Ramiz Qusarçaylının "Vətən"
kitabı təqdim olundu
Azərbaycan Yazıçılar Birliyinin
"Natəvan" klubunda
şair Ramiz Qusarçaylının "Vətən"
kitabının təqdimatı
keçirilib. Tədbiri açıq elan
edən yazıçı-dramaturq
Elçin Hüseynbəyli
qonaqları salamlayıb,
şairin yaradıcılığı
ilə bağlı düşüncələrini bölüşərək
sözü iştirakçılara
verib.
AYB-nin sədr müavini
Rəşad Məcid şairi bu kitab
münasibətilə təbrik
edib, ona yaradıcılığında yeni uğurlar arzulayaraq deyib: "Biz tarixi zəfərimizlə,
qələbəmizlə bağlı
dəyərli bir nümunə axtarırıqsa,
bu, məhz "Vətən" poemasıdır.
Bu kitabdakı nümunələr həm
bizim qələbəmizi
daha da qiymətli
edir, həm də zəfər əzmimizin nə qədər yüksək səviyyədə olduğunu
bir daha xatırladır. Pandemiyadan sonra
bu qədər insanı bir yerdə, həm də bir kitab
təqdimatında görə
bilmək, şairin hansı səviyyədə
ciddi yaradıcılıqla
məşğul olduğunun
sübutudur".
R.Qusarçaylı haqqında fikirlərini
səsləndirən Nizami
Cəfərov onun yaradıcılığı ilə
bağlı vacib məqamları qeyd edib: "Bu kitabla bağlı çox yerdə yığışmağımıza
baxmayaraq, adam hər dəfə də təkrar bu kitabın işığında toplaşmaq
istəyir. Çünki Ramiz Qusarçaylıya
bu əsərə görə minnətdarlığımız
hüdudsuzdur və
biz onu sözlərlə
ifadə edə bilmirik. Təsadüfi deyil ki, Ramiz Qusarçaylı poeziyasındakı Vətən
ruhu Səməd Vurğunu xatırladır.
Şahin
Fazil kitab üçün yazdığı
ön sözündə
şairin misralarından
bir çox sitat verir. Bu da əsərin
gözəlliyini isbat
edən amillərdəndir.
Ümumiyyətlə, bu əsəri
istənilən tarixçinin
qarşısına qoyub
"yazanda belə yazmaq lazımdır" demək olar. Şairin kitabda yazdığı hər şey dərin akademik məlumatlardır. İntonasiya, ritm, mətləb və mahiyyət elədir ki, bu şeir nümunələrini
orta məktəb dərsliklərinə də
vermək olar. Düşünürəm ki, bizim növbəti Xalq şairimiz Ramiz Qusarçaylı olmalıdır".
Tənqidçi Əsəd Cahangir
belə bir kitab yazdığı üçün şairə
təşəkkürünü bildirib: "Mənim üçün bu gün qeyri-adi
bir gündür. 20 ildən artıqdır
ki, ədəbi fəaliyyətlə məşğulam
və hər zaman məni düşündürüb ki,
şairlər niyə
eqoistdirlər - ancaq öz qayğılarından
yazırlar və vətən haqqında yazmağı unudurlar.
Hesab edirlər ki, əsl poeziya belə olmalıdır.
Çox
yaxşıdır ki,
Ramiz Qusarçaylı
bu məcradan kənara çıxdı,
özü özünə
sadiq qaldı və içindən nə gəldisə, onu da yazdı.
İnanıram ki, inkişafda
olan gənclər də onun açdığı
cığırla gedəcəklər.
Ramiz Qusarçaylı Azərbaycanın
elə bir bölgəsindəndir ki,
orada etnik rəngarənglik var və həmin torpaqlarda öz kimliyini qoruyub saxlamaq üçün mübarizə şərtdir.
Rahat şəkildə deyə bilərəm ki, bu həcmdə, bu mükəmməlikdə
təqdim olunan ədəbiyyat tarixin qarşısına keçdi".
Filologiya
üzrə fəlsəfə
doktoru Yeganə Qəhrəmanova şairin
yaradıcılığı haqqında fikirlərini bölüşüb və
təmsil etdiyi qurum adından ona fəxri fərman təqdim edib.
Kitabın ön söz müəllifi, şair Şahin Fazil Ramiz Qusarçaylıya həsr etdiyi şeirləri oxuyub, ona bu yolda uğurlar arzulayıb: "Heç bir şair Azərbaycan tarixini nəzmlə yazmayıb. Həqiqətən də dəyərli bir kitabdır və dəyərinə görə də biz burada toplaşmışıq. Çox sevinirəm ki, belə bir şair də, belə bir kitab da bizimdir, bizimlədir".
Tədbirin sonunda şair tədbir iştirakçılarına, yaradıcılığı barədə fikir söyləyənlərə minnətdarlığını bildirib: "Bir daha hər birinizə təşəkkür edirəm. Bu kitab artıq təkcə mənim yox, bütün Azərbaycanın kitabıdır. Bu gün vətən günüdür. Özümü rahat hiss edirəm ki, belə bir gündə mənim ünvanıma xoş sözlər deyilir".
EL ROMAN
525-ci qəzet.- 2022.- 8 aprel.- S.9.