Doğma torpağın doğma
adamı doğmaların filmində
Aprelin
1-də Aqil Abbasın 69 yaşı tamam oldu -
yazıçı, publisist, naşir, Milli Məclisin
üzvü Aqil Abbasın. Amma hər şeydən əvvəl Vətəndaş Aqilin! Bütün yaradıcılığını
Qarabağa bağlayan
Aqilin! Otuz illik ağır işğal dövründə
teleefirlərdəki çıxışlarından
tutmuş ədəbi
tariximizə yazılmış
romanlarınadək Qarabağ
mövzusunu ürək
sətirlərinə köçürən
Aqilin! O zaman itirilmiş Qarabağ kədərini hər an yada salan
Aqil Abbas torpaqlarımızın azad
olunduğu günlərin
sevincini necə yaşadı - onu hər kəs gördü: Teleçıxışlarından,
tələbələrlə-gənclərlə
görüşlərindən, publisistikasından və bir də AZAD Şuşaya, AZAD Ağdama
ilk səfərlərindən!
Aqil Abbasın romanı əsasında çəkilmiş
"Dolu" bədii
filmi romanın müəllifini iki istiqamətdən bir daha xalqa təqdim
etdi: Qarabağ sevgisi və mükəmməl yazıçı
kimi!
Mən bu yerdə Aqil Abbasın mətbuatın,
ədəbi tənqidin
yüksək qiymətləndirdiyi
əsərləri barədə
danışmayacağam, çünki
bu əsərlərə
hər kəs bələddir. Amma deyəsən, Aqil Abbasın vətəndaşlıq,
Azərbaycana, ölkəmizin
Məkkəsi olan Qarabağa sevgisinə, Ağdam kədərinə
və Ağdam qüruruna REAL televiziyası
hamıdan çox və daha yaxşı bələddir. Yəqin buna görədir
ki, aprelin 1-də dostlarının, tanışlarının
təbrik zənglərinin
susmaq bilmədiyi bir gündə mənə də doğma olan REAl TV Aqil Abbası
Ağdama apardı.
Və yəqin ki, 70 yaşına bircə il
qalmış Aqil Abbasa ad günündə ən böyük hədiyyə elə bu səfər oldu. REAL tv
Ağdamı ömrünün
hər anında Vətənin müqəddəs
bir məkanı kimi sevən Aqillə bu səfəri sənədli
telefilm formatında tamaşaçılarına təqdim
etdi. Məni duyğulandıran həm də belə bir fakt
oldu ki, Aqil Abbasın yol yoldaşı Elcan, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
dördüncü kurs
tələbəsidir. Belə bir fakt
formalaşır: REAL-ın
Aqil Abbasla səfər etdiyi Ağdam mənim də doğulub boya-başa çatdığım
məkandır, Aqil Abbas bir dost kimi, bir ağdamlı
kimi mənə də doğmadır və onun ad gününü diqqətdə
saxlayan REAL tv-nin bütün əməkdaşları
da mənə doğmadır. Üstəgəl Ağdama səfərdə
Aqil Abbasın əsas yol yoldaşı
Elcan hazırda təhsil aldığı
fakültədə mənə
də çox doğma bir tələbədir.
Filmin belə
bir adı var: "Ağdam Dolu Aqil ". Bu da filmin müəlliflərinin
maraqlı tapıntısıdır:
Bu sərlövhə bir
tərəfdən Aqil
Abbasın ürəyinin
Ağdam dolu xatirələrini əks etdirir, digər tərəfdən vaxtilə
Birinci Qarabağ döyüşlərinə həsr
etdiyi "Dolu" romanını və ondan doğan "Dolu" filmini bir daha yada
salır.
Filmdə Elcanın ilk sözləridir: " Biz Aqil Abbasla birlikdə aprelin 1-i 2022-ci ildə onun ad gününü Ağdamda qeyd edəcəyik ". Ağdam şəhərinə giriş nöqtəsində Aqilin ilk cümləsi: "Dağılmış Ağdam da gözəldir". Bu cümlələr filmin proloq hissəsidir. Bundan sonra filmdə yol təəssüratlarının vizual məqamlarını görürük. Yol boyu Aqil Abbasın Ağdam xatirələri, Ağdam görüşləri təqdim olunur. Onun bu söhbətləri çox maraqlıdır. Yolçular "Ağdamın ağ gününə " gedirlər.Yol boyu bu xatirələrdə həm də Ağcabədi görüşləri: Aqil Abbasın doğulduğu kənddə xeyli vaxt bundan əvvəl tikdirdiyi kitabxanaya, onun təhsil aldığı orta məktəbə səfərləri, doğma evdə çay süfrəsi və ailə xatirələri, Ağdamda Seyid Lazım ağanın qəbrini ziyarət... Bütün bu səhnələr filmin çox maraqlı epizodları və Aqil Abbasın torpağa məhrəm söhbətləri ilə sinxron şəkildə təqdim olunur. Ağdama yaxınlaşanda "Dolu" filminin çəkilişində gördüyümüz postun yanında Aqil Abbası yenə maraqla dinləyirik. Və bu anda mənim də xatirələrim oyanır: Torpaqlarımızın işğalda olan vaxtların birində 2020-ci ilin yazında Aqil Abbas Jurnalistika fakültəsinin bir qrup müəllim və tələbəsini cəbhə xəttinə - Ağcabədi-Ağdam torpağına səfərə gətirmişdi. Düşmənin həmin postun əks tərəfində - bizim doğma Ağdamımızda pusquda dayandığı bir zamanda Aqil Abbas dayana bilməyib, bizim əsgərlərin təkidinə baxmayıb postu keçdi və Ağdama tərəf irəlilədi.
- Qoy, öldürsün məni o yağı düşmən - deyib dayanmadan irəlilədi. Onda mən Aqili qucaqladım və heç olmasa, məsuliyyət daşıyan əsgərlərimizi nəzərə alıb geri qayıtmasına nail oldum... "Ağdam dolu Aqil Abbas" filmi beləcə o torpaqlara həsrət qalan hər birimiz üçün çox-çox hadisələri yenidən yada salır...
Yolçular Ağdama çatırlar. Yağı düşmənin viran qoyduğu ruhlar şəhərində Aqil öz evlərini tapır, bu evin ətrafa səpələnmiş daş qalıqları üstündə Ağdamda keçən günlərini, illərini vərəqləyir. Onun bütün söhbətində Ağdamın haçansa mütləq azad olunacağına, qarabağlı inamının ötən otuz ildə heç vaxt öləzimədiyi və yenidən qurulmaqda olan bu şəhərin əvvəlkindən də gözəl olacağına inamı tamaşaçıya da sirayət edir və elə Aqil Abbasın dilində Ali Baş Komandan İlham Əliyevə təşəkkür və minnətdarlığına hamımız bir daha şərik oluruq.
Filmin sonu
Aqilin öz doğma həyətində
alovlandırdığı Novruz
tonqalı ilə bitir. Aqil
Abbas tonqalın üstündən
tullanıb onu heç
vaxt sönməyə qoymasın, deyə
Tanrıya dualar edir. Biz də bu böyük Vətəndaşın, bu səmimi ağdamlının müqəddəs
dualarına şərik oluruq. Və filmin yaradıcı heyətinə - ideya müəllifi Mir
Şahinə, müəllif Elcan Məmmədova,
operator İsa Məmmədova,
bütövlükdə doğma
"REAL"ımıza təşəkkür edirik.
Cahangir
MƏMMƏDLİ
BDU
Yeni media və kommunikasiya nəzəriyyələri
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2022.- 6 aprel.- S.16.