Buça kabusu
Ukraynanın Buça və İrpin şəhərlərində
Rusiya ordusunun törətdiyi qətllərin
yayılan görüntüləri
Kiyevlə Moskva arasında sülhün əldə olunacağına
bəslənən kövrək
ümidləri öldürdü. Qətliamın görüntüləri Qərblə
Rusiya arasındakı
münasibətlərin yaxın
vaxtlarda bərpa oluna biləcəyi haqqında ehtimalları da gündəmdən çıxardı. Bunu Qərb
ölkələrinin liderlərinin
açıqlamalarından da
görmək olar.
Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, Rusiyanın Buça və İrpində mülki şəxslərə qarşı
dəhşətli hücumları
Ukraynada hərbi cinayətlər törədildiyini
bir daha sübut edir. Boris Conson Putinin döyüş maşınının
məhv edilməsi üçün əlindən
gələni edəcəyini
də vurğulayıb.
İtaliyanın Baş naziri
Mario Draqi ölkəsinin
Ukrayna ilə tam həmrəy olduğunu bildirib. Estoniyanın Baş naziri
Kaja Kallas isə Buça və İrpində rus qoşunları tərəfindən öldürülən
mülki şəxslərin
görüntülərinin sovet və nasist
rejimlərinin törətdiyi
qırğınları xatırlatdığını
deyib. Fransa prezidenti Emanuel Makron
France Inter radiosunda çıxışı
zamanı Buça və İrpin şəhərlərində baş
verənləri əks
etdirən görüntüləri
Rusiyanın Ukraynada hərbi cinayətlərinin
sübutu kimi dəyərləndirib və
yeni sanksiya tətbiq etməyə çağırıb. Fransa prezidenti
hesab edir ki, Avropa Birliyi
Rusiyadan neft və kömür idxalatına qadağa qoymalıdır. Makronun bu
təklifi Avropa Birliyinin aprel ayının 6-da keçirilməsi
gözlənilən toplantısında
müzakirə oluncaq.
Çox
böyük ehtimalla, Rusiyadan neft və kömür idxalatına qadağa qoyulacaq. Avropa Birliyi Şurasının
prezidenti Şarl Mişel Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib. Almaniya kansleri Olaf Şolts
da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərinə söz
verib.
Dünyanın aparıcı media orqanlarının
"Günahsızların qırğını", "Buça kabusu", "Soyqırımı", "İŞİD-dən dəhşətli"
və "Rusiya cavab verməlidir" başlığı ilə
yaydığı görüntülər
Qərb ictimaiyyətində
Rusiyaya qarşı nifrətin çox yüksək səviyyəyə
qalxmasına yol açıb. Bu isə
Qərb liderlərini sərt addımlara vadar edir. Ona görə də Rusiyadan neft və kömür idxalatının qadağan
olunacağı ehtimalı
çox yüksəkdir.
Almaniyanın müdafiə naziri
Kristina Lambrext Rusiyadan
qaz idxalatını da qadağan etməyi təklif edib. Polşanın Baş naziri
Mateuş Moravetski Rusiyanı "totalitar faşist dövlət"
adlandırıb və
bu dövlətə qarşı sanksiyaları
sərtləşdirməyə çağırıb. Avropa Birliyinin
xarici siyasət idarəsinin rəhbəri
Josep Borrell Rusiyanı Buçadakı
qırğınlarda ittiham
edərək, baş verənləri "vəhşilik"
adlandırıb. Borrel bildirib
ki, Rusiya nəzarəti altında olan ərazilərdə törədilən bütün
cinayətlərə görə
məsuliyyət daşıyır.
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar
aparıb. Baş nazir Rusiyaya
qarşı daha sərt sanksiyalar tətbiq edəcəklərini
deyib və Ukraynaya yeni müdafiə dəstəyi
vəd edib. Ukrayna prezidentinin sözlərinə
görə, yeni müdafiə dəstəyi
hiss ediləcək səviyyədə
olacaq. ABŞ dövlət katibi Entoni Blinken Buça və İrpində baş verənləri sərt tənqid etməklə yanaşı, Ukraynaya yeni hərbi dəstək vəd edib. Qərb liderləri Rusiyanın
bir tankına qarşı Ukraynaya 10 ədəd tank əleyhinə
raket verəcəklərini
bildirirlər. Ekspertlər isə
daha sərt addım atmağa çağırırlar. Bəzi ekspertlər hesab edir ki, NATO Rusiyanın
Qara dənizdəki donanmasını məhv etməli və Yuqoslaviyanın müsəlmanlara
qarşı törətdiyi
soyqırıma cavab olaraq Belqradı bombaladığı kimi, indi də Moskvaya
zərbə endirməlidir.
Bu təklif indi
qeyri-real görünsə
də, ekspertlər yaxın gələcəkdə
Moskvanın Belqrad kimi bombardman olunacağını mümkün
sayırlar.
Hələlik isə Rusiyanın Qərblə əlaqələri sürətlə qırılmaqda davam edir. Avropa Yenidənqurma və İnkişaf Bankı Rusiya və Belarusun qurumun maliyyə qaynaqlarından istifadə etməsini yasaqlayıb. Litva bu ayın əvvəlindən Rusiyadan qaz idxal etməkdən imtina edib. Energetika naziri Dainius Kravis bildirib ki, bundan sonra Litvada Rusiya qazı olmayacaq. Latviya və Estoniyanın da eyni addımı atacağı gözlənilir. Polşa, Latviya, Litva və Estoniya Rusiyaya qarşı nəqliyyat blokadası tətbiq etməyi planlaşdırırlar. Bu məqsədə artıq danışıqlar başlayıb.
Rusiya rəsmiləri Buça və İrpində onları "təhlükəli təxribat" adlandıraraq məsuliyyətin Rusiya hərbçlərinə aid olmadığını bildirsə də, onlara artıq heç kim inanmır. Hətta Rusiya vətəndaşları da Buça və İrpində olanlara görə Rusiya ordusunun məsuliyyət daşıdığı qənaətindədirlər. Bir qrup hüquq müdafiəçisi və ictimai xadim İstintaq Komitəsinin sədrinə müraciət edərək Beynəlxalq İnsan Haqları Təşkilatı Human Rights Watch-ın əlində Buçada mülki şəxslərin məhkəməsiz edamları ilə bağlı sübutlar olduğuna diqqət çəkərək, bu hərbi və insanlıq əleyhinə cinayətlərdə Rusiya Federasiyasının hərbçilərinin iştirakı ehtimalını araşdırmağa çağırıblar.
Buça və İrpində Rusiya ordusunun törətdiyi qətliama ən sərt reaksiya aralarında Rusiya Elmlər Akademiyasının akademiki Yuri Pivovarovun da olduğu bir qrup nüfuzlu elm və iş adamı, ictimai-siyasi xadiminin yaratdığı "Rusiyanın Müharibə Əleyhinə Komitəsi" tərəfindən verilib. Komitə Buçada baş verənləri soyqırım adlandırıb və Rusiya ilə bütün ticarət əlaqələrini kəsməyi tövsiyə edib. Komitə eyni zamanda, Rusiya ordusunun cinayətlərini araşdırmağa, Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukrayna ərazisində mülki şəxslərin məhkəməsiz edam və qətllərinin soyqırımı kimi tanınmasına çağırıb.
Vladimir Putini hərbi cinayətkar adlandıran ABŞ prezidenti Co Bayden Rusiya prezidentinin cinayətlərini araşdırmaq üçün beynəlxalq tribunal yaradılmasına nail olacağını bəyan edib. Co Bayden Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini bildirib.
Buça şəhərinə gedən Ukrayna prezidenti Volodimir Zelenski bu şəhərdə baş verənləri soyqırım adlandırıb və müqəssirlərin ədalət qarşısında cavab vermələrini təmin edəcəklərini bəyan edib. Ukrayna prezidentinin bu vədinin nə zaman həyata keçəcəyini, ümumiyyətlə, reallaşacağını söyləmək çətin olsa da, bir məsələ tam aydındır - Buça və İrpində baş verənlər Rusiya ilə Qərb arasında qarşıdurmanı yeni mərhələyə keçirib. Çox böyük ehtimalla, bu, sonuncu mərhələ olacaq və tərəflərdən birinin məğlubiyyəti ilə başa çatacaq.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 6 aprel.- S.8.