Türk - güclü deməkdir  

 

Qədim, böyük və ulu bir xalq kimi - bir millət olaraq türklərin bütün tarixi dövrlərdən yaşam tərzi Türk mənəviyyatı ilə bağlı olub. Türk mənəviyyatının iki  əsas məsdəri var: vətən əxlaqı və ailə kultu! Vətən əxlaqına El - milli təəssübkeşlikdən tutmuş, dövlət əxlaqına qədər bütün ənənələr daxildir. Ailə kultu tatrearxal dövrdən tutmuş bu günə  - XXI əsrə qədər türkün mühafizə etdiyi ən böyük mənəvi prinsipdir. Türk kişisi qəhrəman, fateh və mərddir. Türk qadını sevmədiyi adama ərə gedə bilməz. Türk qadını xatundur, anadır, sevgilidir - və bütün bu nişanlarda, təbii, ülvi, səmimi, sədaqətlidir. Damarlarında təmiz qan axan türk kişisi və türk qadını xəyanət nədi bilməz, əsl türk qadınları təkcə sevməklə kifayətlənməz, öz cütünə fəda olmağı üstün tutar. Bunun ən yaxşı timsalı oğuz türklərinin şah əsəri "Kitabi-Dədə Qorqud" eposudur. Burada oğuz türklərinin qəhrəmanlığı ilə bərabər mənəviyyatı da mükəmməl əks olunur. Eposda "Ana haqqı -  tanrı haqqı" sayılır. İgid Beyrək onu ələ almaq üçün yatağına girən gözəl  qızla öz arasına qılıncını qoyur, sevdiyinə sədaqətini sübut edir. Ən böyük məlhəm "ana südü dağ çiçəyidir". İndiki anlamla  desək qədim türk cəmiyyətində gender bərabərliyi mövcud idi. Qadınlar döyüşdə kişilərdən geri qalmırdı. Ocağı həm məhəbbəti və sədaqəti ilə, həm   silahla qoruya bilirdi. Belində xəncər gəzdirən türk qadınları yüngül əxlaqlı deyildi. Türk qadını gözəl və mərd idi və sevdiyi adama qadın gözəlliyini məhəbbətlə təqdim etməyi bacarırdı. Türk kişisi qadını adi insan kimi yox, mələk kimi - Tanrı töhfəsi kimi qəbul edirdi. Və təmiz qanlı türklər bu gün də belə edir.

 

Türk cəmiyyəti və türk məişəti demokratik mühit idi. Bu "Böyük Çöl" mədəniyyətindən irəli gəlirdi. Dəfələrlə demişəm və yazmışam: türklər  X əsr də islamı təkcə din kimi deyil, ilahi elm kimi qəbul etmişlər. Türk təfəkküründə məzhəb ayrılığına və fanatizmə yer yoxdur. Türklərin islam dinində qəbul etdikləri ən böyük mənəvi keyfiyyət mərhəmətdir. Ulu peyğəmbərimiz Hz Məhəmməd öz təlimində məhz bu cəhəti ön plana çəkirdi. Mərhəmətli adam Ədalətli, Həqiqətpərəst, Şəxsiyyətli, Azadlıqsevər olar. Bütün bunlar əsl türkün - əsl müsəlmanın tanıdığı əsas kodikslərdir.

 

Türklər qadına Allahdan sonra  ikinci yaradan kimi baxırdılar, onların düşüncəsində  qadına əzab vermək ən ağır cinayət, Allaha qarşı çıxmaq idi. Türk - güclü deməkdir. Sözün "törəyən", "çoxalan" mənaları da var. "Türk" sözünün mənası "güclü", "möhkəm" deməkdir. A.H.Kononovun fikrincə bu söz sonralar tayfa birləşməsinin etnik adına çevrilmiş məzmun anlayışdır" (Qumilyov L. "Qədim türklər", Bakı, "Gənclik" 1993, s.31).

 

Türkün gücü bütün dünyaya açıq olmasındadır. Heç bir millət türklər qədər başqa xalqların öz içərisində  yaşaması üçün azad şərait yarada bilməz. Məhz bu da türklərin gücünü, qüdrətini göstərən başlıca əlamətdir.

 

Dünya ona görə gözəldir ki, orada türklər yaşayır, türklər öz xeyirxah əməlləri ilə dünyanı gözəlləşdirib, həyatı yaşayışı asanlaşdırıb.

 

Qədim türklər təkcə türk mühitinin, cəmiyyətin parlaq nümayəndələri deyil, həm də təbiətin gözəlliklərinə əlavə nəqş vuran insanlar idi.

 

Türkün əcdadı Oğuzxanın arvadı göydən enmiş nurdan yaranıb. Onlar səma adamlarıdır. Bəlkə də hürufilərin "İnsan həqdən qopmuş nur parçasıdır" kəlamı buradan qaynaqlanır.

 

Qədim türklərə əcnəbi ölkələrdən qonaq gələndə gəlişin məqsədini sorusmamış qonağı xonça ilə qarşılayırdılar. Ona görə də əşirət dövrünün türk cəmiyyəti multikultural cəmiyyət idi. Burada mühüm bir amil də var: türklər humanist, insansevər, insanı uca tutan millətdir. Bu hər şeydən əvvəl ona görə belədir ki, türklər insanı Allah əmanəti olan Ruhun daşıyıcısı kimi yüksək qiymətləndirirlər. Türklər öz dəyərini, qədrini yaxşı bildiklərinə görə başqa millətlərin də qədrini yüksək tuturdular. Türklər layiq olduğu haqqı sülh yolu ilə ala bilməyəndə, qılıncla almağı, fatehliyi, cəngavərliyi yaxşı bacarırdılar. Bütün türk tarixi haqq-ədalət uğrunda, vətən və dövlət uğrunda müzəffər mübarizələr tarixidir.

 

Türk sivilizasiyası dünyaya 17 imperiya verib. Türklər yüksək dövlətçilik duyğusuna, dövlətçilik təcrübəsinə malik olmuşlar. Türklər qəhrəman millətdir. Hz Məhəmməd öz əhalisinə deyib: "Türklərin dilini  öyrənin, gələcək onlara məxsusdur". Böyük dilçi və filosof Mahmud Kaşqarlı bu niyyətlə yazmış və islam dünyasının paytaxtı Bağdadda çap etdirmişdir.

 

Türklərin Vətən anlayışı çox böyük  - Yerlə göy arasındadır. Onların ölçü vahidi verst, kilometr deyil, Üfüq idi. türkün atı qan yolları ilə yox, nur yolları ilə irəliləyib. Türklər hara gediblərsə özləri ilə haqq-ədalət, azadlıq və mədəniyyət aparmışlar.

 

Qədim türk cəmiyyəti yüksək ünsiyyət mədəniyyəti üzərində qurulmuşdu. Burada kiçiyin böyüyə, ağsaqqala ehtiramı əsas sayılırdı. Türk cəmiyyətində qəhrəmanlıq institutu ilə bərabər ağsaqqallıq kultu da çox güclü idi.

 

Türklər haqq-ədalət savaşına, vətənin müdafiəsinə Allahın adını tutub gedir, X əsrdən sonra islam peyğəmbərinin saleh əməllərini nümunə kimi qəbul edirdilər. Ona görə də zalımla qılınc gücü ilə, məzlumla mərhəmət dilində danışırdılar.

 

B.e.ə. I minilliyin birinci yarısında türk tayfalarının böyük köçü baş vermişdir: Şimalı Qafqaza, Qara  dəniz ətrafına köç edən türk tayfalarını yunanlar İskit, Mərkəzi Asiyaya və Yaxın Şərq ölkələrinə köçən türkləri farslar Sak adlandırmışlar. Fəqət türklərin ilk məskənləri Mərkəzi Asiya, Almaniya vilayəti, Yenisey çayının ətrafı olmuşdur. Bu ərazilər Türküstan adlandırılmışdır...

 

Türklər zəngin məişət, elm, yazı mədəniyyəti yaratmışlar: Zərdüşt peyğəmbərin möhtəşəm "Avesta" traktatı, Orxan-Yenisey daş kitabələri, Qobustan qaya üstü yazıları, "Kitabi-Dədə Qorqud" eposu, Yusif Xas Haci Balasaqunlunun "Qutasqu bilik" poeması, Mahmud Kaşğarlının "Divanı-lüğət-türk" fəlsəfəsi, linqvistiq lüğəti XI əsrə qədər türklərin yaratdığı müştərək və möhtəşəm abidələrdir. Türklər dünyaya üç dildə - ərəb, fars və türk dillərində böyük ədəbiyyat və nəzəri-fəlsəfi elm yaradan şairlər, alimlər, mütəfəkkirlər bəxş etmişlər: bədii yaradıcılıq sahəsində Xaqani, Nizami, Nəsimi, Füzuli, Axundzadə, Rumi, Əmrə, Nəvai, Abay, Aytmatov; elm-fəlsəfə sahəsində İbn Sina, Fərabi, Buruni, Tusi, Bəhmənyar, Şəbüstəri, Sührəverdi, Ziya Göyalp və sair. Bu adlar bəşər mənəvi fikir xəzinəsinə əhəmiyyəti heç zaman azalmayacaq mütərəqqi ideyalar vermişlər.

 

"Kim əcdadının adını çəkə bilirsə, o, siyasi cəhətdən mövcuddur" (Yuri Lotman). Türkçülüyün "rəsulu" böyük mütəfəkkir Əlibəy Hüseynzadə - Turan "Türklər kimdir və kimlərdən ibarətdir" (1905) əsərində yazıb: "Türklər səhnəyi - tarixiyyəyə Miladi İsadan 2000 il əqdəm çıxıb, o vaxtdan bəri cinsən və lisanən müxtəlif və mütəəddid təsirata məruz olmuşlardı". Deməli, türklər monteist dinlərdən daha əvvəl öz inancları və inamları ilə tarixdə mövzu idi. Türklər əvvəl Tenqriyə (Tanrıya) sonra isə Oda ("Avesta") sitayiş ediblər. Bir daha təkrar edirik: ərəblər islamı yaratdı, türklər islamı yaşatdı! İslam dinini yaradan "ərəb çuxalı türk" (Nizami Gəncəvi) idi. İslamı türklər X əsrdə təkcə din kimi yox, həm də ilahi  - mistik bir elm kimi qəbul etdilər. Ona görə  türklərin dinə inamı və peyğəmbərimiz Hz Məhəmmədə sədaqəti daha dərin məzmunludur. X əsrdən sonrakı bütün böyük türk yürüşləri islam bayrağı altında keçib. Türklər tarixdə Allahın ədalətini əsas tutaraq irəliləyiblər. İlk olaraq "Bulqar türkləri islamiyyəti zor gücünə və üzdən qəbul etməmişdilər. Bu dini könüldən mənimsəmişlər. 921-ci ildə Bulqar xanı Almış Xəzər türklərindən Baştonu Abbasi xəlifəsi Əl - Müqtədirin yanına göndərərək, müsəlmanlığı əslindən öyrətmək istədiyini, ona bu dini öyrətməkdə kömək edəcək alimlərin göndərilməsini rica etmişdi. Xəlifə Əl - Müqtədir də ona din xadimlərindən və məscid - came tikərək memarlardan ibarət bir heyət göndərmişdi... Almış xan müsəlman olduqdan sonra Cəfər adını götürdü" (Rəfiq Özdək. türkün qızıl kitabı. II cild Bakı, "Yazıçı" nəşr. 1991, s.4.). Türklər islam dini ehkamlarına ciddi surətə əməl edir, Hz Məhəmməd onlar üçün şəxsiyyət nümunəsi idi.

 

Azərbaycan ən qədimdən türklərin Vətənidir. "Türk dili Azərbaycanda eramızdan əvvəlki dövrlərdə peyda olmuşdur" (Z.Jampolski). Azərbaycan lap qədim zamanlardan türklərin vətəni sayılır. Türklər çoxdan bu ərazidə məskunlaşmışlar" (Cürhuma. VII əsr ərəb tarixçisi). Daha bir fakt: "xəlifə Müaviyə bir dəfə qədim tarixin mahir bilicisi yəmənli Abiz ibn Şeriyədən soruşur: "Türklər və Azərbaycan nə deməkdir?" Abid cavab verir: "Azərbaycan qədimdən burada məskunlaşmış türklərin ölkəsidir" (Həbiboğlu B. "Lev Qumilyovun "Qədim türklər" kitabına ön söz. Bakı, "Gənclik" 1997, s.7).

 

Türk tarixi, o cümlədən, Azərbaycan türklərinin tarixi obyektiv surətdə, kifayət qədər dərindən öyrənilməyib. "Türk xalqlarını bir-birindən təcrid etmək, onların qədim dövlətə, mədəniyyətə malik olduğunu göstərməmək, yeni yaranmış nəslin dünyagörüşündə bu qədim xalqın qədimliyinin tarixi köklərinə aid baxışların dərin kökatmasına yol verməmək Sovet milli siyasətinin başlıca tendensiyalarından biri idi" (Vəli Həbiboğlu).

 

Türkün düşmənləri vahid və monolit bir millət olan "Türk"ün əvəzinə özbək, tatar, qazax, qırğız, türkmən, kalmık, qaqauz, başqırdı, azərbaycanlı və s. terminlər işlətdilər, bununla da türk millətinin  - Turan xalqını parçalamış oldular. "Parçala və hökm sür!"  bu siyasətin əsas mahiyyəti belə idi.

 

Türk tayfalarının vahid xalq kimi formalaşması VI-VIII əsrlərdə baş verən  tarixi prosesdir. Qədim eposumuz "Kitabi-Dədə Qorqud" bu dövrün hadisələrini bu tarixi prosesi əks etdirir. Eposun əsas ideyası türk tayfalarının vahid xalq kimi formalaşması, türk Dövlətçiliyinin yanaşması ideyasıdır.

 

Türk tarixi ən parlaq şəkildə mədəni və mənəvi adət-ənənələrimizdə, toy və yas məclislərinin keçirilməsi qaydalarında, xüsusən "Novruz" təlimi sistemində əks olunub. Türk cəmiyyəti və türk dövlətləri multikultural olsa da (bu da türk mədəniyyətinin ifadəsidir!)  türklər bütün cəmiyyətlərdə abargen xalq, saf genli və qanlı millət olmuşlar. Türklər həm zahiri görkəmlərinə - dərilərinin aclığına, boylarının ucalığına, bədənlərinin möhkəmliyinə, qəlblərinin genişliyinə, təfəkkürlərinin dərinliyinə - mərdliklərinə görə dünyanın ən böyük millətidir. Əksəriyyəti, xüsusən, Oğuz türkləri uca boylu, qıvrım salı saçlı, yaşıl (ala!) gözlü, şirin dilli, zəhmətkeş və istedadlı insanlardır. Türkün uşağı ayaq tutub yeriməmişdən əvvəl at minməyi, qılınc tutmağı öyrənir. Türkün ən rahat olduğu yer atın yəhəridir, şahə qalxmış türk atının kişnərtisi dünyanın ilk azadlıq himni, qəhrəmanlıq marşıdır. Türk yataqda ölməz, ya şəhid olar, ya da at üstündə can verər. Türkün baxışları Günəşə zillənir, o, Günəşdən  işıq, enerji qəbul edir. Türk coşanda dağ çayı kimi dağıdıcı, sevəndə dərya kimi dərin olur.

 

Zaman gələcək türk dünyanı idarə etmək missiyasına sahib olacaq.

 

Bizim yaşam düsturumuz belədir: "Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!"

 

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2022.- 8 aprel.- S.12.