"Altmışıncılar" və
son 60 ilin ədəbi həyatı”ndan səhifələr
Bədxahlarınızı
bağışlayın, amma adlarını unutmayın.
Con Kennedi
***
Üzərində bir ildən artıq müddətdə
işlədiyim "Altmışıncılar və son 60 ilin
ədəbi həyatı" kitabımı bitirmişəm,
əsərdən bir neçə parçanı oxuculara təqdim
edirəm.
***
(Əvvəli
dünənki sayımızda)
"Altmışıncılar" olub, olmayıb?
Aydının
fikirləri
Aydının "yeni nəsr" istilahını qəbul
etməməsi və mənim buna qarşı əks
iddialarım vaxtilə "Ulduz" jurnalında dərc
olunmuş söhbətimizdə öz əksini tapıb. Aydın bu
söhbəti elə mənim dediyim "Sözümüz
eşidilənədək" adıyla buraxdığı
kitaba daxil etmişdi. Həmin mübahisəmiz belədir:
Aydın:
Mən bu istilahı ("yeni nəsr" istilahını -
A.) qəbul etmirəm".
Anar: - Məsələ
istilahda deyil. 60-cı illərdə yaranan nəsrin
yeni nəsr olmasını şübhə altına almaq olmaz.
Aydın:
"Mən nəsrdə yeniləşmə baş verdiyini
inkar etmirəm".
"Ulduz" 1987 ¹ 6. səhifə 47.
Aydının 60-cılar və onlardan sonra gələnlər
haqda fıkirləri də maraqlıdır.
"Yenə qayıdaq 60-70-illər nəsrinə. Dediyimiz kimi,
zamanın dalğası maraqlı yazıçıları
üzə çıxarmışdı və bu
yazıçıların qarşısında hələ
heç kəsin toxunmadığı bir "xam" sahə,
ucu-bucağı görünməyən problemlər vardı.
Onlar da həvəslə işə girişdilər,
strategiyaları ümumi olsa da, hərə öz üslubunda,
öz maraq dairəsində çalışmağa
başladı. Lakin artıq yetmişinci illərdə
aşkar hiss olunurdu ki, yeni mövzular yeni dönüşlər
axtarışı get-gedə çətinləşmiş,
necə deyərlər, bostan uralanmışdı. Bu andan da
altmışıncı illər nəslinin ədəbi təcrübəsini
öz yaradıcılığı üçün nümunə
götürən yeni-yeni yazıçılar ədəbiyyata
qədəm qoymağa başladılar, 70-ci və 80-ci illərdə
nəsrə gələn gənclərin əksəriyyəti
sadəcə "altmışıncıları"ın fəth
edib çox böyük mətanət və israrla
müdafıə etdikləri ədəbi mövqeyə
qoşuldular. Daha dəqiq desək, son nəslin nümayəndələri
öz müəllimlərinin -
"altmışıncılar"ın tapdanmış yolu
ilə qorxusuz və hürküsüz getməklə bərabər,
onların ağır və üzüntülü
yaradıcılıq axtarışları hesabına əldə
etdikləri uğurlara da zəhmətsiz-filansız şərik
çıxdılar: axı 70-80-ci illər nəsli
üçün mövzular da, üslubi priyomlar da artıq
hazır idi, ədəbi mühitin müqaviməti isə əvvəlki
gücünü itirmiş. "Altmışıncılar"ın
təzyiqi altında zəifləmişdi. Elə
məhz buna görə də qrafomaniya üçün
münbit zəmin yaranmışdı. Gənc
tənqidçi Məti Osmanoğlu demişkən, "bədii
sənətkarlıq və üslub təqlidçilərinin,
üslub nümayiş etdirməyin ən tipik nümunələri
nəsrimizdə məhz 70-ci illərdə yarandı".
Aydın
Məmmədov. "Sözümüz eşidilənədək"
kitabı səhifə 102-103
Hər
iki tənqidçinin doğru müşahidələrinə
onu əlavə edə bilərəm ki, bu tendensiya - qrafomaniya
və təqlidçilik (internet vasitəçiliyiylə təqlid
ünvanları genişlənərək dünya ədəbiyyatının
dəbdə olan yazarlarını da hədəfə aldı)
XXI əsrdə yazmağa başlayan bəzi gənc müəlliflərin
yazılarında çox aydın şəkildə üzə
çıxır...
Azərbaycan
"altmışıncılar"ının
yaradıcılığı Ümumittifaq, özəlliklə
rus tənqidçilərinin də diqqətini çəkirdi
V.Kamyanov, Y.Sidorov, Y.Surovtsev, M.Boçarov, Latınina, Urnov,
Kovski kimi məşhur tənqidçilər ayrı-ayrı
yazıçılarımız haqqında ya ümumiyyətlə,
altmışıncılar nəsli haqqında ciddi yazılar
çap etdilər. Lev Anninski kimi məşhur tənqidçi
Azərbaycan altmışıncılarına və bu nəsildən
olan ayrı-ayrı yazıçılarımıza bir
neçə məqalə həsr etmişdi. Moskvalı əbəbiyyatşünas Svetlana
Əliyeva isə
"altmışıncılarımız" barədə
"Dəyişən dünyada insan" adlı bütöv
bir kitab həsr etmişdir. S.Əliyeva yazır:
"Azərbaycan nəsrində "yeni istiqamət"
barədə ümumittifaq tənqidi ilk dəfə 1975-ci ildə
bəhs açdı. Əkrəm Əylisli, Anar, Maqsud və Rüstəm
İbrahimbəyov qardaşları və hətta onlardan sonra
çıxış etmiş Elçinin barəsində
artıq "gənc" ifadəsini işlətmək əcaib
olardı. "Gənclər"
istilahı" real vəziyyəti əks etdirmədiyindən
"yeni nəsr" formulu ilə əvəzləndi. Digər tərəfdən, hamıya aydın idi ki,
bu formula onların yaratdığı nəsrin səciyyəsini
ifadə etmək, onun əvvəlki ənənəvi nəsrdən
fərqini göstərməkdən ötrü
yaranmışdır".
Ñâåòëàíà Àëèåâà "×åëîâåê â ìåíÿþùåìñÿ ìèðå" kitabından. 1980
Daha bir tənqidçimizin fikri: "Ədəbiyyat təsəvvürlərimin təşəkkülündə əsaslı rol oynamış 60-cı illər nasirlərinə, məxsusən Anara və bir də bu ünvanı, bu yolu mənə tanıtmış ilk müəllimim Tofıq Qəhrəmanova ithaf edirəm" sözləri - mənimçün çox dəyəri olan bu ithaf - Tehran Əlişanoğlunun "Azərbaycan "Yeni nəsr"i kitabının ilk səhifəsində dərc edilib. Həmin kitabda müəllif yazır:
"1960-70-ci illərdə, yeni nəsrin yaranması və təsbiti prosesində konservativ ədəbi tənqidin ona qarşı barışmaz mövqeyi, onu inkar etmək cəhdlərini diqqətdən kənar qoyasıyıq. Təkcə ona görə yox ki, ədəbi proses bu məqamı zamanında dəf edə bilmiş və əslində bunun "əhəmiyyəti" onda olmuşdur ki, yeni nəsrin hər nümunəsini "hücum"la qarşılanması tezliklə onun təsdiqinə çevrilmişdir. Hərçənd bu şəkildə "mübarizə" ədəbi ictimaiyyəti, o cümlədən, ədəbi tənqidi yeni nəsrin həqiqi mahiyyətinə varmaqdan uzaqlaşdırır, daha çox "kölgə" problemləri ilə məşğul olmağa sövq edirdi. Başlıcası ona görə ki, konservativ tənqidin həmin dövrdə rəsmi-ideoloji mövqelərdən və məhz sosrealizm realizmi ədəbiyyatının apologeti kimi çıxış etməsi o zaman olduğu kimi, çağımızda da özlüyündə məlum məsələdir, üstəlik bu gün üçün elə bir elmi əhəmiyyət kəsb etmir.
Tehran Əlişanoğlu "Azərbaycan "Yeni nəsr"i kitabından səhifə 8
Qəribədir ki, XX əsrin 60-cı illəri meydana çıxmış "altmışıncılar"a inkarçılıq keçən əsrin sonlarınacan davam edir. Bununla bağlı tənqidçi Nazif Ələkbərov yazırdı:
"Hazırda ədəbi prosesdə əsas diqqət obyekti 60-cılar adlı nəslin nümayəndələridir. Yenə onlar hadisələrin mərkəzindədir, yenə onlar haqqında danışırlar, onlardan müsahibə alırlar, onları tənqid edir, onlardan umur, onlara sığınırlar.
Bu kiçik yazıda onların siyasi platforması haqqında danışmayacam. Söhbət 60-cıların ədəbi-tarixi prosesdə rolundan və ümumən malik olduqları missiyadan gedir. Bu barədə çox yazılsa da onların bəziləri yenə vaxtaşırı tənqid obyekti olur, hətta bu fərqli tənqid duyğuları 60-cıları tamamilə inkar məqamına gəlib çıxır. Ə.Börüsoy "Cümhuriyyət" qəzetində çap etdirdiyi bir məqalədə (15 noyabr 1997) yazır: 60-cı illər mifi yalançı ədəbiyyatçılığa, elitarçılığa bir ədəbi hikkədir. Bu illərin ədəbiyyatı heç bir milli fıkrə, heç bir ədəbi hadisəyə səbəb olmayıb".
İnkar naminə inkar kiminsə dəyirmanına su tökməkdir. Mən istəməzdim ki, türk xalqlarının tarixi, mədəni-ədəbi əlaqələrinə bir çox dəyərli yazılar həsr etmiş Ənvər Börüsoy ədəbiyyatımızın vacib bir mərhələsini bədahətən inkar təşəbbüsündə bulunsun. O illərin ədəbi nailiyyətlərini mədəniyyət tariximizdən necə silmək olar?
60-cılar... İsi Məlikzadə və Əkrəm Əylislini, Əli Kərimi və Anarı, Fikrət Qocanı və Vaqif Nəsibi birləşdirən cəhətlər çoxdur. Onlar yığcam, sərt və tutarlı yazırdılar.
Gör-götür zamanı idi. Ç.Aytmatov da yazırdı, Ə.Əylisli də yazırdı, Y.Trifonov da yazırdı, Anar da, A.Tendryakov da öz povestlərində tüğyan eləyirdi, İsi Məlikzadə də. Böyük yarışda Azərbaycan yazıçılarının öz dəst-xətti var idi.
Qeyd edək ki, onların o ədəbiyyata gəlişi heç də asan olmayıb. Yenilik köhnə və mühafızəkar yazıçıların müqavimətiylə toqquşub. Hətta ilk vaxtlar bu nəslə münasibətdə ədəbi tənqid də böyük tərəddüdlər keçirmişdi. 70-ci illərdə tənqidçi Məmməd Arif və Məmməd Cəfər Anarın, Elçinin nəsr uğurlarını etiraf etməyə məcbur olmuşdular".
Azərbaycanda milli azadlıq hərəkatı və ədəbiyyatımız mövzusunda məqalə yazan K.Vəliyev haqlı olaraq qeyd edir ki, "60-cıların çətinliklə də olsa həyata vəsiqə alması zamanın, tarixin tələbi idi". Artıq indi 90-cı illərin sonunda 60-cılardan haqq-hesab tələb etmək sadəlöhvlükdür.
Professor Yaşar Qarayev 60-cıların xidmətini "vulqar sinfi və itrat partiyalı meyardan təmizlənib milli və bədii dəyərlərə üz tutması" ilə izah edir. Professorun fikrincə onların gəlişi ilə "ədəbiyyat total hərbi rejimə qarşı əsl bir mənəvi müxalifətə çevrildi". Bu fıkirlərlə mən də razıyam.
Beləliklə, 60-cıların inkar etmək meylləri istər tarixi baxımdan, istərsə də ideoloji-estetik baxımdan bir qədər qərəzli görünür.
Nazif Ələkbərli. "Kimdir haqlı?"
"Azadlıq" qəzeti 6 fevral 1998
Ədəbiyyatda dönüş yaratmış "altmışıncıların" meydana çıxmasını sovet cəmiyyətində əllinci illərin ortalarında, daha dəqiq desək, 1953-cü ildə Stalinin ölümündən sonra başlanan və 1956-cı ildə N.S.Xruşşovun XX partiya qurultayında məruzəsiylə pik nöqtəsinə çatan proseslərlə bağlamaq olar. Sırf ədəbi hadisənin siyasi səbəblərlə bağlanması qəribə görünməməlidir. Totalitar cəmiyyətdə ictimai və mənəvi həyatın bütün sahələri sıx siyasi çərçivələr içində saxlanılırdı. Çox sonralar, Qorbaçov yenidənqurması dövründə yetişən ədəbi nəsillər "altmışıncıları" bəzən kinayəylə "XX Qurultayın övladları" adlandırırlar. Bu ifadənin rişxənd tərəfini bir yana qoysaq mahiyyət etibarıyla yanılmırlar. Ona görə yox ki, 56-cı ildən sonra ədəbiyyata gələnlər XX partiya qurutayının qərarlarını bədii yaradıcılıqla ifadə etməyə başladılar. Yox, ona görə ki, bu Qurultayın ruhu qısa bir müddətdə olsa da ölkədə azad fıkrə, düşüncə, bədii üslub, mövzu sərbəstliyinə imkan yaratdı və bu nəsil də məhz bu dəyərlərlə formalaşdı. Mirzə Cəlilin jurnal buraxmaq fıkrinə düşdüyü dövr haqqında "bir nəfəs genliyi əmələ gəlmişdi" ifadəsini əllinci illərin ikinci yarısı - altmışıncı illərin ilk illəri haqqında da söyləmək olar. Yenə də Mirzə Cəlilin "Molla Nəsrəddini" zəmanə yaratdı" ifadəsi də eyniylə "altmışıncılara" şamil edilə bilər.
"İcazəli cəsarət" sözlərini çox vaxt (elə mən özüm də) istehzayla işlədirik. Amma hər şey qadağan olan, hər bir düşüncə, üslub, mövzu məhdudiyyətləri içində çabalayan ədəbiyyat üçün heç olmasa bu yasaqların bir qədər yumşalması, yəni istədiyini istədiyin kimi yazmaq imkanı (lap elə icazəli olsun) verilməsi bədii yaradıcılıqda böyük dönüşə səbəb oldu. Bir daha təkrar edim və vurğulayım ki, bu partiyanın yeni göstərişlərinə əməl etmək deyildi, yaradılan imkanlardan ürəyincə yararlanmaq təşəbbüsü idi.
"Altmışıncılar" da məhz bu şəraitdə, bu ab-havada, bu ruhda yetişdilər.
***
Bu yeni dövrü və ədəbiyyatda yeniləşməni ilk duyan yaşlı yazıçılardan biri də Mehdi Hüseyn idi. Nəsrimizdə repressiya dövrünə aid ilk nəsr əsərlərindən "Yeraltı çaylar dənizə axır" romanının müəllifı Mehdi Hüseyn ədəbiyyatımızın yeniləşmə astanasında durduğunu təsbit edərək yazırdı:
"Mən cəsarətlə deyə bilərəm ki, bizim nəsrimizdə də, şeirimizdə də biz yeni bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələnin artıq qəti bir mövqe tutduğunu iddia etməyə tələsməyə ehtiyac yoxdur. Ən mühüm cəhət budur ki, həmin mərhələyə keçməyin tarixi labüdlüyünü bütün ədəbi ictimaiyyətimiz aydın hiss etmədədir: Həyat hadisələrinin, insan surətlərinin təsvirində və mənalandırmasında nə isə daha lirik, psixoloji təhlilə, daha təmkinli və kamil bir üsul axtarmağın, daha təravətli və təzə ifadə vasitələrinə meyl göstərməyin özü də heç də az əhəmiyyətli deyildir.
Mehdi Hüseyn. "Yeni mərhələ, yeni vəzifələr"
"Azərbaycan" jurnalı 1962 ¹ 7
Stalinin ölümüylə başlanan yeni dövr
1953-cü il martın 5-də Stalinin ölüm xəbəri yayıldı, bütün ölkə yasa batmışdı. Moskvada Sütünlü salonda rəhbərin tabutu önündən sonsuz insan axını keçirdi. Radiodan bu insanların hıçqırıb ağladıqlarını eşidirdik.
Məktəbimiz də matəm içində idi. Desəm ki, Stalinin ölümü vecimə deyildi bunu mübaliğə saymasınlar. Özümü ta yeniyerməlik çağından antistalinist kimi qələmə vermək iddiam da yoxdur.
Amma uşaqlıq çağımdan evdə eşitdiyim xısın söhbətlərdən 37-ci ildə repressiya olunmuşların, xüsusiylə də validenylərimin yaxşı tanıdıqları yazıçıların günahsız olduqlarını dərk etmişdim. Bunun əsl günahkarının Stalin olduğu nəticəsi çıxırdı. Bununla belə Stalinin ölüm xəbərini eşidəndə atamın ağlamasını da xatırlayıram. Özü də bu aləmə faş etmək üçün deyil, evdə tək bir ailə üzvlərinin gördükləri gözyaşları idi. Yəni Rəsul Rza tamamilə səmimi surətdə sarsılmışdı. Amma Stalin haqqında daha əvvəllər dediyi sözləri də unutmuram: "Heç Nikolay da bu qələti eləməmişdi". Bu sözləri Stalinin ruslaşdırma siyasətiylə bağlı deyirdi.
Hər halda Stalini böyük şəxsiyyət sayırdı. Ölümündən üç il sonra "böyük rəhbər"in qanlı repressiyaların baiskarı olduğu aşkar olunandan sonra Stalinə nifrət etməyə başladı. Leninə isə ömrünün sonunacan inanırdı. Ona elə gəlirdi ki, Lenin sağ qalsaydı ölkə tamam başqa yöndə, sosial ədalət və milli maraqlar təmin olunmuş şəkildə inkişaf edəcəkdi. Axı vəfatından çox sonra açılmış həqiqətlər, Leninin cinayətləri barədə heç bir məlumatı yoxdu.
Sonrakı illərdə mən Moskvada təhsil alarkən (1962-1964) Lenin haqqında bəzi söhbətləri eşitmişdim. Rusiyayla müharibə aparan Almaniya gizli şəkildə qapalı vaqonda Lenini Rusiyaya ötürməsi, bolşeviklərin Parvus adlı varlı adam tərəfindən maddi təmin olunması və s. Bunları atama danışanda: - Düşmən təbliğatıdır - dedi - sən belə şeylərə uyma.
1955-ci ildə orta məktəbi bitirib Universitetin Filoloji fakültəsinə qəbul olundum, bir il sonra isə bizi, tələbələri qapalı şəkildə Xruşşovun XX Qurultayda etdiyi məruzəylə tanış etdilər. Məruzədə Stalin kultu alt-üst edilirdi. Stalin milyonlarla insanın haqsız sürgün və məhv edillməsində günahlandırılırdı. O vaxt açıqlanmırdı ki, Xruşşovun özü də Ukraynanın partiya rəhbəri işlərkən və başqa məsul vəzifələr daşıyarkən kütləvi repressiyaların təşkilatçılarından biri olmuşdu.
Hər nəysə reallıq buydu ki, sürgün olunmuşların sağ qalanları yurd-yuvalarına, vətənlərinə, evlərinə qayıdırdılar. O cümlədən, mənim ana tərəfdən qohumlarımız - anamın doğmaca dayısı Fərrux bəy Rəfibəyli həyat yoldaşı Rəxşəndə xanımla. Daha bir Rəfibəyli qohumumuz Cavad bəy Rəfibəyli də ikinci sürgünündən dönürdü. Atamın əmisi və xalası oğlu, Ənvər Məmmədxanlının kiçik qardaşı Niyazi Vətən müharibəsinin ilk günündən cəbhəyə getmiş, yaralanıb əsir düşmüş, evlərinə qara kağızı gəlmişdi, sağ qalması məlum oldu, qayıtdı və az bir müddətdən sonra başqa müharibə əsirləri kimi Sibirə sürgün edilmişdi, Stalinin "ifşasından" sonra o da Bakıya qayıtdı.
Dövr dəyişirdi. SSRİ Yazıçılar İttifaqının sədri, vaxtilə bir çox yazıçının məhkum olunmasında dolayısıyla da olsa günahkar sayılan Aleksandr Fadeyev, peşmançılıq məktubu yazaraq intihar etdi. Rəsmi mətbuat bu intiharı alkoqolizmin təsiriylə izah etdi. Məktubu çox illər sonra üzə çıxdı.
Elə həmin 1956-cı ilin payızında Sovet qoşunları Budapeştə girib macar xalqının azadlıq arzularını tank tırtılları altında əzmişdi, küllü-miqdarda qan tökülmüşdü. Amma bizə, o vaxtın cavanlarına elə gəlirdi ki, bu Stalinn dövrünün son gəyirtisidir. Yevgeni Yevtuşenkonun Xruşşovun razılığıyla "Pravda" qəzetində dərc olunmuş "Stalinin varisləri" ("Nasledniki Stalina") şeiri mühafizəkar qüvvələrin hələ də güclü olduğuna, amma onlarla mübarizənin rəsmi yolla da aparılmasına işarə idi.
Yazıçı İlya Erenburqun bu illərdə işıq üzü görmüş povestinin adıyla həmin keçid dövrünü "Ottopel" ("Buzların əriməsi" kimi çevirmək olar) adlandırırdılar.
Belə bir qeyri-müəyyən ab-hava ta 1963-cü ilin dekabrına qədər davam etdi, 1963-cü ilin dekabrında bir dəstə mühafizəkar rəssam N.S.Xruşşovu tovlayıb Moskvada Manej sərgi salonuna apardılar. Burada nümayiş etdirilən abstraksionist rəsm və heykəltəraşlıq əsərləri sənət haqqında çox ibtidai və bəsit təsəvvürləri olan Nikita Sergeyeviçi cin atına mindirmişdi. Ölkədə abstraktsionizmə - mücərrədçiliyə qarşı siyasi kompaniya başladı və necə deyərlər "iştah diş altındadır". Partiya ideoloqlarının və mühafizəkar ədəbiyyat, sənət adamlarının körüklədiyi bu mübarizə abstraktsionizmin hüdudlarını aşaraq ümumiyyətlə yenilikçi əsərlərə, sərbəst düşüncəli müəlliflərə qarşı səlib yürüşünə çevrildi. Həm də anındaca təsviri sənət sahəsindən başqa yaradıcılıq növlərinə - ədəbiyyata, teatr və kinoya, musiqiyə də sıçradı. O biri tərəfdən də məşhur ifadəni xatırlasaq "Moskvada dırnaq tutanda əyalətlərdə barmaq kəsirlər" demək olardı. Əyalətlərdə, yəni respublikalarda, o cümlədən, əlbəttə ki, Azərbaycanda, abstrakt sənətlə mübarizə adıyla əcinnə ovuna çıxdılar. Xruşşov özünəməxsus qabalıqla bu sayaq rəsm əsərlərini "eşşək quyruğuyla çəkilmiş şəkillər" adlandırmışdı. Xruşşovun sözlərindən ilham alan bəzi Azərbaycan şairlərı də ədəbi rəqiblərinə qarşı mübarizədə bu təşbehdən istifadə edirdilər.
Rus dilində belə bir ifadə var "kultprosvet" yəni "mədəni maariflənmə". İti dilli adamlar bu ifadəni ayrı cür yozdular, Stalin kultunu yıxan Xruşşov öz kultunu yaratmağa başladığı üçün bu iki kult arasındakı qısa dövrü "kultprosvet" adlandırdılar. İki kult arasında işıqlı bir zolaq.
Amma demə bu qısadan qısa "nəfəs genliyi" də yetərliymiş ki, uzun illər boyu ideoloji qəliblər içində boğulan, dar estetik çərçivələrdə çabalayan həqiqi sənət dirçəlib özünü təsdiq edə bilsin. Altmışıncı illər ədəbiyyatı adlanan bu dövr də məhz iki kult arasındakı işıq solağında yetişdi, püxtələşdi və sonrakı zamanların yeni sazağında büzüşüb tələf olmadı.
İstisna etmirəm ki, ayrı bir dövrə düşsəydik biz də kolxozdan, sovxozdan, əmək qəhrəmanlarından, saxta xalqlar dostluğundan içi su dolu poemalar, lırt romanlar yazardıq,
Ya da heç nə yazmazdıq.
Danılmaz həqiqətdir ki, altmışıncı illərdə bütün sovet ədəbiyyatında və özəlliklə Azərbaycan ədəbiyyatında mühüm dönüş yarandı. Yalançı yox doğruçu həyat həqiqətlərinə və saxta deyil, gerçək sənət dəyərlərinə qayıdış baş tutdu.
Bunu iddia edərkən mən iki məqamı xüsusi vurğulamaq istərdim. Altmışıncı illərdə yeni ədəbiyyat yarandığından danışarkən mən heç də o vaxta qədər olmuş bütün bədii yaradıcılığı inkar etmirəm. O cümlədən, sovet ədəbiyyatı anlayışını da. İntəhası məncə iki ayrı-ayrı anlayışlar var: "sovet ədəbiyyatı" və "sovet dövrünün ədəbiyyatı".
Sovet illərində rəsmi təqdir olunan Maksim Qorki, Vladimir Mayakovski, Mixail Şoloxov, Aleksandr Tvardovski (sonuncu müəyyən dövrə qədər), Cəfər Cabbarlı, Səməd Vurğun, Muxtar Ayezov, Mikola Bajan, Qalaktion Tabidze, Eduardas Mejalaytes kimi dəyərləri inkar edilməz sənətkarlarla yanaşı, rejimin qəbul etmədiyi və rejimi qəbul etməyən Hüseyn Cavid, Əhməd Cavad, Sergey Yesenin, Boris Pasternak, Anna Axmatova, Marina Svetayeva, Osip Mandelştam, Mixail Bulqakov, Andrey Platonov, Mixail Zoşşenko, Tutsian Tabidze və bir sıra başqa böyük qələm sahibləri vardı ki, onları heç vəchlə sovet yazıçıları saymaq olmaz. Digər tərəfdən bu dövrdə yaranan başqa söz məhsulatı da mövcud idi ki, onlar məhz rəsmi ideoloji və estetik ölçülərlə qiymətləndirilən "sovet ədəbiyyatı" idi. Və əgər "sosialist realizmi" adlanan bir nəzəri metod doğrudan da mövcuddursa məhz bu metodla yaradılmış ədəbiyyat örnəkləri "sovet ədəbiyyatı" sayılmalıdır. Yəni əsl "sovet ədəbiyyatı" (SOS!realizm) budur.
Əlbəttə bu məsələdə də ehkamçılığa uyub süni təsnifat aparmaq düz olmazdı. Ola bilsin ki, eyni bir müəllifin yaradıcılığında dövrün ideoloji tələblərinə cavab verən sovet ədəbiyyatı örnəkləriylə yanaşı, heç bir ideoloji ehkamlara uyğun gəlməyən əbədi mövzularda yazılmış əsl sənət nümunələri də var. Aşıq Ələsgərin "Dağlar" qoşması nə qədər "Sovet" ədəbiyyatıdırsa, Səməd Vurğunun "Dağlar" şeiri də o qədər sovet ədəbiyyatıdır.
Boris Pasternak "Doktor Jivaqo" romanıyla bərabər inqilabçı Leytinant Şmidti vəsf edən əsər də yazmışdı, Vladimir Mayakovskinin "Vladimir İliç Lenin", "Yaxşı" poemaları, Sovet pasportuna həsr etdiyi və bu səpgidə bir çox başqa şeirləriylə yanaşı heç bir quruluşun ideologiyasına uyğun gəlməyən ölməz lirikası, sovet cəmiyyətini alt-üst edən komediyaları da var. Mixail Bulqakov "Ustad və Marqarita" kimi klassik romanın, sovet həyat tərzini lağa qoyan "İt ürəyi" povestinin də, Stalinin gəncliyinə həsr olunmuş "Batum" pyesinin də müəllifidir.
Vurğuladığım ikinci prinsip də var. 60-cı illər ədəbiyyatından bəhs edəndə bəzən suçlanıram ki, mənsub olduğum "altmışıncılar" nəslinin xidmətlərini şişirdirəm. Bu məsələni dəfələrlə dəqiqləşdirsəm də fikrimi bir daha açıqlamalıyam. Altmışıncı illərdə ədəbiyyatımızın yeniləşməsini heç də ancaq bu illərdə ədəbiyyata gələnlərin xidmətləri saymıram. Yeni imkanlar açılmış dövrdə daha əvvəlki illərdə ədəbiyyata gələnlərin bir qismi də yeni ruhlu əsərlər yaratmağa başladılar. Həm ondan əvvəlki illərdə yasaq olunmuş mövzularda, məsələn, repressiyalarla bağlı əsərlər yaranmağa başladı, həm də daha geniş forma axtarışları meydana çıxdı. Ən yaxşı hallarda isə yeni mövzular yeni formalarda vüsət tapırdı və bunu, təkrar edirəm, müxtəlif nəsillərə mənsub olan müəlliflərin yaradıcılığında görmək olar. Amma bununla bərabər və bunu da bir daha təkrar etməyə ehtiyac duyuram ki, ədəbiyyatın altmışıncı illərdən başlayan yeniləşməsinin əsas yükü məhz "altmışıncılar" nəslinin çiyninə düşürdü.
(Ardı sabahkı sayımızda)
Anar
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2022.- 8 aprel.- S.10-11.