Yüz qırx ilin
klassik dərsliyi
Vətən sözü müqəddəs bir
anlayış olduğu kimi, ona bağlı ifadələr də
qiymətli və əziz olur. 140 il bundan əvvəl
- 1882-ci ildə Tiflisdə nəşr olunan "Vətən
dili" dərsliyi Vətən və ana dili sözlərinin
müqəddəslik məzmununu bu gün də özündə
qoruyub saxlamaqdadır. Elə buna görədir
ki, klassik irsimizə bağlı bir sıra nəşrləri
tarixin arxivlərindən çıxarıb yeni nəşr
formatında müasirlərimizə təqdim edən, "Azərbaycan
xalqının tarixi mirasını qorumaq və gələcək
nəsillərə ötürmək işinə töhfə
verməkdən qürur duyan" (Hafiz Paşayev) ADA
Universiteti "Vətən dili" dərsliyini yenidən
çap etmişdir. "Vətən dili" hansı keyfiyyətləri ilə
indinin özündə belə diqqəti cəlb etmişdir?
Bu suala dərsliyin yenidən nəşri ideyasının
müəllifi, ADA Universitetinin rektoru Hafiz Paşayev kitaba
yazdığı "Ön söz"də belə cavab
verir: "Vətən dili" diqqəti ilk olaraq öz
milliliyi, dilinin özəlliyi, səhifələrindəki ədəbi
nümunələrinin səmimiliyi, xəlqiliyi, uğurlu
seçilmiş atalar sözü, tapmacaları ilə cəlb
edir". Belə klassik bir dərslik "azərbaycanlı
uşaq və müəllimlər üçün mükəmməl
dərs vəsaiti kimi əvəzsiz mövqeyə sahiblənmişdir".
Bu dərslik ilk mükəmməl nümunə
kimi sonralar Vətən dili, ana dili ilə bağlı
yaradılan kitablara nümunə olmuşdur. Əgər
bu kitab Azərbaycanın klassik maarifçiləri olan Məhəmməd
bəy Mahmudbəyovun, Süleyman Sani Axundovun, Fərhad
Ağazadənin, Üzeyir Hacıbəylinin, Müslüm
Maqomayevin... uşaq çağlarında dilimizi, folklorumuzu,
milli kimliyimizi öyrəndikləri ilk istinad yeri olubsa, belədə
onun əvəzsizliyindən bir daha söz salmaq artıq
olardı. "Vətən dili"nin
müasirlərimiz, yeni nəsil üçün də gərəkli
olduğunu yeni nəşrin anonsu çox doğru olaraq belə
təqdim edir: "Nəşrindən 140 il keçsə də,
yaşından asılı olmayaraq, özünü azərbaycanlı
sayan hər kəs, bir çox folklor nümunələrimizin
orijinal formada bir yerə toplandığı bu kitabla
yaxından tanış olmalı, ondan əcdadımızın
hikmətini, vətən eşqini duymalıdır".
"Vətən dili" kitabı iki hissədən ibarətdir. I hissənin
müəllifi Azərbaycanı və onun dilini çox sevən,
milli ənənələrimizə, folklorumuza yaxından bələd
olan, Qori Seminariyasında neçə-neçə həmyerlimizin
yetişməsində misilsiz əməyi olan Aleksey Çernyayevskidir.
II hissəni isə A.Çernyayevski Səfərəli
bəy Vəlibəyovla birgə ərsəyə gətirmişdir.
Kitabdakı şeirlər həmin dövrün
maarifçi realisti Həsənağa xan Qaradağskinindir.
Qeyd edək ki, şair H.Qaradağski dərsliyi
transliterasiya edən, müasir oxucu üçün aydın
dilə salan, lüğət və digər qeydlərin müəllifi
Vüqar Qaradağlının babasının babasıdır.
Kitabın II hissəsini Vüqar Qaradağlı
Sayman Aruzla birgə hazırlamışdır.
Belə bir faktı da xüsusi qeyd etməliyik ki, "Vətən
dili" dərsliyi, əslində bundan əvvəl də transliterasiya
ilə nəşr edilmişdir. Lakin əvvəlki nəşrlər
daha çox elmi mahiyyətdə olmuş və bir çox
elmi yanaşma mətnləri ilə, geniş elmi izahları,
çoxsaylı cədvəlləri, minlərlə sözdən
ibarət tezlik lüğəti ilə çoxsəhifəli
bir nəşr formatında olmuşdur. Vüqar
Qaradağlı kitaba yazdığı "Nəşrə
dair bir neçə söz"dəki qeydlərində yeni -
III nəşrin meydana gəlmə zərurətini belə əsaslandırır:
"Sözügedən nəşrlər həm elmi - akademik
səciyyə kəsb etməsi və tirajının az
olması, həm də transliterasiyasının fonetikliyi, fiziki
olaraq ağır çəkisi onların geniş kütlə
tərəfindən istifadəsində çətinliklər
yaradırdı. Hiss olunurdu ki, "Vətən
dili"nin daha rəvan, oxunuşa ağırlıq gətirən
haşiyələrdən xali variantına ehtiyac var".
Və Vüqar Qaradağlı Hafiz Paşayevin bu kitabın
yenidən və həm də geniş kütlə
üçün nəşri ilə bağlı ideyası əsasında
"Vətən dili"nin belə təkmil,
orijinal nəşrini hazırlayıb ortaya qoymuşdur.
İndi
biz bu məqamda "Vətən dili"nin
məzmunu və mahiyyəti haqqında daha aydın söhbət
aça bilərik.
"Vətən dili" 1882-ci ildə "Qafqaz
Kitabı Ticarəti" nəşriyyatında çap
edilmişdir.
Nəşrin səhifəsində belə bir qeyd var: "Kitab
mənim müsəlman tələbələrimə həsr
edilir". Zaqafqaziya müəllimlər
seminariyasının inspektoru A.O.Çernyayevskinin dərsliyin
tərtibçisi (müəllifi) kimi belə bir qeydə həm
haqqı çatır, həm də bu qeydlə
seminariyadakı azərbaycanlı tələbələrinə
öz sevgisini ifadə edir.
Kitabın ilk səhifələrini "təzə
qayda" ilə tərtib olunmuş əlifba təşkil
edir. Əlifbanın hər hərfi həmin səsə
bağlı sözlərlə müşayiət olunur ki, bu
da, əslində özündən sonrakı dərsliklərə
nümunə kimi dəyərləndirilə bilər. Daha sonra kitabda "Mübtədilər oxumaqdan
ötrü (ibtidai sinif şagirdləri üçün oxu)
bir neçə nağıl və hekayə" təqdim
olunur. Dərsliyin klassik formatına
uyğun olaraq hər bir nağıl və ya hekayədən
sonra şagirdin mətni daha yaxşı qavraması və
yadda saxlaması üçün mətnə aid suallar və
məsələlər təqdim olunur. Bu təqdimat
formatı da özündən sonrakı dərsliklərə
məktəb rolunu oynayır.
Daha sonra eyni təqdim formatında "Nəsx (ərəb
yazı növlərindən biri) xəttində və
Qurani-Şərifdən olan dərs mətnləri kitaba
salınır.
Burada Qurandan gətirilən surələr
xüsusi maraq doğurur".
Kitabın
II cildi (hissəsi) belə bir problemə həsr olunub:
"Türki-Azərbaycan dilində təlimi-qiraət (qiraət
təlimi), inşa və imla məşğuliyyəti
üçün kitabçadır (dərslikdir)". A.O.Çernyayevski və S.H.Vəlibəyovun bu
kitabının o dövrün səlahiyyətli idarələri
tərəfindən təsdiqi, senzorun icazəsi ilə "Kəşkül"
mətbəəsində çap edildiyi ayrıca qeyd olunur.
Müəlliflər əsərin əvvəlində
təqdim etdikləri "Müqəddimə" hissəsində
dərsliyin ümumi mahiyyətini açıqlayır,
buradakı yazıların çox maraqlı olduğuna
görə bu hissənin "üçüncü sənəyə"
də yaraya biləcəyini vurğulayırlar. Həmin
"Müqəddimə"də dilimizin müasir problemləri
ilə də səsləşən bir abzası olduğu kimi
təqdim edirik: "Zənnimizə görə, bu təlifin (əsərin)
dili bir para (bəzi) müsəlman üdəba və üləmalarına
(ədib və alimlərinə) ifrat (artıq dərəcədə)
sadə görünəcəkdir, çünki onların rəy
və nəzərlərinə görə fəsihanə (təmtəraqlı,
gözəl) ibarələr (söz birləşmələri)
gərəkdir dolu olsun ərəbi və farsi kəlmələri
ilə. Hətta bir para (bəzi) alimlərin təsəvvürünə
görə, bir türk (Azərbaycan türkü) türkcə
(Azərbaycan türkcəsində) bilmək xahiş etsə
(istəsə), gərəkdir ki, qabaqca (əvvəl) fars və ərəbcə təhsil etsin. Amma gərəkdir bu barədə bizləri məzur
(üzrlü) tutub bunu nəzərə alsınlar ki, həmin
kitabça (dərslik) ancaq əlifbanı qurtarıb qiraətə
yeni şüru edənlər (başlayanlar)
üçündür".
Göründüyü kimi, burada həm şagirdlər
üçün yazılan dərsliyin aydın dilə malik
olmasının vacibliyi, həm də ana dilimizin adının
tarixi formatının bu gün üçün də aktual
olduğu maraq doğurur.
Dərslikdə o dövr üçün də, bu
günümüz üçün də çox maraqlı
mövzular yer alıb. İyirmi altı anlayışın hekayətlərdə
izahını təqdim edən bu səhifələr ustad
pedaqoqların bütün zamanların uşaqları
üçün təqdim etdikləri qiymətli mətnlərdir.
Məsələn, kitabda təlim və oyun şeyləri, məktəb,
lövhə, qab-qacaq və ev şeyləri, xörək və
içki, geyim, ev və çöl heyvanları,
heyvanların, quşların növləri, taxıl məhsulları,
mədəniyyət, həftə günləri, fəsillər,
ölçü, çəki, peşə,
yaxşılıq və yamanlıq və s. kimi onlarca
anlayışın sadə ana dilində izahı - həm də
uşağa maraqlı gələcək mətnlərlə
izahı bu günün dərsliklərinə nümunə ola
bilər. Dərslikdə izah edilən bəzi
anlayışların nə qədər vacib olduğuna və
necə aydın dildə yazdıldığına misal kimi
aşağıdakı nümunəyə diqqət edək: "Qurban bayramı zilhiccə
ayının sonuncu günüdür. Bu bayram
dinimizcə vacib və əziz bayramların ümdəsidir (ən
əsasıdır). Bu gündən Həccdə
olan müsəlmanlar üçün vacibdən (şəriətlə
vacib buyurulan) əməllər vardır. Cümləsindən
(onlardan) biri də Minada (Kəbə qurbangahında) qurban kəsməkdir.
Müctəhitlərdən (ruhani alimlərdən)
bəziləri Həccdə olmayanlara qurban kəsməyi yenə
də vacib bilirlər. Buna görə müsəlmanlardan
az adam tapılır ki, o mübarək
gündə qurban kəsməsin. Qurban şəriətcə
üç hissəyə bölünür: bir payı füqəranın
(kasıbların), ikinci qonşuların,
üçüncü ev sahibinindir.
Ramazan bayramı kimi bunda da xəlayiq (camaat, xalq) məscidi-cameyə
və ya səhraya (açıq yerlərə) toplanıb
namaz qılınır, moizə olunur və xütbə oxunur.
Bu gün də qurban kəsmək şüarı (ənənəsi,
mərasimi) Peyğəmbərimizin (s) ən ulu babası olan
İsmail peyğəmbərin qurban aparılmağına və
əvəzində Haqq-taala tərəfindən qoç gəlməyinə
işarədir. Buna səbəb dəxi (də) o idi ki, ol
(o) Həzrətin nəslindən gərək idi Peyğəmbərimiz
(s) - Axırzaman peyğəmbəri (sonuncu peyğəmbər)
- vücuda (dünyaya) gəlməymiş".
Bu kitabın Bakı Dövlət Universitetində tələbə və müəllimlərə təqdimatı ilə bağlı təəssüratımızı da oxucularla bölüşmək istərdik.
Bu günlərdə təşkil edilmiş tədbir-təqdimatı giriş sözü ilə Universitetin rektoru Elçin Babayev açdı və doğrusu, onun bu giriş sözündən bir daha aydın oldu ki, elmi fəaliyyətilə bağlı fizik olan bu alim səriştəli bir filoloq kimi "Vətən dili"nin bütün istiqamətləri, xüsusilə onun həm o dövr, həm indiki günlərimiz üçün millilik keyfiyyəti üzərində dayandı. Kitabın yeni nəşrinin təşəbbüskarı və bu təşəbbüsü Vətənə, millətə məhəbbət hissləri ilə gerçəkləşdirən Hafiz Paşayevə, kitabı transliterasiya edən, lazımi qeyd və şərhləri ilə müasirləşdirən Vüqar Qaradağlıya, Sayman Aruza Bakı Dövlət Universitetinin çoxminli kollektivi adından təşəkkür etdi. "Vətən dili"nin müasirlərimiz üçün çap edilən yeni nəşrinin bir sıra keyfiyyətləri haqqında təkcə filoloq alimlər deyil, həm də dəqiq elmlər sahəsinin görkəmli alimləri, filosof və tarixçilər maraqlı fikirlər səsləndirdilər. Bütün çıxışlarda "Vətən dili"nin ilk nəşrindən ötən 140 il sonra da milli düşüncəmizin, klassik dərslik formatına təsirinin birmənalı əhəmiyyəti vurğulandı. Yeni nəşrin müəllifi hesab edilən Vüqar Qaradağlı öz çıxışında bu dərsliyin filoloji, pedaqoji, milli xüsusiyyətlərinin tarixi qaynaqları üzərində dayandı və nəşrin ərsəyə gəlməsi prosesini açıqladı. Tədbir iştirakçıları kitabın təqdimatı prosesinin əhəmiyyətindən çox razı qaldıqlarını bildirdilər.
Nizami CƏFƏROV,
akademik
Cahangir MƏMMƏDLİ,
Bakı Dövlət Universitetinin professoru
525-ci qəzet.- 2022.- 2 aprel.- S.16.