"Qocalıqdan cavanlığa" yol varmı?..
Şabranlı şair Zakir Bayramlı bu mövzuya dair
düşüncələrini yeni kitabında poetik boyalarla təqdim
edir
Qaim-qədim yurd yerlərimizdən birində - ulu Şabranda yaşayıb-yaradan şair Zakir Bayramlının "Qocalıqdan cavanlığa qayıdış" kitabı onun yaradıcılığının yeni və daha təkmil nümunəsidir. Kitabın yenidən işlənmiş nəşr müəllifin həyat, cəmiyyət, insan psixologiyası, mənalı yaşamağın sirləri barədə maraqlı, onilliklərin təcrübəsindən süzülüb gələn düşüncələrinin toplusudur.
Ömrünün 70 ilinə inamla, nikbin ruhla yekun vuran müəllifin bu kitabında çağdaş məzmunlu didaktika maraq doğurur. Kitabdakı tövsiyələr bədii bəzəklərdən məhrum olsaydı, oxucu bu yeknəsəqlikdən yorulardı. Burdan belə qənaətə gəlmək olur ki, "Qocalıqdan cavanlığa qayıdış" kitabı Zakir Bayramlının həyat təcrübələrilə şair ruhunun qovşağında ərsəyə gəlib. Publisistik üslubda qələmə alınan kitab lirik çalarlardan da məhrum deyil.
Müəllif insanın psixoloji rahatlığını sağlamlıq və uzun, məzmunlu ömür üçün vacib sayır, hər kəsi ilk növbədə optimist olmağa çağırır.
8 bölmə və 46 fəsildən ibarət kitabda müəllifin əslində ədəbiyyatımızda qədim, zəngin ənənəyə malik didaktik xəttin layiqli davamçısı olduğu dərhal sezilir. Mövcud ənənəyə uyğun olaraq burada da nəsihətamiz fikirlər nəzmə çəkilib, başlıq və yarımbaşlıqlarla, konseptual formada təqdim edilib, hər mətləbin ifadəsi üçün tutarlı detallar önə çəkilib.
Görkəmli alim, professor Nizaməddin Şəmsizadənin "Həyat kitabı" sərlövhəli ön sözü bu nəşr haqqında oxucuda dolğun təsəvvür yaradır: "Zakir Bayramlının "Qocalıqdan cavanlığa qayıdış" əsəri həyat haqqında kitab - həyat kitabıdır. Millətin tarixi, taleyi, xalqın tarixi həm də nəsillərin əlaqəsi sayəsində başa gəlir. Hər nəsil tarixdə öz missiyasını yerinə yetirməyəndə yeni gələn nəslin işi çətinləşir, tarixin yükü ağırlaşır. Ona görə də yaşlı nəslin vəzifəsi öz fəaliyyəti ilə yeni gələn nəslə yol açmaq, onun qarşısındakı yolu göstərmək, ictimai gedişatın prioritetlərini görməkdə kömək etməlidir. Zakir Bayramlının bu kitabı həmin məqsədlərə xidmət edir".
N.Şəmsizadə haqlı olaraq qeyd edir ki, Z.Bayramlının bu kitabı insana əlavə ömür verməsə də, ümid verən əsərdir: "Qocalıqdan cavanlığa qayıdış" kitabı zəngin tədqiqat və faktlara əsaslanmış, xoş niyyətlə yazılmış maraqlı tədqiqat işidir. Bu kitab öz canının qədrini bilən, özünə dəyər verən, qocalıqdan qorxmayan bütün insanlar üçün nəzərdə tutulub".
Ön sözün ardınca kitabın müəllifi öz məramını diqqətə çatdırır, bayaq qeyd etdiyim kimi, klassik ənənələr üzərində kitabın yazılma səbəbinə aydınlıq gətirir.
"Dünya və sağlamlıq", "Gənclik ömrün bahar çağı, həyatın çiçəklənən vaxtıdır", "Hərəkət sağlamlığın məhək daşıdır", "Gənc, yaşlı və qoca insanların psixoloji xüsusiyyətləri və ailə münasibətlərinin psixologiyası barədə", "Psixoloji güc, ruhi cavanlıq, "Cavan qocalıq" və ya "Qocalıqdan cavanlığa qayıdış" haqqında", "Qocalıq ucalıq və müdriklik rəmzidir", "Qidalanma", "Sağlam, uzun ömür və onun açılmaqda olan sirləri" adlı bölmələrdə müəllif öz düşüncələrini nəzm və nəsr növbələşməsilə açıqlayır.
Qocalığı ömrün müdriklik mərhələsi sayan Z.Bayramlı onu özünəməxsus nikbinliklə bu cür tərənnüm edir:
Dağın əzəməti ucalığında,
Buludlar oynaşan zirvəsindədir.
İnsanın hörməti qocalığında,
Həyatda yerini bilməsindədir.
Zövq al bu hörmətli, müdrik çağımdan,
Bədbinlik, küskünlük ömrü gödəldir.
Narazı deyiləm qocalığımdan,
Bu dövrü yaşamaq özü gözəldir.
Zənnimcə, indiki narahat dünyamızda Z.Bayramlının bu kitabı kimi nəşrlər xeyli faydalıdır, belə mövzulara maraq göstərənlərin ardıcıl, diqqətli mütaliəsinə layiqdir.
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 8 aprel.- S.9.