"Titrəmə" - müharibənin sinonimi
Şair, kinorejissor kimi artıq məşhurluq qazanan Amil Amalı
şəxsən, şair
deyil, şeir kimi, yəni şeirlərinə görə
deyil, özünə
görə tanıyıram.
Məncə, yaradıcı şəxsin
əsas xüsusiyyəti,
ilk növbədə özünün varlığını
şeir kimi qafiyələndirmək bacarığındadır.
Müharibə şəraitində yaşayan
bir dünyanın övladı olaraq, Qarabağ
boyda bir şeirdir Amil Amal. Və məhz
şeir olduğu üçün elə böyük Qarabağ boydadır.
Onun yeni
"Titrəmə" filmi
isə məhz bir şairin, bəşərdəki müharibə
bəlasını qafiyələndirə
bilmək bacarığından
doğub.
Çindən tutmuş Hindistana
qədər uzanan
"İpək Yolu
film festivalı"nda birincilik
qazanmış bu ekran əsəri həm də Azərbaycan kinomatoqrafının
"müharibə" sözünü
əvəz edə bilən yeni sinonimidir; məhz kinoda tapılan Azərbaycan sinonimi.
Filmin ilk kadrında
üzləşdiyimiz audivizual
təqdimat titrəmədir. Kadrarxası
eşidilən nəfəs
də titrəyir, pəncərəyə çırpılan
qar da, stol üzərindəki
stəkan da, su da titrəyir,
ocaqda alışan odunun çırtıltısı
da titrəyişdir. Və bütün bu titrəyişlərin, insan həyatını lərzəyə salan, yeri-göyü titrədən
müharibəyə bağlılığını
divardan asılan əsgər kiteli, həkimin əynindəki ağ xalatın
altından görünən
əsgər geyimi aşkar edir. Çarpayıda ədyal altında
titrəyənsə yaralı
əsgərdir. Müharibənin audiovizual təcəssümüdür
bu titrəmələr.
Rejissor olaraq Amil
Amal, özünün
dediyi kimi, minimalizmə üstünlük
verir filmlərində.
Bu xüsusda kadrda
görünən və
eşidilən ən kiçik detal belə, müharibədir bu, deyə hayqıraraq,
tamaşaçı qəlbinin
titrəyişinə səbəb
olur. Ən təsirlisi odur
ki, seyriçi bu aşırı minimalizmdə subminal mesajlar da ala bilir. Yaralı əsgərin sinəsindəki
yaranın üzərindəki
tənzif çarpaz-xaç
şəklində qoyulub.
Məlum düşmənimizdən çalın-çarpaz
yara almış əsgərimizin yaralı
sinəsidir bu. Filmin digər epizodlarında olduğu kimi, ilk kadrlarda da görünən,
bütün filmin yeganə iki personajı bir-biriylə kəlmə belə kəsmir. İlk əvvəl həkimin həyəcanlı, ağrı
ifadə edən gözləri (Əməkdar
artist İlqar Changir),
daha sonra isə yataqda titrəyən əsgərin
(Əməkdar artist Bəhruz
Vaqifoğlu) alacalanmış
gözləri, danışa
bilənin dilini əvəz edir, sonra isə
danışa bilməyən
hər şey dilsiz danışır; təzyiq ölçən
cihazın belə səsi bərkdən eşidilir. Danışmaq növbəsi yaralı
əsgərin ayağına
çatanda, çarpayıda
titrəyə-titrəyə əzab çəkən əsgərin yalnız bir ayağını görürük. Həkimin getdiyini
görən əsgər,
bir ayağı üstə durmaqla, çəlləklərə söykənərək
qapı ağzına qoyulmuş əsgər çəkməsinə tərəf
getməyə cəhd
göstərir. Nələr danışmır
o tək ayaq; süjetin bütün yükü həmin ayağın üzərinə
düşür o anda.
Bildiyimiz
kimi Bəhruz Vaqifoğlu tanınmış
pantomim aktyorudur.
Bu kadrda o, tək
bir ayaqla yaralı əsgərin ağır durumunu canlandıra bilmişdir.
Belə bir obraz yaratmağın
çətinliyini duyaraq,
baxışdan sonra aktyora yaxınlaşıb,
ekran boyu görünən ayağın
onun öz ayağı olub-olmadığını
soruşdum. Axı,
yaralı bir əsgərin tək ayaqla bağlı əzablarını real canlandırmaqçın rejissor
çəkiliş zamanı
təkayaqlı bir əlilin köməyinə
də müraciət edə bilərdi. Lakin Bəhruz "xeyr, özüməm" deyəndə,
"siz xalqın artistisiz" deyə alqışımı belə
ifadə etdim.
Filmin çəkiliş prosesindən
Bəli, xalqımız müharibə ağrı-acısını yaşayır və ona görə də, bu gün Qarabağ müharibəsi mövzusunda qəhrəmanlarımızın, qələbəmizin, ağrı-acılarımızın dəyəri səviyyəsində ekran əsərləri tələb edir öz kino sənətkarlarından. Xalq özünü görmək istəyir ekranda. Çoxlarına elə gəlir ki, dəyərli ekran əsəri yaratmaqçın çoxluca pul yetərlidir. Hollivud filmlərinə ayrılan büdcə arzusuyla yaşayıb yuxular görən kinematoqrafçılarımız da az deyil. Əlbəttə, kinonun sənaye olduğunu danmaq olmaz. Bu sənaye nə qədər inkişaf etmiş olsa, sənətkarına da o dərəcədə dəstək ola bilər. "Titrəmə"ylə bağlı adi bir misal çəkim. Belə ki, film çəkiliş ərəfəsində olsa da, çəkiliş qrupu tam bir il, şimal bölgəmizdə güclü qar yağıntısını gözləməli olmuşdu. Halbuki yaxşı büdcə olsaydı, çəkiliş müddətini uzatmamaqçın dünyanın bol qar yağan ölkələrinə də ezam olunmaq mümkün idi. Film Quba və Xaçmazın gur qar yağan günlərində çəkilib. Ancaq iş orasındadır ki, "Titrəmə" bir ekran əsəri olaraq tək qarın açdığı meydanla kifayətlənə bilməzdi. Meydanda sənət göstərmək lazımdır. Bununçunsa aktyordan tək oyun deyil, həm də məxsus olduğu xalqın ağrı-acısıyla ömür sürən bir insan, vətəndaş olmaq tələbi var yaxşı ekran əsərinin. Yuxarıda qeyd etdiyim kimi, ayaq "Titrəmə"nin əsas obrazlarından biridir. Belə ki, filmin növbəti kadrlarından, həmən bir ayağını itirmiş əsgərin, qarın içində sürünə-sürünə yol qət etdiyini görürük. Məlum bir məkana çataraq o, yenə də titrəyə-titrəyə qarı əlləriylə qazmağa başlayır və qarın altından donmuş, uzunboğaz çəkmə içində dizdən aşağı bir ayaq hissəsi görürük. Əsgər titrəyən əlləriylə ayağı götürüb hönkürə-hönkürə onu köksünə basır və bununla da kifayətlənməyib, üşüdüyünə baxmayaraq, əynindəki kiteli çıxarıb, mina partlayışından sonra bədənindən ayrılıb qarın altında qalmış həmən ayağını, körpəni qundaqlayırmış kimi qundaqlayıb köksünə basır. Həkim dəhşət içində ona baxır və nə ona yaxınlaşıb nə "dur" deyə bilir, nə də qarşısında diz çökməkdə məna görür; yaxınının belə vəziyyətində ona əlac tapa bilməyən insan ancaq əlacsızlıqdan dona bilir. Bu kadrda rejissorun vermək istədiyi subminal mesajlar yetərincədir. Bu haqda danışmazdan öncə "filmin reallıqla əlaqəsi?" sualına cavab verək. Əlbəttə ki, hələ minaya düşərək itirdiyi ayağının yaraları sağalmamış, ağrılardan qovrulan əsgərin qarlı-çovğunlu havada sürünərək yol qət etməsi real deyil. Halbuki irreal olduğu dəqiqdir. O, bunu yaraları göynəyərkən yuxuya getdiyi zaman, yuxusunda da görə və ya xəyalından keçirə bilərdi. Reallıqla bağlılıq məsələsinə toxunarkən, filmə baxışdan sonra kino sənətkarımız Oqtay Mirqasımovun Amilə yaxınlaşıb, onunla ayrı bir məkanda görüşüb söhbət etmək təklifi zamanı söylədiklərini yadıma salıram. Oqtay müəllim bildirdi ki, ayağı kəsilən bir insanın instiktiv olaraq, məhz o kəsilmiş ayaq barmağının qaşınmasından narahat olması faktını eşidib. Əlbəttə, bu mümkündür. İnsanın bütün əzaları bir-biriylə üzvi şəkildə birləşən bir vahiddir. İnsanın hər bir əzası onun canıdır. Bala, ananın canı olduğu kimi. Məhz elə buna görə də, yaralı əsgərin öz ayağını qundaqlayaraq köksünə alıb hönkürərkən, rejissorun subminal mesajını görməmək mümkün deyildi. Həmən anda, Xocalıdan qaçarkən, donmasın deyə, körpəsini bərk-bərk köksünə sıxıb, qar altında donan ananın buz heykəli gəldi gözlərim önünə. Və bir də böyük Mayakovskinin öz "Şalvarlı bulud" poemasında təşbeh kimi işlətdiyi birayaqlı əsgər obrazı. Məlum olduğu kimi, şairin bu poemasının mövzusu məhəbbət və bu məhəbbətin başında dayanan zəmanədir. Poemada belə bir parça var. Həmən hissədə şair sevdiyi qadına müraciət edərək var səsiylə nalə çəkir. Deyir ki, sevgilim, mən sənin adını qəlbimə həkk etmişəm, müharibənin öz baltasını çalıb bir ayaqdan şikəst etdiyi, heç kəsə və heç nəyə yararsız bir əsgərçin o tək ayağı necə əzizdirsə, bu ayaqçın o, necə əsirsə, bax sənin cismin də mənə elə əzizdir, sənin cismin üçün əsəcək və qoruyacağam. Bax, mən, qəlb titrədən "Titrəmə" filmində həmən o təşbehin də obrazını gördüm. Qeyd edim ki, Amil Amalın da məhz özünün yaratdığı bir təşbeh var filmdə. Qarabağ mövzusunda çəkdiyi ilk filmi "Qara bağ"dakı ağacdan gedir söhbət. Rejissorun "Qara bağ" filmində həm ölmüş və həm də çiçəklənən arzulara rəmz kimi verilmiş bu ağaca, "Titrəmə"də istifadə olunan poetik bir təşbeh deyərdim. Çünki ağrı-acılardan yoğrulmuş bəşər ürəyinin qan vuran damarlarına bənzəyir bu ağacın çoxşaxəli budaqları. Bu yanan ürəyin varlığı "Titrəmə"də ağladır insanı; "Gözdən yaş çıxarmı ürək yanmasa" deyib şairimiz.
Oqtay Mirqasımov, Amil Amal və Sədaqət Kamal filmə baxışdan sonra müzakirə zamanı
P.S. Film, Azərbaycan xaricində keçirilən beynəlxalq kinofestiallarda iştirakına və mükafat almasına baxmayaraq öz tamaşaçılarına ilk dəfə bu həftənin əvvəlində, "CinemaPlus" və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə əməkdaşlığıyla təqdim olunub. Filmin şeiriyyatından danışanda isə üç ssenari müəllifindən ikisinin - Aqşin Evren və Amil Amalın gözəl şeirlər müəllifi, elə Ayşad Səfərlinin də şair təbiətli olmasını vurğulamaq yerinə düşərdi.
Sədaqət KAMAL
525-ci qəzet.- 2022.- 2 aprel.- S.18.