Hamlet və İnciçiçəyi  

 

 

1997-ci ilin may ayının sonları idi. “Molla Nəsrəddin” jurnalının tarixini tədqiq edən Janet Afəri adlı bir alim xanıma elmi çalışmalarında kömək edirdim. Amerikadan gəlmiş və mənə ümumi dostlarımızdan salam gətirmiş Janet xanım əslində İran yəhudisi idi, ingilis dilindən başqa farsca təmiz danışırdı, Azərbaycanda “Molla Nəsrəddin” tədqiqatçıları ilə hələ Amerikada ikən əlaqələr qurmuşdu və onların arasında “Xəzər” Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının da adını tez-tez çəkirdi. Azərbaycanda ilk özəl universitetlərdən birinin yaradıcısı kimi Hamlet müəllimin adını təbii ki, eşitmişdim, riyaziyyatçı olduğunu da bilirdim, amma “Molla Nəsrəddin” tədqiqatçısı kimi təqdim edilməsindən düzü bir qədər heyrətlənmişdim. Janet xanım mənim bu heyrətim qarşısında Hamlet İsaxanlının çox maraqlı və geniş dairəli bilik adamı olduğunu söyləyib, onunla mütləq tanış olmağımı istəyirdi və bir gün məni Hamlet müəllimgilə dəvət etdi. Onu qonaq çağırmışdılar. Əlbəttə, bu qəfil dəvətdən imtina etdim, tanış olmadığım bir evə qonağın qonağı kimi getməyi düzgün saymırdım. Janet xanım israr etdi və Əlyazmalar İnstitutunun Oxu zalından Hamlet müəllimə zəng vurub, vəziyyəti anlatdı, dəstəyi mənə verdi. Hamlet müəllim də gümrah səslə ziyalıların bir-birini tanımaq fürsətindən yayınmasının düzgün olmadığını vurğulayaraq özünün də mənimlə tanış olmaq arzusunu bildirdi.

 

Beləliklə, sonralar Hamlet müəllimlə yalnız ziyalı və həmməslək qismində deyil, həm də ailəvi dostluq zəminində qurulacaq və bu günə qədər də davam edəcək münasibətlərimiz həmin 1997-ci ilin mayında başladı. Burada “ailəvi dost” ifadəsini xüsusi vurğulamaq istəyirəm. Çünki bu dostluğun əsasını artıq Hamlet müəllimin ömür-gün yoldaşı Nailə xanım qoydu.

 

İsaxanlı ailəsi ilə ilk görüşümün doğurduğu ümumi xoş təəssüratla bərabər, yadımdadır ki, bir məsələ də məni çox qayğılandırmışdı. Janet xanımın şərəfinə verilən 10-12 nəfərlik ziyafətdə olduqca maraqlı söhbətlər gedirdi. Mən Nailə xanımla yanaşı oturmuşdum və onun ev sahibəsi kimi səmimi qonaqpərvərliyi və qulluğu qarşısında hər halda təbəssümündəki kədər gözümdən yayınmamışdı. Yəqin ki, mənim baxışlarımda bu sualı sezdiyindən evin xanımı asta, qəmli səslə: “bacım rəhmətə gedib - dedi, - On gündür, böyük bacım, yeganə bacım, əziz bacım”. Düzü, çox tutuldum, başsağlığı verdim, sonra məclisə işarə ilə “eləsə bu nədir” – reaksiyama Nailə xanım dərhal: “Hamlet istədi, lazım idi, Janetlə əməkdaşlıq edir, qonaq çağırmalıydıq” – cavabını verdi.

 

“Hamlet istədi”. Bu ifadənin İsaxanlı ailəsi üçün “yazılmamış qanun”, həm də onun əsas icraçısı – Nailə xanım üçün anlaşılan və təkzibedilməz bir “istək” olduğunun sonrakı illərdə dəfələrlə şahidiyəm. Yəqin ki, Hamlet İsaxanlının bu gün istər elm, istər təhsil, istərsə də yaradıcılıq sahələrində danılmaz yüksək uğurlarının arxasında bu istəyi məhz “qanun” kimi qəbul etmiş bir Qadının durduğu da özlüyündə bir qanunauyğunluq idi. Və burada “Hamletin istəyinin” sadəcə Eqo olmadığının, ciddi və dərin elmi, ictimai-faydalı və mədəni-maarifçi köklərə söykənən məqsəd və niyyətlərdən irəli gəldiyi anlamı qarşısında onların reallaşmasına hər vasitə ilə dəstək vermək əzmi aydın görünürdü.

 

Həmin Qadının - Nailə İsayevanın bu “dəstəyinin” isə özünəməxsus bir tarixçəsi və getdikcə şaxələnən xüsusiyyətləri vardı.

 

Bakının tarixi məhəllələrinin birindəki ata-baba mülkündə yaşayan, yüksək vəzifəli məmur-ziyalı ailəsinin sonbeşiyi kimi əzizlənən bir şəhərli qızı həmin həyətdə kiçik bir otaq kirayə edən “rayonlu” tələbə oğlanın nüfuzedici nəzərləri altında tələsik addımlarla ikinci mərtəbədəki evlərinə qalxarkən, hər halda o nəzərlərə ürkək oğrun bir baxışla cavab verirmiş yəqin. Tələbə oğlan da sadəcə tələbə deyildi, iti, riyazi ağlı var idi və qonşu qızı ürkütməmək üçün onun pillələrdən enərək ya qalxaraq həyət qapısına kimi yolunu güzgü qırıqlarından düzəltdiyi bir qurğu ilə izləyirdi. Poetik təsəvvüründəkindən fərqli, ilk real ünvanlı sevgi şerlərini də bəlkə elə o vaxt yazmağa başlamışdı. Hər halda bu riyazi-poetik “ünsiyyət” gənc Hamletin və Nailənin bütün irili-xırdalı, ilk növbədə şəhər-kənd mədəniyyətinin hələ çox fərqləndiyi bir səbəbdən doğan maneələrə baxmayaraq bir-birinə qovuşması ilə nəticələndi. “Maneələri” isə əslində Nailə tək aşmalı oldu. Öz şəhərli ailəsinin qınaq dolu baxışları və replikaları altında “Hamlet istədi” deyə özünün qolu açıq libaslarından imtina edəndə... Yay aylarında Hamletin doğulduğu kənddə, qayınata və saysız yeni qohum-əqrəba qarşısında başı bağlı və ayağı corablı gəzəndə... Sonra Hamletin böyüdükcə kənddən Bakıya oxumağa gələn qardaşlarına “şəhərli gəlin” deyil, ürəyiyanan böyük bacılıq edəndə... Daha sonra ard-arda doğulan 4 qız övladlarının körpə qayğılarının dissertasiya yazan, Moskvada aspiranturada oxuyan, uzaq Kanadada ezamiyyətdə olan Hamletin elmi karyerasına mane olmamasına çalışanda... Şəhərin mərkəzindən uzaq, ucqar mənzillərdə yaşayanda, maddi sıxıntı çəkəndə, böyüməkdə olan qızların getdikləri məktəblər, musiqi kursları, şahmat dərnəkləri, idman zalları arasında çapalayanda...

 

Öz “arxa cəbhəsindən” arxayın olan Hamlet bu vaxt addım-addım elmi uğurlarına doğru gedirdi, alim kimi özünü təsdiq edib, ali məktəb müəllimi olmuşdu. Riyazi düşüncəsi ilə elm və təhsil sahələrinin bütün incəliklərinə varmışdı, onların sintezinə dair özünün yeni ideyalarını, “istəklərini” həyata keçirməyə fürsət axtarırdı.

 

Tarix ona bu fürsəti verdi.

 

1990-ların əvvəllərində böyük bir dövlətin bütün mövcud siyasi-ideoloji sistemi ilə bərabər dağıldığı, yeni milli dövlətin isə hələ yalnız yarandığı ağır, mürəkkəb, ziddiyyətli, risklərlə dolu bir zamanda Hamlet İsaxanlı da özünün zamanı qabaqlayan, Azərbaycanda təhsil biznesinin ilk özəyi olacaq bir layihəsini həyata keçirdi – müasir dünya elmi-təhsil ocaqlarının tələblərinə uyğun bir özəl ali məktəbin – “Xəzər” universitetinin əsasını qoydu. Şəhərdən xeyli kənarda – kiçik, standart sovet mənzilində nəfəs verilən bu Universitetin böyüyüb ayaq tutması, getdikcə inamlı addımlarla irəliləməsi və nəhayət yalnız Azərbaycan hüdudlarında deyil, beynəlxalq səviyyədə özünü təsdiq etməsi ideya-rəhbərliyi və idarəçiliyi baxımından Hamlet İsaxanlının boynunda idisə, onun fiziki baxımdan təşəkkülü və yaranmaqda olan “Xəzər” ailəsinin möhkəmlənməsi artıq “Hamletin nə istədiyini” yaxşı bilən və yerinə yetirməyi bacaran Nailə İsayevanın xidməti idi.

 

İllər sonra, “Xəzər”in tələbə kontingentinin çox fərqli bilik səviyyəsi üzərində müşahidələr və müzakirələr yeni ali təhsil konsepsiyasının tələblərinə cavab verəcək şagirdlərin yetişdirilməsi zərurətini ortaya qoyanda, Nailə xanım artıq ilk dəfə həyat və əməl yoldaşının kölgəsindən çıxdı və özünün müstəqil layihəsini həyata keçirdi. “Dünya” məktəbi sırf Nailə İsayevanın yetişdirməsi idi, onun illərlə açıq nəzərə çarpmayan Pedaqoq istedadının təsdiqi idi. Tamamilə yeni əsaslarla yaratdığı bu məktəbin Nizamnaməsindən tutmuş Himninin musiqisinə qədər, yığdığı müəllim kollektivindən tutmuş, məktəblilərin uniformalarına qədər hər şey Nailə xanımın təxəyyülünün və qərarlarının nəticəsi olaraq onun süzgəcindən keçmişdi. “Xəzər” Universiteti kimi, müasir dövrün yenilikçi orta təhsil müəssisəsi olmaqla “Dünya” məktəbi Nailə xanımın adını XX əsrin əvvəllərində maarif sahəsində çalışmış, müsəlman qızlarını oxutmaq, yeni, ictimai həyata cəlb etmək üçün fədakarlıq göstərmiş ilk azərbaycanlı maarifçi qadınların sırasına yazdı. Belə ki, bu Məktəb öz şagirdlərinə artıq yalnız Azərbaycanın deyil, dünyanın aparıcı ali məktəblərinin qapılarını açırdı, tədricən, “Xəzər” məzunları kimi, soraqları ən müxtəlif ölkələrdən gələn “Dünya” məktəbi məzunları nəslini yetişdirirdi. Nailə İsayeva tərəfindən bu təhsil ocağının özülünə qoyulan fundamentin möhkəmliyi və davamlılığı isə az sonra, gözlənilməyən bir şəraitdə daha bir sübutunu tapdı. Yaradıcısının ağır xəstəliyə düçar olduğu, aylarla özünün bu sevimli “övladından” ayrı düşməyə məhkum edildiyi bir zamanda məktəb öz fəaliyyətini ardıcıl davam etdirərək bir nəfərin nüfuzu və rəhbərliyi üzərində deyil, yaxşı düşünülmüş işlək, canlı bir sistem əsasında qurulduğunu göstərdi.

 

Nailə xanımın xəstəliyi – onun şəxsiyyətindən ayrı, ağrılı, toxunulmaz, arzu olunmaz bir mövzu olmayıb, əksinə bilavasitə bu insanı içdən açan və daxili qüvvəsini bariz surətdə ortaya qoyan bir məsələdir.

 

İlk gündən xəstəliyinin adını bilən və amansızlığı dərk edən Qadın 5 dəfə ən müxtəlif əməliyyatlara girməklə, həyat uğrunda mübarizəsini 20 ildən artıq müddətdə davam etdirdi və bu mübarizəsi ilə də daha bir Nümunə yaratdı.

 

Haradan alırdı bu yaşamaq enerjisini Nailə İsayeva? Təbii ki, ilk növbədə “Hamletin istəyindən”!

 

“Hamlet istəyir” kəlməsinin arxasında böyük bir İstək, Məhəbbət, Sevgi dururdu. Qırıq güzgü parçalarından başlayan bu İstək kitab-kitab şerlərə çevrilmişdi, Nailə xanımın musiqi istedadını açmışdı, şerlərdən mahnılar yaranmışdı, mahnılar konsertlərdə oxunurdu və 40 ildən artıq qarşılıqlı Məhəbbət gəzdirən müəlliflərinə alqışlar toplayırdı. İsaxanlı-“Xəzər”-“Dünya” ailələrinin ağır yükü, zəhməti, əziyyəti, qayğıları qarşısında bu Məhəbbətin daşıyıcıları daxilən heç israf olunmamışdılar. Çünki Hamletin İstəyi sadəcə dözümlü, bacarıqlı, fədakar bir qadına deyil, uzun onilliklər boyu ilkin həya və utancaqlığını saxlamış, ürkək davranışını qorumuş, İnci çiçəyi kimi zərif ruhlu bir Sevgiliyə ünvanlanmışdı.

 

“İnci çiçəyi” şer-mahnısı Hamlet və Nailənin bütün varlıq və mövcudiyyətlərini, münasibət və ünsiyyətlərini ən dərin incəliklərinə qədər təcəssüm etdirən möhtəşəm bir əsərdir. Hamlet müəllimin zahiri təmkini, ciddi, düşüncəli obrazı, asta, aram nitqi arxasında “İnci cicəyi”ni vəsf edəcək bir poetik qəlb sahibi gizlənirmiş ki, Nailə xanım hələ öz vaxtında gənc bir tələbədə bu qəlbi görə bildiyi və onu öz qəlbinin də musiqisinə çevirə bildiyi üçün artıq xoşbəxt qadın idi.

 

Tale Nailə xanımı ağır xəstəlik, fiziki-mənəvi iztirab və əzablarla sınağa çəksə də, ona ömrünün müdriklik həddinə yetişmək və istədiyi kimi yaşamaq, son arzusunu da gerçəkləşdirmək imkanı verdi.

 

Onunla bağlı çox xatirələrim var. İki dost ailə kimi saysız xoş günlərimiz, şadlıq dolu məclislərimiz, maraqlı səfərlərimiz olub. Nailə xanımı ən müxtəlif situasiyalarda və çalarlarda müşahidə etmək, tanımaq imkanım qarşısında onun bizləri daha nə iləsə təəccübləndirə biləcəyini təsəvvür belə etməzdim. Amma xəstəliyinin artıq neçənci fazasında, “heç olmasa on gün də yaşasam, bəsimdir” deyə müasir, geniş, işıqlı yeni mənzil qurmaq arzusuna düzü heyrətlənmişdim. Qızlar böyümüşdü, artıq öz ailələri vardı və xaricdə yaşayırdılar. Çox böyük zəhmət, fiziki güc və ən müxtəlif peşə sahibləri ilə davranmağı zəruri edən bu “yeni mənzil” layihəsinin onun səhhətinə necə təsir qoyacağından çox narahat idik. Lakin sonda Nailə xanımın həqiqətən öz zövqünə uyğun, hər küncü, hər əşyası ilə “yeni həyat” çağırışı olan, Hamletlə özü üçün ağ-günəşi rənglər işığında yeni Ocaq yaratdığı məlum oldu. Bu artıq sırf “Nailənin istəyi” idi və əhvalının heç də rahat olmayan zamanında onun öz istəyini də həyata keçirdiyinə hədsiz sevinmişdik, Hamlet müəllimlə birgə bu mənzildə uzun illər boyu birgə yaşamasını arzu etmişdik. Həqiqətən sonralar bu işıqlı Ocaqda neçə-neçə yeni illər qarşılamış, ailəvi bayramlar keçirmişdik...

 

Amma hər şeyin bir sonu varmış... Nailə xanım bu dünyanı daha əvvəl tərk edəcəyinə əmin idi, buna hazır idi, bu barədə rahat danışırdı, bircə qayğısı vardı: “Hamlet məndən sonra necə olacaq...”

 

Hamlet müəllimin itkisinin ağırlığı və sarsıntısı anlaşılandır. Bircə təsəllimiz var, hamımızın...

 

Nailə xanım həqiqətən çox xoşbəxt, bir neçə qadının həyatına çatacaq qədər səadət dolu və hər mənada zəngin bir ömür yaşayıb. Elə ilk bəxtindən öz həyatının yeganə İnsanına rast gəlib, onu duya bilib, seçimini edib və Yanılmayıb! Əsl sevgi, böyük məhəbbət, diqqət və qayğı əhatəsində sevdiyi İnsanın İlham pərisi olub, şəninə şerlər yazılıb. Övladlarının həyatda öz yerlərini tapdığını, toylarını, nəvələrini görüb.

 

Böyük və İstedadlı Şəxsiyyətlə yaşadığının fərqinə vararaq ona yalnız vəfalı ömür-gün yoldaşı deyil, məsləkdaş və dəstək olub. Amma həyatının Əsas İnsanı da onun çəkdiyi zəhmət və əziyyətlərin əvəzini neçə qat ödəyib. Məhz onun yanında Nailə xanım həyatda öz yerini də tapıb, öz İşini də qurub və bununla da özünün müstəqil izini qoyub.

 

Ruhu şad olsun! Xatirəsini yaşadacaq insanların sayı bilinmir... Hər kəsin öz xatirəsi var.

 

Amma “Hamlet və İnci çiçəyi” əfsanəsi çox azsaylı dostların gözləri qarşısında yaranıb və onların da həyatının bir parçasına çevrilib. O dostlardan biri olmaqdan çox qürurluyam.

 

 

Solmaz Rüstəmova-TOHİDİ

Tarix elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 6 aprel.- S.22;23.