Rəvan Mahmudzadə :"Tennisin inkişafında
hamılıqla maraqlı olmalıyıq"
Həmsöhbətimiz gənc yaşına rəğmən
öz sahəsində uğur qazanmış, adını idman
mətbuatında tanıtdırmağı bacarmış
jurnalist Rəvan Mahmudzadədir. Bu gün ad
gününü qeyd edən müsahibimizlə həm
yaradıcılığı, həm idmanımızın
inkişafı, həm də yeni yaşından gözləntiləri
haqqında maraqlı söhbətimiz oldu. Müsahibəni
oxucularımıza təqdim edirik.
***
- Rəvan,
necə oldu ki, idman jurnalistikasını seçdiniz?
- Əslində şablon olacaq, amma bunu deməliyəm
ki, bir çoxları kimi mənim də idmana həvəsim
uşaqlıqdan yaranıb. Atam və dayımla
baxdığım futbol oyunları zamanla ümumi idmana sevgim
olduğunu hiss etdirib mənə. Tam olaraq
ağlımda jurnalist olmağım yox idi. Yəni uşaqlıqdan jurnalist sənətinə
meylim var desəm, yalan olar. Lakin televiziya
sahəsinə sevgim ilə idmana sevgimin birləşməsi
hazırda idman jurnalisti kimi fəaliyyət göstərməyimə
gətirib çıxarıb. Qeyd edim ki,
bu sahəyə gəlməzdən öncə bir müddət
onlayn televiziya və radioların birində səs rejissoru kimi
fəaliyyət göstərmişəm. Jurnalistikayla
tanışlığım əsasən ordan başlayır.
İdman sahəsini kənardan bilmək tamam
başqadır. Amma bu işin içində olmaq sanki
buranın pərdəarxası məqamlarını öyrənmək
kimi bir şeydir, əslində. Sırf
bunun üçün bu sahəni seçdim. Yəni idmanı sevirəm bəli, lakin sevdiyim sahənin
dərinlikləri nələrdir bunu bilmək istəyirdim.
Həm də idman jurnalistikasını seçməkdə
əsas səbəbim idmanın sadəcə futboldan ibarət
olmadığını, bu sahənin içində olaraq
öyrənmək niyyətimdir. Hər kəs
kimi mən də futbolu sevirəm, izləməkdən zövq
alıram, lakin digər idman növləri də var axı.
Onları daha yaxından tanımaq həvəsi,
bunu professional qaydada bilmək istəyi, əslində, mənim
bu sənəti seçməyimdə əsas rol oynayıb.
- Bəs
necə oldu ki, idmana həvəsiniz yarandı?
- Az
öncə də vurğuladığım kimi idmana
marağım lap uşaqlıqdan yaranıb. Bu
maraq ilk olaraq futbolla başladı. 2000-ci
ilin əvvəllərində Türkiyə klubu
"Qalatasaray"ın Avropa kuboklarında oynadığı
oyunlar, qazandığı kuboklar mənim həm futbola, həm
də bu komandaya olan həvəsimi artırdı. Daha sonra isə həvəsim marağa çevrildi.
Təbii ki, vaxt irəlilədikcə ölkəmizdə
məşhur olan idman növlərindən, voleybol, cüdo,
güləş kimi növlərə də marağım
yaranırdı. Məsələn, bir
zamanlar voleybolda "Azarreyl" klubunu izləyirdim, onların
qazandığı uğurlar marağımı daha da
artırırdı. Eləcə də, "Olimpiya
oyunları"nda cüdo, güləş kimi idman növlərini
də izləməyi çox sevirdim.
- CBC Sportla yolunuz nə vaxt və necə kəsişdi?
-
Çox sevdiyim və 5 ildir əməkdaşı olduğum
CBC Sport kanalını yarandığı ilk gündən izləyirəm.
İdman həvəskarı kimi ölkəmizdə
də bu sahə üzrə ixtisaslaşmış televiziya
kanalının yaradılması məni çox sevindirirdi.
Həmçinin, burada işləmək arzuma
çevrilmişdi. İş elə gətirdi
ki, çox böyük dəyər verdiyim, hörmət bəslədiyim
tanınmış idman jurnalistimizdən birinin dəstəyi və
inamıyla bu kanala işə düzəldim. Deyim ki, düz 4 ay kanalda təcrübəçi
kimi könüllü fəaliyyət göstərmişəm.
Çünki hələlik uyğun vakansiya yox
idi. Hətta müəyyən zaman sonra vakansiya
olmadığı üçün mənə daha gəlməməyi,
özümə başqa iş axtarmağı tövsiyə
etdilər (gülür). Lakin mən həm
kanalı, həm işimi, həm də kollektivimi o qədər
çox sevirdim ki, burdan ayrılmağı
düşünmürdüm. Nə qədər
lazım olsaydı, o qədər də məvacibsiz davam edəcəkdim.
Çünki əsas olan pul deyildi, bura mənimçün
bir məktəbə çevrilmişdi.
Şükürlər olsun ki, həm rəhbərliyimiz, həm
hörmətli redaktorlarım, həm də dəyərli
iş yoldaşlarımın dəstəyi, inamı,
qayğısı sayəsində bu işi öyrəndim və
4 ay sonra bir zamanlar xəyal etdiyim CBC Sportun artıq rəsmi
işçisi idim. Burada olduğumçün
özümü şanslı hesab edirəm.
- İdman deyəndə daha çox futbol yada
düşür. Xüsusən, bizim ölkəmizdə.
Siz isə tennis kimi çox da diqqətdə
olmayan sahəyə yönlənmisiz. Tennis
niyə diqqətinizi cəlb etdi?
- Bəli,
tək bizdə yox, bütün dünyada ən sevilən,
baxılan, maraq göstərilən idman növü futboldur. Elə mənim də əsas maraq dairəmi məhz
bu idman növü cəlb edirdi. Lakin təxminən 5 il əvvəl (CBC Sportda
çalışmağa başladığım vaxt) tennisə
maraq göstərməyə başladım. Çalışdığım
kanalda təbii ki, hərkəs təcrübəli, yalnız
futbolla maraqlanan deyil, ümumi idman növlərini bilən
şəxslər idilər. İş
yerimizdə ümumi söhbət də yalnız idmanla
bağlı idi. Hər hansı mübahisələr,
fikir ayrılıqları yalnız və yalnız idmanla əlaqəli
ola bilərdi. Məsələn,
həmkarlarımın tennislə bağlı maraqlı
söhbətləri, müzakirələri məndə bu idman
növünə marağı artırdı. Zamanla oyunları izləməyə başladım.
Vaxt keçdikcə bu, bir vərdiş
halını alırdı. Tennisçilərin
hər birini artıq tanıyır, onların zəif,
güclü tərəflərini bilirdim. Ümumilikdə
bu idman növünə bacardığım qədər hakim
olmağa başladım. Tennisdə ən
sevdiyim məqam, əslində, bir qədər nəzakətli
idman növü olmasıdır. Məsələn,
hər hansı bir oyunçu baxımlı xal qazandıqda rəqib
onu alqışlamağı bacarır. Bunu
digər idman növlərində görməyiniz çətindir.
Yaxud planlaşdırılmış kimi xal qazanılmırsa
və ya haqsız xal qazandığını
düşündüyün anda rəqibdən üzr istənilir.
Yəni bu kimi amillər məndə tennisə
maraq oyatdı.
- Sizcə,
Azərbaycanda niyə tennis inkişaf etməyib?
- Ölkəmizdə
bu idman növünə marağın az
olduğunu düşünmürəm. Burada
günahı sadəcə valideynlərdə görürəm.
Bu idman növünə maraq var, amma
uşaqları bura yönləndirməyə çəkinirlər.
Tennisin "bahalı idman növü"
olması onlarda bu çəkingənliyi
yaratdığını fikirləşirəm. Lakin yoxlamaq lazımdır. Bəlkə
həmin uşaqlarda elə bir istedad var ki, gələcəyin
"Böyük Dəbilqə" çempionu, ATP
çempionu məhz elə o uşaq olacaq?! Yəni maraq var, amma bu idman növünə çox
hakim olmadığından bu çəkingənlik yaranır.
Tennisin inkişafında, məncə, federasiya, televiziya
kanalları olaraq hamılıqla maraqlı olmalıyıq. Tennisçilərimizin
müəyyən yarışlara qatılmasına maddi vəsait
ayrılmalıdır. Əslində,
inkişaf etdirmək olar, bunun üçün bir çox məsələlər
həll edilməlidir ki, bu da zaman alacaq bir nüansdır.
- Bu
istiqamətdə hazırladığınız verilişlərə
reaksiyalar necədir? Sizcə, nəyisə dəyişməyə
nail olacaqsınız?
- CBC Sport telekanalında artıq 2 ilə yaxın bir
müddətdə tennisə həsr olunmuş
"Tay-Breyk" verilişi efirdədir. Dəyərli
həmkarım Aida Əliyeva ilə hər həftə
maraqlı sujetlər hazırlayıb, turnirlərlə
bağlı düşüncələrimizi
bölüşürük. Əslində
tennislə bağlı bir layihə mən və Aida
Əliyeva tərəfindən uzun müddət idi ki,
düşünülürdü. Hər
ikimizin bu mövzuya olan marağı və hakimiyyəti, məncə,
maraqlı bir verilişin ərsəyə gəlməsində
əsas rol oynayan amil idi. Təbii ki, bu
layihənin təsdiqlənib, efirə buraxılmasında
başda kanal rəhbəri Volkan Üst olmaqla, Şəmsəddin
Abbasov və Rüstəm Əfsərliyə öz dərin
minnətdarığımı bildirməyi bir borc bilirəm.
Qeyd edim ki, "Tay-Breyk"
kanalımızın ən reytinqli verilişlərindən
biridir. Bu, sevindirici bir haldır. Yəni zamanla izləyicilərimizə həm tennisi
daha yaxından tanıtmış, həm də sevdirməyi
bacarmışıq. Əvvəlcə bunu
öz ətrafımızdakı insanların reaksiyalarından
bilmişik. Tennisə marağı olmayan
şəxslər belə bizim verilişi izləyirlər.
Bu qürurverici məqamdır təbii ki. Bizim əsas vəzifəmiz bu idman növünü
izləyicilərə tanıtmaqdırsa, məncə,
artıq hansısa dəyişiklikdən söhbət gedə
bilər. "Tay-breyk" komandası
olaraq ölkə tennisimizdə olan problemləri
araşdırır, birbaşa bu problemin mənbəyinə
enib həll yolları axtarırıq. Əslində,
izləyicilərimiz bunu daha yaxşı müşahidə edə
bilərlər. Ümid edirəm ki, bizim bu
istəyimiz, zəhmətimiz bir nəticə verər. Mən şəxsən çox, çox istərdim
ki, nüfuzlu yarışlarda öz həmyerlilərimizi izləmək
şansı qazanaq. Ən azından bu,
bizim arzumuzdur.
- İdman müxbiri kimi uşaq komandalarının da fəaliyyətini izləyirsiniz. İdmanımızın gələcəyiylə bağlı nə düşünürsünüz? Hansı sahə daha ümidvericidir?
- Əslində, gələcəklə bağlı heç də nagüman deyiləm. Ölkəmizdə idmana maraq çoxdur. Son illərdə bütün sahələr kimi bu sahədə də müəyyən irəliləyişlər var. Fikrimcə, bu, başlanğıcdır. Əlbəttə, hər şey birdən-birə qurulmur. İdmanımızın çox inkişaf etmiş, hətta dünyada səs salmış növləri də var. Bu da bizim uğurumuzdur. Nisbətən "axsayan", indilik zəif nəzərə çarpan sahələr isə inanıram ki, zamanla öz inkişaf yollarına qədəm qoyacaqlar. Bunu deməyə elə sizin vurğuladığınız uşaq komandalarıyla bağlı müşahidələrim də rəvac verir. Əsas odur ki, hər birimiz öz üzərimizə düşən məsuliyyəti dərk edək və işimizə vicdanla yanaşaq.
- Bilirik ki, ADMİU-nun rejissorluq ixtisasını bitirmisiniz. İxtisasınızı niyə davam etdirmədiniz?
- Bəli, rejissorluq fakültəsini bitirmişəm. Amma həyatın insana nələr gətirəcəyini bilmərik. Həm də bizim ölkədə rejissorluq sənətini istənilən səviyyədə davam etdirmək bir az qəliz məsələdir. Əgər hər hansı bir işi yüksək səviyyədə görə bilmirsənsə, o işə ümumiyyətlə başlamamaq tərəfdarıyam.
- Bu gün ad gününüzdür. Bu münasibətlə sizi təbrik edirik. Yeni yaşınızdan nələr gözləyirsiniz?
- Təşəkkür edirəm. Həmçinin, bu gün mənə və fəaliyyətimə göstərdiyiniz diqqətə görə, başda Rəşad Məcid müəllim olmaqla, sizə və bütün "525-ci qəzet"in əməkdaşlarına minnətdarlığımı bildirirəm. Yeni yaşımdan ancaq və ancaq yeni uğurlar gözləyirəm. Bu, öz sahəmdə də ola bilər, hansısa başqa sahədə də. Əsas isə təbii ki, can sağlığıdır, daha sonra nailiyyətlər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 5 aprel.- S.16.