Samuray mənəvi ruhu yaşayır
(Əvvəli
ötən çərşənbə sayımızda)
Tokuqava syoqunatı dövründə, XVII əsrin birinci
yarısında ölkənin bütün limanları xarici gəmilər
üçün bağlandı. Yalnız çinlilər
Yaponiyaya gələ bilirdi, hollandlara isə təkcə
Naqasakiyə gəlməyə icazə verilmişdi. Ancaq kapitalist ukladı feodal Yaponiyasının bətnində
durmadan inkişaf edirdi. Yoxsullaşmış
samuraylar da daxil olmaqla cəmiyyətin geniş dairələrini
narazılıq əhatə etmişdi. Samuraylar
knyazlardan koku adlanan müəyyən düyü payı şəklində
məvacib almaq naminə malikanələrini onlara
satırdılar. Lakin knyazlar da bu məvacibi
müntəzəm olaraq verə bilmirdilər. Samurayların çoxu ticarətə, sənətkarlığa
keçirdi və ya sinfi mənsubluğunu itirmiş roninlərə
çevrilirdi.
1854-cü ildə Yaponiya sərhədlərini Qərb dövlətlərinə açmağa məcbur oldu. Ölkəyə Qərbin təsiri gücləndi. Bu şəraitdə burjualaşmış samuray sinfinin liderləri roninlərin və şəhərlərin silahlı dəstələrinə arxalanaraq syoqun hökumətini devirdi, knyazları - daymyoları məcbur etdi ki, öz feodal hüquqlarından imtina etsinlər və malikanələrinin xeyli hissəsini onların faktiki sahiblərinə qaytarsınlar. Həmin sahiblər isə sələmçilər və burjualaşmış samurayların özü idi. Əslində, izahı çətin olan bir hadisə baş verdi. Köhnəliyin rəmzi olan samuraylarda bu köhnəliyin dayaqlarına qarşı bir güclü etiraz hissi baş qaldırdı, onların, daha doğru deyilsə, xalqın sinəsindən yeniliyə nail olmaq qığılcımı qalxdı və bundan yaranan inqilab alovu əvvəlkindən tam fərqli olan Yaponiyanı meydana gətirdi. İnqilab onu məhv etmədi, əksinə, ona qüvvətli qartal qanadları verdi, adalar ölkəsində Şərqin tanış olmadığı feniks quşu peyda oldu.
Tam hakimiyyət bütünlüklə imperator hökumətinə
verildi. Beləliklə,
1868-ci il Meydzi inqilabı öz zəfərinə
çatdı. Ölkənin kapitalizm yolu ilə
inkişafına aparan yollar açıldı. Yapon kapitalizminin inkişafı tam yeni, özünə
də məlum olmayan güclü dalğaya bənzəyirdi.
Avropa texnologiyaları və inzibati sisteminin
ardıcıl tətbiqi onun üçün yol göstərən
ulduz rolunu oynadı.
Samurayın
rəhbər tutduğu prinsiplər
Samuray təkcə cəmiyyətdə
oynadığı rola görə deyil, həm də mənəvi
cəhətlərinə, bu addan irəli gələn kredosuna
görə əhalinin başqa seqmentlərindən əsaslı
qaydada fərqlənirdi. O, həyatını bütünlüklə idarə edən
prinsiplər toplusuna tabe idi, ən azı onları öz
davranışında rəhbər tuturdu. Əslində,
bu prinsiplər nəcib xarakter daşıyırdı və əhalinin
qalan hissəsi buna görə samuraylara hörmətlə
yanaşırdı.
Rəhbər prinsiplər sayca nisbətən çox
olsa da, bəzilərinin üzərində dayanmağa ehtiyac
vardır. Möminlik samurayın bütün kodeksində
şübhə edilməyən anlayışdır. Bu, ağılın hökmünə müvafiq
olaraq tərəddüd etmədən hərəkət etmək,
lazım gələndə zərbə vurmaq və lazım gələndə
ölməkdir. Men-Tszıya görə ədalət
insanın getməli olduğu düz və dar
cığırdır. İnsan onunla getməlidir
ki, itirilmiş cənnətini yenidən tapsın.
Giri deyilən anlayışın ilkin mənası borc
hissidir. Giri əlindəki qamçısı ilə tənbəli
nə etməli olduğuna məcbur edir. Təəssüf
ki, bu, dəyişilə də bilər, məhkum olunmaqdan
qorxaqcasına əsməyə də keçə bilər.
Axı ən yaxşı insan hissi olan vətənpərvərlik
maskası altında da çox vaxt digər alçaq hisslər
gizlənir.
Mərdlik ondadır ki, ədalətli hərəkət
edəsən.
İgidlik, dözümlülük,
qorxmazlıq, cəsarət ən populyar ləyaqətlər
idi və yapon yeniyetmələri onları lap kiçik
yaşlarından qəbul edirdilər. Onlar qorxulu yerlərə
- qəbiristanlığa, edam
meydanlarına gedirdilər. O vaxtlar camaatın gözü
qarşısında adamların boynu vurulurdu. Oğlan
uşaqlarını məcbur edirdilər ki, bu dəhşətli
səhnəyə tamaşa etsinlər. Gecələr
isə onlar kəsilmiş başlara baxmağa gedirdilər.
Mərdliyin mənəvi tərəfi özünü
idarə etməkdir - təmkinlilik və ruhun
mövcudluğudur. Könül sakitliyi, sükut vəziyyətində
olan mərdlikdir. Səmimiyyət və
düzgünlük olmadıqda istənilən davranış
səfehliyə və sadəcə zahiri görünüşə
çevrilir. Səmimiyyət bütün
şeylərin əvvəli və sonudur, səmimiyyətsiz
heç nə mövcud olmamışdır.
Ədalətin də ölçüsü vardır, nəhayətsiz
ədalət qəddarlığa keçir,
ölçüsüz edilən mərhəmət zəiflik
nümunəsi olur. Samurayın mərhəmətini səmərəli
saymaq olar.
Zəiflərə, alçaldılmışlara və məğlub
edilmişlərə qarşı mərhəmət göstərilməsi
samuraya xas olan keyfiyyət kimi daim təriflənirdi.
Musiqiyə, şeir yazmağa məhəbbəti samuraya
yeniyetmə dövründən öyrədirdilər. Nəcib incəsənət
onların yaşadığı ərazidə diyarın sərt
iqliminə və şəraitinə dözməyə kömək
edirdi. Şeir yazmağa onlar ona görə
həvəsləndirilirdi ki, o, zərif hissləri ifadə etməyə
kömək göstərməklə, həm də onları
inkişaf etdirirdi. Yaponiyada musiqi və ədəbiyyat
müharibənin dəhşətli mühitində olan adamlara
qarşı canıyanmanı tərbiyə edirdi.
Yaponiya sakinlərinin nəzakəti və yaxşı
davranışı həmişə əcnəbiləri təəccübləndirirdi. Bu isə
başqalarının hisslərinə hörmətlə
yanaşmaqdan doğur. Süfrə
arxasında davranış qaydası isə həqiqi elmə
çevrilmişdi. Sərvət və ya
müdriklik deyil, şöhrət gəncləri daha çox
özünə cəlb edirdi.
Vassalın süzerenə borcu və sədaqəti
feodalizmin fərqləndirici xüsusiyyəti idi. Yaponiyada
insanın vəzifələri içərisində birincilik sədaqətə
verilirdisə, Çində isə bu, valideynlərə tabe
olmaq idi. Analar uşaqlarına təlqin
edirdilər ki, onlar imperator naminə özlərini qurban verməyə
hazır olmalıdırlar. Axı istənilən adam özünün doğulması ilə
mövcud dövlətin bir hissəsinə çevrilir. Yaponlar təbəə kimi yalnız imperatora sədaqət
göstərməli olduqları halda, onlar xristianların
öz Sahibinə də sədaqət bəsləmələrini
anlamırdılar.
Döyüşçünün estetik tərbiyəsi
onun özünü təsdiq etməsində mühüm rol
oynayırdı. Busidonun üç dayağı -
müdriklik, insanları sevmək və igidlik idi. Samuray hesab edirdi ki, insanı heç də inanc xilas
etmir, insan inanca haqq qazandırır. Fəlsəfənin və
ədəbiyyatın öyrənilməsi samurayın
intellektual hazırlığının xeyli hissəsini təşkil
edirdi. Taktika, kalliqrafiya, etika, ədəbiyyat
və tarix onun öyrəndiyi vacib sahələr idi.
Samuray güman edirdi ki, sərvət müdrikliyə mane
olur. Dəbdəbəli həyat insan üçün ən
böyük təhlükə hesab olunurdu. Döyüşçü öz həyatını
sərt sadəlikdə keçirməli idi. Yaponlar müəllimə - senseyə böyük
hörmətlə yanaşırlar. Onlar
deyirdilər ki, valideyn məni dünyaya gətirmişdir,
sensey isə məni insan etmişdir. Bir cəhət
də ondan ibarət idi ki, həqiqi xidmət təmənnasız
qaydada edilir.
Yaponun dərisini qaşısan, ondan yeni ideyaları silsən,
onda dərinin altından samuray görünəcəkdir.
Samuraylar insan könlünün yüksək xüsusiyyətlərinin
daşıyıcıları hesab olunurdu. Məhəbbət,
alicənablıq, insanlara bağlılıq, başqasına
canı yanmaq və yazığı gəlmək daim insan
könlünün ən yüksək xüsusiyyətləri
olmuşdur. Əgər ləyaqət
ağacın kökü rolunu oynayırsa, sərvət onun
meyvəsidir. Mərhəmət isə
insanın özüdür. Qədim
Romanın məşhur xadimi Qay Yuli Sezar özünün
clementia - mərhəmət prinsipi ilə də böyük
şöhrət qazanmışdı.
Men-Tszı öyrədirdi ki, şərə görə
xeyirlə cavab ver. Konfutsi isə deyirdi ki, şərə
görə alınan qisas ədalətli olmalıdır. Layiqli
sübut olmadan qılınca əl atmaq əclaf
qorxağın işi və lovğalanmaq hesab olunurdu.
Bunlar samurayın mənəvi aləmindən xəbər
verirdi. Yaponiya samurayların hesabına olduğu kimi fərqli
bir ölkəyə çevrildi. Samuray təkcə
millətin qaymağı, çiçəyi deyildi, həm də
onun kökü idi.
Samuraylar daymyolara xidmət edirdilər, ona özlərinin
bədənini, həyatını, əmlakını həsr
edirdilər.
Bir vaxtlar feodal Yaponiyasının etik sisteminin yox
olacağı, onun xarabalıqları üzərində feniks
kimi yeni əxlaqın yaranacağı, Yaponiyanın yeni
proqress yolu ilə gedəcəyi bildirilirdi. Yaxşı məlumdur
ki, feniks yalnız öz külündən yenidən
doğulub həyata qayıdır. O, heç də
köçəri quş deyildir. Yapon nə qədər
yeni həyatdan həzz alsa da, öz keçmişini, onun
müsbət cəhətlərini heç bir zaman
unutmayacaqdır. Deməli, samurayın mənəvi
ruhu hələ uzun müddət yaşayacaqdır.
Yaponların
həyat tərzinin digər maraqlı cəhətləri
Yapon həyat və düşüncə tərzinə,
burada hökm sürən zövqlərə və tam fərqli
olan dəyərlər sisteminə bələd olanlar, yəqin
ki, ölkədəki samuray klanı kimi qəribə hadisənin
meydana gəlməsinə təəccüb göstərməyəcəkdir.
Bizim münasibətlərimiz fövqündə, sistemində
yapon davranışında müəmmalar, paradoksal
görünən cəhətlər olduqca çoxdur. Onlarla
tanışlıq, hər birinə ayrıca nəzər
yetirmək bizim maraq dairələrimizi daha da genişləndirir,
samuray kimi insanın özünü təsdiqini, cəmiyyətdəki
rolunu az-çox başa düşməyimizə kömək
edir.
Yaponiyadakı qəribəliklər, başqa xalqlardan əsaslı
qaydada təbiətə və insana münasibətindəki hətta
ziddiyyətli kimi qiymətləndirdiyimiz hadisələr və
çətin anlaşılan yanaşma tərzi bu vaxt
çox sayda cəhətlərə təəccüb
qalmağımız azalacaq, onlar, inanılması çətin
hesab etdiyimiz xüsusiyyətlərini bir qədər itirəcəkdir. Lakin bəziləri
isə tam anlaşılmazlığa səbəb olduğundan
onları heç cür qəbul edə bilmirik. Son vaxtlarda yapon gənclərində film komikslərində
təsvir olunan cansız qız şəkillərinə -
animelərə vurğunluq, onlara eşq elan edilməsi və
bu səbəbdən ailə qurmaqdan da imtina heç cür
ağıla sığmır və belə gənclərin
psixikasında gedən qüsurlu dəyişikliklər kənardan
onu müşahidə edənləri narazı salmaya bilmir.
Canlı həyatı şərti cansız rəsmlərlə
əvəz etmək və onlara vurulmaq, özünün
ömürlük sirdaşı kimi hiss etmək, zənnimizcə,
məhəbbətin daxil olduğu yeni qəribə bir faza olsa
da, bunu sevindirici hal saymaq olmaz. Lakin biz
onlara öz zövqlərimizi təlqin edə bilmərik, buna
cəhd etmək də heç də razılıqla
qarşılanmayacaqdır. Digər tərəfdən
sintoist ideologiyası da yapon psixiki durumunun tam fərqli
olduğunu inkar etmir.
Ailələrin yaranmasına və onun nəslin artırılmasına xidmət göstərməsinə mane olan amillər əslində, müasir cəmiyyətlərdə qədim dünyada baş vermiş Sodom və Qomorra eybəcərlikləri kimi qiymətləndirilməlidir. Onsuz da Bibliyanın lənətlədiyi bu iki şəhərin iyrənc qaydaları dünyada baş alıb gedir və onlarla sərt mübarizə aparılması da elə bir effekt vermir. Eyni cinsdən olanların evlənib, ailə qurması uşaq doğumunun azalmasına, demoqrafik inkişafın zəifləməsinə səbəb olur. Yaponiya öz sakinlərinin uzun ömürlülüyünə görə bütün dünya ölkələrindən irəlidədir. Nəslin böyüməsinin azalması gələcəkdə fəal işçi qüvvəsinin kasadlaşmasına səbəb olmaqla, Yaponiya kimi daim inkişafa can atan ölkəni ahıllar və qocalar ölkəsinə çevirib, onu ətalətə məhkum edə bilər. Bunun da əsl baiskarı yapon kinematoqrafçılarının icadı olan anime sayılacaqdır.
Avropanın bir sıra ölkələrində və ABŞ-da eyni cinsdən olanların əsasən sərbəst evlənməsinə icazə verilməklə, xristianlıqda din xadimlərinin və rahiblərin tselibatının - nikahsızlığının dialektik qaydada olan təkrarı baş vermişdir, müəyyən seqmentdə uşaq doğumunun qarşısı kəsilmişdir. Tselibat xristian keşişləri arasında pedofiliya kimi cinayətlərin yaranmasına səbəb olduğu kimi, Yaponiyada da kişicinsindən olan cavanların cansız əksə - animelərə vurğunluğu hesabına ailə qurmaqdan imtina etməsinin hansı fəsadlara səbəb olacağının qeyri-məlumluğu suallar doğurmaya bilməz. Hansısa qadağalarla və ya aludəçiliklə təbiətin qanuna məhəl qoymamaq bəşəriyyətin inkişafına cüzi də olsa mane olmaqla, ona ziyan vurmamış qalmır.
(Ardı var)
525-ci qəzet.- 2022.- 6 aprel.- S.21.