Tələsmə, Zamin!
Bilirəm, mənə hörmət edən, rəğbət bəsləyən adamlar məni bu yazıya
görə qınayacaqlar. "Axı niyə hər yetənin hərzə yazılarına
vaxt itirib cavab verirsən" - deyəcəklər. Amma bu sayaq yazılara hərdənbir cavab verməyəndə qudurub
hədlərini aşırlar.
Zamin Hacı
adlı köşə
yazarı ömrünün
ən gözəl illərini məni sancmağa həsr edib. Bir vaxtlar əvvəl
"Azadlıq", sonra
"Yeni Müsavat"
qəzetlərinin demək
olar ki, hər nömrəsində
barəmdə səfeh
bir yazı çap etdirirdi. Mənə deyirdilər ki, bu, elə belə
deyil, vəzifəli bir şəxsin tapşırığını yerinə yetirir. Doğrusu, buna inanmırdım.
Amma o vəzifəli şəxs işindən uzaqlaşdırılan gündən
bu adam
da daha mənə
ilişmədi. Lakin axır
vaxtlar yenə məndən yazmağa başlayıb. Bilmirəm, təzə
tapşırıq verəni
var, ya özünün
şəxsi təşəbbüsüdür.
Bir müddət bundan əvvəl hörmətli
tədqiqatçı Ədalət
Tahirzadənin "Meydan"
kitabından mənimlə
bağlı yanlış
məlumatdan həvəslə
bəhrələnib, barəmdə
növbəti çirkabı
qəzet səhifələrində
boşaltdı. Guya mən
Vəzirovdan Hökumət
evinin arxasındakı
binada mənzil istəmişəm və bu mənzili mənə verib. Mən də, məsələdən agah
olan Xalq yazıçısı Elçin
də qəzetdə təkzib verdik ki, Hökumət evinin arxasında, Üzeyir Hacıbəyov
33/35 nömrəli mənzili
mən Ə.Vəzirov
Azərbaycana gəlməmişdən
13 il əvvəl almışdım. Ədalət Tahirzadə də bu səhv məlumatın
kitabına düşməsindən
təəssüfünü bildirdi və ağsaqqal kimi Zamin Hacıya məsləhət gördü
ki, belə-belə ucuz üsullarla adamları zəhərləməsin.
Elə bilirsiz, köşə yazarı bundan sonra üzr istədi, yanlış məlumata görə, yaşlı bir adamı ləkələdiyinə
görə üzrxahlıq
elədi? Əsla. Tam tərsinə, ən son yazısında da bu iyrənc
yalanı təkrar edir. Mən bunu təbii
qəbul edirəm.
Çünki kiməsə şər
atmaq, böhtanla, yalanla kimlərinsə əsəbləriylə oynamaq
belələrinin həyat
məramıdır.
Belə
"homofasiştikuslar" Hebbelsin məşhur tövsiyəsinə əməl
edirlər: "Bacardığınız
qədər çox yalan danışın, əvvəl-axır kimisə
inandıracaqsınız".
İllər boyu "Təhminə"
filmində türk aktrisası Meral Konradın improvizə edib söylədiyi "Tələsmə, Zaur"
sözləri bu köşə yazarının
həyat devizinə çevrilib. Hər yazısında, yeri
gəldi-gəlmədi, ürəyinə
yatan bu sözləri təkrar edir. Son yazısında
isə təzə bir mövzu tapıb. Guya mən "Dantenin
yubileyi" povestini böyük saydığı
rus yazıçı
Kuznetsovun heç adını belə eşitmədiyim hekayəsindən
plagiat etmişəm.
Povestimin
plagiat olduğunu sözbəsöz isbat edəcəyini deyir.
Heç
cür isbat edə bilməz. Çünki mən heç
vaxt oxumadığım
hekayədən, istəsəm
belə, plagiat edə bilməzdim.
O ki qaldı "Sizə məktub var" adlı Amerika filminin "Mən, sən, o və telefon" hekayəmdən iqtibas olunmasına, mən özüm bu barədə heç vaxt, heç bir söz deməmişəm.
Bunu kinoşünas Ayaz Salayev deyir və
onunla əsaslandırır
ki, bu film çıxandan çox illər əvvəl mənim həmin hekayəm ABŞ və Kanadada populyar jurnallarda dərc olunmuşdu. Qızıl vaxtını
mənə ayıran köşə yazarı eşələnib tapıb
ki, həmin o Amerika filmi 1940-cı ildə Hollivudda çəkilmiş "Küncdəki
dükan" filminin remeyki, yəni yeni versiyasıdır.
Yaxşı ki bu faktdan belə
nəticə çıxarmır:
"Yəqin Anar 2 yaşında olarkən bu filmi Amerikada
görüb və hekayəsini ondan plagiat eləyib". Zavallı köşə yazarı illərdir, ağır Sizif əməyinə qurşanıb, dəridən-qabıqdan
çıxır, sübut
eləsin ki, Anar yazıçı deyil. Odur ki, qırx ildən
artıq bir müddətdə neçə-neçə
nəsillərin ən
çox oxunan, sevilən, populyar əsərlərini qaralamağa
çalışır - "Beşmərtəbəli evin
altıncı mərtəbəsi"
romanını, "Mən,
sən, o və telefon" hekayəsini,
"Dantenin yubleyi"
povestini. Nadanlığı və hikkəsi
nəticəsində "Mən,
sən, o və telefon" hekayəsində
obrazlı ifadələri,
bədii təsbehləri
dil xətaları kimi qələmə verir. "Yuxuya
girməklə yatağa
girməyin" fərqini
anlamır. Yaxşı, razılaşdım, mən
yazıçı deyiləm,
yazıçı da,
şair də, qəzəlxan da, melodramaturq da, filosof da sənsən.
Di əl çək.
Yox, əl çəkən deyil, çünki anarafobiya bu adamın sağalmaz xəstəliyi, patologiyasıdır.
Bu yerdə həmin
köşə yazarının
köhnə bir yazısı yadıma düşdü (Yaxşı
ki, arxivimdə mənə aid bir sıra belə hərzə yazıları
saxlamışam). O vaxt işlədiyi "Azadlıq" qəzetində
indi mövqeyi 180 dərəcə dəyişmiş
redaktor müavininə
yarınmaq üçün
yazırdı:
"Mən yenə
də hesab edirəm ki, Anar Rzayev yazıçı
deyil. Azərbaycanda hamı Anarı
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" adlı
melodramasıyla tanıyırlar.
Xaricdə belə yazıya heç kim ciddi
əhəmiyyət vermir.
Uzağı, əsasında "Mehriban düşmən"
fason bir kinodan-zaddan çəkirlər,
evdar qadınlar dovğa bişirəndə
baxmaq üçün"
(Dovğanı bişirməzlər,
bulayarlar - A.).
Anarın yaradıcılığı vərəsəlik
əsasında baş
verib. Çünki Azərbaycanda hakimiyyət
kimi, ədəbiyyatı
da monarxiya üsul-idarəsi hesab eləyirlər. Elçin də
belə yazıçı
olub. Adamlar acından ölür, ölkə rüşvətxorluq
bataqlığında, torpaq
düşmən əlində,
Anar, Vaqif Səmədoğlu, Bəxtiyar
Vahabzadə, qoca, çürümüş hakimiyyətə
dirək vurmaqla məşğuldurlar.
Mən yenə
də hesab edirəm ki, Anar Rzayev yazıçı
deyil. Çünki ən azı
Mirzə Cəlildən,
Tolstoydan, Dostoyevskidən,
Selincerdən ayıbdır.
Hətta Əkrəm Əylislidən də...
Zamin Hacı
"Destruktiv parlament"
"Azadlıq" qəzeti,
25-27 noyabr 2000".
Bu sözlərə bircə
əlavəm var: köşə yazarının
həyat yoldaşı,
namuslu və obyektiv jurnalist Sevinc Telmanqızından da ayıbdır. Sevinc Telmanqızı yazır: "Kim nə deyir desin, mən
Anar müəllimin xətrini çox istəyirəm. Bugünkü
heç bir hərəkəti, özü
demiş, iynəli sözü "Ağ qoç, qara qoç", "Anlamaq dərdi", "Dantenin yubileyi", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi", "Dədə
Qorqud" kimi onlarla gözəl əsərinin müəllifi
olaraq ona hörmət bəsləməyimə
əngəl ola bilməz.
SEVİNC
TELMANQIZI "Yenə həmin
Anar müəllim barədə"
"Yeni Müsavat"
qəzeti, 14 noyabr
2008".
Sağ ol, Sevinc xanım!
Tələsmə, Zamin!
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2022.- 2 aprel.- S.12.