Karlo Fusko: "Hollivud ab-havalı bir Azərbaycan filmi çəkəcəyik"
İtaliyalı kino xadimi
özünün yeni layihəsi, Azərbaycan kinosu və onun perspektivləri barədə fikirlərini
bölüşüb
Son zamanlar Azərbaycana
və ölkəmizin
kino sənayesinə ciddi maraq göstərən
italiyalı rejissor, ssenarist, prodüser və "Lykos Film
Entertainment LLC" film studiyasının direktoru Karlo Fusko AZƏRTAC-a müsahibəsində
bu sahə ilə bağlı bir sıra məqamlara
dair fikirlərini bölüşüb.
Səyahəti, yeni məkanlar,
fərqli mədəniyyətlər
kəşf etməyi sevən insan olduğunu deyən K.Fusko Azərbaycana ilk dəfə bir neçə ay bundan əvvəl turist kimi gəldiyini bildirib: "İlk gündən müşahidə
etdiyim mənzərənin
füsunkarlığına - Bakının müasirliyinə,
eyni zamanda, tarixiliyini qoruyub saxlamasına heyran oldum. Burada bir
çox yerli insanla tanış
oldum və onların mehribanlığı
mənə xoş təsir bağışladı.
Bu və digər
xüsusiyyətlərinə görə azərbaycanlıların
İtaliyanın cənub
hissəsinin sakinləri
ilə oxşarlığını
gördüm.
Beləliklə, növbəti filmimi bu füsunkar ölkədə çəkməyə
qərar verdim. İstəyim
Azərbaycanın sənət
adamları ilə tanış olmaq və onlarla
əməkdaşlıq etməkdir.
Bunun ardınca da filmin çəkilişlərində
texniki, yaradıcı
və aktyor heyətinin böyük əksəriyyətini məhz
buradan tapıb seçməyi düşünürəm".
Azərbaycan kino mühiti ilə təmasları barədə danışan
italiyalı rejissor, yeni film layihəsinə dair detallara da aydınlıq gətirib: "Fəxrəddin
Manafovun yaradıcılığı
ilə tanış olmuşam və ən qısa zamanda aktyorla əlaqə saxlayıb ona filmdə baş rolu təklif
etmək istəyirəm.
Xaricdən yalnız Denni
Treyo, Maykl Madsen, İeva Likos və italyan aktyoru Mişel Plaçidonu dəvət edəcəyik. Filmin janrı
və mövzusu haqqında isə onu deyə bilərəm
ki, hekayə psixoloji triller janrındadır. Film bacısının ölümünü
qəbul edə bilməyən, daxili sakitlik və sükut axtarışında
olan bir qadının yaşadıqlarından
bəhs edir. Bir daha qeyd etmək
istəyirəm ki, istehsalı əvvəldən
axıra qədər Azərbaycanda həyata keçiriləcək. Ekran
əsərimiz italyan rejissoru və bir neçə xarici aktyor ansamblı
da daxil olmaqla Hollivud ab-havasının da hiss ediləcəyi bir Azərbaycan filmi olacaq".
K.Fusko gələcəkdə
Qarabağ müharibəsindən bəhs
edən film də çəkmək niyyətindədir,
bununla Azərbaycan həqiqətlərini dünyaya və xüsusilə də Qərbə
çatdırmaq istəyir. Onun fikrincə, hazırda
Azərbaycan kinosu özünün
çiçəklənmə dövrünə qədəm qoyub və ölkəmizin bu
sahəni də irəlilətmək üçün
kifayət qədər potensialı var:
"Ölkənizi bütün janrlarda filmlər çəkmək üçün ideal və
toxunulmamış ərazi kimi
gördüyümdən bu sahəyə
daha çox diqqət
ayrılacağına və daim inkişafa meyilli cəhdlər
ediləcəyinə inanıram. Kino sektorunun nümayəndələri də
yalnız ölkə hüdudları ilə məhdudlaşmamalı,
daha irəli baxmalı və yüksək
hədəflər axtarmalıdır. Daha çox kino ilə əlaqədar
sahələrdə tədrislə məşğul olan məktəblər yaradılmalı, yeni-yeni aktyorlar,
yaradıcı şəxslər yetişdirməli, həmçinin
texniki heyət hazırlanmalıdır. Hər
şeydən öncə kinonun sənət
və mədəniyyətlə yanaşı, çox
böyük bir sənaye
sahəsi olduğunu anlamaq
lazımdır. Düzgün yol xəritəsi ilə Azərbaycanı
qısa zamanda kino
istehsalçıları üçün
əsas istiqamətlərdən birinə çevirmək, eyni zamanda, ölkə turizminin təbliğatını aparmaq mümkündür".
525-ci qəzet.- 2022.- 8 aprel.- S.8.