Mələməmiş quzuları kəsməyək!..
Əkinçilik,
yatırım və markalaşdırma mütəxəssisi
(İstanbul)
Bugünlər Ukraynaya atılan mərmilər əslində
dünyada bir parça çörəyə uzanan əllərə
atılan mərmilərdir. Baş verən son
hadisələr qida məhsullarının qiymətini də
artırıb. Qısa müddət ərzində
heyvan yeminin, ətin, taxılın, günəbaxan
yağının qiyməti bahalaşıb. Ukrayna təcrübəsi göstərdi ki bolluq bir
göz qırpımında qıtlıqla da əvəzlənə
bilər.
Dahi
şairimiz Hüseyn Cavid "Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer
üzünü" sətirlərini yazarkən bəlkə
də ağlına belə gəlməzdi ki XXI əsrdə
insanların qarnını doyurmaq qan izini kəsməkdən
daha vacib olacaq. Yer üzünü deyə bilmərəm, amma
Azərbaycan Prezidenti İlham Əliyev küldən yuva,
barıt qoxusundan ədalət, minalanmış torpaqlardan
tarla, yağmalanmış bir yurddan təkrar Vətən
yaradan bir dahi olaraq tarix yazdı. Qan izini kəsib
sülhə yol açan dövlət başçısı
İlham Əliyevin azad edilmiş Qarabağın hər bir
qarışına göstərdiyi xüsusi qayğı əslində
Azərbaycan kəndlisi üçün aqrar dirçəlişə
çağırış kimi qiymətləndirilməlidir.
Sevindirici haldır ki Qarabağda aqrar sahədə pilot layihələrin
sayı gündən-günə artmaqdadır.
KİÇİKBUYNUZLULARIN
BÖYÜK PROBLEMLƏRİ
Kolxoz və sovxozların əsas aparıcı aqrar
güc olduğu sovet illərində Azərbaycan kəndlisinin
həyətində 5-10 qoyun, 1 sağmal camış və 1 inək
olurdu. Bu əsrlərdən bəri qədim türk ənənəsi
idi. Altay türklərinin "davar" adı verdikləri
maral, inək, öküz, qoyun, keçi sürüləri o
dövrlər üçün zəruri əmtəə
olduğu üçün sonralar rusca da "tovar" mənasını
alıb. Hətta çinlilər də at
üstündə çobanlıq sənətini qədim
Hunlardan öyrənmişdilər. Çünki
qoyunçuluq qədim türk coğrafiyasında həm sərvətin,
həm də qüdrətin simvolu idi.
Qoyunçuluq otarılmağa bağlı bir sahə
olduğu üçün otu heyvanların önünə gətirməkdənsə,
heyvanları otlaqlara aparmaq lazımdır. Böyük
bir hissəsinin uzun illər işğal altında olmasına
baxmayaraq, Qarabağın kiçik buynuzlu heyvan sayında
üstünlüyü və yetişdirilməsindəki rolu
danılmazdır. Həm yaylaq, həm
qışlaq, həm də yem bitkilərinin becərilməsində
Qarabağ iqtisadi rayonu sovet dövründə də öndə
idi və hələ uzun illər də lider olacaq.
İqlim dəyişikliyi ənənəvi yem bitkilərinin
becərilməsinə mənfi təsir edir. Quraq
mövsümlər, yeraltı suların çəkilməsi,
çayların quruması və torpaq nəmliyinin azalması
səbəbilə dəmyə əkinçiliyi (suvarmasız
əkinçilik modeli) də iqtisadi əhəmiyyətini
itirir. Səhralaşma aran bölgələrində
otlaq sahələrinin azalması ilə nəticələnir.
Artıq bütün dünyada quraqlığa
davamlı yem bitkiləri yetişdirilir. Şərq
ölkələrində sənayenin və milli mətbəxin
böyük bir hissəsi heyvandarlığa
bağlıdır. Bu sahədə
qoyunçuluğun rolu əvəzedilməzdir.
Maraqlıdır ki, orta əsrlərdə (V-XVIII) Qərbi
və Şimali Avropada qoyun, demək olar, bəslənilmirdi. Avropalıların
menyusu əsasən, donuz və balıqdan ibarət idi. Lakin 100 ilə yaxındır ki, vəziyyət dəyişib.
Avropalılar qoyunun ticarət üçün
ideal əmtəə olduğunu anladılar və yeni ətlik
cinslər yetişdirməyə başladılar. Bu sahədə məhsuldarlığın
artmasının əsas səbəbi isə əmlik
quzuların və dişi heyvanların kəsilməməsidir.
Rəqəmlər yalan söyləməz.
Əgər diri çəkisi 30 kq-dan
aşağı heyvanı kəsirsinizsə, bu, ən azı
40 faiz ətin iqtisadiyyatdan buxarlanıb yox olması deməkdir.
Başqa sözlə toğluların deyil,
şişəyin kəsilməsi lazımdır. Yoxsa satdığınız quzunun yerinə yeni
heyvan almaq mümkün olmayacaq. Çünki
yem qiymətləri hər gün artır. Əmlik quzu yemə vərdişi real olaraq ət
qıtlığına gətirib çıxarda bilər.
Onu da qeyd edim ki, Avropada qoyunçuluq daha çox Qurban
bayramın ərəfəsində islam
ölkələrinə satış məqsədilə
inkişaf etdirilir.
İkinci böyük səhv addım bala vermə
qabiliyyəti olan dişi heyvanların - doğar qoyunların kəsilməsidir. Səbəbi
nə olursa olsun, damazlıq dişi heyvanların kəsilməsi
məsələsinə nöqtə qoyulmalıdır.
100 dişi heyvanı kəsmək 4 ildə ən az 500 quzunun doğulmaması deməkdir.
Çox maraqlıdır ki xalq arasında ləzzətli
olduğuna görə erkək qoyun əti sevilsə də,
market və restoranlarda ətin dişi
olub-olmadığını ilə heç kim
maraqlanmır.
50 il əvvəlki qoyun cinsləri artıq bu
günün tələbinə yetişmir. Məsələn,
Almaniyada yetişdirilmiş Qarabaş ətlik qoyunu Şərq
ölkələrində də məşhurdur. Bu qoyun süddən kəsildiyində diri çəkisi
23 kq olur. Dişi qoyunlar ortalama 70,
qoçlar isə 100 kq a qədər artır. Fransanın Şarole cinsi isə 2 ayda 40 kq a qədər
böyüyür. Həm Qarabaş həm
də Şarole cinsləri ilə yerli qoyunları mələzləmək
ölkədə məhsuldarlığı böyük səviyyədə
artıra bilər. Azərbaycanda bəzi yerli qoyun cinsləri
az ət, süd və yun verir. Dünya xam qoyun yunu bazarı inhisarlaşma səbəbilə
3 ölkənin əlindədir. Belə
görünür ki Avstraliya, Çin və Yeni Zelandiya məhsuldar
və ucuz yunuyla liderliyi uzun müddət əlində
saxlayacaqdır. Odur ki qoyunçuluqda
prioritet istiqamət ətlik cinslərin yetişdirilməsi
olmalıdır. Ətlik qoyunçuluq sırf ticari
istiqamət olduğu üçün məqsəd
günlük canlı ağırlığın 250-300 qr artırmaqdır. Avropada
heyvandarlığın məhsuldar olmasının digər səbəbi
də keyfiyyətli qulluq və iqlimin əlverişli (sərin
və yağıntılı) olmasıdır. Avropalı qoyun yetişdiriciləri üçün
ilk şərt qoyunun altının quru olması və
onların soyuqdan deyil, istidən qorunmasıdır.
QARABAĞIN
YENİ ULDUZ TRENDİ - TƏBİİ YAYLAQ
QOYUNÇULUĞU
Yay aylarında qızmar günəşin aran
torpaqlarındakı otları yandırıb
saraltdığı üçün zəngin yaşıl yem
ehtiyacını tam ödəyə bilən yeganə ekosistem
- yaylaqlardır. Montana ştatından Altay
dağlarındakı Ukok yaylaqlarına, Norveçin Finnmark
platosundan Afrikadakı Zambeziyə qədər olan arealda
yaylaqlardan istifadə bir çox ölkələrin həyat tərzində
var.
İşğaldan
əvvəl təkcə Kəlbəcər yaylaqlarına hər
il 22 rayonun mal-qarası gətirilirdi. Azərbaycanın ən yüksək ərazilərində
yerləşən 100 min hektara yaxın alp-subalp
qurşağındakı otlaq və biçənək sahələri
Kəlbəcərdədir. Yaylaq ekosistemi
xüsusilə südəmər heyvanlar üçün ideal
yem mənbəyi idi. Çayların mənbələrini
suyla təmin edən bulaqlar torpağı nəm saxlamaqla bərabər,
həm də içməli su mənbəyidir. Aran
rayonlarında may-avqust aylarında yağıntılar kəsilsə
də, yaylaqlarda hər 3-4 gündən bir gələn duman və
çiskin heyvanların otarıldığı ərazilərə
can suyu verərək qısa zamanda onları təkrar
yaşıllaşdırır.
Yaylağın ən böyük sirri təmiz
havasında, bulaqların suyunda və günəşlənən
endemik bitkilərindədir. Bahar sonu yaylağa
köç edən heyvanlarda hərəkət nəticəsində
əzələlər və oynaqlar inkişaf edir, möhkəmlənir,
qan dövranı yaxşılaşır, heyvanlar təmiz oksigenli
hava və ultrabənövşəyi şüalar ilə təmin
olunur. Bütün bunların nəticəsində
orqanizmin ümumi müqavimət qabiliyyəti artır, xəstəliklərə
dözümlü olur, məhsuldarlıq yüksəlir. Həmçinin, heyvanın daxili orqanları - ciyəri,
ürəyi, böyrəkləri, bağırsaqları sağlam
olur. Dişilərdə mayalanma qabiliyyəti
artır, doğum prosesi asanlaşır, balavermə qabiliyyəti
yüksək olur. Erkəklərdə isə
toxum hasilatı artır və keyfiyyəti yüksəlir.
Qoyun ətini ləzzəti onun cinsi ilə deyil,
yediyi yaşıl otlarla bağlıdır.
Hesab edirəm
ki bu ekosistemdə yetişdirilən - ət, pendir, süd,
qaymaq, hətta organik gübrə sayılan peyin də
"Qarabağın yaylaq məhsulları" vəya
"Qarabağ organik" məhsulları adıyla patentləşdirilməlidir.
Məsələn, Avropada patentli məhsullar
siyahısında bir çox adda pendir var. İtaliya parmezandan
(Parmigiano Reggiano), Fransa isə rokfordan (Roquefort) ildə 2
milyard avro gəlir əldə edir. Bu rəqəm
geridə qalmış dünya ölkələrinin hər
birinin illik büdcəsi qədərdir. Bu
pendirləri ləzzətli edən alp qurşaqlarında
günəş şüası almış vitaminli
otlardır. Sağım dönəmində
heyvanlara heç bir qarışıq yem verilmir.
Bir
neçə il əvvəl Türkiyənin
Qaraman vilayətindəki yaylaqlarda xınayı rəngdə
keçi dərisində pendir görmüşdüm. 700 illik
tarixi olan Divle pendirinin qeyri-adi qoxusu və dadı var. Fermerlər
bu pendiri 1600 m yüksəklikdəki Toros yaylaqlarında
yalnız krokus, kəklikotu, yovşan, yabanı yonca,
çobanyastığı, quzuqulağı, dağ laləsi
ilə bəslənən qoyun və keçi südündən
əldə edirlər. Sonra süd qoyun vəya
keçi dərilərinə tökülərək mağaralarda
5 ay saxlanır. Temperaturun stabil +4 dərəcə
olduğu mağaradakı bir bakteriya sayəsində dərilərin
üzəri zamanla narıncı rəng alır. Pendirin hazırlanmasında yalnız saf qaya duzundan
istifadə olunur. Qaya duzu xüsusi yoxlamadan sonra
qarışdırılır, çünki bəzən bu sal
duzlarda talium, radium, qurğuşun kimi zərərli mineral və
ağır metal damarları olur.
Amerikada "Fermadan çəngələ" (From farm
to fork) adlı yeni bir trend var. Yaylaqlara heyvan sürüləri
ilə köç edən fermerlər yay sonu əldə
etdikləri orqanik heyvandarlıq məhsullarını e-ticarət
vasitəsilə müştərilərə göndərirlər. Azərbaycanın
qaylaqlarında ekspres "Eko-Aqro-Karqo" xidmətləri
yaradılarsa bu trendi ölkəmizdə də uğurla
sınaqdan keçirtmək olar. Yaylaq mədəniyyəti
istər yerli, istərsə də xarici turizm baxımından
da geniş təbliğ olunmalıdır.
Qoyunçuluqla
məşğul olan təsərrüfatlar bilməlidir ki, Azərbaycanın
yerləşdiyi coğrafiya ət ticarəti baxımından əlverişlidir
çünki hər il Qurban bayramı ərəfəsində
İrana və İran körfəzi vasitəsilə Qətər,
BƏƏ, Küveyt, Livan kimi ölkələrə diri qoyun
sataraq real gəlir əldə etmək mümkündür. Yaylaq qoyunçuluğunu inkişaf etdirərək
Türkiyəyə də heyvan satmaq mümkündür.
Türkiyə Qətər və Livana qoyun ixrac
etsə də o qoyunların böyük hissəsini
Macarıstan, Bolgarıstan və Ukraynadan alır. Son 2 ildir ki, Türkiyənin bütün bölgələrində
qoyun əti qiymətləri yüksəlməkdədir. Qoyun quyruğu yağı, mədəsi, qaraciyəri
və bağırsağı onun ətiylə eyni qiymətədir.
Xüsusilə də Mərmərə, Orta
Anadolu, Şərqi Anadolu vilayətlərində. İnanmayacaqsınız amma İstanbul, Adana, Antep
kimi şəhərlərdə südəmər quzu quyruq
yağı, mədəsi, bağırsağı və qaraciyəri
artıq əl altından satılır. Adana
və Qaziantepli kooperativlərin hesabatına görə yem
qiymətləri bahadır, ucuz heyvan tapmaq olmur. Bu səbəbdən də yerli kooperativlər
artıq Makedoniya, Rumıniya, Macarıstan, Bolqarıstan və
Bosniyadan quzu əti, quzu quyruğu, mədəsi,
bağırsağı və ciyəri alırlar.
Yaxın illərdə Azərbaycanda
dişi heyvanların və diri çəkisi 50 kiloqrama
çatmamış erkəklərin kəsilməsinə son
qoyulmasa, təsərrüfatlar sırf ətlik cinslərə
istiqamətlənməsə və ilin 5 ayı
örüş məqsədilə yaylaqlardan geniş istifadə
təbliğ olunmasa, çox yaxında qoyunçuluq idxala
bağlı sahə olacaq.
Etibar
RƏHİMOV
525-ci qəzet.- 2022.- 2 aprel.- S.9.