"Bu davadan qurtarsan..."  

 

 

Qıqx dörd günlük müharibənin lap əvvəlləri idi. "Səhər-Azəri" kanalını izləyirdim. Veriliş xəbərlər proqramı idi, siyasi rubrikalar. Bu proqramlarda, adətən, Azərbaycanda baş verən hadisələrdən söhbət açılır. Mənim müşayiət etdiyim veriliş millət, vətən, torpaq, müharibə kimi mövzuları əhatə etmirdi. Dünyanın hər yerində müzakirə ediləcək bir mövzu idi ki, şeirdən, şeirin, ədəbiyyatın yaranma tarixindən, güldən, ağacdan, sudan bəhs olunurdu.    

 

Həssas günlər idi. Bütün azərbaycanlıların diqqəti Qarabağa, orada baş verən hadisələrə hakim kəsilmişdi. Günlərimiz gün kimi yox, qarşısına qalaqlanmış kösöyü yalın əllərilə təmizləyə-təmizləyə irəliləyən insanın saniyə aşırımı kimi yaşanırdı. Can boğazda, göz televizorun ekranında İlham Əliyevin görünəcəyi növbəti məqamı səbirsizliklə gözləyirdik. Bizi yaşadan da İlham Əliyevin simasındakı qətiyyət idi ki, ümidsizliyə qapılmırdıq. Ürəyimiz onun üzərində elə əsirdi ki, sanki kiçicik bir məyusluğundan bütün dünya sarsılacaqdı. Əlbəttə ki, sarsılacaqdı, amma bizim dünyamız. Əgər Prezident ən doğru şanlı xəbərlərilə vaxtaşırı öz xalqına müraciət etməsəydi, dünyamız bəlkə ev-ev,  küçə-küçə dağılacaqdı.

 

İnternet zəifləmişdi. Ümumiyyətlə, emailə baxmaq, məktub almaq-göndərmək çoxu kimi mənim ağlıma gəlmirdi. Bütün hisslərimin fövqü, idrakımın üfüqləri bir mesajın - qələbə ismarıcının həsrətilə titrəyir, ümidilə qızarırdı. Hətta yaxından-uzaqdan gələn məktubların cavab məcburiyyətindən yayınmaq üçün email ünvanımı bağlamışdım. 

 

Gecələr yuxuya gedə bilmirdim; hər helikopter səsi eşidən kimi yerimdən qalxır, əllərimi pəncərədən buludsuz səmaya uzadır, adını bildiyim-bilmədiyim müqəddəsləri köməyə çağırırdım. Qeyri-ixtiyari dualarımla əsgərlərimizi "qoruyurdum".

 

Ömrümün heç bir dönəmində həyata qarşı bu qədər həssas olmamışdım. Yağış ürəyimə yağır, duman gözlərimə çökür, hər aldığım qələbə müjdəsi ayaqlarımı yerdən üzür, şəhid xəbəri sevincimi küsdürürdü, baxmayaraq ki, bu sevincin dünyada misli yox idi. Hərdən torpağın ürəyini yalın ayaqlarımla duya-duya Qarabağa getmək, işğaldan azad olmuş hər qarış yeri: - xoş gəldin Vətən torpağı, xoş gəldin Vətən, - deyə bağrıma basıb duz kimi yalamaq istəyirdim.

 

Qütblərdə qərar tutmuşdum: kövrək sərt; kimdənsə iradəmə, daha doğrusu, apardığımız müharibənin iradəsinə zidd söz eşitsəm, nəfəsim dayanacaq qədər kövrək, kiminsə nəfəsini dayandıracaq qədər sərt olmuşdum.  

 

Hər kəs silaha sarılmışdı: kimi cəbhədə vuruşur, kimi informasiya toplayıb-yayır, kimi televiziya radioda dövri əhəmiyyətli verilişlər hazırlayır, kimi əsgərlərə isti geyim, yemək daşıyır, kimi efiri kirpik qıpmadan izləyir, qulağını geniş açıb dinləyirdi.

 

Dünyanın hər yerində azərbaycanlılar, azərisevərlər fikrən, ruhən, qəlbən Qarabağa səfərbər olmuşdu. Bir mikrofona tuş gəlib nəsə danışanlar da var idi, müvafiq televiziya proqramlarının vasitəsilə öz dəstəyini nümayiş etdirənlər . Hətta "Səhər-Azəri" kanalından izlədiyim verilişin redaktoru kimi, özü görünməyib dualarını musiqi vasitəsilə ötürməyə çalışanlar da tapılırdı.

 

Adıçəkilən verilişdə reklaməvəzi havaya bir nəğmə ucaldı:

 

- Boz at səni sərtövlədə bağlaram,

 

... Əgər məni bu davadan qurtarsan...

 

Musiqi son intizar anında boğulmaq üzrə olan insana nəfəs təsiri bağışladı. Eynən ustad  Məmməd Arazın xüsusi həssaslıqla qələmə aldığı anları yaşadım: - Dilim dinməz, kirpiklərim səs elər.

 

Dünya ilə müharibə etdiyimiz bir vaxtda həmrəyliyimizi, bu kiçik musiqi parçası vasitəsilə olsa da, qoruyan hər kəsin böyük Qələbəmizdə təmsilçilik haqqı var. Odur ki, bütün olanları, olacaqları göz önündən keçirib Həmrəyliyimizə həmrəy olan hər kəsə: - Salam olsun! - deyirəm. 

 

Göyərçin KƏRİMİ

 

525-ci qəzet.- 2022.- 6 aprel.- S.23.