"Bu davadan qurtarsan..."
Qıqx
dörd günlük müharibənin lap əvvəlləri
idi. "Səhər-Azəri" kanalını izləyirdim.
Veriliş nə xəbərlər proqramı idi, nə də
siyasi rubrikalar. Bu proqramlarda, adətən, Azərbaycanda
baş verən hadisələrdən söhbət
açılır. Mənim müşayiət etdiyim
veriliş millət, vətən, torpaq, müharibə kimi
mövzuları əhatə etmirdi. Dünyanın hər yerində
müzakirə ediləcək bir mövzu idi ki, şeirdən,
şeirin, ədəbiyyatın yaranma tarixindən, güldən,
ağacdan, sudan bəhs olunurdu.
Həssas
günlər idi. Bütün azərbaycanlıların diqqəti
Qarabağa, orada baş verən hadisələrə hakim kəsilmişdi.
Günlərimiz gün kimi yox, qarşısına
qalaqlanmış kösöyü yalın əllərilə
təmizləyə-təmizləyə irəliləyən
insanın saniyə aşırımı kimi
yaşanırdı. Can boğazda, göz televizorun ekranında
İlham Əliyevin görünəcəyi növbəti məqamı
səbirsizliklə gözləyirdik. Bizi yaşadan da İlham Əliyevin
simasındakı qətiyyət idi ki, ümidsizliyə
qapılmırdıq. Ürəyimiz onun üzərində elə
əsirdi ki, sanki kiçicik bir məyusluğundan
bütün dünya sarsılacaqdı. Əlbəttə ki,
sarsılacaqdı, amma bizim dünyamız. Əgər Prezident
ən doğru və şanlı xəbərlərilə
vaxtaşırı öz xalqına müraciət etməsəydi,
dünyamız bəlkə də ev-ev, küçə-küçə
dağılacaqdı.
İnternet
zəifləmişdi. Ümumiyyətlə, emailə baxmaq, məktub
almaq-göndərmək çoxu kimi mənim də
ağlıma gəlmirdi. Bütün hisslərimin
fövqü, idrakımın üfüqləri bir mesajın -
qələbə ismarıcının həsrətilə titrəyir,
ümidilə qızarırdı. Hətta yaxından-uzaqdan gələn
məktubların cavab məcburiyyətindən yayınmaq
üçün email ünvanımı
bağlamışdım.
Gecələr
yuxuya gedə bilmirdim; hər helikopter səsi eşidən kimi
yerimdən qalxır, əllərimi pəncərədən
buludsuz səmaya uzadır, adını bildiyim-bilmədiyim
müqəddəsləri köməyə
çağırırdım. Qeyri-ixtiyari dualarımla əsgərlərimizi
"qoruyurdum".
Ömrümün
heç bir dönəmində həyata qarşı bu qədər
həssas olmamışdım. Yağış ürəyimə
yağır, duman gözlərimə çökür, hər
aldığım qələbə müjdəsi
ayaqlarımı yerdən üzür, şəhid xəbəri
sevincimi küsdürürdü, baxmayaraq ki, bu sevincin
dünyada misli yox idi. Hərdən torpağın ürəyini
yalın ayaqlarımla duya-duya Qarabağa getmək,
işğaldan azad olmuş hər qarış yeri: - xoş gəldin
Vətən torpağı, xoş gəldin Vətən, - deyə
bağrıma basıb duz kimi yalamaq istəyirdim.
Qütblərdə
qərar tutmuşdum: kövrək və sərt; kimdənsə
iradəmə, daha doğrusu, apardığımız
müharibənin iradəsinə zidd söz eşitsəm, nəfəsim
dayanacaq qədər kövrək, kiminsə nəfəsini
dayandıracaq qədər sərt olmuşdum.
Hər kəs
silaha sarılmışdı: kimi cəbhədə
vuruşur, kimi informasiya toplayıb-yayır, kimi televiziya və
radioda dövri əhəmiyyətli verilişlər
hazırlayır, kimi əsgərlərə isti geyim, yemək
daşıyır, kimi də efiri kirpik qıpmadan izləyir,
qulağını geniş açıb dinləyirdi.
Dünyanın
hər yerində azərbaycanlılar, azərisevərlər
fikrən, ruhən, qəlbən Qarabağa səfərbər
olmuşdu. Bir mikrofona tuş gəlib nəsə
danışanlar da var idi, müvafiq televiziya
proqramlarının vasitəsilə öz dəstəyini
nümayiş etdirənlər də. Hətta "Səhər-Azəri"
kanalından izlədiyim verilişin redaktoru kimi, özü
görünməyib dualarını musiqi vasitəsilə
ötürməyə çalışanlar da
tapılırdı.
Adıçəkilən verilişdə reklaməvəzi havaya bir nəğmə ucaldı:
- Boz at səni sərtövlədə bağlaram,
... Əgər
məni bu davadan qurtarsan...
Musiqi son intizar anında boğulmaq üzrə olan insana nəfəs təsiri bağışladı. Eynən ustad Məmməd Arazın xüsusi həssaslıqla qələmə aldığı anları yaşadım: - Dilim dinməz, kirpiklərim səs elər.
Dünya ilə müharibə etdiyimiz bir vaxtda
həmrəyliyimizi, bu kiçik musiqi parçası vasitəsilə
olsa da, qoruyan hər kəsin böyük Qələbəmizdə
təmsilçilik haqqı var. Odur ki, bütün olanları,
olacaqları göz önündən keçirib Həmrəyliyimizə
həmrəy olan hər kəsə: - Salam olsun! - deyirəm.
Göyərçin KƏRİMİ
525-ci qəzet.- 2022.- 6 aprel.- S.23.