Bir vaxtlar...

 

Bir vaxtlar qar dolu qışımız vardı,

Qartopu dolusu yaşımız vardı,

Onda Laçınımız, Şuşamız...  vardı,

Biz  geri dönürük, bəs onlar necə?

 

Ömür kino deyil, başa döndərək,

Ömür nəğmə deyil, təkrar dindirək,

Ömür sovqat deyil yığıb göndərək,

Biz geri dönürük, bəs onlar necə?

 

Qarmı istəyirəm, qar bəhanədi,

Varmı istəyirəm, var bəhanədi,

desəm, hamısı bir bəhanədi,

Biz geri dönürük, bəs onlar necə?

 

Hər şeyin öz vaxtı, vədəsi varmış,

Nöqtəsi, sualı, nidası varmış,

Dünyanın çox uzaq adası varmış,

Biz geri dönürük, bəs onlar necə?

 

Çox yüyürdüm xəyalların dalınca,

Donub qaldım, sonda tənha qalınca,

Ömrü vərəq-vərəq yada salınca,

Biz geri dönürük, bəs onlar necə?

                                       

Halal elə, əgər gələ bilməsəm...

 

Doğma kəndim, bir təlaş var içimdə,

Halal elə, əgər gələ bilməsəm.

Görünməsəm dönənlərin köçündə,

Halal elə, əgər gələ bilməsəm.

 

Çörəyim olmusan, duzum olmusan,

Barım, bərəkətim, ruzum olmusan,

Ən böyük dayağım, arzum olmusan,

Halal elə, əgər gələ bilməsəm.

 

Çox gəzmişəm çəmənləri, çölləri,

Qoxlamışam çiçəkləri, gülləri,

Qucağında yaşadığım illəri

Halal elə, əgər gələ bilməsəm.

 

O dağlara söyləsəm, az olar,

qaldı ki, qış qurtarar, yaz olar,

Yol açılar, gediş-gəliş düzələr,

Halal elə, əgər gələ bilməsəm.

 

söyləyim zirvədəki qara mən? 

Hara dönüm, hara gedim, hara mən?

Mənə bəsdir soruşmağın, araman,

Halal elə, əgər gələ bilməsəm.

 

Qar-yağışın, duman-çənin əlindən,

Vaxt olub ki, qarğış çıxıb dilimdən,

Keçən keçib, gələr ki, əlimdən? -

Halal elə, əgər gələ bilməsəm.

 

Mən bu ömrü necə yığım bir yerə,

Hər addımda neçə yaddaş, xatirə, 

Gücüm çatmaz hamısını gətirəm,

Halal elə, əgər gələ bilməsəm.

 

Torpaq dərdi çox çətindi, ağırdı,

Zaman bizi dərd içində yoğurdu,

Dağlar məni görüşünə çağırdı,

Halal elə, əgər gələ bilməsəm.

 

Kimi taleyindən, ömründən razı,

Kimi bəxtindən küskün, narazı,

Nazir qalıb torpağına tamarzı,

Halal elə, əgər gələ bilməsəm.

 

 

Nazir MƏMMƏDOV

 

525-ci qəzet.- 2022.- 7 aprel.- S.12.