İşıqlı və mənalı alim ömrü

 

Dəyərli türkoloq Qızılgül Abdullayevanın 70 illik yubileyinə

 

Görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın gözəl bir kəlamı var: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitablara bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”. Cəmiyyətdə şəxsiyyəti ilə yaradıcılığı və fəaliyyəti üst-üstə düşən, tərcümeyi-halı ilə gələcək nəsillərə nümunə olan ziyalılara rast gəlmək, onlarla həmsöhbət və yol yoldaşı olmaq nə qədər xoşbəxtlik və qürurvericidirsə, bir o qədər də məsuliyyətlidir. Belə alim və müəllimlərdən dərs almaq, məxsus olduğun peşənin sirlərini öyrənmək, doğrudan da, tələbələr üçün sözün əsl mənasında böyük şansdır. 102 yaşlı Bakı Dövlət Universitetinin Filologiya fakültəsində vaxtilə ölkəmizin elə tanınmış alimləri çalışmışdır ki, bu gün müəllimlərimiz onların həyat yolundan ağız dolusu bəhs edərkən insan bir tərəfdən heyrətlənirsə, digər tərəfdən onları görmədiyi və canlı dinləmədiyi üçün təəssüflənir. Ancaq yeganə təsəlləmiz odur ki, həmin böyük ziyalıların özlərindən sonra yetişdirdiyi elə tələbələri var ki, hazırda bu şərəfli yolda uğurla addımlayır, klassiklərimizin irsini yaşadır və onların ənənələrini layiqincə davam etdirirlər. Bu ənənə və varisliyi uğurla davam etdirən, halal alim və müəllim ömrü yaşayan,çiyindaşlarından öz dəst-xətti ilə seçilən belə ziyalılarımızdan biri Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Qızılgül xanım Abdullayevadır.

 

Qızılgül Ağəli qızı Abdullayeva 1952-ci il mart ayının 22-də qədim Azərbayan torpağı Zəngəzurun qapısı adlandırılan Qubadlı rayonunda dünyaya göz açmışdır.1959-1969-cu illərdə Sumqayıt şəhərində tam orta məktəb təhsili alan Qızılgül xanım 1969-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş və 1974-cü ildə bu qədim ali təhsil ocağını fərqlənmə diplomu ilə başa vurmuşdur. Universiteti bitirdikdən sonra o, taleyini müqəddəs müəllimlik peşəsinə bağlamış, bilik və bacarığı, istedadı, zəhmətsevərliyi ilə alimlik mərtəbəsinə yüksəlmişdir. Əmək fəaliyyətinin ilk illərində, yəni 1974-1978-ci illərdə Zərdab rayonu Əlvənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1978-ci ildən ömrünü Bakı Dövlət Universitetinə bağlayan Qızılgül xanım burada müxtəlif vəzifələrdə - kitabxanaçı, böyük kitabxanaçı, metodist, baş laborant, müəllim, baş müəllim vəzifələrində fəaliyyət göstərmişdir. Elmi-pedaqoji fəaliyyəti BDU-nun Türkologiya kafedrası ilə bağlı olan Qızılgül Abdullayeva 1984-1987-ci illərdə həmin kafedranın əyani aspirantı olmuş, 1988-ci ildə “Müasir Azərbaycan ədəbi dilinin bədii üslubu (50-ci illər ədəbi nəslinin şeir dili əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1993-cü ildən Türkologiya kafedrasının dosenti vəzifəsində çalışan dilçi alim 2022-ci ildə “XVII əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

 

Azərbaycan dilinin tarixi üzrə dəyərli araşdırmaların müəllifi olan Qızılgül Abdullayeva “Dilin şeir rəngi” (2005), “Kül tiqin abidəsi” (2007), “XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” (2019), “XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” (2019) adlıkitabların, “Qədim türk yazılı abidələri” (2006) adlı metodik vəsaitin, “Qədim türk dili” (2009) adlı metodik göstərişin, “Qədim türk dili”, “Əski Azərbaycan yazısı”, “Azərbaycan dilinin tarixi qrammatikası”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan dili tarixi” adlı tədris proqramlarının, habelə 100-dən çox məqalənin müəllifidir. Uğurlu elmi-pedaqoji fəaliyyətinə görə Qızılgül Abdullayeva “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilmiş, “Qızıl qələm” mükafatına və“İlin alimi” (2021) fəxri adlarına layiq görülmüşdür. Onun “XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” və “XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” adlı monoqrafiyaları Azərbaycan Milli Elmlər Akademiyasında ilin mühüm nəticəsi kimi dəyərləndirilmişdir. Uğurlu qələm sahibi olan Qızılgül xanım Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

Qızılgül Abdullayevanın elmi yaradıcılığı dil tarixinin müxtəlif sahələrini əhatə edir. Buraya müəllifinAzərbaycan dilinin tarixi qrammatikası, Azərbaycanədəbi dilinin tarixi məsələləri ilə yanaşı, türk dillərinin, xüsusilə qədim türk dilinin fonetik, leksik və morfoloji quruluşu haqqındakı sanballı araşdırmaları aid edilə bilər. Bu tədqiqatlarda türk xalqlarının Orxon-Yenisey, “Dədə Qorqud kitabı”, “Kutadqu bilik” kimi qədim türk yazılı abidələri ilə bərabər, orta əsrlərdə türk dilinin inkişafına böyük töhfələr vermiş görkəmli ədəbi şəxsiyyətlərin (Y.Əmrə, Nəsimi, Füzuli və s.) dilinin öyrənilməsinə də geniş yer verilmiş, bu ədəbi nümunələrin Azərbaycan dilinin tarixindəki rolu aydın şəkildə tutarlı elmi faktlarla əsaslandırılmışdır. Bu baxımdan alimin yaradıcılığının əsas istiqamətlərini belə müəyyənləşdirmək olar:

 

a) Qədim türk dilinin öyrənilməsinə dair əsərləri. Buraya tədqiqatçının “Kül tiqin abidəsi”, “Qədim türk yazılı abidələri”, “Qədim türk dili” adlı kitabları, həmçinin “Qədim türk dilində hal kateqoriyası”, “Qədim türk dilində kəmiyyət kateqoriyası”, “Qədim türk dilində feilin zaman və şəxs şəkilçilərinin tarixi inkişafı”, “Arxaikləşmiş qədim türk sözlərinin kök morfemlərdəki tarixi izi”, “Türk  mənşəli sözlərin  ən  qədim  fonoloji sonluğu”, “Qədim türk sözlərinin leksik-qrammatik xüsusiyyətləri”, “Tonyukukun dilində qrammatikləşmiş şəxs əvəzliklərinin şəxs şəkilçiləri ilə müvaziliyi”, “Tonyukuk” abidəsinin leksik tərkibində “novatorluq →ümumişləklik → arxaiklik” taleyi yaşayan sözlər” və s. məqalələri daxildir.

 

b) Azərbaycan dilinin tarixinə dair tədqiqləri. Müəllifin bu istiqamətdəki araşdırmalarında dilimizin fonetik, leksik və morfoloji quruluşunun öyrənilməsinə geniş yer ayrılmışdır: “Feili frazeoloji birləşmələrin leksik tərkibi (Q.Təbrizinin dili əsasında)”, “Fədainin “Bəxtiyarnamə” əsərinin dilində leksik paralellər”, “Saib Təbrizi dilinin leksikasına dair bəzi qeydlər”, “Omonimlərin leksik-semantik xüsusiyyətləri (Qövsi Təbrizinin dili əsasında)”, “Müasir Azərbaycan dilində arxaikləşmiş qədim türk leksik qatı”, “Fədainin “Bəxtiyarnamə” əsərinin dilində fonetik arxaizmlərin əhatə dairəsi”, “Nəsimi leksikası oğuz qrupu dilləri ilə  müqayisədə”, “Yunus Əmrə “Divan”ında leksik fakt zənginliyinin omonimik mənbəyi”, “M.Əmaninin dilində hal kateqoriyası” və s. Ümumi mənzərədən çıxış edərək demək olar ki, dilimizin tarixi ilə bağlı tədqiqatlarındaalim daha çox tarixi leksika və tarixi morfologiyaya xüsusi maraq göstərmiş, ancaq bu məsələlərdə fonetik quruluşun özəllikləri də diqqətdən kənarda qalmamışdır.

 

Bütün bunlarla yanaşı, Qızılgül Abdullayevanın araşdırmalarında türkoloji dilçiliyin çağdaş məsələləri də işıqlandırılmışdır: “Türk dili dünya evində”, “Azərbaycan mətbuatına osmanlı türkcəsinin təsiri”, “Azərbaycan və Türkiyə  türkcəsi  paralelliyində ümumünsiyyət faktından ortaq türkcəyə  keçid” və s. məqalələrində müəllifin xaricdə keçirilmiş beynəlxalq elmi konfranslarda və nüfuzlu dərgilərdə həmin mövzularla bağlı səsləndirdiyi tezislər mütəxəssislərinmarağına səbəb olmuşdur.

 

Azərbaycan türkologiyasında XVII əsr ədəbi dilinin geniş şəkildə tədqiqi Qızılgül Abdullayevanın adı ilə bağlıdır. Alimin uzun illər üzərində gərgin əmək sərf etdiyi “XVII əsr Azərbaycan ədəbi dili” adlı doktorluqdissertasiyasında ədəbi dilimizin araşdırmalardan kənarda qalmış bu mərhələsi ətraflı öyrənilmişdir. Mövzu ilə bağlı müəllifin mötəbər elmi jurnallarda və beynəlxalq səviyyəli elmi konfranslarda çox sayda məqalələri və iki hissəli monoqrafiyası çap olunmuşdur. Qızılgül xanım bu tədqiqatında Fədai, M.Əmani, Q.Təbrizi, S.Təbrizi, Məsihi kimi sənətkarlarla yanaşı, ilk dəfə olaraq, Rəhməti Paşa, Sadiq bəy Əfşar, Tərzi Əfşar, Zəfər, Məczub, Vəhid Qəzvini, Şah Abbas Kəbir, Şah Abbas Sani və başqalarının yaradıcılığı əsasında XVII əsr Azərbaycan ədəbi dilinin fonetik, leksik və qrammatik normalarını tam şəkildə tədqiqata cəlbetmişdir. Burada XVI əsrin sonları XVII əsrin əvvəllərindən etibarən müəyyənləşən və norma dəyişkənliyinə birbaşa təsir göstərən dildaxili yeni proseslərin − diferensiasiya, sabitləşmə,demokratikləşmə proseslərinin məhz bu zaman kəsiyindən başlaması dəqiqləşdirilmiş, norma demokratizmində canlı danışıq dilinə meyil istiqaməti aşkarlanmaşdır ki, bu da klassik kitab dili və folklor danışıq dili, buna müqabil olaraq əruz vəzni və hecavəzni paralellərinin müqayisəsi zəminindəmüəyyənləşdirilərək təqdim edilmişdir. Beləliklə,Qızılgül Abdullayevanın qələmi ilə bu zaman kəsiyi ilk dəfə olaraq Azərbaycan ədəbi dili tarixində keçid mərhələsi kimi tanıdılmış və ənənəviliklə novatorluğunvəhdəti fonunda işıqlandırılaraq bu mərhələnin özəllikləri elmi ictimaiyyətə layiqincə çatdırılmışdır. Ümumən, müəllifin bu araşdırması məzmun dərinliyi, dil faktlarının zənginliyi və elmi nəticələrinin səmərəliliyi baxımından Azərbaycan dil tarixşünaslığı üçün əvəzsiz töhfədir.

 

 

 

Qızılgül Abdullayeva gözəl alim olmaqla yanaşı, həm də peşəkar müəllim-pedaqoqdur. Azərbaycan dilinin tarixinə dair fənlərdən dərs aparan Qızılgül xanım özünəməxsus pedaqoq diplomatiyası ilə tələbələrinin qəlbinə yol tapmağı bacaran müəllimlərdəndir. Əsl müəllim şəfqəti və nəvazişi ilə tələbələrinin sevgisini qazanmış bu nəcib insan öz bilik xəzinəsini onlarla paylaşmaqdan çəkinmir, yeri gəldikcə, dərs zamanı yaradıcı gənclərlə elmi müzakirələr aparmaqdan zövq alır, gənc nəsildən də nələrisə öyrənməyi, ümumən “öyrədərək öyrənirəm” şüarını elmi-pedaqoji fəaliyyətin vacib məqalarından biri hesab edir. Rəbhərlik etdiyi buraxılış işləri və magistr dissertasiyalarının müəlliflərinə - tələbə və magistrlərə xüsusi qayğı ilə yanaşır, onlara düzgün elmi istiqamətlər verir vəgələcəkdə savadlı mütəxəssis kimi yetişmələri üçün əlindən gələni əsirgəmir. Bunun nəticəsidir ki, onun ürəklə, can yanğısıyla öyrətdiyi və tələbələrin yaddaşına həkk etdiyi biliklər sözün həqiqi mənasında sonradan onların harayına çatır. Və hansı mövqe və vəzifə tutmasından asılı olmayaraq tələbələri onu həmişə minnətdarlıqla xatırlayır.  

 

Həm alim və müəllimliyi, həm də şəxsi keyfiyyətləri ilə görkəmli türkoloq, akademik Tofiq Hacıyev məktəbinin layiqli yetirməsi olan Qızılgül xanım elmi-pedaqoji fəaliyyətində daim bu böyük şəxsiyyətin irsini yaşadır, təbliğ edir və gənc nəslə aşılayır. Onun dərs dediyi elə bir auditoriya yoxdur ki, tədris etdiyi mövzularda akademik Tofiq Hacıyev anılmasın, xatırlanmasın. Tofiq müəllimi təkcə yaradıcılığı ilə deyil, həm də gənc nəslə örnək tərcümeyi-halı ilə tələbələrə aşılayan Qızılgül xanım öz ustadına olan dərin minnətdarlığını əsl ziyalı missiyası ilə yerinə yetirir, “müəllimlər müəllimi”nin xatirəsini yaşadır.Mühazirələrində və çıxışlarında həmişə Tofiq Hacıyevin dediyi bir fikri xatırladır: “Mənim yetirmələrim çoxdur. Amma kişi yetirmələrimin içində akademik Nizami Cəfərov, qadın yetirmələrimin içində isə Qızılgül xanım mənim layiqli davamçılarımdır”. Qızılgül xanım özü də qeyd edir ki, “bu mənim həyatımda aldığım ən böyük mükafatdır”. Akademik Tofiq Hacıyev irsinə bağlılıq yalnız Qızılgül Abdullayevanın pedaqoji fəaliyyəti ilə məhdudlaşmır, o həm də elmi yaradıcılığında bu missiyanı uğurla davam etdirir: “Kimlər gəldi, kimlər getdi bu dünyadan” (2016), “Elmi yeniliklərin qovşağında daşlaşan əsər” (2016), “Akademik Tofiq Hacıyevin yaradıcılığında milli dil məsələsi” (2019), “Azərbaycan ədəi dilinin tarixi”ndəki ilklərin akademik Tofiq Hacıyev ünvanı” (2021) adlı məqalələrində görkəmli alimin həyat və yaradıcılığı ilə bağlı mühüm məsələlərə toxunur.

 

Qızılgül xanım eyni zamanda gözəl ailə başçısıdır – ANADIR. Ömür-gün yoldaşı, tanınmış naşir və publisist Adil Abdullayevlə uzun illər min bir əziyyətlə irəlilədiyi bu enişli-yoxuşlu və şərəfli yolda o, cəmiyyətimiz üçün iki layiqli övlad – vətəndaş yetişdirmişdir. Bu ziyalıocağında boy atan, alim və müəllim kimi yetişən qızı Xatirə Abdullayeva Bakı Slayvan Universitetinin Türkologiya kafedrasının dosenti kimi anasının yolunun layiqincə davam etdirir. Oğlu isə hüquqşünasdır.

 

Qızılgül xanım olduqca maraqlı həmsöhbət və yol yoldaşıdır. Nə xoş ki, bu gözəl alimlə (hətta qızı Xatirə xanımla) birlikdə ölkəmizdə və onun hüdudlarından kənarda bir çox mötəbər elmi konfranslarda,qurultaylarda iştirak etmək bizə də qismət olub. Səmimi söhbətləri, istiqanlılığı ilə kollektivi ətrafına toplamağıbacaran və yeri gəldikcə, yol yoldaşlarına “mənəvi liderlik” etməklə hər kəsi məmnun edən bu xanımla ünsiyyətdən yorulmaq, sıxılmaq mümkün deyil. O, apardığı müzakirələrlə, elmi mülahizələri və həyat təcrübələrini bölüşməsi ilə müsahibində özünə qarşı maraq və rəğbət yaradır. Onun düşüncələrini dinlədikcə zaman su kimi axıb gedir.

 

Dil tarixi ilə bağlı hər hansı bir elmi sual vəmübahisə doğuran məsələdə Qızılgül xanımın mövqe və münasibəti gənc müəllim və tədqiqatçılar, o cümlədən mütəxəssislər üçün mürəkkəb məqamlarda etibarlı mənbə sayılır. Belə hallarda biz, tələbələri də ərklə güvənc yerimiz olan bu səxavətli müəllimə müraciət etməkdən çəkinmirik. İşdədirsə, elə işdə, evdədirsə, telefon vasitəsi ilə bu sualları cavablandırmağı özünə mənəvi borc bilir. Yorulmadan, qısqanclıq etmədən öz fikirlərini saatlarla müsahibinə çatdırır. Atalar necə dəgözəl deyib: “Elm xərclənər, artar, sərvət xərclənər, azalar”. Bu dəyərli alim də öz elm xəzinəsinin ağzını tələbələri və məsləkdaşları üçün açdıkca daha dazənginləşir, bu zənginlik isə öz sahibinə nüfuz qazandırır. Təsadüfi də olsa, Qızılgül xanım obyektiv səbəblərlə əlaqədar öz dərslərini mənə həvalə edərkənkeçəcəyim mövzu ilə bağlı əvvəlcədən məni vacib bilgilərlə məlumatlandırar və bu məlumatları olduğu kimi tələbələrə də öyrətməyi möhkəm-möhkəmtapşırardı. Mən də bu müddətdə Qızılgül xanıma yorulmadan qulaq asar, qeydlər götürər, həmin vaxt özümü o tələbələrdən heç də ayırmazdım. M.Şəhriyar demişkən, “o qədər tələbəlik elə ki, ta ustad olasan”.                                  

 

Qızılgül xanım gözəl zahiri görünüşü, zövqlü və səliqəli geyimi, təmkinli izahları, sanballı nitqi, elmi mükalimələri ilə daim müsahiblərinin diqqət mərkəzində dayanmağı bacarır. Şahidiyik ki (Bizimlə yol yoldaşı olanlar da bunu təsdiq edə bilər), o, beynəlxalq qurultaylarda dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərin məruzələrini necə maraqla dinləyir. Qulaq asa-asa qeydlər götürür, məruzələrdəki fikirlər ətrafında müəlliflərlə müzakirələrə qoşulmaqdan çəkinmir, yeri gəldikcə, özünəxas alim etikası ilə elmi polemikaya girir və mövqeyini ortaya qoymağı bacarır. Qızılgül xanım dilimizin tarixinə dair həqiqətlərin türkoloji ictimaiyyətə layiqincə çatdırılması üçün bu cür elm məclislərinə daim aktual mövzularla qatılır, çıxışları məruzə etdiyi bölmələrdə böyük maraqla qarşılanır. Uzun illər yorulmaz alim əməyinin nəticəsidir ki, Qızılgül xanım türkoloji dilçilikdə öz imzası ilə tanınır, qəbul edilir. Belə mötəbər konfransların, qurultayların bölmə iclaslarına sədrlik etmək Qızılgül xanıma tapşırılır, açılış və bağlanış iclaslarında ölkəmiz adından çıxışlar təşkilat komitəsinin rəhbərliyi tərəfindən adətən ona həvalə olunur. 

 

Dissertasiya işinin müzakirə və müdafiələrində Qızılgül xanım gənc tədqiqatçılar - iddiaçılar arasında fərq qoymaz, onlara öz övladı kimi yanaşar. Əgər söhbət elmimizin və təhsilimizin gələcəyindən gedirsə, cəmiyyətdə tutduğu mövqeyin məsuliyyətinə biganə qalmayan bu ziyalı xanım öz alim ciddiyyəti ilə dissertasiya işi və onun müəllifi barəsində haqlı və qərəzsiz qeydlərlə çıxış edər, mövqeyində prinsipiallıq nümayiş etdirər.

 

Üz cizgiləri ciddi və bəzən sərt görünsə də, həlimürəyə, səmimi ünsiyyətə sahib, tələbələlərin sevgisini qazanmış Qızılgül xanımın qəlbinə yol tapmaq o qədər də asan deyil. Onunla yoldaş və sirdaş olmağın, bir süfrədə çörək kəsməyin, evinin kandarından içəri keçməyin böyük məsuliyyəti var. Təbii ki, saysız-hesabsız tələbənin qəlbində müəllim kimi taxt qurmuş bu insanın ürəyinə yol tapmaq üçün gərək həmin məsuliyyətin çəkisini dərk edə və bu yükün ağırlığına sona qədər tab gətirəsən. Ona görə də Qızılgül xanım inandığı, etibar etdiyi insanlardan az da olsa laqeydlik və biganəlik hiss etdikdə qəlbən inciyir, ancaq heç zaman öz düşüncələrini o insandan gizlətmir, haqqı, ədaləti, doğrunu üzə deməkdən çəkinmir. Gördüklərinə, müşahidələrinə səssiz qalmayan Qızılgül xanım bəzən ərk etdiklərini haqlı olaraq danlayır, ancaq heç zaman küsmür, kin-küdurət saxlamır, əgər o insana qəlbində yer ayırıbsa, sonradan ürəyini almağı da bacarır. Sevdiyi insanlara könül qapısı ilə yanaşı, evinin qapısını da açan Qızılgül Abdullayevanın qonağı olanlar yaxşı bilirlər ki, o hansı səliqə-səhmana, hansı süfrə mədəniyyətinə vənecə yüksək qonaqpərvərliyə malik xanımdır.

 

Qızılgül xanım bu gün də gənclərin əhatəsindədir və gənclik eşqi ilə yorulmadan elmi-pedaqoji fəaliyyətini davam etdirir. Tələləblər bu peşəkar müəllim və aliminmühazirələrinə böyük maraqla qulaq asır, gənc müəllim və tədqiqatçılar onun təcrübəsindən faydalanırlar.İnanırıq ki, gənc nəslə örnək tərcümeyi-halı olan Qızılgül xanım öz zəngin təcrübəsi, bilik və bacarığı ilə bundan sonra da əzmlə çalışaraq ölkəmizdə elmin və təhsilin inkişafına dəyərli töhfələr verəcəkdir.  

 

Bahar ətirli Qızılgül xanımı 70 illik yubileyimünasibətilə səmimi qəlbdən təbrik edir, ömrünün bu müdrik çağında ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi və səadət, elmimizin və təhsilimizin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. 70 yaşınız mübarək, əziz müəllimimiz!

 

Pərvin Eyvazov

 

BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi

 

525-ci qəzet.- 2022.- 7 aprel.- S.14-15.