Sonuncu Sovet
İttifaqı Qəhrəmanı
Qubadlıda şəhid
olan ukraynalı
1990-cı
ilin qanlı 20 Yanvar qırğını ərəfəsində Moskva əvvəlcədən
planlaşdırdığı ssenari üzrə Azərbaycanda
vəziyyətə tam nəzarət etmək, xalqın imperiya
əleyhinə getdikcə artan mübarizəsinin
qarşısını almaq, hadisələri öz mənafeyinə
uyğun məcraya yönəltmək məqsədilə
yanvarın 15-də Ermənistan və Dağlıq
Qarabağla 132 km sərhəddi olan Qubadlı rayonunda da
fövqəladə vəziyyət elan etdi. Şuşa və Xankənddə yerləşən 21-ci briqadanın
bir batalyonu yanvarın 17-də Qubadlıya
daxil oldu və komendatura idarəsi qurdu. Yerli əhalinin, rayon rəhbərliyinin
tələbi ilə bir bölük əsgər və zabit heyəti tez-tez erməni terror dəstələrinin hücumlarına
məruz qalan ərazidə - Qafan-Gorus yolu ilə sərhəddinə
yaxın Yuxarı Cibikli kəndində yerləşdirildi. Bir neçə il
idi bu sərhəd,
dağ kəndlərində
terror, təxribatlar ara
vermirdi, məqsəd hərəsində 20-30 ailə
yaşayan kəndlərin
sakinlərini qorxudub yer-yurdundan qaçırmaq,
əhəmiyyətli yüksəkliklərə
sahib olmaq idi. Murdar xislətli qonşular Eyvazlı kəndini tamam yağmalayıb yandırmış, Şahverdilər,
Novlu, Seytasın üç nəfər ağsaqqalını qətlə
yetirmiş, bir neçə nəfəri
də əsir aparmışdılar. Təbii ki,
biz də sakit oturmurduq, erməniyə misli ilə əvəz ödədirdik.
O vaxtlar hər iki tərəfdən bu kimi hadisələr
tez-tez təkrar olurdu, əsir, girov tutub ölü,
diri insanlarla dəyişmək adi hal idi.
1991-cı
il, 7 aprel.
Cibikli kəndinin iki gənci - 20 yaşlı Şahin İlyas (meşəbəyi)
oğlu və dayısı Qulamın oğlu Qəribi ermənilər çoxdan
izləyirdi, bu qeyrətli gənclər dəfələrlə ermənilərdən
qisas almış, hər addımına bələd olduqları ərazidə sərbəst
gediş-gəlişə həsrət
qoymuşdular. Nəhayət, meşədə saqqallı
ermənilər onları
qəfildən yaxalayır,
ov tüfəngi ilə bir neçə
ermənini gəbərdən
Şahini vəhşiliklə
öldürüb, Qəribi
də ağır yaralayıb girov götürürlər. Avtomat
səslərindən faciə
baş verdiyini anlayıb meşəyə
tərəf axışan
kənd camaatını
qaniçən terrorçular
atəşlə qarşılayır,
atışma başlanır,
cəmi bir neçə ov tüfəngi ilə silahlanan kişilərin bir neçəsi öldürülür, kəndin
sahə müvəkkili
Əbdülqadir, yaxın
günlərdə toyu
olası Şahin də aralarında olmaqla bir neçə
nəfər də yaralanır. Mühasirə halqası daralan,
sonuncu güllələrini
atan kənd sakinlərinin harayına leytenant Oleq Babak və iki
rus əsgəri yetişir, özlərinə
etibarlı mövqe seçib avtomatla erməniləri dənləməyə
başlayırlar. Oleq
Babak ermənilərə
aman vermədən atışır,
iki serjantına
- Aleksey Loqinov və
Aleksey Boçkova mühasirədəki
yaralıları çıxarmağı
tapşırır, onlardakı
patron daraqlarını da
götürür, bir
neçə yara alsa da, son gülləsinə
qədər vuruşur, geri çəkilmir. Kənd sakinlərinin, yaralıların
artıq təhlükəsiz
yerə çıxarıldığını
görür. Güllələrin
bitdiyini görən Oleq özünə sipər seçdiyi səngərdən qalxıb:
- mən sovet zabitiyəm, atəşi dayandırın! - deməsi ilə güllə yağışına
tutulması bir olur.
Murdar düşmən
atışma meydanında
qalan 24 cəmdəyini,
7 yaralını, Oleqin
və kəndin bir neçə sakininin qan içində
meyitini götürüb
zirehli maşına qoyub aparırlar. Rayon mərkəzindən köməyə
gələn milis və rus hərbçiləri
meşə yolları
ilə bu ucqar dağ kəndinə gəlib çatanda ağır döyüşün izlərinə
baxıb, şahidlərin
danışdıqlarını dinləyib Oleqin igidliyindən heyrətə
gəlirlər. Şahidlər
danışırdı ki,
erməni silahlılarından
biri Oleq Babakla hərbi məktəbdə bir yerdə oxumuşdular, döyüş əsnasında
onu tanıyıb bir neçə dəfə silahı yerə qoymağa, müsəlman türklərdən
ötrü din qardaşlarının
qanını axıtmamağa
çağırsa da,
o zabit şərəfini son nəfəsinədək
yerinə yetirib 10-dan çox günahsız insanın həyatını
da xilas etmişdi. Güllə keçirməyən gödəkçəsi deşik-deşik
olmuşdu. Oleqin fövqəladə
rejim şəraitində
xidmətini başa vurmağa cəmi bir ay qalmışdı, mayda başqa regionda xidmətini davam etdirəcəkdi.
Oleq Yuxarı Cibikli postuna gələn günlərdən dağ
kəndinin qonaqsevər
camaatı ilə tez
bir zamanda qaynayıb qarışmışdı.
Kənddə uşaq-böyük hamı onu Babək
deyə çağırırdı,
səylə Azərbaycan
dilini öyrənirdi,
yerli sakinlərlə,
xüsusən uşaqlarla
Azərbaycan dilində
danışmaqdan sövq
alırdı. Özünü komandir kimi yox,
əsl əsgər kimi aparırdı. Vətənə qayıdan kimi
toyu olasıydı, ailənin Yakov Andreyeviçin və Nadejda İvanovna yeganə övladı, sevimlisi idi, üstəlik vətənində
yolunu gözləyən
var idi. 24 yaşlı bu
yaraşıqlı, gözəl
simalı gənc zabiti mən də görmüş, həmsöhbət olmuşdum,
"salamaleykum" sözünü
məxsusi şirin təbəssümlə deyirdi.
Milliyyətcə osetin olan rus
hərbi kontigentinin komandiri (Əliyar Əliyevlə birlikdə onunla xoş münasibət qurmuşduq,
dəfələrlə ermənilər
əleyhinə yardımından
da yaxşıca yararlanmışdıq) podpolkovnik
Zavqayev sevimli zabitinin intiqamını erməni saqqallılarından
layiqincə almışdı.
Onun ciddi səyi ilə Oleqin nəşi ermənilərdən alınıb
Qubadlıya gətirildi,
cansız cismi rayon sakinlərinin ehtiramlı vida mərasimi ilə hərbi hissənin həyətindən
vertolyotla Bakıya, oradan Kiyevə yola salındı. Qubadlı rayon rəhbərliyi çox böyük hörmət-izzətlə,
qədirbilənliklə Oleq
Babaka Qubadlıda təzə açılan
mərmər sexində
üzərinə surəti
nəqş olunmuş
qəbirüstü sinə,
başdaşı düzəltdirdi,
məxsusi nümayəndələrlə
Bakıdan qatarla Ukraynaya - doğulduğu kəndə göndərildi.
İllərdir ki, Oleqin
Poltava torpağındakı qəbirüstü abidəsi
Qubadlının, Azərbaycanın
bir parşası, əmanəti, nişanəsi
kimi qalır.
Rayon və respublika
rəhbərliyinin təqdimatı,
hərbi hissə komandanlığının raportu,
camaatın Moskvaya vurduqları teleqramlar nəzərə alındı. "Hərbi
vəzifəni yerinə
yetirərkən göstərdiyi
cəsarət, qəhrəmanlıq
və fədakarlığa
görə" SSRİ Prezidentinin
17 sentyabr 1991-ci il tarixli Fərmanı ilə leytenant Oleq Yakovleviç Babaka Sovet İttifaqı Qəhrəmanı adı
verildi. Dekabr ayında isə
SSRİ dağıldı və
beləliklə, Oleq Babak Sovet İttifaqının
son Qəhrəmanı oldu.
Oleqin təltif edildiyi "Sovet İttifaqı Qəhrəmanı"
ulduzu ilə yanaşı, Daxili Qoşunlar günündə
layiq görüldüyü
"Müqəddəs Stanislav"
ordeni, xüsusi təyinatlıların şərəf
və şücaət
simvolu olan tünd qırmızı
beret taxmaq hüququ verən sertifikatlar valideynlərə təqdim
edildi.
55 yaşı tamam
oldu Oleq Babakın. 25 fevral
1967-ci ildə Ukraynanın
Poltava vilayətinin Piryatin
rayonunun Viktoriya kəndində fəhlə
ailəsində doğulub.
O, 1974-cü ildən 1982-ci ilə kimi 8 il Viktoriya
kənd məktəbində
oxuyub, sonra isə qonşu Teplovsk kəndində orta məktəbi bitirib. 1985-ci ildə
SSRİ Daxili İşlər
Nazirliyinin Ali Siyasi Kollecinə daxil olub. 1989-cu ildən
SSRİ Daxili İşlər
Nazirliyinin Daxili qoşunlarının xüsusi
təyinatli 21-ci briqadasında
11-ci bölüyün siyasi
hissə üzrə komandir müavini vəzifəsində xidmət
edib, Qarabağa ezam olunub. Adına doğma vətənində küçə,
məktəb var. Sözsüz
ki, canını fəda etdiyi, uğrunda şəhid olduğu Qubadlıda da Oleqin xatirəsi
əbədiləşəcək, həm də bu ağır günlərin sınağından
çıxan Ukrayna və Azərbaycan xalqlarının dostluğunun
rəmzi ifadəsi olan abidəsi ucaldılacaq.
44 gün Vətən müharibəsində, ondan əvvəl və sonra Ukrayna dövləti və xalqı daim Azərbaycanın yanında olub, xüsusən, informasiya savaşında ukrain bloqqerlər ermənilərin saxta məlumatlarının ifşası, haqq, ədalətin bərpası uğrunda savaşımızın mahiyyətinin Avropada yayılmasında olduqca xeyirli fəaliyyət göstəriblər. Rusiyanın Ukraynaya qarşı bütün əxlaq, insanlıq, hüquq normalarını heçə sayan bədnam təcavüzünün davam etdiyi bu ağır günlərdə Oleq Babakı yetişdirən dost, qəhrəman ukrain xalqına Uca Yaradandan yardımçı olmağı arzulayıram. Bəşər tarixinin üz qarası olan bu insanlıqdan uzaq, vəhşi, məkrli düşüncənin, şərəfsiz hərbi-siyasi aqressiyada yaşamını itirənlərə rəhmət, yaralılara şəfa, bu qara günlərin tezliklə bitməsini diləyirəm.
Sözardı: Rusiyanın Ukraynaya açdığı savaşın ilk günlərindən Oleq
Babakın ailə üzvləri ilə əlaqə qurub problemlərinin həllinə
yardımçı olmağa
çalışdıq, Bakıya dəvət etdik,
hələlik buna ehtiyac
olmadığını bildirdilər, münasib zamanda
Qubadlıya aparmaq niyyətimizi, yaxın vaxtlarda Oleq Babaka həsr olunmuş
kitabımızın Azərbaycan və ukrain
dillərində nəşr ediləcəyini də
razılıqla qarşıladılar.
Hacı
NƏRİMANOĞLU
Zəngəzur
Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 6 aprel.- S.15.