Fərrux zəfəri – uğur salnaməsinin
növbəti təntənəsi
BMT Təhlükəsizlik Şurası və digər
nüfuzlu beynəlxalq təşkilatların otuz ilə
yaxın müddət ərzində yerinə yetirə bilmədikləri
və ya etmək istəmədikləri qərarların
icrasını Azərbaycan ordusu Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa
müddət ərzində gerçəkləşdirməyə
müvəffəq oldu. Azərbaycan ordusu bu uzun illər ərzində
davam edən xalqımızın vətən həsrətinə
son qoyaraq ədaləti bərpa etdi, 44 günlük kiçik
dövrə böyük və tarixi Qələbəni
sığdırmağı bacardı. Düşmən
layiq olduğu cavabı aldı. Müzəffər
Azərbaycan ordusunun gücü qarşısında aciz duruma
düşən düşmən kapitulyasiya aktına imza
atmağa məcbur edildi. Tarixi
torpaqlarımız işğaldan azad edilərək ərazi
bütövlüyümüz təmin edildi. Qalib ordumuz əcdadlarımızdan bizə miras qalan
şanlı üçrəngli Azərbaycan
bayrağını azad vətən torpaqlarında
dalğalandırdı.
Qələbəmizin
başlıca uğur simvolları, sirri isə Prezident, Ali
Baş Komandan İlham Əliyevin iqtisadi, siyasi və hərbi
sahədə həyata keçirdiyi müdrik siyasət,
yaxın və uzaq dövrü əhatə edən
düzgün strateji xətt, eyni zamanda milli birlik, dövlət-xalq
həmrəyliyi və ordumuzun ruh yüksəkliyi oldu.
Qələbədən
il yarım müddət keçməsinə rəğmən,
təəssüflər olsun ki, Erməni tərəfi hələ
də qeyri konstruktiv mövqe sərgiləyərək, regionda
uzunmüddətli, qalıcı sülhün və sabitliyin bərqərar
olmasına süni maneələr yaradır, 10 noyabr 2020-ci il
tarixdə imzalanmış münaqişə zonasında atəşin
və bütün hərbi əməliyyatların tamamilə
dayandırılması haqqında Üçtərəfli Bəyanatın,
regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin
bərpası haqqında 11 yanvar 2021-ci il tarixli Üçtərəfli
Bəyanatın, həmçinin tərəflər arasında
münasibətlərin normallaşdırılması, etimad
mühitinin formalaşdırılması, habelə regionda
qonşuluq münasibətlərinin bərqərar olunması
haqqında 26 noyabr 2021-ci il tarixli Üçtərəfli Bəyanatın
tələblərini yerinə yetirməkdən yayınır.
Ölkəmizin suverenliyini və ərazi
bütövlüyünü təhdid edəcək təhlükəli
bəyanatlar verərək revanşist mövqedən
çıxış edir. Halbuki bölgədə
sülh və sabitliyin təmin olunması üçün ilk
növbədə imzalanmış üçtərəfli bəyanatların
bütün müddəalarının qeyd-şərtsiz icra
olunması olduqca zəruridir.
Təəssüflər olsun ki, biz hələ də
atılması zəruri olan addımların əksini
müşahidə etməkdəyik. Belə ki, Rusiya
Sülhməramlılarının müvəqqəti məsuliyyət
zonasında olan ərazilərdən ordumuzun mövqeləri
mütəmadi olaraq regiondan hələ də
çıxarılmamış qanunsuz erməni silahlı birləşmələri
tərəfindən atəşə tutulur. Bu isə Azərbaycan
tərəfinə tam qanuni əsas verir ki, öz suverenliyi və
təhlükəsizliyi naminə imzalanmış məlum
Üçtərəfli Bəyanatların tələblərinə
uyğun şəkildə davranaraq, bir zamanlar dünya
birliyinin işğal faktlarına susqun və məsuliyyətsiz
yanaşmasına qarşı sərgilədiyi ədalətli
mövqeyi, revanşist qüvvələrə qarşı da tətbiq
etsin və bölgədə Erməni faşizminin yenidən
canlanmasını önləsin.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev yanvarın 12-də
yerli televiziya kanallarına verdiyi müsahibədə
vurğuladığı kimi: “Erməni faşizmi məhv
edilib. Onu məhv edən Azərbaycan xalqı
olmuşdur. Bu gün Ermənistanda bəzi
revanşist qüvvələr baş qaldıranda bilməlidirlər
ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir.
Biz imkan verə bilmərik ki, erməni
faşizmi yenə baş qaldırsın. Biz
imkan verə bilmərik, Ermənistan yenə də öz
ordusunu o vəziyyətə gətirib çatdırsın ki,
bizə hansısa bir təhdid olsun. Biz əgər
mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv
edəcəyik. Bunu hər kəs bilməlidir
- həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik
məsələsidir.”
Bu gün hələ də erməni tərəfi
anlamaqda çətinlik çəkir ki, revanşist meyillərlə
yaşamaq erməni toplumunu, ümumilikdə isə Ermənistanı
məhvə sürükləyir. Ölkənin
inkişafı və xalqın rifahı yalnız qonşu
ölkələrə qarşı saxta ərazi
iddialarından əl çəkmək, ölkələrin
suverenliyi, ərazi bütövlüyü və sərhədlərin
toxunulmazlığı kimi beynəlxalq səviyyədə qəbul
edilmiş hüquqi prinsiplərə hörmətlə
yanaşmaqla mümkündür. Yalnız
bu yolla regionda sülh və əminamanlıq şəraiti
yarana bilər ki, bu da ilk növbədə hazırda
ağır iqtisadi tənəzzül dövrünü
yaşayan, öz aqressiyası səbəbindən
bütün regional və beynəlxalq layihələrdən təcrid
olunan Ermənistan üçün faydalıdır. Əks təqdirdə uduzan tərəf yenə də
Ermənistan və onun uğursuz rəhbərliyinin yarıtmaz
fəaliyyəti nəticəsində ağır həyat tərzi
yaşayan erməni xalqı olacaqdır.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev yanvarın 12-də
yerli televiziya kanallarına verdiyi müsahibədə bəyan
etdiyi kimi: “Biz istəyirik ki, müharibə dövrü
başa çatsın, istəyirik ki, normal əlaqələr
yaradılsın, Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər
biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə
var, o təhlükə elə yerindəcə məhv ediləcək.
.... Ermənistanda hər hansı bir qüvvə
bizə xor baxsa, hansısa revanşist meyllərə əl
atsa, bizim yumruğumuzu görəcək. Bizim
yumruğumuz yerindədir”.
Son
zamanlar Qarabağ iqtisadi zonasına aid Xocalı rayonu ərazisində
baş verən hadisələr fonunda yenidən revanşist
qüvvələrin fəallığının və
onların havadarlarının ikili, riyakar münasibətinin
şahidi olduq.
Ölkəmiz öz suveren hüquqlarından istifadə
edərək beynəlxalq səviyyədə
tanınmış əraziləri daxilində məntəqələrdə
mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi
prosesini həyata keçirmişdir. Bu tədbirlər
mövsümi dəyişiklikləri və reallıqları nəzərə
alaraq əlverişsiz mövqeləri daha əlverişli
mövqelərlə əvəzlənməsi zərurətindən
irəli gəlir.
Lakin erməni
tərəfi hər zaman olduğu kimi öz ənənəsinə
sadiq qalaraq, süni şəkildə mövcud vəziyyəti
şişirdərək gərgin vəziyyət yaratmaq,
ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə
yönəltmək məqsədi ilə, martın 26-sı səhər
saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən
istifadə edərək qeyri-qanuni erməni silahlı dəstələrinin
üzvləri tərəfindən Azərbaycan Ordusunun bölmələrinə
qarşı təxribata cəhd göstərdi. Lakin
Azərbaycan ordusunun ayıq-sayıqlığı və həyata
keçirdiyi qabaqlayıcı tədbirləri nəticəsində
qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri
xeyli itki verərək geri çəkilməyə məcbur
edildi.
Ölkəmizi,
onun beynəlxalq imicini ləkələmək məqsədilə
səsləndirilən bütün yalan və məsuliyyətsiz
bəyanatlara rəğmən Azərbaycan tərəfi hər
zaman 2020-ci il 10 noyabr tarixdə
imzalanmış üçtərəfli bəyanata sadiqliyini
nümayiş etdirmiş, onun heç bir müddəasını
pozmamışdır. Lakin ölkəmizdən fərqli
olaraq erməni tərəfi məlum bəyanatın 4-cü bəndinə
uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının,
qeyri-qanuni erməni silahlı dəstələrinin tərksilah
edilməklə Azərbaycan ərazilərindən tam və
qeyd-şərtsiz çıxarılmasını bu günədək
hələ də icra etməmişdir. Bu
baxımdan bəyanatın müddəalarını kobud surətdə
pozan tərəf Azərbaycan deyil, məhz Ermənistandır.
Yaddaş
üçün qeyd edək ki, 10 noyabr 2020-ci il
tarixində imzalanmış Üçtərəfli Bəyanatın
4-cü bəndində deyilir: “Rusiya Federasiyasının
sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin
çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Lakin əfsuslar olsun ki, bu bəndin tələbləri
hələ də yerinə yetirilməmiş şəkildə
kağız üzərində qalmaqdadır.
Bütün bunlara rəğmən qanunsuz erməni
silahlı birləşmələrinin Azərbaycan ərazisindən
çıxarılması ləngidilərsə, ölkəmiz
gələcəkdə bu səbəbdən yarana biləcək
hər hansısa təxribatlara beynəlxalq hüququn tələb
etdiyi normalar çərçivəsində əməli tədbirlər
görmək hüququnu özündə saxlayır. Əlbəttdə
ki, Azərbaycanın səbri tükənməz deyildir və
kimlərsə onu sınamağa cəhd göstərməyə
çalışmamalıdır. Bu məsələ
ölkəmizin suverenliyi, ərazi bütövlüyü və
təhlükəsizliyi baxımından olduqca önəmlidir.
Bu gün dünya birliyi tərəfindən Ukraynada
separatizmlə mübarizə, ərazi
bütövlüyünün təmin edilməsi kimi fundamental
dövlətçilik dəyərləri ilə bağlı
sərgilənən aydın və prinsipial mövqe nədənsə
Azərbaycana münasibətdə etinasız, hətta ədalətsiz
mövqe ilə əvəzlənir. Məkan fərqli, səbəb,
nəticə və reallıq bənzər olsa da, münasibət
eynilik təşkil etmir. Bu
ayrıseçici yanaşmaları biz hələ I və II Qarabağ
müharibələri dövrlərində də
yaşamışdıq. Hətta Azərbaycanın haqq
savaşı – II Qarabağ – Vətən Müharibəsi
zamanı qərb mətbuatı tərəfindən ordumuzun
işğalçılara qarşı tətbiq etdiyi “Bayraktar
TB2” Taktik PUA Sistemlərinin “Qatil Bayraktar” kimi adlandırıldığı
halda Rusiya-Ukrayna müharibəsində bunun əksini – “Xilaskar
Bayraktar” kimi təqdim olunduğunun şahidi olduq. Görünən odur ki, dünyada təəssüf
ki, hələ də ikili yanaşmalar hökm sürür, hələ
də ölkəmizin güclənməsini,
inkişafını istəməyən, onun bütövlüyünü,
suverenliyini qəbul edə bilməyən İslamofob, Azərbaycanofob,
Türkofob kimi məkrli qüvvələr vardır.
Onu da qeyd etmək lazımdır ki, Üçtərəfli
Bəyanatın 7-ci bəndinin icrası da ləngidilməkdədir. Belə ki, Bəyanatın
7-ci bəndində deyilir: “Daxili məcburi köçkünlər
və qaçqınlar Dağlıq Qarabağın ərazisinə
və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının Ofisinin nəzarəti altında
geri qayıdır”. Lakin Bəyanatın bu bəndinin
də birtərəfli qaydada həyata keçirildiyinin
şahidi oluruq. Belə ki, erməni tərəfindən
fərqli olaraq, Xankəndindən, Xocalıdan və digər
şəhər və kəndlərimizdən didərgin
düşən məcburi köçkünlərimiz hələ
də öz doğma yurd-yuvalarına həsrət
qalmaqdadırlar.
Lakin bütün bu çatışmazlıqlar və həlli
vacib məqamlara qarşı etinasız yanaşmalar fonunda
Rusiya Müdafiə Nazirliyinin ittiham xarakterli son bəyanatları
ölkəmiz tərəfindən təəssüf
doğurmaya bilməzdi. Bu məqsədlə Azərbaycan tərəfi həm
Müdafiə Nazirliyi, həm də Xarici İşlər
Nazirliyi səviyyəsində öz haqlı mövqeyini ortaya
qoyaraq, ölkəmizin ayrılmaz tərkib hissəsi olan və
hazırda müvəqqəti yerləşdirilmiş Rusiya
Sülhməramlılarının məsuliyyət zonasında
olan Azərbaycan ərazi vahidlərinin adlarının
düzgün şəkildə qeyd edilməməsini, bu
cür yanlış yanaşmanın Azərbaycan
Respublikasının beynəlxalq birlik, o cümlədən
Rusiya Federasiyası tərəfindən tanınmış və
qəbul edilmiş ərazi bütövlüyünə
qarşı hörmətsizlik kimi qəbul edildiyini
qarşı tərəfin diqqətinə
çatdırmışdır.
Həmiçinin erməni silahlı qüvələrinin
qalıqlarının ərazilərimizdən tam
çıxarılmasını təmin etməyi, Azərbaycan
silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri
daxilində hərəkətini təhrif edilmiş formada qələmə
verməməyi tələb etmişdir.
Yalan və
ictimaiyyəti çaşdıran Ermənistan tərəfinin
və Rusiya Müdafiə Nazirliyinin təxribatçı bəyanatlarına
cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan
Müdafiə Nazirliyi səviyyələrində həqiqətə,
qanuni əsaslara söykənən bəyanatlar, dolğun və
tutarlı cavablar olduqca düzgün və haqlı yanaşma,
müdrik davranış kimi qəbul edilməlidir.
2021-ci ilin
aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində
vurğuladığı kimi: “Rusiya sülhməramlı
qüvvələri Azərbaycanın razılığı ilə
bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf
yerlərə gətiriliblər. Biz hesab edirdik
ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi
möhkəmləndirəcək. Əslində,
möhkəmləndirməlidir. ...Strateji tərəfdaşlar
arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla
həmişə səmimi olub, həmişə öz
sözünün üstündə durmuşdur, öz
sözünü yerinə yetirmişdir. Üçtərəfli
Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib”.
Həmçinin
2021-ci ilin oktyabrın 11-də Qoşulmama Hərəkatının
60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli
Toplantının rəsmi açılış hissəsinə
sədrlik edən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin çıxışında
vurğuladığı kimi: “Biz beynəlxalq hüququn norma və
prinsiplərinə hamılıqla əməl olunması
üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara
böyük ehtiyac duyulur. Sərhədlərin
güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə
olunmaqla ölkələrin ərazi
bütövlüyünün pozulması, daxili işlərə
müdaxilə yolverilməzdir”.
Onu da qeyd
etmək lazımdır ki, bu cür yanaşma eyni zamanda Azərbaycanla
Rusiya arasında cari ilin 22 fevralında imzalanmış
müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamənin müddəaları ilə də
ziddiyyət təşkil edir.
Belə
ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən
imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki,
“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz
münasibətlərini müttəfiqlik
qarşılıqlı fəaliyyəti, iki ölkənin
müstəqilliyinə, dövlət suverenliyinə, ərazi
bütövlüyünə və dövlət sərhədlərinin
toxunulmazlığına qarşılıqlı hörmət,
eləcə də bir-birinin daxili işlərinə
qarışmamaq, hüquq bərabərliyi və
qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli
və güc tətbiq etməmək və ya güclə hədələməmək
prinsiplərinə sadiqlik əsasında qururlar”.
Xüsusilə
onu da nəzərə alaq ki, hələ Bəyannamənin
imzalandığı gün, yəni fevralın 22-də
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuat
konfransında çıxış edən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu bəndi
xüsusi vurğulayaraq demişdir: "Bəyannamənin
birinci bəndində deyilir ki, tərəflər öz
münasibətlərini müstəqilliyə, dövlət
suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin
toxunulmazlığına qarşılıqlı hörmət
və bir-birinin daxili işlərinə qarışmamaq əsasında
quracaqlar. Bu bənd bizim münasibətlərimizin
xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər
zamanın sınağından çıxıb və
artıq dediyim kimi, dostluq hisslərinə,
qarşılıqlı maraqlara və gələcəyə
yönəlməyə əsaslanır. Ona
görə ki, bu sənəd təkcə çoxillik birgə
işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək
üçün böyük perspektivlər açır.
Biz qarşılıqlı siyasi fəaliyyəti
artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq
qurumlarda dəstəkləyəcək,
qarşılıqlı ticarətin həcmini artıracaq və
gündəlikdəki bütün məsələləri həll
edəcəyik”.
Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən,
“Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq
terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə,
qarşı mübarizədə və onların
neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Lakin çox
təəssüflər olsun ki, bu sahədə də əməli
tədbirlərin şahidi olmuruq. Terrorçubaşı
Araik Arutyunyan və onun başçılıq etdiyi quldur dəstəsi
Sülhməramlıların kölgəsi altında öz
çirkin əməllərini törətməkdə davam
edirlər.
Bütün
bunları nəzərə alaraq əminliklə vurğulaya
bilərik ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlum
açıqlamaları ikitərəfli əlaqələrin
mahiyyətinə xələl gətirmək, kölgə
salmaqla yanaşı, eyni zamanda Rusiya Federasiyasının
Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali Baş
Komandanı Vladimir Putin tərəfindən atılmış
imzaya da hörmətsizlik nümayiş etdirir.
Tarixə nəzər saldıqda görərik ki,
Xocalı rayonu ərazisindəki Fərrux kəndi və
eyniadlı dağın strateji əhəmiyyəti hələ
keçən əsrin əvvəllərində 1918-1920-ci illərdə
müstəqilliyini yenicə əldə etmiş gənc Azərbaycan
Xalq Cümhuriyyəti ordusunun Qarabağın erməni-daşnak
birləşmələrindən azad edilməsi
üçün apardığı əməliyyatlara da daxil
idi. Bəlkə də tarixi zərurətdən idi ki, həmin
dövr də məhz indiki kimi soyuq mart ayının
sonlarına təsadüf etmişdi. Belə ki, 1920-ci
ilin martın 26-da Ağdama gəlmiş Milli Ordumuzun
general-mayoru Həbib bəy Səlimov Əsgəran yolunun kəşfiyyatını
apararaq həmin istiqamətdəki yüksəkliklərin, o
cümlədən Fərrux dağının düşməndən
azad edilməsi üçün əməliyyat planı
hazırlamışdı.
Tarixi mənbələrdə
bu haqda belə yazılır: “Bu məntəqə (Əsgəran)
hər iki tərəf üçün strateji əhəmiyyət
kəsb edirdi. Onun nəzarətə
alınması Qarabağda hərbi təşəbbüsün
əldə saxlanması üçün başlıca amil
idi. Buna görə də 1920-ci il
martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak
qüvvələri Qarabağın bir sıra məntəqələri
ilə bərabər, Əsgərandakı Cümhuriyyət
ordusu postlarının da üzərinə hücuma
keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri
məhv etmişdi. Bununla da Əsgəran
keçidi bağlanmış, Xankəndidə və
Şuşada yerləşən hərbi qarnizon çətin
vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol
verməmək, bölgədəki erməni-daşnak
silahlı qüvvələrinə güclü zərbə
endirmək üçün, ilk növbədə, Əsgəran
keçidini açmaq lazım idi. Ona görə də
Qarabağ əməliyyatına rəhbərlik etmək
üçün 1920-ci il martın 26-da
Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə
Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini
qırmaq üçün H. Səlimov hərbi nazirdən
Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş
etdi. Müəyyən hazırlıq
işləri görüldükdən sonra martın 29-da Azərbaycan
qoşun hissələrinin Əsgəran üzərinə ilk
hücumu başlandı. Döyüşdə
5-ci Bakı piyada alayının bölmələri, Parlament
mühafizə dəstəsi və partizan dəstələri
iştirak edirdilər. Süvari qüvvələrə
isə 1-ci Azərbaycan süvari alayının bölmələri
cəlb olunmuşdu. Döyüşün
gedişində Pirlər kəndi, Daşbaşı yüksəkliyi,
Fərrux kəndi azad edildi və qüvvələr Xanabad kəndinə
xeyli yaxınlaşdılar. Döyüş planına əsasən,
qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli
olduqları halda, daha irəliyə getməyə can
atırdılar...”.
Növbəti
uğurlu hərbi əməliyyatlar nəticəsində
Əsgəran və Xocalı azad olunsa da, çox təəssüflər
olsun ki, bolşevik Rusiyasının ölkəmizi
işğal etməsi nəticəsində Milli Ordumuzun Xankəndini
də azad etmək planları yarımçıq qaldı və
sovet dövründə Əsgəranla yanaşı, ətraf
yüksəkliklər, o cümlədən Fərrux kəndi və
eyniadlı dağ, həmçinin Daşbaşı yüksəkliyi
də ermənilərin nəzarətinə keçdi...
Müstəqilliyini ikinci dəfə əldə etmiş
ölkəmiz I Qarabağ savaşı zamanı da bu ərazilərdə
qızğın döyüşlərə məruz qaldı.
Rusiyanın
Xankəndindəki 366-cı alayının dəstəyi ilə
separatçı erməni birləşmələri Pirlər,
Aranzəmin, Xanabad, Naxçıvanlı və s. kəndlər
kimi Fərrux kəndindəki mövqelərindən də
Ağdam rayonunun kəndlərini daim atəş altında
saxlayırdılar.
Həmin
kəndin azad edilməsi uğrunda ilk uğurlu əməliyyat
isə 1992-ci ilin yanvarında əfsanəvi alay
komandiri, şəhid Milli Qəhrəman, polkovnik Şirin Mirzəyev
tərəfindən təşkil edilmişdi. Milli Qəhraman ərazinin
strateji əhəmiyyətini yüksək dəyərləndirərək,
deyərdi: “Fərrux dağında kim
otursa, Ağdama da o, nəzarət edəcək”.
Lakin
çox təəssüflər olsun ki, həmin dövrdə
ölkədə tuğyan edən özbaşınalıq və
hərcmərclik halları, döyüş zonalarında
başıpozuqluq, nizamsızlıq mühiti uğursuz
döyüş əməliyyatlarına rəvac verdi ki, bu da nəticə etibarilə digər ərzilərimiz
kimi Fərrux kəndi və yüksəkliyinin də
işğalı ilə sonuçlandı.
Bu baxımdan mühüm hərbi strateji mövqeyə
malik Fərrux dağı, Daşbaşı zirvəsinin
işğalçılardan azad edilməsi ölkəmizin
uğur salnaməsinin növbəti təntənəsidir.
Coğrafi cəhətdən dəniz səviyyəsindən 3200 metr yüksəkliyə malik Fərrux dağı Ağdam rayonu ilə keçmiş Əsgərən rayonu istiqamətində (Xankəndi istiqamətində) yerləşən silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsilələri Ballı Qayaya, oradan isə Vəngə qədər uzanır. Xaçınçayın yatağı da bu dağın ətəyi ilə axır.
Bu mənada Əsgərandan 16 km, Xankəndidən 32 km aralıda yerləşən Fərrux dağındakı yüksəkliklər, Daşbaşı zirvəsi ordumuza Ağdərə-Xankəndi yoluna, həmçinin Xocalı-Xankəndi yoluna, bütövlükdə isə Əsgəran, Xanabad və Xocalıya tam nəzarəti həyata keçirməyə böyük imkanlar yaradır. Öz yerləşdiyi ərazidən əlavə geniş ərazilərə də vizual müşahidə etmə üstünlüyü tanıyır. Bu baxımdan Daşbaşı yüksəkliyindəki mövqelər böyük hərbi strateji əməliyyat-taktiki əhəmiyyət kəsb edir. Bu isə ərazidə qalmış erməni silahlı birləşmələrinin tör-töküntülərinin fəaliyyətinə nəzarəti təmin etməyə və onların neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə yardımçı olur.
Eyni zamanda Fərrux dağının azad olunması Bərdə, Tərtər, Ağdam rayonlarının, xüsusilə yaxın məsafədə yerləşən Ağdamın Cinli və bir neçə digər kəndinin təhlükəsizliyini tam təmin etmiş olur ki, bu da həmin ərazilərə qayıdacaq məcburi köçkünlərin tam təhlükəsiz yaşaması üçün olduqca əhəmiyyətlidir.
Beləliklə, bir zamanlar ermənilərin Fərruxun alınmaz qala olduğu haqqında yaratdıqları mif Azərbaycan əskərinin önündə sabun köpüyü kimi dağıldı. Xocalı qatili Zori Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndi bu gün Qalib Azərbaycan Ordusunun nəzarəti altındadır.
Bütöv bu dövrə – 102 illik mübarizə tariximizə nəzər saldıqda qürür və heyrətlə görürük ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azərbaycan ordusu öz suveren ərazilərində zor tətbiq etmədən, itki vermədən, sadəcə, hərbi dislokasiyasını həyata keçirməklə Fərrux əməliyyatını uğurla icra etdi. Bu gün Fərrux kəndində və Daşbaşı zirvəsində ölkəmizin üçrəngli bayrağı qürurla dalğalanır.
İnanırıq ki, tezliklə
Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham
Əliyevin Zərgər Dəqiqliyi ilə işlənmiş
uzaqgörən siyasəti sayəsində Fərrux kəndi və
yüksəkliyi kimi, digər ərazilərimiz də qanunsuz
erməni birləşmələrindən tam təmizlənəcək,
həmin ərazilərdə ölkəmizin suveren
hüquqları bərpa edilməklə, üçrəngli
şanlı bayrağımız dalğalanacaqdır.
Coşqun
MƏMMƏDOV
AMEA
Rəyasət Heyəti Vitse-prezidentin xidmətində Elmi katib
525-ci qəzet.- 2022.- 5 aprel.- S.11.