Rəsul Rza anılıb

 

Aprelin 1-i Azərbaycanın Xalq şairi Rəsul Rzanın anım günüdür. Vəfatının 41-ci ildönümü ilə bağlı dünən şairin məzarı ziyarət olunub, qəbri üstünə gül dəstələri düzülüb, onun haqqında xatirələr dilə gətirilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, akademik Rafael Hüseynov, ictimai xadim Akif Rəfiyev, AYB-nin sədr müavini Rəşad Məcid, Birinci katib, Xalq yazıçısı Çingiz Abdullayev, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, sədrin müşaviri Sayman Aruz digərləri Rəsul Rzanın ruhunu ehtiramla yad ediblər.

Rəsul Rza Fondunun sədri, akademik Rafael Hüseynov Fəxri xiyabanda çox dəyərli şəxsiyyətlərin uyuduğunu qeyd edərək bildirib ki, bəzən tələbələrlə bu məkana gəlir, burada dəfn olunan elm, incəsənət, dövlət xadimləri barədə onlara məlumat verir. Akademik bildirib ki, Rəsul Rza da həmin görkəmli şəxsiyyətlərdən biridir. Vaxtilə Xalq şairi ilə görüşünü, onun iştirakı ilə hazırladığı verilişi yada salan Rafael Hüseynov daha sonra deyib: "Verilişdə köhnə söhbətlərdən danışırdı. 1910-cu illərin sonlarından - uşaqlıq illərindən, o vaxtın Novruz adətlərindən bəhs edirdi. O köhnə Azərbaycan sözləri ilə elə təzə fikirlər deyirdi ki, elə bilirdin danışan zaman həmin günün içindədir. Rəsul Rza həmişə belə olub. Hər zaman gələcək nəsillərlə təzə danışmağı, onlara təzə fikirlər söyləməyi bacarıb. Onun qoyub getdiyi söz yadigarları həyata təzə baxmağı bacaranlarla təzə günün sözünü bölüşə biləcək. Həmişə ruhu ilə sabahın içərisində olan böyük Rəsul Rzanın ruhu şad olsun, Allah rəhmət eləsin!"

R.Hüseynov Rəsul Rza Fondunun gələcək fəaliyyəti barədə də fikirlərini söyləyib, təkliflər səsləndirilib.

Sonda Xalq yazıçısı Anar bu anım günündə onunla bərabər Fəxri xiyabanda olanlara minnətdarlığını bildirib, onların sədaqətini yüksək qiymətləndirib.

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.12.