Susmuş gitara
Aprelin 6-ı tanınmış
gitaraçı, Xalq artisti Rafiq Hüseyn
oğlu Hüseynovun (Rəmiş) anım günüdür.
Tanınmış gitaraçı, Azərbaycan
Respublikasının Xalq
artisti Rafiq Hüseyn oğlu Hüseynov (Rəmiş)
1944-cü il noyabr ayının 13-də
Ağdamın Abdal-Gülablı
kəndində doğulmuşdu.
Görkəmli alim Xudu Məmmədov
demiş, keçmişini
bilməyən gələcəyini
görməz. Hər dəfə mən
Rəmişi yada salanda Ağdamı, keçmiş günləri
xatırlayıram. Rəmişin
adı gələndə
qeyri-ixtiyari Ağdam
yada düşür. Tək Rəmiş deyil, bir çox
ziyalılar - Xudu Məmmədov, Teymur Vəliyev, Adilə Namazova, Arif Babayev, Qədir Rüstəmov, Şahmalı
Kürdoğlu, Aqil Abbas, Habil Qurbanov,
Şahin Rüstəmov,
Mənsum İbrahimov,
Təyyar Bayramov və başqaları artıq Ağdamın simvoluna çevriliblər.
Ağdamı onlarsız təsəvvür
etmək çətindir.
Hər insanın
Tanrı tərəfindən
verilmiş bir ömür yolu, bir yaşam tərzi var. Bu ömür
payları o qədər
müxtəlifdir ki, onların hamısını
təsvir etmək, hamısını qələmə
almaq qeyri-mümkündür. Lakin öz
ömür payında
gitarası ilə, musiqimizdə bənzərsiz
çalğısı ilə
xüsusi yeri olan Rəmiş haqqında danışmamaq
mümkünsüzdür. Allah-taala ona elə bir fitri-istedad
verib ki, o, qəlbləri fəth edən çalğısı
ilə insanların sevimlisinə çevrilib.
Rafiq Hüseynov 6 yaşında
olanda Ağdamda babası Yunis kişi onu
əzizləyərək "Rəmiş" deyə çağırmağa başlayıb.
Elə o
vaxtdan bütün el-oba, qohum-əqrəba ona Rəmiş deyib.
Rəmişin musiqiyə olan hədsiz həvəsini görən atası Hüseyn kişi
onu Ağdamdakı 1 saylı musiqi məktəbinin tar sinfinə
gətirir. Rəmişin fitri-istedadı tezliklə
üzə çıxır.
Sonralar Rəmiş Qarabağın musiqi beşiyi olan Ağdamda Üzeyir Hacıbəyov adına
orta ixtisas musiqi məktəbini bitirir.
Xosrov Fərəcovun
rəhbərlik etdiyi Ağdam "Şur" ansamblında Rəmiş konsertmeysterlik edirdi. O vaxtlar,
SSRİ dövründə "Şur" ansamblı öz müvəffəqiyyətli
çıxışlarına görə 15 qızıl
medal almışdı.
Öz fitri-istedadı ilə hamını valeh edən Rəmiş az müddətdə
məşhurlaşır və
sevilən sənətkara
çevrilir. O vaxtlar Ağdama tez-tez gələn maestro Niyazi Rəmişi dinlədikdən
sonra onun çalğısını çox
yüksək qiymətləndirir
və onu Bakıya dəvət edir.
Bəs necə
oldu ki, Rəmiş tarı gitara ilə dəyişdi? Ağdam rayonundan Rəmişin
pərəstişkarı və
həmyaşıdı olan
Nizami Ələsgərov
mənə bu barədə maraqlı bir əhvalat danışdı. Dedi
ki, ötən əsrin 60-cı illərinin
əvvəllərində biz yay vaxtı həmişə Çaybaxça
deyilən yerə çimməyə gedərdik.
Rəmiş də ora gələrdi. Təxminən 1962 və ya 1963-cü illər olardı. Ağdama lap yaxın, Ağdamkənd deyilən qəsəbədə
möhtəşəm bir
çimərlik saldılar.
Bu çimərliyə azərbaycanlılarla yanaşı,
çoxlu ruslar da gəlirdi. Nizami Ələsgərov deyirdi ki, həmin çimərlikdə mən
özüm dəfələrlə
görmüşəm ki,
Rəmiş rusların
gitarasını alıb,
elə gözəl Azərbaycan mahnıları
və muğamları
çalırdı ki,
hamı heyran qalırdı. Rəmişin də gitaraya həvəsi elə həmin vaxtlardan başladı. Bu bir həqiqətdir ki, gitaranı ilk "azərbaycanlaşdıran" Rəmiş
olmuşdu. Azərbaycan mahnıları
və muğamları
Rəmişin ifasında
gitarada çox möhtəşəm səslənirdi
və hamı tərəfindən sevilirdi.
Mən Rəmişi
ilk dəfə 7-8 yaşlarımda
Ağdam rayonunun Əhmədavar kəndində
evimizdə görmüşəm. Qardaşım Eldar Kərimovla musiqi məktəbində bir oxumuşdular və dostluq edirdilər. Bu dostluq Eldar dünyasını
dəyişənə qədər
davam etdi. Rəmiş
ilk gitarasını Eldara
bağışlamışdı. Azərbaycanda Rəmişdən sonra muğam və mahnılarımızı
gitarada ikinci ifa edən Eldar
Kərimov olmuşdu.
O həmişə özünü Rəmişin
tələbəsi hesab
edirdi.
Ağdamda ən sanballı toylara Rəmişi dəvət edirdilər. Dəfələrlə
mən Ağdamda o vaxtlar el şənliklərində
Rəmişin Arif Babayevi, Qədir Rüstəmovu, Yaqub Məmmədovu, Şahmalı
Kürdoğlunu müşayiət
elədiyini görmuşəm.
Rəmişin ilahi istedadı onu bənzərsiz bir sənətkara çevirmişdi. 60-cı illərin ortalarında Bakıya gələn Rəmişlə bir çox xalq ansambllarının rəhbərləri
maraqlanırdı. Rəmiş bu
ansambllardan Baba Salahovun
rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblını
seçdi. Həmin ansamblda
Süleyman Abdullayevin ifasında "Dəşti"
muğamı Rəmişin
müşayiəti ilə
lentə alındı.
Musiqidə öz yolu, öz
üslubu, təkrarsız
çalğısı olan
Rəmişlə artıq
radio, televiziya və mətbuat maraqlanmağa başladı.
Yaxşı yadımdadır, mətbuatda
Rəmiş haqqında
o vaxt ilk yazını
yazıçı-publisist Aqil
Abbas yazmışdı. Aqil Abbasın
"Ulduz" jurnalında
"Duya duya, yana-yana" məqaləsində
Qarabağın iki böyük sənətkarı
- Qədir Rüstəmovun
və Rəmişin sənətinə ilk dəfə
qiymət verilmiş və onların sənətkarlığının bir yerdə vəhdət təşkil
etdiyi göstərilmişdi.
Rəmiş sənətinin böyüklüyü
ondadır ki, o, ifa etdiyi bir
əsəri ikinci dəfə tamamilə başqa bir tərzdə, başqa bir formada ifa
edirdi.
Azərbaycanın görkəmli bəstəkarı
Cahangir Cahangirov Rəmişin ifasında öz yazdığı
"Ana" mahnısını dinləyərək heyran qaldığını bildirmiş
və heyrətlə demişdi ki, bu mənim yazdığım
"Ana" mahnısı deyil,
bu, Rəmişin barmaqlarından süzülən,
ürəkləri fəth
edən tamamilə başqa bir əsərdir.
Bir dəfə sevimli Xalq şairimiz Nəriman Həsənzadədən
Rəmiş sənətinə
münasibətini soruşanda
Nəriman müəllim
elə beləcə də demişdi: "Ayə, Rəmiş dəryadır, dahidir, Rəmiş Avropada yaşasaydı, Poqaninidən
də məşhur olardı".
Rəmiş bir müddət SSRİ Xalq artisti Zeynəb
Xanlarovanın ansamblında
çalışmış və dünyanın bir çox ölkələrində qastrol
səfərlərində olmuşdu. Zeynəb xanım
da həmişə Rəmişin sənətini
yüksək qiymətləndirmişdi.
Rəmişin bənzərsiz çalğısını
korifey sənətkarlarımız
- Habil Əliyev, Yaqub Məmmədov, Şahmalı Kürdoğlu
da yüksək qiymətləndirmişdilər.
Birinci Qarabağ
müharibəsi dövründə
Rəmiş gitarasını
silahla əvəz edərək Ağdamda
Fred Asifin dəstəsində
döyüşürdü. Rəmişin döyüşçülər arasında olması onlarda ruh yüksəkliyi
yaradırdı. Açığını deyim, rəhmətlik Fred Asif və onun
döyüş yoldaşları
Rəmişi həmişə
qoruyurdular və onu çox vaxt ön xəttə
buraxmırdılar. Onun əsas
silahı gitarası idi.
Cavan vaxtlarında
Rəmişin keçməkeşli,
acılı-şirinli həyatı,
özünəməxsus ərköyünlükləri
bir müddət onun həyat tərzinə çevrilmişdi. Hətta
bu "dahi-dəli"ni bəzi ərkəsöyün hərəkətlərinə
görə həbs etmək istəmişdilər.
Amma sənətkarlara, mədəniyyət
işçilərinə həmişə
yüksək qiymət
verən Ulu öndərimiz o vaxt göstəriş vermişdi
ki, Rəmişə toxunmayın, onu qorumaq lazımdır.
Rəmişin dolanışığı toylardan olurdu, amma o heç vaxt pul hərisi deyildi. Yaxın dostların, qohumların toylarından pul götürməzdi. Yaxşı yadımdadır, 2008-ci ilin noyabr ayı idi. Mən Məkkədə Cəbəllü-Nur dağını ziyarət edirdim. Yaxın bir qohumum zəng edib dedi ki, həmişə arzum olub ki, övladımın toyunu Rəmiş çalsın. Mən Rəmişə zəng edib bu barədə xahiş elədim. Sonralar mənə dedilər ki, Rəmiş gəlib həmin toyu çalıb və pul almadan çıxıb gedib. Rəhmətlik Qədir Rüstəmov deyərdi ki, Rəmişin barmaqları qızıldır, amma pul qədri bilən deyil.
Rəmiş həmişə dövlətimizdən, dövlət başçısından qayğı gördüyünü deyər, öz razılığını bildirərdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə Rəmiş Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdü. Sənətinə verilən yüksək qiymət kimi o prezident tərəfindən mənzillə də təmin olunmuşdu.
İllər üstünə illər gəlir, yaş da öz işini görür, xəstəlik də öz fəsadını göstərirdi. Təngnəfəslik və boğulma Rəmişin səhhətinə pis təsir etdiyinə görə son vaxtlar o, toylara getmirdi və ona həmişəlik sadiq olan gitarası və Gülüsü ilə evdə qalırdı.
Böyük sənətkar 2021-ci il aprelin 6-da dünyasını dəyişdi. Bu bir ildə demək olar ki "Qurd qapısı" deyilən yerdə onun qəbri hər gün Rəmişsevər dostları və öz Gülüsü tərəfindən ziyarət edilir.
Allah mərhum sənətkarımıza rəhmət eləsin, qəbri nurla dolsun!
Şöhlət KƏRİMOV
Hüquq üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 5 aprel.- S.13.