Böyük qayıdışın təhsildəki
mənzərəsi
EMİN
ƏMRULLAYEV: "İŞĞALDAN AZAD OLUNAN
ƏRAZİLƏRDƏKİ DAĞIDILMIŞ TƏHSİL
İNFRASTRUKTURUNUN BƏRPASI PLANLI ŞƏKİLDƏ
HƏYATA KEÇİRİLƏCƏK"
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu tamamilə dağıdılıb. Mənfur ermənilər bu ərazilərdə olan 1107 ümumtəhsil müəssisəsi və 855 uşaq bağçasını yerlə-yeksan edib.
Hazırda işğaldan azad edilən ərazilərin bərpası, yeni evlərin, iş yerlərinin, həmçinin, təhsil müəssisələrinin və uşaq bağçalarının tikilməsi əsas vacib amillərdəndir. Qayıdış prosesinin sürətləndirilməsi üçün hazırda həmin ərazilərdə quruculuq və bərpa işlərinə start verilib. Əhalinin məskunlaşdırılması ilə yanaşı əsas məsələlərdən biri də şagirdlərin təhsil prosesinə cəlb edilməsini təmin etməkdir. Şagirdlərin təhsil prosesinə cəlb edilməsi, onların işğaldan azad olunan ərazilərdə standartlara uyğun ümumtəhsil məktəblərində təhsil alması üçün Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik və Ağdam şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəblərinin tikintisinə başlanılıb. Eyni zamanda, Cəbrayıl şəhəri 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihə-smeta sənədləri hazırlanır.
Təhsil naziri Emin Əmrullayev deyir ki, Ağdam şəhər 1 nömrəli məktəbin tikintisi gələn ilin sonunda yekunlaşmalıdır: "Məlumat üçün qeyd edim ki, Ağdam şəhər 1 nömrəli məktəb Bakıda yerləşən ən müasir məktəb səviyyəsində olacaq. Təhsil infrastrukturunun formalaşdırılması baxımından işğaldan azad olunmuş ərazilərdə çox aktiv iş gedir. Bu ilin sonu və ya gələn ilin əvvəlində Şuşa 1 nömrəli məktəbinin də tikintisi başa çatacaq. 960 nəfərlik məktəb ən müasir infrastruktura malikdir. Şuşa əhalisi oraya köçdükcə təhsil sahəsində yeni infrastruktur layihələrinin icrası da planlaşdırılır. Əminliklə deyim ki, Şuşa təhsil sistemində infrastrukturla bağlı problem olmayacaq. Əhali köçürüldükcə əhalinin təhsil infrastrukturu ilə təminatı aparılacaq".
Nazirin dediyinə görə, işğaldan azad olunan ərazilərdə dağıdılan təhsil infrastrukturunun, yerlə-yeksan edilən təhsil müəssisələrinin bərpası planlı şəkildə həyata keçiriləcək: "Əsas məsələ məktəblərin bərpası, tikilməsi və əhalinin işğaldan azad olunan ərazilərə köçürülməsi ilə bağlıdır. Çünki Azərbaycanın əraziləri işğal ediləndə bir çox məktəblərin bərpası dayandırıldı. Bizim işğal altında olan bir neçə rayonumuzun təhsil müəsisələri ölkənin müxtəlif ərazilərində köçkün məktəbləri kimi fəaliyyətini davam etdirir. Bunlardan Ağdam, Şuşa, Kəlbəcər məktəbləri paytaxt Bakıda və Gəncədə təhsil prosesində fəal iştirak edirlər. İndi bu məktəblər öz doğma yerlərinə köçürülərək fəaliyyətlərini davam etdirməlidir. Bu məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi isə psixoloji amillə bağlıdır. Təsəvvür edirsiz, biz məktəbdə oxuduğumuz dövrdə mənim sinif yoldaşlarım var idi ki, onlar bu bölgələrdən gəlmişdilər. Həmin yerlərdən gələn şagirdlər 11-12 məktəb dəyişirdi. Artıq bu problemlər arxada qaldı. İndi böyük qayıdışın vaxtıdır. Bundan sonra həmin uşaqlar öz məktəblərində təhsil alacaqlar. Öz doğma yurdlarında, ata-baba ocaqlarında məktəbə gedəcəklər. Qarşıda bizi təhsil, iqtisadiyyat, ideoloji, istərsə də milli kimliyimiz baxımından çox fərqli dövr gözləyir. Mən bu mənada hər bir Azərbaycan vətəndaşı kimi çox böyük qürur və fəxr hissi keçirirəm".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, erməni işğalı nəticəsində Qarabağda olan mindən artıq təhsil müəssisəsi tamamilə dağıdılıb. Bu, qətiyyən kiçik rəqəm deyil, hətta kifayət qədər böyük rəqəmdir: "Bu səbəbdən də hesab edirəm ki, azad olunan ərazilərdə dağıdılan məktəblərin bərpası bir az vaxt alacaq. Çünki bu göründüyü kimi asan məsələ deyil. Bir məktəbin tikintisi, təmiri üçün bir ildən artıq vaxt tələb olunur. Mindən artıq məktəbin tikintisi də müəyyən qədər zaman alacaq. Dağıdılan mindən artıq məktəbi 1-2 ilə bərpa etmək təbii ki, mümkün iş deyil. Zaman lazımdır. Amma mən əminəm ki, dövlət tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində bu işdə mümkün olacaq. Zamanla bu ərazilərdə təhsil infrastrukturu bərpa ediləcək. Şuşada, Ağdamda və digər işğaldan azad olunan ərazilərimizdə məktəblər, litseylər, peşə məktəbləri, universitetlər inşa olunacaq". Şahlar Əsgərov hesab edir ki, öncə rayon mərkəzlərində müasir standartlara cavab verən tam orta məktəblər inşa olunmalıdır: "Artıq Şuşa və Ağdam şəhərlərində 960 şagird yerlik tam orta məktəblərin inşasına başlanılıb. Hesab edirəm ki, bu təqdirəlayiq addımdır. Digər yaşayiş yerlərində, kənd və qəsəbələrdə isə orada məskunlaşan əhalinin sayına uyğun modul tipli məktəblər qurulmalıdır. Məskunlaşma prosesi tam başa çatdıqdan sonra bu ərazidə əhali sayına uyğun, müasir standartlara cavab verən, daha çox şagird tutuma malik məktəblər inşa oluna bilər. İndi kənd və qəsəbələrdə nə qədər insanın məskunlaşacağı dəqiq bilinmir. Fikrimcə, bu səbəbdən də orada modul tipli məktəblərin quraşdırılması daha məqsədəuyğundur".
Cəbrayıl rayonu Sirik kənd köçkün tam orta məktəbinin müəllimi Zəfər Məmmədovun indi ən böyük arzusu doğulduğu və şagird ikən ayrıldığı doğma Cəbrayıl rayonuna, təhsil aldığı orta məktəbə müəllim kimi qayıtmaqdır. Arzum müqəddəs müəllimlik missiyamı orada davam etdirməkdir: "Mən uşaqlıqdan müəllimlik peşəsini çox sevirdim. Ən böyük arzum isə bu müqəddəs peşəyə yiyələnərək oxuduğum məktəbdə müəllim işləmək olub. Müəllim oldum. Ancaq müəllimlik fəaliyyətimə Cəbrayıl rayonunda yox, işğal nətəcəsində müvəqqəti olaraq Bakıya köçürülən və burada fəaliyyət göstərən Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbində başladım. Müəllimlik missiyama doğma Cəbrayılda davam etdirmək arzum reallaşır. İndi mən doğma Cəbrayılda müəllim işləmək üçün günləri sayıram".
İşğaldan azad olunan ərazilərdə peşə təhsili məktəblərinin inşası və onların müasir tələblərə cavab verən maddi-texniki bazasının yaradılması da önəmli məsələlərdən biridir. Bu rayonlarda kənd təsərrüfatı və mədənçilik əlverişli olduğu üçün burada peşə təhsili müəsisələrin qurulmasına xüsusi ehtiyac var. Əsasən də kənd təsərrüfatı sahəsində bir sıra peşələrin -pambıqçılıq, üzümçülük, maldarlıqla bağlı ixtisaslı kadrların hazırlanmasına üstünlük verilməlidir. Həmçinin, mədən sənayesinin inkişafı üçün sənaye məktəblərinin açılması və peşə kurslarının təşkil olunması vacibdir. Qeyd etmək lazımdır ki, yaxın gələcəkdə həmin bölgələrdə bu ixtisaslara böyük ehtiyac yaranacaq. Məhz bu səbəbdən təxirəsalınmadan mütəxəssislər hazırlanmalıdır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, işğaldan azad olunan ərazilərdə 12 peşə təhsil müəssisəsi fəaliyyət göstərib. İşğaldan sonra həmin təhsil müəssisələrinin 6-sı tamamilə fəaliyyətini dayandırıb. Digər 6 təhsil müəssisəsi isə köçkün məktəbləri formasında rayonlarda fəaliyyət göstərir. Köçkün məktəbləri formasında bölgələrə köçürülən peşə məktəbləri Kəlbəcər Peşə Məktəbi, Laçın Peşə Məktəbi, Cəbrayıl Peşə Məktəbi və Fizuli Dövlət Peşə Təhsil Mərkəzidir. Fəaliyyətini dayandıran müəssisələr isə Qubadlı Peşə Məktəbi, Zəngilan Peşə Məktəbi, Şuşa Peşə Məktəbi, 1, 3 və 5 saylı Ağdam Peşə Məktəbləridir. Bildirilib ki, hazırda işğaldan azad olunan ərazilərdə peşə təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı məktəblərin harada tikilməsi, profillər və ixtisaslar, infrastruktur, növbəlilik məsələsinə baxılır. Qarabağda müasir tələblərə cavab verən peşə təhsili məktəblərinin inşası və onların müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz olunması prioritet məsələlərdəndir.
Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, Qarabağda müasir tələblərə cavab verən peşə təhsili müəssisələrinin inşası çox vacibdir: "İşğaldan azad olunan ərazilərdə tam orta məktəblərlə yanaşı, peşə təhsili müəssisələrinin, kollec və ali təhsil müəssisələrinin olması mütləqdir. Çünki Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla "Böyük Qayıdış" dan sonra bu ərazilərdə məskunlaşan insanların peşə məktəblərində, kollec və universitetlərdə təhsil almaq üçün Bakı və digər ərazilərə getməsi onlar üçün müəyyən çətinliklər yaradacaq. Bu səbəbdən də işğaldan azad olunan ərazilərdə peşə təhsili müəssisələrinin, kollec və sairin olması vacibdir. Eyni zamanda, yaradılacaq bu təhsil müəssisələrində ən son avadanlıqlarla təchiz olunmuş, müasir standartlara cavab verən laboratoriya, idman zalı, müxtəlif kitablarla zəngin kitabxana təşkil edilməlidir. Belə olan halda vətəndaşlarımız rahat şəkildə yaşadıqları ərazidə müvafiq ixtasaslara uyğun peşə və ali təhsil ala biləcəklər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 5 aprel.- S.12.