşhur siması Hippokrat söyləyirdi ki, həkim soyuqqanlı, xoş xasiyyətli, insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir...

 

Bəli, mən özüm bir də peşə seçimi qarşısında qalsaydım, yenə də həkimliyi seçərdim. Peşəsini şəxsi həyatından üstün tutan dəyərli həkimlərə də uğurlar və xəstə təşəkkürü eşitmək arzusuyla müəssisəni tərk edirəm..

 

 

Şahnaz ŞAHİN

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.19.