Şirməmməd Hüseynova
həsr edilmiş nəşrin təqdimatı
olub
"Təmrin"
jurnalının xüsusi sayında böyük alimin həyat
və yaradıcılıq yolu ətraflı işiqlandırılıb
Aprelin 7-də Bakı
Dövlət Universitetində
"Təmrin" jurnalının
böyük alim, ustad pedaqoq və
ictimai xadim Şirməmməd Hüseynova
həsr olunmuş sayının təqdimatı
keçirilib.
BDU-nun professoru Qulu
Məhərrəmli tədbiri
açıq elan edib, Şirməmməd Hüseynovdan dərs almış jurnalistlərdən
biri olaraq, ustadının alim və pedaqoq kimi böyük nüfuzu barədə danışıb, onunla bağlı xatirələrini
dilə gətirib.
BDU-nun rektoru Elçin
Babayev Şirməmməd
Hüseynovun həyat və yaradıcılıq
yolu barədə tədbir iştirakçılarına
məlumat verib. Rektor qeyd edib ki,
Şirməmməd Hüseynov
fəaliyyəti boyu vətənə, xalqa, dövlətə ləyaqətlə
xidmət edib: "Şirməmməd müəllimin
çağdaş jurnalistikamızın
formalaşmasında müstəsna
xidmətləri olub. Böyük ömür yolu keçən Şirməmməd
müəllim Azərbaycan
tarixinin ən önəmli hadisələrinin
canlı şahidinə
çevrilib. Həm alim,
həm də pedaqoq kimi Azərbaycan
klassik jurnalistikasının
görkəmli simalarının
irsini hərtərəfli
araşdıraraq yetişməkdə
olan nəslə çatdırılmasında mühüm
xidmətlər göstərib".
"Təmrin" jurnalının
xüsusi sayının
tərtibçisi olan
Azərbaycan Yazıçılar
Birliyinin katibi, şair Səlim Babullaoğlu nəşrin
hazırlanmasından ətraflı
bəhs edərək deyib: "Belə qərara gəldik ki, "Təmrin" jurnalının bir sayını görkəmli
alim Şirməmməd
Hüseynova həsr edək. Araşdırdıq,
məlumatlarla tanış olduq. Başda Elçin Babayev, Cavanşir Feyziyev olmaqla, tələbələrinin, dostlarının
Şirməmməd müəllimə
həsr olunan yazılarını topladıq.
Jurnalın Türkiyədəki işçi heyətinin, tərcüməçilərinin də bu işdə
böyük zəhməti
olub. Jurnalda Şirməmməd müəllimin ömür
yolu, fəaliyyəti haqqında çox maraqlı materiallar var".
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Şirməmməd
Hüseynovu ədalətli
pedaqoq kimi xatırlayıb, onun tələbəsi olduğu
illəri yada salıb. Xalq şairi Şirməmməd
müəllimlə Bəxtiyar
Vahabzadənin dostluğu
barədə danışıb.
O qeyd edib ki, Şirməmməd Hüseynov həmişə
dostluqda möhkəm,
etibarlı və sədaqətli şəxsiyyət
kimi yad ediləcək.
"Təmrin" jurnalının
Azərbaycanın görkəmli
şəxsiyyətlərinə həsr olunan xüsusi buraxılışlarının
ərsəyə gəlməsinə
yaxından köməklik
göstərən, millət
vəkili Cavanşir Feyziyev bu layihənin
əhəmiyyəti barədə
fikirlərini bölüşüb,
Şirməmməd Hüseynova
həsr olunmuş sayı xüsusi təqdir edib. O, Şirməmməd müəllimin
türk dünyası
qarşısında böyük
və təmənnasız
xidmətlərinin olduğunu
qeyd edib. Millət vəkili bildirib ki, Şirməmməd müəllim Azərbaycan
xalqı üçün
milli dəyər səviyyəsinə yüksəlmiş
ziyalıdır və
biz onu daima yad etməliyik. C.Feyziyev sonda təqdimatın təşkili üçün
BDU-nun rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid vaxtilə müəllimi olmuş, sonradan
"525"in daimi müəllifi
olan Şirməmməd
Hüseynov barədə
xatirələrini bölüşüb:
"Şirməmməd Hüseynov
bizim hamımız üçün əziz və doğma bir adam
idi. O, son müsahibələrinin
birində deyirdi ki, mənim əlimdə çoxlu işlərim var, ölməyə vaxtım
yoxdur. Hətta türkiyəli alim Bakıda olanda məhz bu sözlərə
görə Şirməmməd
müəllimlə görüşməyə
can atırdı. Mən Şirməmməd
müəllimin həyat
yoldaşı Ülkər
xanımı 1985-ci ildə
"Elm və həyat"
jurnalında işləməyə
başlayanda tanımışam.
Sonralar Şirməmməd müəllimə
mənə dərs deyəndə gördüm
ki, onun işə məsuliyyətli
yanaşması Ülkər
xanıma da sirayət edib. Bu insanların müasir
tariximizdə və şəxsən mənim həyatımda böyük
rolu var".
Azərbaycan Yazıçılar Birliyinin
sədrinin müşaviri,
şair Sayman Aruz Şirməmməd Hüseynovun azərbaycançılıq,
milli şüur və milli ruh
məsələlərində həssas olduğunu dilə gətirib. Şair Şirməmməd
müəllimlə telefon
zəngini yada salıb, onun dəyərli məsləhətlərini
xatırlayıb. Sayman Aruz
qeyd edib ki, Şirməmməd Hüseynovun tövsiyələrinin
onun həyat və fəaliyyətində
çox böyük rolu olub.
BDU-nun professoru, vaxtilə Şirməmməd müəllimin rəhbərlik etdiyi Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasındakı yeri və rolu barədə söhbət açıb, Şirməmməd müəllimin ənənələrinin mahiyyəti və əhəmiyyəti haqqında fikirlərini bölüşüb. Professor ötən illərin xatirələrini, səmimi söhbətlərini yada salıb.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Şirməmməd müəllimin pedaqoq kimi ustalığı və tələbkarlığı barədə danışıb. O bildirib ki, Şirməmməd Hüseynov daim tələbələri araşdırmaya cəlb edib və onları düzgün yönə istiqamətləndirib. V.Zifəroğlu qeyd edib ki, bu gün də BDU-nun Jurnalistika fakültəsində ustadın xatirəsi yad olunur və ənənələri davam etdirilir.
Jurnalistika fakültəsinin dekan müavini, son illərdə Şirməmməd Hüseynovun yetişdirdiyi araşdırmaçılardan biri, onun davamçısı kimi tanınan Samir Xalidoğlu ustadla birgə araşdırma prosesində baş verən maraqlı hadisələri xatırlayıb, onun tələbəsi olmaqdan qürur duyduğunu vurğulayıb.
Sonda Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, "Elm və həyat" jurnalının redaktor müavini, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Ülkər Hüseynova nəşrdə və təqdimatda əməyi olan hər kəsə minnətdarlığını bildirib: "Mən də Şirməməd müəllimin tələbəsi olmuşam. O, başdan-ayağa ədalət, sədaqət etalonu idi, vətən aşiqi idi. Şirməmməd müəllim haqqında tələbələri, bütün çıxış edənlər çox gözəl sözlər dedilər. Təqdimatın təşkilinə görə bütün əziyyəti olanlara minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, ustad Ş.Hüseynovun həyat və yaradıcılıq yolunu dolğun əks etdirən jurnal nəfis tərtibatı ilə də diqqət çəkir, təqdim olunan mətnlər və fotolar maraq doğurur.
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 8 aprel.- S.8.