Ramazan - rəhmət və nemət ayı

 

Bu gün dünya müsəlmanlarının səbirsizliklə gözlədiyi Ramazan ayının ilk günüdür. Artıq bütün  müsəlman dünyası Hicri-Qəməri təqvimilə 11 ayın sultanı adlanan Ramazanın fəzilətini yaşamağa başlayıb. Rəhmət və nemət ayı olan Ramazan, həm də günahların bağışlandığı, bütün duaların qəbul edildiyi aydır, çünki yalnız bu ayda Tanrı dərgahının qapıları irqindən asılı olmayaraq, bütün müsəlmanların üzünə açıqdır. Allah bütün duaları qəbul və müstəcəb etsin!

 

"Orucluq erkən sinifli cəmiyyətdə meydana gəlib və iudizm, xristianlıq, islamda geniş yayılan ibadət növüdür". Bu məlumat Azərbaycan Sovet Ensiklopediyasında öz əksini tapıb. Zənnimcə, orucun tarixi haqda maraqlanmağa dəyər. Mənbələrə istinadən məlum olur ki, oruc ən qədim zamanlardan formalaşan ibadətdir. İslamdan əvvəlki təkallahlılıq dinlərində və onların kitablarında oruc haqda göstərişlər öz əksini tapıb. Musa peyğəmbərin 40 gün oruc tutması, İsa peyğəmbər və həvarilərinin bu ibadətə riayət etməsi məlumdur. Bu ibadət Firon dövründə oruc tutan misirlilərdən romalılara da keçib. Dediklərimiz "Qurani-Kərim"də də öz əksini tapıb: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi..." (Əl-Bəqərə, ayə 183) Mənbələrdə İslamdan qabaq Məkkə bütpərəstlərinin də oruc tutduğu göstərilir. Onların orucları yalnız ayın 10-cu günü olur və bu günü bayram edərək, Kəbənin üzərinə örtük də salırdılar.

 

Bəzi tarixçilər məhz 10-cu gün (onuncu gün aşura da adlanır) oruc tutmanın səbəbini onunla izah edir ki, böyük günah işləmiş qüreyşilər bu yolla Allahdan  etdikləri günahları onların üstündən götürməsini istəyirdilər. Digər qisim mənbələr göstərir ki, üz vermiş təbii fəlakətdən, daha doğrusu, quraqlıqdan  yaxa qurtarmaları üçün qüreyşilər aşura gününü oruc tuturdu. Göründüyü kimi, İslamdan əvvəl oruc hansısa bir bədbəxt hadisədən və ya günahlardan bağışlanmaq, Tanrının qəzəbini soyutmaq naminə tutulurdu. İslamda da kəffarə, qəza, nəzir kimi orucların olması inkar edilmir. Lakin Ramazan orucu tamam fərqli xüsusiyyətlərə malikdir. Ramazan ayında tutduğu orucla insanlar Tanrının onlara verdiyi nemətə şükür və həmd-səna edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, İslamın ilk illərində Ramazan orucu tutulmayıb. Orucun vacibliyi müsəlmanlara namaz hökmündən sonra buyrulub. Tarixi faktlara istinadən demək olar ki, Şaban ayında nazil edilən hökmə əsasən, müsəlmanlar ilk Ramazan orucunu 624-cü ildə İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrətindən 18 ay keçəndən sonra tutmağa başlayıblar.

 

Bəs niyə məhz Ramazan on bir ayın sultanıdır? Bu ayın mübarəkliyi nədən irəli gəlir? Bir çox hədislərdə müqəddəs kitabların Ramazan ayında nazil edildiyi qeyd olunur. Bir hədisdə deyilir ki, İbrahimin səhifələri Ramazan ayının ilk gecəsi nazil olub. "Tövrat" Ramazandan 6 gün, "İncil" isə 13 gün keçəndən sonra nazil olub. Allahın "Qurani-Kərim"i Ramazandan 24 gün sonra nazil etdiyi deyilir. Digər bir hədisdə isə "Zəbur" Ramazandan 12 gün, "İncil"in isə 18 gün keçəndən sonra nazil edildiyi rəvayət olunur. Hədislərdə gün fərqi olsa da, müqəddəs kitabların Ramazan ayında nazil olması aydın görünür.

 

Daha bir fakt kimi Bədr döyüşünü göstərmək olar. İslam tarixində ilk uğurlu və müsəlmanlara zəfər gətirən bu döyüş Ramazan ayında baş verib. Bu haqda "Qurani-Kərim"in Ali-İmran surəsinin 123-cü ayəsində buyrulur: (Ya Muhəmməd!) Həqiqətən siz Bədrdə (düşmənə nisbətən) az və zəif olduğunuz halda, Allah sizə yardım etdi. Allaha şükür edən olmaq üçün ondan qorxun!" Məkkənin müsəlmanlar tərəfindən fəth edilməsi, onların zorla çıxarıldıqları torpaqlara qayıtması, İslam Peyğəmbərinin Məkkəyə daxil olması və Kəbə evini bütlərdən təmizləməsi məhz Ramazan ayında baş verib: "De: Haqq (İslam) gəldi, batil (şirk və küfr) yox oldu, çünki batil yox olmalı idi" (Əl-İsra, ayə 81). Bütün bunlar Ramazanın müqəddəs ay olduğunun təsdiqidir.

 

Ramazan orucu isə "Qurani-Kərim"in bilavasitə bu ayda nazil olması ilə əlaqəlidir. Müqəddəs kitabımızda adı çəkilən yeganə ay Ramazandır: "İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlillərilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir" (Əl-Bəqərə, ayə 185). Tez-tez rastlaşdığımız bir suala bir qədər əhatəli yanaşmaq hamı üçün maraqlı olar. Hər il orucluq ayrı-ayrı vaxtlara təsadüf edir. İslam dünyasının vacib, mühüm əməllərindən olan orucluq, həcc, eyni zamanda Fitr və Qurban bayramları, matəm tarixləri müsəlman təqviminə əsasən yerinə yetirilir. Hicri-Qəməri (yəni Ay) adlanan bu təqvim Ayın Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq dəyişir. Bu nisbətdə ayın müxtəlif səthləri olur ki, bunlardan əsası hilal, yəni təzə aydır. Bu xüsusda "Qurani-Kərim" belə buyurur: "(Ya Mühəmməd!) Səndən hilallar (təzə aylar) barəsində soruşurlar. De ki, bunlar insanlar və həcc üçün vaxt ölçüləridir" (Əl-Bəqərə, ayə 189). Ayədən belə nəticə çıxır ki, Allah hilalları təzə ayın başlanğıcı və sonu kimi, vacib ibadətlər olan həcc və orucun vaxtının bilinməsi üçün zaman vahidi buyurub. Buna görə də təzə ayı görəndə oruc tutan insanlar, hilalı yenidən görəndə ibadəti bitirmişlər. İki təzə ay arasındakı zaman 25,5 Günəş təqviminin 1 ayına bərabərdir. Bu hesabla qədim ərəblər bu ölçünü zaman vahidi kimi qəbul etdiklərindən ayların bəzisi 29, bəziləri 30 gün olub. Başlanğıcını buradan alan və 12 aydan ibarət olan Qəməri təqviminə əsasən, il 354 gündən ibarətdir. Tarixin başlanğıcı İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etdiyi zamandan heablandığı üçün Hicri-Qəməri tarixi Məhərrəm ayı ilə başlanıb. İslamda bayram, matəm və ibadətlərin vaxtı bu təqvimlə müəyyən olunur. Günəş təqvimindən 10-11 gün qısa olan Ay təqvimində hər il ibadət və mərasimlərin tarixi 10-11 gün irəli keçir.

 

Ramazan orucu Allaha yaxın olmaq məqsədilə tutulduğundan onun niyyəti vacibdir, çünki Allaha yaxın olmaq üçün istənilən əməlin qiyməti niyyətdir. Bəs niyyət nədir? Niyyət - hər birimizin daxilində, qəlbində görmək istədiyi məqsəddir.

 

Oruc səviyyəsinə görə müsəlman alimləri tərəfindən 3 hissəyə bölünüb. Birinci səviyyəli oruc adi qaydada tutulan ümumi orucdur ki, burada insan yemək-içmək nəfsini saxlayır. İkinci səviyyəli oruc xüsusi orucdur. Əməli saleh insanların tutduğu bu oruc əli, ayağı, qulağı, gözü, dili və bədənin digər üzvlərini günahdan çəkindirir. Ən ali məqamlı oruc üçüncü səviyyəlidir. Bu orucu tutan mömin şəxs Allahdan, axirət günündən başqa heç nə haqda düşünməyərək, qəlbini dünyəvilikdən üzərək tək Tanrıya bağlayır. Bu oruc peyğəmbərlərə, övliyalara və yalnız doğru danışanlara aiddir. Orucunun qəbul olunmasını istəyən bəndə baxışlarını haram və günahdan, dilini yalan və qeybətdən qorumalıdır. Daha çox Quran oxumalı, Allahını böyük tutaraq zikr etməlidir. Bu xüsusda İslam Peyğəmbəri buyurub: "Oruc sipərdir. Sizlərdən biri orucludursa, söyüş söyməsin, cahillik etməsin və əgər kimsə onunla dalaşsa, söysə, desin ki, mən orucam". Ramazan orucunu tutan insan bütün əzalarını günahdan qorumalıdır. İftarını haram yeməklə açan oruclunun tutduğu orucun mənası yoxdur. Peyğəmbərimizin söylədiyi kimi: "Nə qədər oruclu var ki, orucundan ona aclıqdan və susuzluqdan başqa bir şey qalmaz". Ona görə də iftarını açan adamın qəlbi qorxu və ümid arasında qalaraq orucunun qəbul olub-olmamasının həyəcanını yaşayır. Hədislərin birində söylənilir ki, ahıl bir şeyxə deyirlər: "Yaşlı adamsan, oruc səni zəiflədər". Şeyx cavabında: "Mən oruc tutmaqla uzaq səfərə hazırlıq görürəm. Allaha itaətlə səbr etmək, onun əzabına səbr etməkdən asandır" - deyir.

 

Bir qədər də orucun təbabətlə əlaqəsi haqda danışaq. Tibdə orucun orqanizmi sağlamlaşdırmasından, ürək-damar xəstəliklərinə, əsəb sisteminin sakitləşməsinə köməyindən, köklüyün qarşısını almasından tez-tez danışılır. Son illərin aclıqla müalicə üsulu belə, orucla müqayisə edilir və buna sübut kimi İslam Peyğəmbərinin: "Oruc tutun - sağlam olun" və ya "İnsanın mədəsi xəstəliklərin məkanıdır, pəhriz saxlamaq isə onun dərmanıdır" hədisləri nümunə göstərilir. Orucun sağlamlığa olan faydaları bir faktdır. Lakin yadda saxlamaq lazımdır ki, oruc Tanrının müsəlmanlara vacıb hökmü və onların Allaha ibadətidir. Allaha yaxınlıq niyyətilə tutulan orucda sağlamlıq məqsədi ola bilməz.

 

İslam Peyğəmbəri deyib ki, hər şeyin qapısı var, ibadətin də qapısı orucdur. Bu rəhmət və nemət qapısını bəndələrinin üzünə açan Tanrı bütün müsəlmanların orucunu, ibadətini qəbul, dualarını müstəcəb etsin.

 

Tamilla M-zadə

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.7.