Arzusu şəhidlik olan qazimizə son vida
QƏHRƏMAN
DÖYÜŞÇÜ ƏLƏKBƏR AXUNDOV
MÜALİCƏ ALDIĞI QARDAŞ TÜRKİYƏDƏ
ƏBƏDİYYƏTƏ QOVUŞDU
Düz iki il keçib o qanlı-qadalı günlərdən. Düz iki ildir ki, gah sevinirik, gah üzülürük, gah gülürük, gah ağlayırıq. Amma unutmuruq ki, unutmuruq... Müharibə unudularmı?! Əlbəttə, yox! Özü də çoxillik torpaq həsrətinə son qoyan, böyük Zəfər və üç minə yaxın şəhidlə tarixə yazılan bir müharibə əsla unudulmaz. Hə, bu müharibəni unudulmağa qoymayan bir başqa amil də qəhrəman qazilərimiz arasından əskilənlər, onun növbəti qurbanlarıdır. Keçdikləri ağır döyüşlərin bədənlərində, ürəklərində, sağlamlıqlarında açdığı yaraları sağalmayan, günlərini, aylarını ağrılarla, əzablarla keçirib sonda bu ağrılara təslim olan yeni qurbanlarımız...
Onlardan biri də Ələkbər Fəxrəddin oğlu Axundovdur. Biz bu qəhrəman qazimizi aprelin 5-də, qardaş Türkiyədə müalicə alarkən itirdik. Ələkbər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Dram, teatr və kino aktyorluğu" ixtisasının 2016-2020-ci illər məzunudur. Bizim onunla tanışlığımız da məhz bu vəsiləylə olmuşdu. Universitetimizin Vətən müharibəsi iştirakçılarını araşdırarkən tanış olmuşduq onunla. Bu haqda yazacağımız kitab üçün söhbətimiz də baş tutmuşdu. Təəssüf ki, Ələkbər müharibədə çox pis xəstələnmiş, xəstəliyi müharibədən sonra da ağırlaşaraq davam etmişdi. Xəstəxanada müalicə aldığından və vəziyyəti heç də yaxşı olmadığından onunla söhbətimizi virtual etməyə məcbur qalmışdıq. İndi bu yazını hazırlayarkən onun səsini yenidən gözyaşlarıyla dinləyirəm. Ağrılardan çətinliklə nəfəs aldığı halda "bir də müharibə olsa, bir də gedərəm" - deyən səsin daha bu dünyada mövcud olmadığını bilmək çox böyük əzabmış... Qazimizi rəhmətlə anaraq onun mənə danışdığı müharibə xatirələrini öz dilindən sizə təqdim edirəm:
"2020-ci ilin iyulun 3-də həqiqi hərbi xidmətə yola düşmüşəm. Öncə gənc əsgər kimi "Nasosnu"da N saylı hərbi hissədə olduq. Sentyabrın 18-i bizi bölərək Qusarda N saylı hərbi hissədə yerləşdirdilər.
Sentyabrın 26-da bizə dedilər ki, sabahdan 10 günlük təlimlərə gedirsiniz. Gilizlər verdilər və ad-soyadımızı, bir də ən yaxınımızın nömrəsini yazmağımızı tapşırdılar. Soruşduq bu nə üçündür, demədilər. Biz isə uşaq deyildik ki, az-çox nə baş verdiyini anlayırdıq. Evin tək uşağı olduğumçün o gilizdə kimin nömrəsini yazacağımı bilmədim və bir yaxın dostumun nömrəsini yazdım. Həmin gilizlər üstümüzdə idi ki, döyüşdə bədənimiz parçalansa, o giliz vasitəsiylə kimliyimiz bilinsin.
Sentyabrın 27-si səhər saat 06:00-da həyəcan siqnalı verildi və maşınlara minərək cəbhəyə yola düşdük. Ertəsi gün günorta saatlarında Ağcabədi Hindarxına çatmışdıq. 3 gün orda qaldıqdan sonra bizi Füzuliyə göndərdilər. Rabitə bölüyü olaraq biz rabitə qovuşağını quraşdırmaq üçün bir az da önə getmişdik. İki dağın arasında idik. Düşmən rabitəni vurmaq məqsədiylə bizi hədəf aldı. Təxminən məndən 15 metr aralıya yandırıcı bomba atdılar. Şükür ki, onda heç bir xəsarət alanımız olmadı. Təcili oranı tərk edib Füzulinin Əhmədbəyli kəndinə gəldik.
Döyüş yolum Füzuli, Cəbrayıl, Xocavənd ərazilərində olub. Gənc əsgər olduğumuzçün bizi çox da önə buraxmırdılar. Amma rabitə bölüyü olaraq da rabitəni quraşdırmalı idik və buna görə də dəfələrlə Cəbrayıla, Xocavəndə getmişik. Orda da neçə dəfə ölümlə üz-üzə gəlmişik. Qarşımıza qəlpəli, yandırıcı bombalar, minamyotlar atıblar. Şükür ki, bu təhlükələrdən salamat qurtara bilmişdik.
Oktyabrın 29-da Cəbrayıla yola düşdük. Orda ermənilərin hərbi hissələrində qalırdıq. Həmin müddətdə oranı da vurmağa çalışırdılar. Hər anımız təhlükə idi. Komandirimiz, cənab mayor Şahnəzərov sırada bizə dedi ki, mən özüm ölərəm, amma qoymaram əsgərlərim ölsün. Çünki mən burda 20 ailənin övladına cavabdehəm.
Şükür ki, müharibədə yaralanmadım. Amma revmatizm xəstəliyi tapdım. Müharibədən sonra qanımda problemlər yarandı. İndi də bunlara görə əziyyət çəkirəm. Hazırda yataq xəstəsiyəm. Sinirlərim zədələnib, sol ayağım topuq nahiyəsindən aşağı keyiyib, gizildəyir, yandırır. Sağ əlimdə iki barmağımı hiss etmirəm.
Bütün bunlara rəğmən, müharibədə iştirak etmək həqiqətən də qürurvericidir. Qarabağ
döyüşlərində vuruşmağımla fəxr
edirəm. Əgər bizi daha
da qabağa, ən qabağa göndərsəydilər ki, get, döyüş,
mən onda da arxama baxmadan irəliləyərdim.
Biz dəfələrlə komandirimizdən
ən önə getmək üçün
icazə istəyirdik. O isə deyirdi ki, siz hələ çox gəncsiniz, uşaqsınız, nə
yaşınız var ki,
gedib canınızı
tapşırasınız. Deyirdik, biz kimdən artığıq və ya əskiyik ki, onlar gedir, biz
getmirik? O isə deyirdi ki, onlar orda
can qoyur, siz də burda can qoyursunuz. Hamımız müharibənin içindəyik.
Heç yadımdan çıxmır
ki, Füzulidə yağış yağanda
torpaq saqqız kimi olurdu. Ayaqqabılarımıza
elə bərk yapışırdı ki,
az qalırdı
ayağımızdan çıxartsın.
Həmin
şəraitdə çadırlarda
yatır, növbədə
dayanırdıq. Başımız üstündə dronlar uçurdu. Dronları görəndə gizlənirdik ki, bizi görməsin, yoxsa mütləq vururdu. Hər anımızda kəlmeyi-şəhadətimiz
dilimizdə ölümümüzü
gözləyirdik.
Orda başımıza
çox hadisələr
gəlib, çox təhlükələrlə üzləşmişik. Təəssüf ki, indi hamısını
xatırlamıram. Çünki müharibədən sonra sağlamlığımla bağlı
çox həkimlər
gəzdim.
Şəhidlik arzum idi. Çox istəyirdim
ki, şəhid olum. Hərbi xidmətə gedəndə
sevinərək getmişdim
ki, Vətən torpaqlarını qorumağa
gedirəm. Döyüşlərdə
də bircə an tərəddüd etmədim. Əgər mənim bu etdiklərim vuruşmaq sayılırsa, xidmət sayılırsa, həvəslə,
bütün mənliyimlə
xidmət etdim. Lakin kiminin bəxtində şəhidlik varmış,
kiminin yox. Mən orda xəstəlik tapdım, amma şəhidlik məqamına
ucalmadım.
Allah bir daha bu xalqa müharibə
göstərməsin. Çünki neçə-neçə analarımız
oğulsuz, xanımlarımız
ərsiz, övladlarımız
atasız qaldı.
Hansısa evli olan, ata olan şəhidimizin
yerində mən olmaq istərdim. Təki, onun uşaqları ağlar qalmazdı. Mən subayam, mənimçün
anam, atam ağlayacaq ancaq. Allah eləməsin, amma yenə də döyüş olsa, mən yenə də getməyə hazıram.
Çünki damarlarımda azərbaycanlı
qanı axır.
Mən Azərbaycan oğluyam.
Özüm qarabağlı yox,
bakılıyam. Amma
yenə də Qarabağ uğrunda döyüşməyə hər
an hazıram".
Müharibədən sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarıyla
Ələkbər Axundov
"Füzulinin azad olunmasına görə",
"Cəbrayılın azad
olunmasına görə"
və "Xocavəndin
azad olunmasına görə" medallarıyla
təltif olunmuşdu.
Təəssüf ki, bu sözlərin
müəllifi, Qarabağ
döyüşlərində iştirakından qürur
duyan, şəhid olmadığı üçün
heyfislənən qazimiz
müharibədə tapdığı
xəstəliklərdən qurtula bilmədi. Azərbaycandakı müalicələr nəticəsiz
qaldıqdan sonra bir ümidlə Türkiyəyə getmişdi,
müalicə olunub, əməliyyatlardan uğurla
çıxıb vətəninə,
ailəsinin, dostlarının
yanına qayıdacaqdı.
O, qayıtdıqdan sonra
biz onunla görüşəcək
və ADMİU-nun Vətən
müharibəsi qəhrəmanlarına
həsr edəcəyim
kitabı ona da hədiyyə edəcəkdim. Lakin 23 yaşlı, qəlbi
inamla, sevgiylə dolu bu gənci
bombaların, güllələrin
altından sağ çıxaran fələk
ona iki illik
ağrılardan, əzablardan
sonra ölümü qıydı. Əgər o dünya varsa, əminəm ki, Ələkbər kimi oğullarımızın yeri
cənnətdir.
Şəhidlərimizin ailəsinin göz yaşından danışan, "mən subayam, mənimçün ancaq anam, atam" ağlayacaq deyən Ələkbər üçün bu gün təhsil aldığı ali məktəb, dostlar, tanışlar, adını eşidib, üzünü görməyən bizlər də ağlayırıq! Ancaq əlbəttə, övladını itirən ananın, atanın əzabının miqyası təsvirə gəlməz. Biz əziz qəhrəmanımızın dəyərli valideynlərinə məhz onun xatirəsini yaşada bilmələri üçün sonsuz səbr arzulayır, başsağlığı veririk! Allah sənə rəhmət eləsin, qəhrəman Ələkbər Axundov!
P.S. Ələkbər söhbətimizdə yataq xəstəsi olduğunu,
vəziyyətinin ağırlığını
yazmamağımı xahiş etmişdi. Amma onu bu dünyadan
məhz o xəstəlikləri qopardı
deyə müqəddəs ruhundan üzr istəyərək onun
danışdıqlarının hamısını yazdım. Ümid edirəm məni əfv edərsən,
igid qardaşım!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 7 aprel.- S.13.