"Molla Nəsrəddin"in milli ədəbi dəyərlər sistemi yeni araşdırmada

 

Dünya çox sürətlə dəyişir. Texnologiyanın sürətli inkişafı süni qida məhsullarından tutmuş dövlətlərarası müharibələrin gedişinə dair bütün sahələrə təsir edir. Müstəqilliyimizin ilk illərində - 1990-cı illərin əvvəllərində azad sözə, azad mətbuat ideyasına xüsusi diqqət yetirən ölkəmizin media sistemi formalaşdı, mətbuatın özəl sektoru yarandı, yenicə formalaşan Milli Məclisin qəbul etdiyi ilk qanunlardan biri KİV haqqında oldu. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, media sahəsində də azad sözü tam təmin etmək üçün 1999-cu ildə bu qanunun yenidən işlənməsinə nail oldu və Milli Məclis KİV haqqında yeni qanun qəbul etdi. Bu qanunun əsas mahiyyəti həm də klassikaya, mətbuatın təcrübəsinə diqqəti ilə maraqlı oldu.

 

Bu gün mətbuat tariximizi araşdıran alimlərimizin əməyi, məsuliyyəti ayrıca qeyd edilməlidir. Azərbaycan klassik mətbuat sisteminin müasir araşdırıcıları milli yaradıcılıq tariximizin bu sahəsinə yeni baxışları ilə yeni nəslin klassikamıza diqqət və sevgi hissləri ilə böyüməsinə xidmət göstərməkdədir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları bu sahədə maraqlı tədqiqatlar ortaya qoymaqdadırlar. Bu tədqiqatlar sırasında şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın "Molla Nəsrəddin jurnalı və milli ədəbi dəyərlər" monoqrafiyası öz fundamentallığı ilə xüsusi yer tutur. Doqquz fəsildən ibarət bu əsər "Molla Nəsrəddin" jurnalının hərtərəfli tədqiqini özündə əks etdirir. Bu fəsillərin hər biri klassik jurnalistikamızın çox mühüm nümunəsi olan bu jurnalı: 1. Onun yaradıcısı Cəlil Məmmədquluzadə fenomeni ilə birgə təhlil edir; 2. Zaman və məkan kontekstində aydınlaşdırır; 3. Jurnalın bütün fəaliyyətinin təhlillərində klassika və müasirlik kimi bu gün üçün çox vacib olan bir məqama xüsusi diqqət yetirir.

 

Azərbaycan klassik mətbuatının, xüsusilə C.Məmmədquluzadə və onun mühiti ilə bağlı ayrıca bir məktəb səciyyəsi daşıyan tədqiqatçı, akademik İsa Həbibbəyli Gülbəniz Babayevanın bu əsərini yüksək qiymətləndirir: "Monoqrafiyada Azərbaycanın dövlət müstəqilliyinin yaratdığı imkanlar əsasında ilk dəfə olaraq mollanəsrəddinçilərin ana dili və milli istiqlal uğrunda mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinə münasibəti, "Molla Nəsrəddin" jurnalında Qarabağ mövzusu, erməni-müsəlman məsələsi obyektiv elmi mövqedən işıqlandırılmışdır... "Molla Nəsrəddin"in hərtərəfli  tədqiqi bir daha sübut edir ki, bu jurnal "nəşrə başladığı ilk nömrəsindən milli ideyanın, azərbaycançılığın carçısı rolunda çıxış etmiş və yalnız bu ruhda yazıb-yaradan ədibləri öz ətrafında toplamışdır".

 

Bu jurnalın fədakar tədqiqatçılarından olan Firudin Hüseynovun fikrincə, "Molla Nəsrəddin" elə ilk nömrəsində əsrlərdən bəri zehnlərdə kök salmış mənfur susmaq fəlsəfəsinə, zülmə boyun əyməmək siyasətinə qarşı kəskin bədii gülüş, öldürücü kinayə ilə çıxış etmişdir".

 

Akademik İsa Həbibbəylinin dəqiq qeyd etdiyi kimi, Gülbəniz Babayeva elmi yaradıcılığında və xüsusilə haqqında bəhs olunan monoqrafiyasında göstərilən problemlərə xüsusi diqqət yetirmiş və "Azərbaycan mollanəsrəddinşünaslığında yeni imza kimi tanınmışdır".

 

Etiraf edək ki, "Molla Nəsrəddin" jurna

 

lının əsas ideya xətti olan milli istiqlal ideyaları barədə Sovet dövründə birbaşa söz demək mümkün olmamışdır. Müstəqilliyimizin indiki çağında bu ideyaların tədqiqi həm də "Molla Nəsrəddin"in ağır Çar senzurası, daha sonra dəmir Sovet senzurası dövründəki cəsarətini gənclərimizə çatdırmaq istəyidir.

 

Yuxarıda da qeyd etdiyimiz kimi, Gülbəniz Babayeva jurnalın milli istiqlalla bağlı fəaliyyətini monoqrafiyanın I fəslində araşdırmağı vacib saymışdır. Bu yerdə fəslin birinci bölməsinin jurnalın nəşri və tədqiqi tarixinə aid olması ilk baxışdan "artıq" görünə bilər. Çünki "Molla Nəsrəddin" ətrafında tədqiqatçılar bu sahədə xeyli fikir demişlər. Amma müstəqilliyimizin bizə bəxş etdiyi azad söz, azad fikir imkanları bu tarixə yenidən və tam mənası ilə obyektiv baxmaq, jurnalın yaranması, fəaliyyəti dövründə Mirzə Cəlilin çəkdiyi ideoloji iztirabları göstərmək çox vacibdir ki, biz bunları "Molla Nəsrəddin" jurnalı və milli ədəbi dəyərlər" monoqrafiyasında aydın şəkildə görürük. Bu fəsildə həmin mövzuların ideya qaynaqları, jurnalın demokratik dövlət quruculuğu uğrunda mübarizəsi, Xalq Cümhuriyyətinə münasibəti, ortaq türk əlifbasının yaradılmasında rolu və s. kimi Sovet senzurasının yasaq etdiyi istiqamətlər təhlilə cəlb edilir.

 

Monoqrafiyanın II fəsli jurnalın problematikasını araşdırır. Burada ədəbiyyat, ana dili, elm və təhsil məsələləri ilə yanaşı, "Molla Nəsrəddin"in də Qarabağ, erməni-müsəlman məsələləri xüsusi yer alır.

 

Aydındır ki, istər bu jurnalda, istərsə də ayrıca olaraq Mirzə Cəlil yaradıcılığında erməni-müsəlman məsələlərinin araşdırılmasını Sovet senzura sistemi o qədər də ciddi nəzarətdə saxlamamışdır. Bəzən də savadsız senzorlar bu əsərləri axıradək başa düşmədikləri üçün onların təhlillərinə "yüngülvari" güzəştlər etməyə məcbur olmuşlar. Akademik İsa Həbibbəyli göstərir ki, "Cəlil Məmmədquluzadənin "Anamın kitabı" böyük tərbiyəvi əhəmiyyətə malik olub, milli-mənəvi özünüdərk, vətənçilik, milli birlik və müstəqillik dərsləridir". Və bu "dərslik" A.Zamanov, Ə.Mirəhmədov, F.Hüseynov kimi alimlərimizin tədqiqatlarında özünün həqiqi təhlilini tapmışdır. Amma "C.Məmmədquluzadənin bu əsərlə həm də azərbaycançılıq ideyası və ideologiyasının banisi olduğunu isbat etmişdir" kimi obyektiv bir fikir əsasən bizim günlərimizdə öz qiymətini tapıb.

 

Gülbəniz Babayevanın monoqrafiyasının ikinci fəsli jurnalda Qarabağ mövzusunun bu günümüzlə necə səsləşdiyini bir daha sübut edir. Jurnalın 1917-ci il 23-cü nömrəsində Kərim bəy imzası ilə dərc olunan "Qarabağ" şeiri dövrün bütün gerçəkliklərini ifadə edir və bunu təhlil edən G.Babayeva yazır: "Qarabağ şeirinin yazılmasından yüz ildən artıq bir vaxt keçməsinə baxmayaraq, bu monumental şeir dövrün bütün gerçəkliklərini, əbədi və əzəli düşmənlərimizi bizə tanıtdırmaqda və həmvətənlərimizi ayıq saxlamaqda böyük tarixi əhəmiyyətə malikdir".

 

Monoqrafiya müəllifi jurnalın fəaliyyətinə istinad etdiyi faktlarla göstərir ki, "Molla Nəsrəddin" öz səhifələrində ədəbi janrların bütün formatlarında Qarabağ mövzusunu vaxtaşırı önə çəkmişdir. Müəllif xüsusi bir nümunə kimi "Qoloşapova" felyetonunu təhlil edir və imperiyanın Qarabağa - Şuşaya göndərdiyi bu general-qubernatorun felyetonda ikiüzlü, riyakar bir tip kimi ifşa edildiyini vurğulayır. Məhz belə faktorlar bir daha sübut edir ki, bu gün də düşmənin düşmən olduğunu unutmaq olmaz. Müəllifin bizə təqdim etdiyi saysız-hesabsız felyeton nümunələri çox maraqlı-elmi publisistik təhlillərdə araşdırılır.

 

Monoqrafiyanın bu fəslindəki "Molla Nəsrəddin" jurnalında erməni-müsəlman məsələləri" bölməsində ermənilərin iç üzünü açan felyeton nümunələri müasirlərimiz üçün də bir tarix dərsi səciyyəsi daşıyır.

 

Monoqrafiyanın digər fəsillərində jurnalın klassik irsə münasibəti, folklora sevgi nümunələri, "Molla Nəsrəddin"in dili və üslubu, dərginin türk dünyasında yeri və digər bu kimi məsələlərin ardıcıl tədqiqi yer almışdır. Müəllif ayrı-ayrı fəsillərdə jurnalın karikatura fəaliyyəti, rubrikaları kimi birbaşa jurnalistikaya aid yaradıcılıq məqamlarını təhlilə cəlb etmişdir.

 

Monoqrafiyanın daha bir maraqlı məqamına diqqət çəkmək istərdik: Tədqiqatın sonuncu - 9-cu fəsli "Molla Nəsrəddin" jurnalında ənənə və müasirlik" adlanır. Qeyd edək ki, klassik mətbuat tarixinin öyrənilməsi və onun təqdimi prosesində klassikanın müasirliklə necə bağlandığını araşdırmaq çox vacib məsələdir. Klassika ona görə klassikadır ki, o, bütün zamanlarda müasirlik kəsb edir. "Molla Nəsrəddin" jurnalı məhz bu keyfiyyəti ilə bizim müasirimizdir. Bunu xüsusi nəzərə alan tədqiqatçı bu fəsildə çağdaş satiramızda "Molla Nəsrəddin" ənənələri və buna misal olaraq "Ədəbiyyat" qəzeti"ndə satira" kimi mövzular üzərində araşdırmalar aparır. Və bu tədqiqatlara jurnalın bütün nömrələrinin 10 cilddə faksimile nəşri barədə araşdırmaları ilə yekun vurur. Müəllif qeyd edir ki, bu jurnalın faksimile nəşrinə ötən əsrin sonlarında bir neçə dəfə cəhd göstərilmiş, lakin sona qədər və həm də mükəmməl şəkildə ortaya qoymaq mümkün olmamışdır.

 

Gülbəniz xanım bu yerdə tamamilə doğru qeyd edir ki, Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı zamanı bu işin çox vacib olduğunu vurğulamış və jurnalın 12 cildlik faksimelesinin nəşr edilməsini və geniş arealda yayılmasını bir vəzifə kimi qarşıya qoymuşdur. Heydər Əliyev məhz bu kontekstdən yanaşaraq demişdir: "Biz bunu etməliyik və geniş yaymalıyıq ki, xalqımız Mirzə Cəlil dühasından bəhrələnərək mənəviyyatca daha da saf olsun".

 

Monoqrafiyada qeyd olunur ki, Ulu öndərin bu tapşırığı və çoxsaylı oxucu auditoriyasının arzu və istəklərinə rəğmən, akademiklər İsa Həbibbəyli, Teymur Kərimlinin redaktorluğu ilə "Molla Nəsrəddin" jurnalı yenidən 10 cilddə nəşr edilib. Bu yerdə müəllif akademik İsa Həbibbəylinin jurnalın faksimile nəşrinə yazdığı "ön söz"dən bir sitat gətirir: "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının milli azadlıq və dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir. Bu mübariz jurnal Azərbaycanın milli istiqlalına mütəşəkkil nizamlı bir ordudan çox xidmət göstərmişdir. "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının milli dirçəliş və azadlıq ideyalarından, vətəndaşlıq ruhundan yoğrulmuş mənalı bir istiqlal kitabıdır. Azərbaycanda milli azadlıq, dövlət müstəqilliyi və demokratiya, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi uğrunda son yüzillikdə, müasir dövrdə də aparılan mübarizəni Cəlil Məmmədquluzadəsiz və "Molla Nəsrəddin" jurnalı olmadan təsəvvür etmək çətindir".

 

Tədqiqatın bu yerində Gülbəniz xanımın akademik Teymur Kərimlidən - jurnalın 10 cildliyinin redaktorunun "Redaktordan" sərlövhəli qeydlərindən gətirdiyi sitata da diqqət yetirmək istərdik: "Sovet hökumətinin Azərbaycanın klassik irsinə məlum münasibəti nəticəsində 12 cilddə çapı nəzərdə tutulan jurnalın yalnız bir cildi kiril əlifbası ilə işıq üzü görmüş, Moskvanın qarət etdiyi sərvətlərimizdən vəsait ayrılmadığına görə makinadan çıxmış əlyazması uzun illər Ədəbiyyat İnstitutunun dəmir seyflərində toz-torpaq içində yatıb qalmışdır".

 

Monoqrafiya müəllifi Azərbaycanın yeni müstəqilliyi dövründə mənəvi dəyərlərimizə dövlət qayğısını xüsusi qeyd edərək "Molla Nəsrəddin" jurnalının yenidən 10 cilddə nəşrini xalqımıza böyük töhfə kimi qiymətləndirir. Bu, həqiqətən də belədir. Bütövlükdə Mirzə Cəlil irsinə və milli mətbuatımızın mübariz nümunəsi olan "Molla Nəsrəddin" jurnalına bu dəyərli münasibət AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının vətəndaşlıq göstəricisidir. Haqqında bəhs etdiyimiz "Molla Nəsrəddin" jurnalı və milli ədəbi dəyərlər" monoqrafiyası da həmin vətəndaşlıq göstəricisinin tərkib hissəsidir.

 

Allahverdi MƏMMƏDLİ

BDU-nun Multimedia və elektron  kommunikasiya kafedrasının müdiri

 

Cahangir MƏMMƏDLİ

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri

 

525-ci qəzet.- 2022.- 8 aprel.- S.13.