Azərbaycanda inklüziv təhsil:
atılan addımlar, alınan nəticələr
Müasir cəmiyyətdə fiziki anlamda sağlam
olanlarla fiziki imkanları məhdud olanlar dileması ətrafında
fikirlər haçalanır. Bəziləri bu qəbildən olan
kəslərin (xüsusən, uşaqların) normal bir şəraitdə
yetkinləşməsini, boya-başa çatmasını, bəziləri
isə bu işi "alın yazısı", "çarəsizlik
sindromu" kimi qarşılayırlar.
Bu mövzuda aparılan müzakirələr, qazanılan
hər bir təcrübə yeni nəzəriyyələr
üçün yol açmaqla cəmiyyətdə
inklüzivləşmə prosesini sürətləndirir.
Bu alternativliyin əsas paradiqmasını isə
inklüzivlik mədəniyyətini özündə ehtiva edən
inklüziv təhsil təşkil edir. İnklüziv təhsil
- pedaqoji fəaliyyətin ən önəmli və örnək
bir sahəsi olub, hamı üçün bərabərsəviyyəli
təlim-tərbiyə və inkişaf mühitinin
yaradılması zəminində başa düşülən
anlayış kimi qəbul edilməlidir. Yəni,
inklüziv təhsil dedikdə, "xüsusi qayğıya
ehtiyacı olan (sağlam imkanları məhdud) uşaqların
sosiallaşması və təhsil hüquqlarının yerinə
yetirilməsi ilə bağlı inteqrasiyalı təlimə
keçidin reallaşdırılmasına yönələn təhsil
forması nəzərdə tutulur. İnklüziv
təhsil xüsusi kateqoriyadan olan uşaqlar üçün bərabər
təhsilalma şəraitinin yaradılmasına, onların
sosiallaşmasına xidmət edir. İnklüziv
təhsil formasını korreksion - inkişafetdirici təlim təşkil
edir. Şəraiti olan ümumtəhsil məktəblərində
sağlamlıq imkanları məhdud uşaqlar
üçün (ya ayrıca, ya da adi siniflər tərkibində)
korreksion-inkişafetdirici siniflər yaradılır.
Bu gün fiziki cəhətdən sağlamlıq
imkanı normal olan uşaqlarla, fiziki bacarıq və qabiliyyətləri
ahəngdar olmayan uşaqların eyni prosesdə, eyni münasibətdə
bərabərlik prinsipi əsasında formalaşmasının
hüquqi bazasını bilməklə yanaşı, onun mənəvi
sağlamlıq xüsusiyyətlərini də bir vəzifə
olaraq bilməyin əhəmiyyəti böyükdür.
Ölkəmizdə
"İnklüziv təhsil layihəsi"nin
icrasına 2005-ci ildən başlanılıb. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il
tarixli qərarına əsasən "Azərbaycan
Respublikasında xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin
təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu
illər)" təsdiq olunub.
Respublika
prezidenti İlham Əliyevin 14 dekabr 2017-ci il
tarixli sərəncamı ilə təsdiq olunan
"2018-2024-cü illərdə Azərbaycan Respublikasında
sağlamlıq imkanları məhdud şəxslər
üçün inklüziv təhsilin inkişafı üzrə
Dövlət Proqramı"nda məhz, bu yönümdən həyatımızda
humanist münasibətlərə daha nəcib keyfiyətlərlə
alışmağın inkişaf strategiyaları öz əksini
tapıb.
Rəsmi direktivlər zəminində zamanla səsləşən
inklüziv təhsilin hamı üçün aydın və
anlaşıqlı olması ilə yanaşı, müəssərliyi
də onun prioritetliyinin yeniləşən, modern inkişafa
güclü təsiri olduğuna da bəraət verir.
Təhsil
sferasında inklüziv yanaşmanın tətbiqinə
keçən əsrin 70-80-ci illərində "Xüsusi
pedaqogika"nın tədqiqat sahəsi
kimi baxılsa da, bu işin əsl metodoloji prinsipləri
ölkəmizin müstəqillik tarixinə (1991-ci il) təsadüf
edir. Pedaqoji elmlər sistemində "Xüsusi pedaqogika"
"Sağlamlıq məhdudiyyətləri olan şəxslərin
(uşaq və böyüklərin)" tərbiyəsinin
vasitə və formalarının, metod və prinsiplərinin nəzəri
əsaslarını işləyib hazırlayan əlahiddə
pedaqogika kimi, eşitmə və nitq qabiliyyətindən məhrumların
tərbiyəsi və təhsili ilə məşğul olan
surdopedaqogika; pis, yaxud da zəif görmə qabiliyyəti
olanların tərbiyəsi və təhsili ilə məşğul
olan tiflopedaqogika; əqli cəhətdən qüsurlu
olanların tərbiyəsi və təhsili ilə məşğul
olan oliqofrenopedaqogika; uşaq və böyüklərin nitq
qüsurlarını öyrənən loqopediya kimi sahələri
ehtiva edən defektologiyanın xüsusiyyətlərini
açıqlayır.
Hazırda cəmiyyətdə və onun ayrılmaz tərkib
hissəsi olan təhsildə inklüziv yanaşma modeli pedaqoji
prosesin səmərəliliyinin yüksəldilməsi vasitəsi
olub, dünya təhsil məkanında pedaqoji fəaliyyətin
stimullaşdırılmasının əsas prioritet istiqamətlərindən
biri kimi dəyərləndirilir. Yəni, inklüziv cəmiyyət
üçün xas olan mədəni-sosial tədbirlərin səmərəlilik
dərəcəsi dünya miqyasında təhsilin
bütün strukturlarında cərəyan etdiyi kimi, ölkəmizdə
də fiziki cəhətdən sağlamlığı məhdud
olan uşaqlarla aparılan aktiv fəaliyyət
üçün zəruri imkanlara yol açmaqla, hətta, bu
sahədə mədəni vərdişlərə qovuşan
yolların birmənalı olaraq vahid məcraya yönləndirilməsinə
rəvac verir.
Bu gün
istedadlılıq və qabiliyyətlilik səviyyəsi ilə
fərqlənən şagirdlərin (tələbələrin)
yaradıcı tədris prosesinə qoşulmasının
xüsusi təhsil paradiqması kimi təhlilinin
aparılması, onun məzmununun və işlək pedaqoji
texnologiyalarının hazırlanması həm tam orta
ümumtəhsil məktəblərinin, həm də orta
ixtisas və ali təhsil sisteminin ən
aktual problemi olaraq qalır. Xüsusən,
inklüziv təhsilalmanın strateji məqsədlərini, vəzifələrini
və perspektiv konstruksiyalarını, daima axtarışlar
yolu ilə müəyyənləşdirmək
üçün tədqiqat həyatına gətirməklə,
bu işlərin təşkili texnologiyalarının təkmilləşdirilməsini
də vacib edir.
Belə
qaynaqların tətbiqi imkanlarını araşdırmağın
əksər istiqamətləri ümumtəhsil
problematikası kimi qarşılansa da, ali
təhsil məkanında da təsbit yollarını inamla
genişləndirməkdə davam edir. İndi respublikanın
bir çox ali məktəblərində
"İnklüziv təhsil"lə bağlı təkidli
elmi araşdırmalar aparılır, bu sahədə nəzəri-metodik
iş sistemi qurulur.
Bu günlərdə Azərbaycan Dillər Universitetinin
Pedaqogika kafedrasının əməkdaşlarının birgə
iştirakı ilə keçirilən "Autizm spektr pozuntusu
olan uşaqlarla aparılan sosial-mədəni işin nəzəri
və təcrübi məsələləri" mövzusunda
təşkil olunan elmi seminarın da əhəmiyyəti əsas
hədəfə çevrilmişdi. Xüsusən, bu tip
pozuntusu olan uşaqlarda qaynaqlanan gərginliyin baş vermə
səbəblərini öyrənmək baxımından
maraqlı idi. Elmi seminara rəhbərlik edən
qurumlarla əlbir işin nəticələrini valideynlər və
tələbələr də müşahidə edib,
münasibət bildirirdilər. Belə
profilaktik və diaqnostik tədbirlərin inklüzivlik
baxımından strateji hədəflərini müəyyənləşdirməyə
dair təlim-məşğələnin
aparılmasının da bu işdə rolu böyükdür.
Mərkəz öz işini müxtəlif diapozonda,
geniş formatda aparır. Bu məqsədlə
aparılan auditoriyadankənar tədbirlərə xeyli sayda
valideynlər də dəvət olunur.
"İnklüziv Təhsil Mərkəzi"nin
məqsəd və məramı könüllülük
prinsipi əsasında qurulmuşdur.
Xüsusən,
bu prosesdə istedadlı və talantlı uşaqlarla
aparılan metodik iş sisteminin əsas həmləsi
sabahın mütəxəssisi olan peşəkar kadrların
yetişdirilməsinə sahib çıxan təlimlərin,
ustad müəllimlərin səyi nəticəsində elmi nəzarəti
gücləndirmək yolu ilə həyata keçirilir.
Mərkəz bir qayda olaraq, nümunəvi Nizamnamə əsasında
öz işini tənzimləyir. Qarşılıqlı
maraq doğuran məsələləri ictimai qurumlarla birgə
müzakirə edərək inklüziv təhsil
ideyasının tətbiqi əməliyyatlarını
xüsusi səy və qayğı ilə
açıqlayır. Mərkəzin operativ iş
üsulu, dinləyici dəstəyi, auditoriya şəraiti
yüksək zövq və estetik dəyər nümunəsində
təşkil olunub.
Bu məqsədlə yeni, innovativ sistemi əhatə edən
müvafiq treninqlərin, müzakirələrin,
diskursiyaların, müsamirələrin, görüşlərin,
konfransların keçirilməsi də müasir dövrün
tələbləri əsasında inklüziv təhsil
inkişafı üçün uğurlu fəaliyyətdən
xəbər verir.
Azərbaycan Dillər Universitetinin əlaqələndirilmiş
təcrübəsinə istinadən yaradılmış Mərkəzin
rəhbəri pedaqogika kafedrasının müdiri, pedaqogika
üzrə fəlsəfə doktoru, Azərbaycan Təhsil
İnstitutunun pedaqogika doktoru proqramı üzrə
doktorantı, dosent Nigar Zeynalovadır. O, bu sahədə mövcud yenilikləri
müəyyənləşdirən dərslik və tədris
vəsaitləri müəllifi olaraq "İnklüziv təhsil"
yolunda əldə olunmuş nəticələrin pedaqoji elmə
və prosesə inklüziv cəmiyyətin bir töhfəsi
kimi dəyərləndirir. N.Zeynalova bu yolda ailə,
məktəb və ictimaiyyətin vəhdətinin əsas vəsilə
olduğunu dəstəkləyən novator ideyaların təbliği
və təşviqini təqdir edir. Bu yönümdən
müasir səviyyəli metodik tövsiyələrin
hazırlığında digər ali məktəblərlə
aparılan əməkdaşlıq imkanlarından bəhrələnməyi
də vacib və əhəmiyyətli bir iş sayır. Bunu isə bizdən həyatın özü tələb
edir.
Onu da qeyd
edək ki, "İnklüziv Təhsil Mərkəzi" Azərbaycan
Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın rəsmi əmri
əsasında yaradılıb və müvafiq "Əsasnamə"
prinsipləri ilə daimi fəaliyyət təşəbbüsünə
qoşulmuş ictimai özünüidarə orqanı kimi təsbit
olunub.
Hazırda
Mərkəzin iş strukturu, fəaliyyət müddəaları
yəni, innovativ üsul və vasitələrlə mükəmməl
texnologiyalar əsasında tənzimlənir.
Mərkəzin
iş funksiyası "Könüllü proqram" əsasında
həyata keçirilir. Bu çərçivə üzrə
"korreksiyaedici təlim" ixtisası alan
müdavimlər 6 aylıq nəzəri kurslardan istifadə
etdikdən sonra "Bərpa-reabilitasiya" mərkəzlərində
təcrübədən keçib, işlə təmin
olunurlar.
Bu gün
Azərbaycan Dillər Universitetinin nəzdində
yaradılmış "İnklüziv Təhsil Mərkəzi"nin gələcək strateji hədəfləri
yeni təhsil, təlim paradiqmaları ilə çevik iş
üsulu tətbiqinə də gündəlik fəaliyyətində
diqqət yetirir, inklüziv uşaqlarla pedaqoji ünsiyyət mədəniyyətini
novator aksioloji bilik və bacarıqlarla zənginləşdirirlər.
Vidadi BƏŞİROV,
ADU-nun pedaqogika kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 8 aprel.- S.14.