Min illik dastanın övladları  

 

 

Bu yazımda mən Almaniyada yaşayan və Türk Dünyasının sevilən usta yazıçısı dəyərli Orhan Arasın üç gün öncə Kölndən poçtla göndərdiyi və yenicə oxuyub bitirdiyim : " Biz Azərbaycanı çox sevdik" və "Helenendorfun sonuncu şahidi" adlı iki kitabı haqqında düşüncələrimi bölüşürəm.

 

İlk əvvəl onu vurğulayım ki, hər iki kitabda anladılan hekayə və hadisələr ruh halıma yaxın olduğu üçün dəfələrlə həyəcanlandım, qərib duyğular büsbütün ruhumu istila etdi... Orhan bəy kitablarına ata ocağının heç zaman sönməyən yaddaşını qatmış, "əli kərki yarası olan" analarımızın cəfakeş əməyini, mahnı və türküləriylə övladlarının ruhuna əkdiyi Yurd, Vətən sevgisini necə var anlatmış. Özü də necə deyərlər bəzəksiz-düzəksiz, el dilində, sadədən də sadə, axıcı bir üslubda. Azərbaycan sevgisi kitabda Hacı Hüseynin durnalarla danışan dilidir, qapqara gözlərindən axıtdığı yaşdır. Müəllifin uşaqlıq illərində şahid olduğu bu epizoddakı doğma Vətən hissi onunla zaman-zaman böyüyür, daha da körüklənir Vüslata dək götürür. Yazıçı Vətən, Yurd sevgisini ürəyində haralara daşımır ki?! Kitabda müəllif gənclik illərinə obyektiv bir şəkildə ayna tutur, 80-ci illərin " sağ-sol" çatışmalarını, həmin dövrün barışmaz ziddiyyətlərindən doğan mühiti də ən səmimi şəkildə anladır. Vətənpərvərliyin uca bir əməl işi olduğunu vurğulayır, boş və boğazdan yuxarı məsəlçiliyi şiddətlə qınayır. Gerçəkdən də süni vətənpərvərlik hər zaman ürək bulandırır, istər 50 il öncəsi istərsə də indi də. Günümüzdə belələrinə rastlayanda Saltlkov-Şedrinə haqq verməmək olmur: "Vətənpərvərlikdən danışırlar... Demək nə isə oğurlayıblar".

 

Orhan bəy "Biz Azərbaycanı çox sevdik" kitabında memuar janrından ustaca istifadə edib, gördükləri, yaşadıqları bütün hadisələri tarixləşdirib. Bu kitab xüsusilə Avropada yaşayan Azərbaycan Türklərinin fədakarcasına başlatdıqları diaspora fəaliyyətinin ilk ən sağlam qaynaq mənbəsidir. Rəhmətlik İbrahim və Abbas Bozyel qardaşları, Zeynalabdin Makas, Mehmet İrmak və digər dəyərli soydaşlarımız böyük bir tarixi missiyanın daşıyıcıları olmuşlar müəlliflə birgə. Diaspor fəaliyyəti bütün zamanlarda ən həssas məsələ olub və çox zaman məsəlçilər elə haray-həşir qoparıb ki, əsl əməl insanları yüksək tərbiyə və mədəniyyətlərinə sığınıb susmağa üstünlük veriblər.

 

Bu kitabı dəyərli edən daha bir xüsus müəllifin qarış-qarış gəzdiyi Azərbaycanın şəhər və kəndlərinin təbiətini, çayını, daşını, çiçəyini, insanını sevərəkdən anlatmasıdır. "Bu yerlərin insanlarının hamısı utancaq və gülərüzdür... Şirin kənd ləhcələri ruhuma istirahət verirdi. Yaxşı ki, bu ləhcəni mən də anamdan öyrənmişdim!" ("Helenendorfun sonuncu şahidi").

 

Məncə, öz ağzında doğma dili olmayanlara bundan tutarlı sillə ola bilməz!

 

Orhan bəyin Azərbaycan milli azadlıq hərəkatıyla bağlı müşahidələri, bu hərəkatın liderləriylə görüşləri də olduqca maraqlıdır. Azərbaycan ədəbi mühitinin Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Məmməd Aslan, İsa Hüseynov, Xəlil Rza, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi kimi görkəmli simalarıyla məktublaşma və görüşmələri ən içdən gələn duyğularla qələmə alınıb. Həmin dövrün çətinlikləri, Azərbaycana qarşı olan güclərin situasiyanı bulandıran çirkin məqsəd və niyyətləri nə yazıq ki, ölkəni çox böyük təlatümlərə sürüklədi, Dövlətçiliyimiz ağır zərbələr aldı bundan. Müəllif Azərbaycan sevgisi uğrunda sıra nəfər kimi döyüşməyi özünə borc bilir, Almaniyada təhsilini yarımçıq qoyub gizlin yollarla düşmənə qarşı döyüş səngərində yer alır. Bu kitabda demək olar ki hər şey var tarixi yaddaş adına: İlk səs, ilk kədər, Turan, Azərbaycanın izində, Ayrılıq, Azadlığın dadı və qətliam, Vüslat, Savaş, Kədər və peşmanlıq, Qarışıqlıq, Atəşkəs, Yenidən Vüslat və nəhayətində QƏLƏBƏ!

 

Orhan bəyin "Helenendorfun sonuncu şahidi" kitabı isə həsrətin, hicranın hekayəsidir. Kitab XIX əsrin əvəllərində Qafqaza köç etmiş almanların Azərbaycan ərazilərində qəsəbələr, kəndlər salaraq üzümçülük, kənd təsərrüfatı, tikinti işləri ilə məşğul olmaqları və onların sonrakı acı taleyindən bəhs edir. Muğanlı kəndində iki alman qardaşlar Mustafa və İslamın ailə hekayələri, anaları Vrenin ataları İslam Əhməd Yusifovla eşq hekayəsi, Vrenin böyük fədakarlıqla bütün ailəsini və ölkəsini buraxıb İslama qoşularaq bu kəndə gəlməsi ən həzin boyalarla anladılır. Mustafanın Almaniyadakı evlərinin şəklini çıxarıb ortaya qoyması... Damı örtülməmiş kənd evi... Baxdıqca insanı kədərləndirən bir şəkil..." İnsan taleyinə biçdirilən yarımçıqlığın qəddar təntənəsi...

 

 

 

Müəllif almanların yaşadığı Helenendorfda (Sovetlər dönəmində Xanlar, indiki Göygöl şəhəri - M.İ.) sirli, sehrli və son şahidin izinə düşür. Adı Sami olan bu qəhrəmanın yaddaşına qazıdığı xatirələri silməyə nə fələyin, nə də bolşevik-Sovet rejimin gücü yetməmiş. Əslində həsrətdən, hicrandan yoğrulmuş bu qəhrəman olduqca ehtiyatlıdır, amma əsla qorxaq deyildir. Əksinə müəllifə anlatdıqlarında, ailəsinə çəkdirilənlərə qarşı vulkan kimi püskürən üsyankar bir ruh vardır. Əsərin mavi gözlü alman qəhrəmanının uzaqlara dikilən baxışlarında nələr var, nələr... Əlini Helenendorfdakı evlərinə sarı uzadaraq anlatdıqları: - Burada dörd yüzdən çox ev var. Hamısı ikimərtəbəlidir, üç-dörd otaqlı, bağçalı... O bağçalarda necə rəqslər, necə də mahnılar oxunardı. Qəsəbənin öz orkestri var idi. Bir neçə gənc də ağızda armonika çalardı. Uzun sarı saçlı qızlar, qala bürcü kimi hündür oğlanlar qol-qola verib yorulana qədər rəqs edərdilər. Ağsaqqallar isə tütünlə dolu qəlyanlarını çəkər və alqışlarıyla musiqini müşaiyət edərdilər..."

 

İstər-istəməz Çingiz Aytmatovun manqurtunu xatırlayıram, anasına belə qıyan onu öldürən. Məncə, bir insanın ruh halı və yaxud ruh yaddaşı manqurt olmağa hazır olduğu üçün düşmən onu öz əsirinə çevirə bilir. Ruhunu uca tutan, onun yaddaşına xəyanət etməyəni manqurta çevirmək mümkünsüzdür eynən Sami kimi. Qafqazın tolerantlığı, bu gerçəyi heç zaman danmaq olmaz. Qurban Səidin "Əli və Nino" su bunun ən gözəl örnəyidir. Orhan bəyin qəhrəmanı Samidə də olduqca təsirli bir örnək var. Saminin Azərbaycan mədəniyyətinə, musiqisinə candan bağlılığı, şuşalı çoban Süleymanla əhdə vəfa dostluğu, onun Şuşanın işğalına məruz qalan taleyinə yanğısı, dostunun iki gün xəstəxanda qalan meyitini götürüb Gəncədə məzar yeri alıb adətlərimizə uyğun torpağa tapşırması kitabın ən təsirli yerləridir. Bir də suyumuzu içib, çörəyimizi yeyib bizi arxadan vuran xain erməni xislətini düşünək. Qafqazda barış və istiqrarın baş pozucuları oldular bu üzdən gələcəkdə coğrafiyadan silinmələri mütləq baş verəcək. Uca alman mədəniyyətinin Azərbaycan mədəniyyətiylə çulğaşmasının misilsiz və mükəmməl örnəyidir əsərin qəhrəmanı Sami.

 

Saminin ailəsinin başına gətirilənlərdə həm Çar Rusiyasının, həm də bolşevik Rusiyasının böyük " payı" var. Çar məmurlarının ortaya atdığı fitnəylə üzünü belə görmədiyi atasını itirir, bolşevik zülmüylə isə məşəqqətlərə məruz qalır anasıyla birgə. Kitabın sonunda qırıq taleyə məruz qalmış qəhrəmanın müəlliflə son görüşü, dialoqu da yarımçıqdır, qırıqdır...

 

- Almaniyaya salam deyin, - dedi.

 

- Baş üstə, - dedim.

 

- Bir də...

 

Maşına mindi, pəncərəsini endirib mavi gözlərini gözlərimə dikdi. Bir şey demək istədi, sonra vaz keçdi. Maşını işə saldı və getdi. Arxasınca bir neçə addım atdım.

 

- Bir də nə?-deyə qışqırdım. Səsim parkda əks-səda verdi...

 

 

 

KƏDƏRLİ BİR XATİRƏ. 2005-ci il idi, Keniqsberqdə (indiki Kalininqrad, nədənsə əlim gəlmir qondarma adıyla yazım bu şəhəri, bu üzdən doğma adıyla keçəcək sətirlərdə bu ad - M.İ.) yaşadığım vaxtlar idi. Təpədən dırnağa hər daşı torpağıyla bu alman şəhəri ruhumda dərin izlər buraxdı. Şəhəri qarış-qarış gəzdim tanımaq adına, tarixi-etnoqrafik muzeyində, bütün məşhur tarixi yerlərini bir-bir ziyarət etdim. Baltik dənizinin sularına toxundum, dərin xəyallara belə daldım bu dənizlə üzbəüz, dəniz qumlarından təpələr, qalalar düzəldərdim bir uşaq çılğınlığıyla...

 

Şərqi Prussiya olaraq bilinən Keniqsberq İkinci Dünya Savaşında Sovet qoşunları tərəfindən işğal olunmuş bir şəhərdir, 1945-ci il Potsdam sülh konfransının qərarıyla SSRİ-yə ilk olaraq müvəqqəti verilsə də, sonra tamamilə Sovetin tərkibinə qatılıb. Bu həmin vaxt doğma şəhərlərini acı göz yaşlarıyla tərk edən Keniqsberqdə yaşayan almanların həyatını tamamilə alt-üst edib, heç cür barışa bilməyiblər bu aqibətlə. Alman əhali Keniqsberqə yaxın alman şəhərlərində məskunlaşsalar da, ürəkləri, qəlbləri doğma şəhərləriylə döyünüb gecə-gündüz. Hətta bu şəhərin yaşlı nəsillərindən olan rus, polyak qarışıq almanlarla söhbət etdiyim zaman mənlə olduqca kövrək, acı bir xatirəni paylaşdılar. Demək, Keniqsberq tam olaraq Sovetlərə "birləşdirildikdən" sonra bütün ümidlərini itirən bu şəhərin sakinləri, məskunlaşıb yaşadıqları alman şəhərində doğma şəhərlərinin işğal günündə yəni 9 apreldə milyonçusundan tutmuş sadə fəhləsinədək gecəyarısı üzü Keniqsberqə yaşadıqları şəhərə nə vaxtsa qayıtmaq ümidiylə bir yerə toplaşar, onlara doğma olmayan küçələri Keniqsberq torpağı zənn edərək, süpürərlər, milyonçuyla kasıbıyla birgə, bir-birilərini qucaqlayıb uşaq kimi ağlayarlar, xatirələrini danışarlar bir-birinə, qovuşa bilmədikləri doğma şəhərlərinin həsrətləriylə... Mən bu hekayəni dinləyəndə çox həyəcanlanmışdım, gözlərim dolmuşdu, hətta bunu mənə danışan yaşlı qocaya Çar-Sovet zülmünün bizi də necə ikiyə böldüyünü, təkcə mənim doğulub boya başa çatdığım Culfa şəhərinin bir tayının bizdə, digər tayının farslarda olduğunu, 40 il sonra qovuşan ana-balaların nisgildolu dramlarını danışanda "sən də ayrılıqların acısını dadmış bir nəslin övladısan" sözlərini gözlərində min bir kədərlə söylədi mənə...

 

Gün o gün olsun ikiyə bölünmüş bütün xalqlar, şəhərlər bütünləşsin, pərən-pərən düşmüş insan taleləri acılar yaşamasın, hər kəs doğulub boya-başa çatdığı ölkəsində, elində, obasında, məhəlləsində ölənədək hürr və məsudcasına yaşasın!

 

Şair Rəsul Rza demişkən:

 

"Yanğınlar sönsün, ümidlər sönməsin..."

 

Almaniya, Steinhagen.

 

Məhəmməd İSRAFİLOĞLU

 

525-ci qəzet.- 2022.- 6 aprel.- S.17.