Azərbaycan təhsili beynəlxalq TIMSS
qiymətləndirməsində
Riyaziyyat
və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə
olan TIMSS (Trends in International Mathematics and
Science Study) 60 ildən bəri
müxtəlif sahələrdə
beynəlxalq qiymətləndirmələr
həyata keçirən
Təhsil Nailiyyətlərinin
Qiymətləndirilməsi üzrə
Beynəlxalq Assosiasiyanın
(IEA) təşkil etdiyi
tədqiqatlardan biridir.
1995-ci ildən etibarən hər dörd ildən bir keçirilən bu tədqiqat dördüncü və səkkizinci sinif şagirdlərinin riyaziyyat
və təbiət elmləri üzrə müvəffəqiyyət dərəcəsini
ölçür, eyni
zamanda onların demoqrafik, sinifdaxili və digər tipli şərti amillərlə əlaqəsini
araşdırır.
Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Milli
və beynəlxalq qiymətləndirmə şöbəsinin
əməkdaşı Zinyət
Əmirova deyir ki, sayca yeddinci
qiymətləndirmə olan
TIMSS-2019-da, Azərbaycan da
daxil olmaqla, 60-dan çox ölkə iştirak edib. Bu, ölkəmizin müvafiq qiymətləndirmədə 2011-ci ildən sonra ikinci iştirakıdır.
Qiymətləndirmədə Azərbaycanı yalnız dördüncü
sinif şagirdləri təmsil edib. 2 əsas fənn (riyaziyyat və həyat bilgisi) üzrə şagirdləri
qiymətləndirən TIMSS tədqiqatında istifadə
olunan suallar 2 hissəyə bölünür:
Məzmun sahələrinin
qiymətləndirilməsi və
idrak sahələrinin
qiymətləndirilməsi. Müəyyən bir məlumatı
öyrəndikdə müxtəlif
idrak prosesləri fəaliyyətə başlayır.
Öyrənilən bilik və bacarıqların mənimsənilmə
səviyyəsi idrak proseslərinin fəaliyyətindən
asılıdır. Məhz bu
səbəbdən, TIMSS beynəlxalq
qiymətləndirmə tədqiqatında
iştirak edən ölkələrin dördüncü
və səkkizinci sinif şagirdlərinin hədəf fənlər
(riyaziyyat və həyat bilgisi) üzrə mövzuların
mənimsənilməsinin müvəffəqiyyət
göstəricilərini araşdırarkən
bacarıqların ölçülməsinə
xüsusi yer ayırır. Hər
bir ölkə üzrə müvəffəqiyyət
dərəcəsini hərtərəfli
müəyyənləşdirə bilmək üçün
TIMSS qiymətləndirmə vasitələrində təqdim
olunan suallar şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə öyrəndiklərini tətbiq
etmək, bu mövzularda verilən məsələləri həll
etmək, müxtəlif
vəziyyətlərdə analitik
və məntiqi düşüncədən istifadə
etmək bacarıqları
nəzərə alınaraq
tərtib olunub. Azərbaycan şagirdləri təbiət
elmləri üzrə
verilən sual və məsələləri
cavablandırarkən ümumtəhsil
məktəblərində tədris
zamanı istifadə olunan "Həyat bilgisi" fənni üzrə öyrəndikləri
bilik və bacarıqlardan istifadə edirlər.
Zinyət
Əmirovanın sözlərinə
görə, riyaziyyat üzrə qiymətləndirmə
dərsliklər çərçivəsində
tədris edilən bilikləri ehtiva etdiyi halda, şagirdlər tədqiqatın
təbiət elmlərinə
dair hissəsində məktəbdə qazandıqları
biliklərlə yanaşı,
gündəlik həyatda
qazandıqları təcrübələrdən
də istifadə etməli olurlar. Lakin bütün bu bilik və
bacarıqlar hər nə qədər genişmiqyaslı olsa da, onlar həm
riyaziyyat, həm də təbiət elmləri üzrə 3 əsas kriteriya - bilmə, tətbiqetmə və əsaslandırma kimi idrak səviyyələri
vasitəsilə dəyərləndirilir.
Bilmə
üzrə suallar şagirdlərin əsas mövzunu, prosesi və anlayışları
mənimsəməsi istiqamətinə
yönəlmişdir. Əsas riyazi məzmun və anlayışları
qavramadan şagirdlərin
riyazi məsələləri
analiz edib, öz fikirləri ilə əsaslandırması
çətin, hətta
qeyri-mümkün olar.
Yəni şagird məzmunu nə qədər yaxşı başa düşərsə, məsələlərin
həll yolunu da o qədər asan və effektiv
tapar. Tətbiqetmə
- bu kriteriyaya aid sualların əsas məqsədi şagirdlərin
problemi həll etmək üçün mənimsədikləri məlumat
və anlayışlardan
istifadə etmək bacarığını ölçməkdir.
Müxtəlif məlumatların
istifadəsinə yönəlmiş
tətbiqetmə sahəsində
şagirdlər suallarda
qeyd olunan faktlar, anlayışlar və proseslərlə yaxından tanış
olmalıdırlar. Tətbiqetmə səviyyəsinə uyğun
bəzi suallarda təhsilalanlardan riyazi biliklərindən istifadə
edərək verilənə
ekvivalent ifadə yaratması istənilir.
Ekvivalent
ifadə yarada bilən riyazi düşünmə bacarığı
bu fənn üzrə uğurlu yanaşmaya zəmin yarada bilər. Problem həlletmə bacarığının əsas
götürüldüyü tətbiqetmə üzrə
suallarda şagirdlərə
həm real həyatla,
həm də birbaşa riyaziyyatla əlaqədar tapşırıqlar
təqdim edilir. Əsaslandırma məntiqi düşünmə
tələb edən əsaslandırma sahəsi
çoxşaxəli və
mürəkkəb məsələlərin
həllini özündə
ehtiva edir. Şagird verilən situasiyanı müşahidə və analiz edərək, hadisələr arasında
məntiqi əlaqə
qurmalı, yeni strategiyalar tətbiq edərək, həll yolu təklif etməli və fikrini əsaslandırmalıdır.
ARTİ-nin Milli və
beynəlxalq qiymətləndirmə
şöbəsinin əməkdaşı İzzət Abbaslı qeyd edib ki, idrak
sahələri baxımından
Azərbaycanın TIMSS-2019 nəticələrinə
nəzər saldıqda,
təhsilalanların hər
bir idrak sahəsi üzrə topladıqları orta bal göstəricisi bir-birindən
ciddi şəkildə
fərqlənmir. Belə
ki, şagirdlərin ən yuxarı göstəricisi tətbiqetmə
tələb edən suallarda müşahidə
olunduğu halda (519 bal), bilmə və əsaslandırma lazım olan suallar üzrə göstəricilər bir qədər az, müvafiq olaraq 513 və 506 bal təşkil edir. Müvafiq olaraq şagirdlərin tətbiqetmə sahəsindəki
orta göstəricisi
457 bal, əsaslandırma
sahəsində isə
445 bal təşkil edib.
Nəticələrə əsasən şagirdlər
hər iki ildə əsaslandırma tələb edən suallarda daha çox çətinliklə
qarşılaşıblar. Ən böyük irəliləmə
isə tətbiqetmə
və əsaslandırma
sahəsində qeydə
alınıb. Belə
ki, əsaslandırma sahəsində 2011 və
2019-cu illər arasında
bal artımı 61, tətbiqetmə
sahəsində isə
62 bal təşkil edib:
"TIMSS-2019-da ən yüksək
bal ortalamasına malik
olan ilk 5 ölkə Sinqapur, Honkonq, Koreya, Yaponiya və Çin olub. Cədvəlin növbəti hissəsində
isə nəticələri
Azərbaycandan yüksək
və aşağı
olan ölkələr
qeyd olunub. Türkiyə, İsveçrə,
Almaniya, Polşa və Avstraliyanın göstəriciləri çox
az fərqlə Azərbaycandan yüksək
olsa da, Bolqarıstan, İtaliya, Qazaxıstan, Kanada və Slovakiya ölkəmizdən aşağı
sıralarda durur. TIMSS-də suallar
3 idrak sahəsi üzrə hazırlanıb.
Belə ki, şagirdlər, ilk mövzunu mənimsəyir,
ona dair detalları öyrənir,
mövzudakı fikirləri
müqayisə və analiz edir, daha
sonra isə müvafiq olaraq, öz fikirlərini əsaslandıra bilirlər.
Eyni strategiya Azərbaycanın
ümumi təhsil müəssisələrinin 4-cü sinif riyaziyyat kitablarında da tətbiq olunur. Yəni şagirdlərin tədris
olunan mövzularla əlaqədar bilik və bacarıqlarının
qiymətləndirilməsi üçün
təqdim olunan tapşırıqları bilmə,
tətbiqetmə və
əsaslandırma idrak
səviyyələri üzrə
qruplaşdırmaq mümkündür.
Növbəti bölmədə dərsliklərin hər bir idrak səviyyəsinə
uyğun tapşırıq
nümunəsi analiz edilib".
İzzət Abbaslının sözlərinə əsasən, TIMSS-2019 dövründə 4-cü sinfin təbiət elmləri üzrə beynəlxalq orta balı 494-dür. Müqayisə oluna bilən nəticələrə əsasən bilik üzrə beynəlxalq orta bal 510, tətbiqetmə üzrə 509, əsaslandırma üzrə isə 510 olub. Azərbaycanın TIMSS 2019 üzrə idrak səviyyələrinə dair nəticələri bir-birindən fərqlənsə də, bu o qədər də çox deyildir. Belə ki, şagirdlərimizin təbiət elmləri nailiyyəti üzrə orta balı 427 olduğu halda, diaqram 4-dən də göründüyü kimi, bilik üzrə 425, tətbiqetmə üzrə 419, əsaslandırma üzrə isə 430 bal təşkil edib. Ən aşağı nəticə tətbiqetmə tələb edən suallardan, ən yuxarı nəticə isə əsaslandırma lazım gələn suallardan əldə olunub: "Azərbaycanın təbiət elmləri üzrə idrak səviyyələrinə dair nəticələrini nəzərdən keçirdiyimiz zaman oğlan və qız şagirdlərin nailiyyətlərindəki fərqlər maraq doğurur. Belə ki, diaqram 5-ə diqqət yetirsək, qızların hər üç idrak sahəsi üzrə oğlanlardan yaxşı nəticə göstərdiklərini görmək mümkündür. Lakin bütün hallarda hər iki cinsə mənsub şagirdlər ən yüksək göstəriciləri əsaslandırma, ən zəifi isə tətbiqetmə idrak sahəsində nümayiş etdiriblər. Şagirdlərin idrak səviyyələri üzrə bacarıqlarının ölçülməsi məqsədilə bir mövzu üzrə müxtəlif səviyyəli sualların verilməsi təkcə TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatına xas olan təcrübə deyil. Eyni yanaşmanı milli dərsliklərimizdə hər bir mövzunun sonunda təqdim olunan sual və məsələlərin qoyuluşunda da görmək mümkündür. TIMSS-in əsas koqnitiv prinsipləri olan bilik, tətbiqetmə və əsaslandırma prizmasından Azərbaycanın nəticələrinə nəzər saldıqda, bir sıra ziddiyyətlərin mövcudluğu diqqəti cəlb edir. İlk növbədə, burada hər hansı bir amil və ya qanunauyğunluğun əsas təsiredici rol oynamadığını düşünmək olar. İlkin proqnoz kimi şagirdlərimizdən gözlədiyimiz ən bəsit tendensiya, asan sayılan bilik və tətbiqetmə prinsipli sualları daha çox sayda düzgün cavablandırıb, əsaslandırmada daha zəif nəticə göstərmələridir. Yəni orta bal artımının sadədən mürəkkəbə doğru davam etməsi məntiqli olardı. Lakin yuxarıdakı təhlillərdə şahid olduğumuz kimi, yerli dərslikdə təqdim olunan biliklərlə TIMSS-in ümumi məzmunu arasında boşluqların olması şagirdlərin dəqiq informasiyanın birbaşa işlənilməsini tələb edən bilik və tətbiqetmə sahəsində daha az uğur nümayiş etdirməsinə səbəb olub".
İzzət Abbaslı bildirib ki, milli "Həyat bilgisi" dərsliyində idrak səviyyəsinə aid hər üç sual daha ümumi xətlərə malik olub, şagirddən nəzəri biliklərini istifadə etməsini tələb edir. Təhsilalanlar bu tipli sualları cavablandırarkən beynini daha çox akademik məzmunda işlədir, cavabları məktəbdənkənar həyat təcrübələrindən götürmək üçün az imkan əldə edirlər. TIMSS təcrübəsində isə suallar daha spesifik tərtib olunur, şagirdlərin həm cari mövzuda nəzəri biliklərindən istifadə etmələrini, həm də şəxsi müşahidə və məlumatlarına əsaslanmalarını reallaşdırır. Sualların daha sadə tərtibatı şagirdlərdə cavablandırma potensialına dair özünəinamın artmasına kömək edir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 7 aprel.- S.7.