"Çox istəyərdim
ki, bəstələdiyim "Qarabağ" əsərim səhnələşdirilsin"
Gənc bəstəkar
Aydan Əliyeva: “Bayağı musiqilərin dinləyicisi daha
çoxdur, nəinki filarmoniyada səslənən simfoniya,
yaxud baletin”
Müsahibim bəstəkarlıq üzrə
Bakı Musiqi Akademiyasının magistrantı,
istedadlı gənc bəstəkar Aydan Əliyevadır.
***
- Nə zamandan musiqiyə qarşı marağınız yaranmağa
başladı?
- Mən rəssam və şair ailəsində doğulmuşam.
Atam həm rəssam, həm də şairdir. Elə məni bu sənətə ilk yönləndirən
də atam olub. Uşaqlıqda televizorda pianoçuların
çıxışlarına baxırdım və mənə çox marağlı gəlirdi.
Amma heç ağlıma gəlməzdi ki, bir Bakı kəndində
yaşayan balaca qız bir gün
bu sənətə gələr. Çünki pianino, canlı səhnə görməmişdim.
Atam incəsənət adamı
olduğu üçün
mənə stimul verirdi və məni yönləndirdi.
- İlk addımlarınız
nələr oldu və necə başladı hər şey?
- İlk musiqi təhsilimi Mərdəkanda
17 saylı Uşaq Musiqi Məktəbində almışam. Burada 5 il fortepiano təhsili
aldıqdan sonra Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmuşam. Baxmayaraq ki, həmin ili ora daxil olmaq çətin
idi, amma mən buna nail oldum. Bəstələdiyim musiqilər Komissiya
üzvləri tərəfindən
çox bəyənildi.
Burada təhsil aldığım 4 il müddətində
pianoçu olmaqla yanaşı, həm də muğama həvəs göstərmişəm.
Atam evdə muğama qulaq asanda həmişə
qardaşımla məni
də yanına çağırardı. Milli musiqiyə
sevgi bizə ailədən aşılanıb.
Muğama olan sevgi məni sövq etdi ki, muğam
dərslərində iştirak
edim. Öz xahişimlə Əməkdar
artist Gülyaz Məmmədovanın
sinfində təhsil almağa başladım. Burada Xalq artisti
Gülyanaq Məmmədova
da mənimlə məşğul olub və üzərimdə əməyi heç də az
olmayıb. İkisindən muğam dərsləri
alaraq xanəndə kimi çıxış etmişəm. Bundan əlavə, təhsil aldığım müddətdə
sözləri DİN Mətbuat
Xidmətinin KİV və
ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi,
polis mayoru Elşad Hacıyevə aid olan
"Polis marşı" əsərini
bəstələdim. Artıq 4-cü kursda
oxuduğum zaman müəllimlər bəstəkarlıq
istedadımı da üzə çıxartdılar.
Bir gün musiqi ədəbiyyatı müəlliməm
Ruhəngiz Ələkbərova
musiqi ifa etdiyimi gördü və soruşdu ki, bu əsərin
adı nədir.
Əsərin"Nostalji" adlı öz bəstəm olduğunu dedim. O, bunu çox bəyəndi. Mənə universitet həyatımı
bəstəkarlıq üzrə
davam etməyimi təklif etdi. Əvvəl özümə inamsızlığım
vardı, ancaq müəllimlərim məni
ruhlandırdı və
mən bəstəkarlığa
qəbul üçün
hazırlaşmağa başladım.
Daha sonra məni Pərviz Quliyevə yönləndirdilər və
ondan bəstəkarlıq
dərsləri almağa
başladım. Pərviz müəllimlə
2 prelüd (musiqi əsərinə giriş)
yazdıq.
- Beləliklə bəstəkarlığa
doğru yönəlmiş
oldunuz...
- Bəli. Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasına gedişim bəstəkar, professor Aydın
Əzimovla tanışlığıma
səbəb oldu. Onun ilk sualı bu oldu
ki, bu peşəni
niyə istəyirsən?
Mən sualın cavabını bilirdim. Sakitlik və hüzur
sevən biri kimi mənə ən yaxın sahə bəstəkarlıq
idi. Bəstəkara lazım olan
tək şey sakit bir guşədə
öz mahnısını
bəstələyə bilməyidir.
Əslində bəstəkar ilk təməlini pianoçuluqdan
başlayır. Mən də
pianoçu olduğuma
görə mənə
rahat oldu. Mən artıq klassika ilə, görkəmli Azərbaycan
bəstəkarları Qara
Qarayev, Fikrət Əmirov, eləcə də Lüdvinq van Bethoven, Volfqanq Amadey Mozart, Yozef Haydn və s. bəstəkarların
əsərləri ilə
tanış olmuşdum. Bütün bunlar cəmləndi
və mən özümü bəstəkarlıqda
tapdım. Bu sahə mənə yad olmasa da,
bəstəkarlıq həyatı
mənim üçün
yeni bir səhifə idi. İmtahan nəticələrinə əsasən
mən qəbul olundum. Beləliklə bəstəkarlıq həyatım başladı.
Birinci kursda 4 hissədən ibarət "Abşeron"
suitasını yazdım,
hətta "Simli kvartet" əsərim konsertdə səslənmişdi.
Daha sonra hazırda Rövşən
Əzizin ifasında olan "Tutulmuşam" mahnısını yazdım. Keçirilən
12-ci Beynəlxalq Qəbələ
festivalında mən
də öz "Simli kvartet" əsərimi ifa etdim. Uğurlu qarşılandı. Bəstələrim içində müəllimlərimin
yaradıcılığımın zirvəsi adlandırdığı
əsərim "Qarabağ"
simfonik poemasıdır.
Hansı
ki, bir vaxtlar
Qarabağ hamımızın
yaralı yer idi. Müharibə ərəfəsində yazdığım bu əsəri 1 ilə tamamladım. 4 hissədən ibarətdir.
Birinci hissə "Əsgərlərin yürüyüşü",
ikinci hissə "Suqovuşan",
üçüncü hissə
"Şuşa, Cıdır
düzü səhəri",
dördüncü hissə
isə "Döyüş
və Qələbə"
adlanır. Çox istəyərdim ki,
bu əsərim səhnələşdirilsin. Bundan əlavə, uşaqlıqdan
xorla da məşğul olduğum
üçün 2016-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında müsabiqədə iştirak
etdim və seçildim.
Hazırda da bir sıra tamaşalarda xor artisti kimi
iştirak edirəm.
- Əsərlərinizdə hansı hissi üstün tutursunuz? Sevinc, yoxsa
kədər?
- Mən sevincdən çox kədəri sevirəm. Nə yalan deyim, kədər mənə daha yaxın bir hissdir. Məni dinləyənlər əsasən
deyir ki, sənin musiqilərində
bir kədər mövcuddur. İnsanlara kədər
bəxş etmək istəməzdim. Əksinə, istəyərdim ki, sevinc bəxş edim. Bir söz var, kədər hər zaman insana sevincdən
daha yaxındır.
- Sənətinizdə üzləşdiyiniz
çətinliklər və
sizə zövq verən tərəfləri
nələrdir?
- Ümumiyyətlə sənətə
gəlmək çətin
məsələdir. Əgər insan
qarşısına məqsəd
qoyursa, onun çətinliklərinə də
dözməlidir. Mən bu
sənətə gələndə
bilirdim ki, çətinliklər olacaq,
amma hamısına hazır idim. Mənə görə ən böyük çətinlik
yeni mövzu tapmaqdır. Məsələn, müəllim deyir ki, simfoniya yazın.
Bu zaman mövzu
tapmaq çətin olur. O qədər olub ki, 3-4 mövzunu
bir gündə yazıb sonra cırıb atmışam.
Ancaq nə olursa olsun, ruhdan düşməməliyik.
Qarşımıza məqsəd qoymuşuqsa,
ona çatana qədər, hətta çatandan sonra belə öz üzərimizdə işləməliyik.
Çünki bəstəkarlıq tükənəcək bir
sahə deyil. Bəstəkarlıq həyat tərzidir.
Ümumiyyətlə, incəsənət həyat tərzidir. Bizi yaşamımız ilə
bərabər aparır.
Bəzən teatrda uzun məşqlər olur və hamımız bundan yoruluruq. Bu məşqlərin, bütün əziyyətlərin
bəhrəsini gördükdə
isə artıq o yorğunluq zövqverici bir hissə çevrilir. Əsərlərimin səhnədə ifa edildiyini eşidəndə
və ya özüm pianoçu kimi səhnəyə çıxanda işimdən
zövq alıram.
- Hazırda insanların musiqi zövqü nələri tələb edir?
- Hazırda bayağı musiqilər professional musiqidən
öndə gedir. Bayağı
musiqilərin dinləyicisi
daha çoxdur, nəinki filarmoniyada səslənən musiqinin,
simfoniya, yaxud baletin. Amma mütləqdir ki,
dinləyicinin qəlbinə
gedən yolu tapasan. Əgər bəstəkarsansa, dinləyicinin damarını
tutmalısan. Cəmiyyətin musiqi zövqünü korlayan amillərdən biri də budur
ki, qeyri-peşəkar,
yəni sadəcə həvəskar olan insanlar mahnılar yazır və bunu xalqa təqdim
edir. Yazılmış qeyri-peşəkar musiqilər də insanların zövqünü
məhv edir. Bunu yalnız dinləyici ilə bəstəkar arasında sıx bağ yaratmaqla həll etmək olar. Dinləyici dinlədiyini hiss etsə, bəstəkarla arasında
bir bağ yaranacaq və artıq qırılmaq zəncirə çevriləcək.
- Musiqi sahəsində istedadı olmayıb, amma öz üzərində
çalışan insan
uğurlu ola
bilərmi?
- Belə bir nümunə gətirim. Nəyisə birləşdirmək üçün yapışqan lazımdır, əgər yoxdursa, su ilə yapışdırmağa çalışsaq, alınmaz. Fikrimcə istedad çox önəmli amildir. İstedadla çalışqanlıq uğuru yarı-yarıya təşkil edir. Hamının daxilində bir istedad var. Həkimin də xüsusi bir istedadı var. Nə olsun ki, təhsil alıb həkim olub.Həkimlik üçün böyük ürək, möhkəm olmaq lazımdır. Eləcə də müğənninin səsi olmasa, oxuya bilməz. Bəstəkarın da yaratmaq ruhu olmasa, o heç vaxt yarada bilməz. İstedadsız insan nələrəsə nail ola bilər, lakin bir müddət sonra o qədər də irəli gedə bilməyəcək.
- Son olaraq musiqi sənətinə yeni başlamış həmkarlarınıza nə tövsiyə edərdiniz?
- Birinci onu demək istəyirəm ki, özlərinə inansınlar. O qədər insanlar qarşıma çıxıb ki, çox gözəl səsi var, amma istedadını üzə çıxarmağa utanır və ya özünə inamı yoxdur. Gənclərə bir tövsiyəm də budur ki, maddiyyatın sənəti üstələməsinə icazə verməsinlər. Mən heç vaxt istəməzdim ki, maddiyyat sənətin önünə keçsin. Qarşıma çıxan gənclərə hər zaman deyirəm ki, içindəki sənət eşqinə inansın və onun arxasınca getsin. Öz içlərindəki inamı oyatsınlar. Hər bir sahədə çətinlik olduğu kimi burda da olacaq. Əsas olan odur ki, ruhadan heç bir zaman düşməsinlər.
Sevil SEYMUR
525-ci qəzet.- 2022.- 2 aprel.- S.17.