Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Toy başa çatdı, təzə qohumlar bir-birini təbrik
edəndən sonra Ruhiyyə yaxınlaşıb
bacısını və bəyi qucaqlayıb öpdü,
onlara bir daha xoşbəxtlik arzuladı. Sonra o, bəyin
valideynlərini öz evinə dəvət etdi ki, orada gecələsinlər.
Onlar minnətdarlıq bildirərək dedilər
ki, qonşularının oğlunun burada ayrıca həyəti
olan evi vardır və bizi ora dəvət etmişlər.
Söz verdilər ki, gələn dəfə təzə
ailəyə baş çəkməyə, kənd sovqatı
gətirməyə gələndə hökmən Ruhiyyə
xanımın qonağı olacaqlar.
Yusif
müəllim Ruhiyyə ilə xudahafizləşəndə
dedi ki, mən sənin tərcüməçiliyə
girişməyindən çox razı qaldım. Sən cavansan, işləməlisən, zəhmət
sənin kədər yükündən də azad
olmağına köməklik edəcəkdir.
Hamı çıxıb küçədə bəyin
kirayə götürülmüş evinə gəlinlə
birlikdə onu yola saldı və yerində
olub-olmadığına fikir vermədən hamı onların
arxasınca əl çaldı.
Ruhiyyənin
tərcümə arealı genişlənir
Ruhiyyə çox intensiv işləyir, vaxtının
çoxunu tərcüməyə, həm də yeni əsərlər
oxumağa həsr edirdi. O, fars dili vasitəsilə yapon
yazıçısı Haruki Murakaminin də əsərlərinin
dünyada böyük populyarlıq qazandığına nəzərə
alaraq, onun "Gecə keçəndən sonra" romanının
tərcümə etməyə girişdi. Bu əsər
ona sürrealizmin sirlərinə bələd olmağa kömək
edirdi. Özü-özünə deyirdi ki,
əgər gələcəkdə bədii
yaradıcılığa başlasa, hökmən sürrealizm
üslubuna müraciət edəcəkdir. Güman
edirdi ki, Azərbaycan oxucusu da belə əsərə biganə
qalmayacaqdır.
Sonra o,
bir fars yazıçısının dini
problemlərə həsr olunmuş romanının tərcüməsinə
başladı. Əsər islam dinindəki
iki məzhəb - sünnilərlə şiələr
arasındakı münasibətlərə həsr
olunmuşdu. Yazıçı qeyd edirdi ki, VII əsrdə,
Məhəmməd peyğəmbərin ölümündən
sonra baş verən bu parçalanmanın mənbəyində
siyasi çarpışma, hakimiyyət davası dururdu. İlk xəlifələr peyğəmbərin
çox sevdiyi əmisi oğlu və qızı Fatimənin əri,
dini inqilabın ən böyük mücahidlərindən
biri, İslamın qələbə çalması
üçün peyğəmbərə əvəzsiz kömək
göstərən Əlini hakimiyyətə yaxın qoymamaq
üçün hər cür vasitələrə əl
atırdılar. Nəhayət, Əli xəlifəliyə
yiyələndikdən sonra, ona artıq böyümüş islam aləmini idarə etməyə imkan
vermirdilər, onu cürbəcür nifaqlara təhrik edirdilər.
Əli isə peyğəmbərə sədaqətinə
və dinə olan böyük inamına görə tutduğu
düz yoldan geri çəkilmək istəmirdi. Peyğəmbərin
sonuncu zövcəsi Aişə, vaxtilə o, karvandan geri
qalıb, bir yad adamın dəvəsinin belində karvana gəlib
çatandan sonra, Əlinin peyğəmbərin onu boşamasını
israr etməsini yaddan çıxarmamış və ona
qarşı "dəvə döyüşü"ndə
onunla açıq mübarizəyə
başlamışdı. Bu hikkəli qadın
döyüşə dəvənin zirehlənmiş yəhəri
üstündə çıxmış, öz tərəfdarlarını
Əliyə qarşı ölümcül mübarizəyə
çağırmışdı. Lakin onun
cəhdləri fayda vermədi və qoşunu məğlub
oldu.
Keçmiş xəlifə Osmanın əmisi oğlu
Müaviyənin suriyalı döyüşçüləri
isə Əli tərəfdarları ilə yeni
döyüşdə məğlubiyyət ərəfəsində
hiyləgərcəsinə Quranın vərəqələrini
nizələrinin ucuna taxıb, məhkəmə
çağırılmasını tələb etdilər. Əli müqəddəs
kitaba sitayiş etdiyinə görə vuruşmayıb,
münaqişənin məhkəmə yolu ilə həll edilməsinə
razılıq verdi, lakin məhkəməni
uduzdu və az sonra ondan narazı qalan xaricilərdən birinin
zərbəsi ilə həyatla vidalaşmalı oldu. Əli
öləndən sonra Müaviyə, 19 il
sonra isə I Yezid xəlifə oldu. Yezid Əlinin üsyankar
oğlu, peyğəmbərin nəvəsi Hüseyni qətlə
yetirdi və şiələr üçün imam Əli
müqəddəslik qazandığı kimi, imam Hüseyn də
islam mübarizi kimi qəhrəman səviyyəsinə
yüksəldi və onun qətlə yetirilməsi günü
şiələr yaşayan ərazilərdə özünə
işgəncələr verməklə, bununla
peşmançılıq ifadə edir və həmin vaxt onun
yanında olmadıqlarına, Hüseynə kömək
göstərmədiklərinə görə ondan üzr istəyirlər.
Sünnilər isə imam Əlini, imam Hüseyni müəyyən
ölçüdə hörmətlə yad etmələri ilə
yanaşı, onların, ümumiyyətlə,
"Əhli-beytin", peyğəmbərin ailə üzvlərinin
müqəddəsləşdirilməsi ilə
razılaşmır, Məhəmməd peyğəmbərə
də sitayişi düzgün hesab etməyərək,
Yaradanın Allah olduğunu əsas gətirərək,
yalnız ona sitayiş edilməsini düzgün hesab edir,
islamda digər sitayiş subyektlərinin süni surətdə
yaranan varlıqlar kimi qəbul edirlər.
Əsər tarixi aspektlərlə yanaşı, bədii
dəyərə də malik olduğundan Ruhiyyənin diqqətini
cəlb etdi. Axı bu əsər çox sayda Avropa və Şərq
dillərinə tərcümə edilmişdi. Sünni alimləri və ilahiyyatçıları
onu süngü ilə qarşılaşmışdılar.
Onlar imam Əlinin və imam Hüseynin ikona
şəklində verilməsi ilə razılaşmaq istəmirlər,
şiələrin imamlara və "Əhli-beytə" pərəstiş
etmələrinə olduqca mənfi münasibət göstərirdilər.
Ərəblər şiələrin fatihəyə
"Əliyən vəli-yulla" sözlərini əlavə
etmələrinə də çox pis baxır, islamda bunun əvvəllər
olmadığını və sünnilərin bunu heç
cür qəbul etmədiklərini irəli sürürdülər.
Ruhiyyə bilirdi ki, əsəri Azərbaycandakı
radikal şiələr də böyük sevinclə qarşılayacaqlar. XX əsrin ortalarında
sovet ideologiyasının bütünlüklə zidd
mövqeyinə baxmayaraq, bəzi regionlarda aşura günü
- İmam Hüseynin qətlə yetirildiyi gün şəbeh
keçirildiyini, dəvə belində kəcavədə cavan
qızların teatr səhnələrini andıran hərəkətlər
etdiklərini, kişi cinsindən olan uşaqların
hamısının Hüseyn naminə başının
ülgüclə çərtilməsini, onun tez
"sağalması" və qanın axmasının
dayandırılması üçün yaranın
üstünə təzə at peyininin, Naxçıvanın
bəzi kəndlərində isə hətta isti eşşək
peyininin basıldığını Ruhiyyə yaşlı
adamlardan eşitmişdi. Özü isə şiələrin
bu matəmi böyük faciə kimi qeyd etmələrinə həsr
olunmuş bir televiziya verilişində gördüyü səhnə
- Pakistanın şiələr yaşayan Lahor şəhərində,
Pencabın bu paytaxtında 2 milyona qədər əhali
yaşayır, onu bütünlüklə təəccübləndirmişdi.
Şallağın dəri hissəsinin ucuna
bağlanmış üç iti bıçaqla matəm
iştirakçılarının, yeniyetmələrdən
tutmuş yaşlı kişilərə qədər, bu
şallağı var gücü ilə çılpaq bellərinə
vurması, dərinin bıçaq zərbəsi ilə
qanaması və çoxlu qan axmasına məhəl qoymadan
özlərinə işgəncə verməsi heyrət
doğurmaya bilməzdi, onlardan ağrı barədə
soruşduqda, imam Hüseyn naminə heç bir ağrı
hiss etmədiklərini deyirdilər. Həqiqətən
də, imama olan məhəbbətə və dərin inama
görə onlar ekstaza düşməklə özlərinə
vurduqları zərbənin nə kimi mənfi fəsadlar verəcəyini,
heç bədəndə yaranan ağrını da hiss
etmirdilər. Meydandan bir az kənarda
uzun stolun üstündə cərrah işgəncə
vaxtı bellərində çapıq əmələ gəlmiş
adamların yaralarını tikirdi və bu yaralanmış
adamlar özlərini elə aparırdılar ki, elə bil ki,
heç nə olmamışdır, bu qan axan bədən də
onlara məxsus deyildir.
Bu adamlar psixikasını, yəqin ki, belə
ağır bədən əzablarına
hazırlayırdılar, ətrafdakıların da buna
heyranlıqla tamaşa etməsi onlara öz təsirini göstərməmiş
deyildi. Bu
kütləvi ekstazda "sürü psixologiyası"nın da az rol oynamadığı hiss olunurdu. Bəzi tənqidçilər isə bu əndazədən
çıxan kütləvi işgəncə səhnələrinə
istehza ilə yanaşırdılar ki, güman ki, imam
Hüseynin özü də bir belə adamın
özünü cəzaya məhkum etməsi ilə
razılaşmazdı. Və onu deyirdilər ki,
çoxları bir neçə il əvvəl
ölmüş öz valideynlərini
xatırlamadıqları, qəbirlərini ziyarət etmədikləri
halda imam Hüseynin həlak olmasından 13,5 əsrə
yaxın vaxt keçməsinə baxmayaraq, az qala öz
sağlamlıqlarını onun yolunda qurban vermək istəyirlər.
Şiələrin bu mərasimləri həm də
onların inamını, riqorizmini gücləndirir, dini
müstəvidəki birliyini və həmrəyliyini
görünməmiş şəkildə möhkəmləndirməyə
xidmət edir.
Bunu təsdiq edən göstəricilərdən biri imam
Hüseynin həlak olduğu Kərbəlaya şiələrin
kütləvi surətdə axışmasıdır. Məkkəyə Həcc
ziyarətinə, həmçinin, Ramazan və Ümrə də
daxil olmaqla ildə 9 milyon adam getdiyi halda, Kərbəlaya
ildə 27 milyon zəvvar gəlir.
Din digər
ideologiyalar kimi mərasimləri, onları keçirmək ənənələrini
sarsılmaz simvola çevirməklə, bu daşlardan dinə
möhkəm inam binası, məbədi tikməyi bacarır. Simvollar özünün güclü təsiri ilə
hətta biganə qalanları da hərəkətə gətirir,
onların şüurlarında da dinin səpdiyi toxumların
cücərməsinə, böyüməsinə nail olunur.
Dini inancı heç bir inamla müqayisə etmək
də mümkün deyildir, çünki heç bir ideya
inamı və ya inqilabi hərəkat din yolunda gedən
qurbanlarla müqayisədə çox gücsüz
görünür. XI əsrin sonundan başlayan Səlib
yürüşləri, Amerikaya və Cənubi-Şərqi
Asiyaya dəniz yolu açıldıqdan sonra istər Latın
Amerikası ölkələrində, istərsə də
Yaponiyada hər cür əziyyətlərə dözən və
özünü qurban verən xristian missionerləri, istər
Sudanda Mahdinin çağırışı ilə ingilislərə
qarşı mübarizəyə qalxanların kütləvi
sürətdə qırğını, istərsə də
islam terrorçularının insanlığa zidd olan qan
axıtmaları dini inamın gücü ilə yanaşı,
onun Allahın təliminə zidd
çıxdığını da nümayiş etdirir.
Xristian əsgərlərinə adam öldürmək
qadağan idi, buna baxmayaraq, hələ Moiseyin Allahdan qəbul
etdiyi 10 göstərişin biri kimi "Öldürmə!"
çağırışının ziddinə, səlibçilər
Sahibin qəbrini xilas etmək pərdəsi altında
axıtdıqları müsəlman qanından yaranan göldə
dizə qədər batan atlarını
çapdıqlarını iftixarla vətənə
yazdıqları məktublarda bildirirdilər.
Hər
bir din yarandığı vaxt insanları birləşdirmək,
sosiumu möhkəmləndirmək məqsədini güdsə
də, sonradan digər dinlərə qarşı rəqabətdə
hətta təcavüzə, silahlı mübarizəyə, qan
axıtmağa da yol verirdi. Qədim Romada əvvəlcə
bütpərəstlər, daha doğrusu, imperatorlar yeni meydana
gələn xristian dininə inanc gətirənləri təqib
edir, onları məhv etmək üçün hər imkandan
istifadə etməkdən, hətta Neronun dövründə
Romada baş verən yanğının günahını ədalətsiz
olaraq onların üstünə yıxmaqdan da çəkinmirdilər.
IV əsrin əvvəllərində imperator
Konstantin xristianların təqibinə son qoyduqdan və əsrin
sonunda xristianlıq Romada rəsmi dinə çevrildikdən
sonra vəziyyət tərsinə dəyişdi, xristianlar
bütpərəst abidələrini məhv etməyə
girişdilər. O dövrdən yalnız indiki Kapitoli təpəsində
ucalan at üstündəki nəcib imperator Mark Avrelinin heykəli
qalmışdır, çünki xristianlar onu səhvən
özlərinin xilaskarı saydıqları imperator Konstantinin
heykəli hesab etmişdilər.
İslam dininin yaradıcısı Məhəmməd
peyğəmbər də Məkkədəki məbəddə
olan bütləri qırıb dağıtmışdı. Ona qədər
yəhudi peyğəmbəri Moisey də tək Allaha
sitayiş naminə bütlərə qarşı pis
münasibət bəsləyirdi. Tokuqava
syoqunatı əvvəlcə xristianlığın Yaponiyada
yayılmasına icazə verdiyi halda, sonra bu dini öz hakimiyyətlərinə
təhlükə hesab edərək, xristian missionerlərini
ölkədən qovdu. Ən iradəli xristian xadimləri
işgəncələrə məruz qalır, nəhayət, edam edilirdilər.
Göründüyü kimi, dinlər adamlar, cəmiyyət üzvləri üzərində öz hakimiyyətini qoruyub-saxlamaq üçün cinayətlərə yol verməkdən də çəkinmirlər. Təkcə xüsusən İspaniyada tüğyan edən inkvizisiyanı yada salmaq kifayətdir. Bəzi din xadimləri müqəddəs kitabların tələblərini pozaraq, terrora, qətllərə də əl atırlar. Dini ayrı-seçkiliyə. bəzən irqçiliyə, etnik zəmində həyata keçirilən ən dəhşətli cinayətlərə də yol verilir. Hitler və natsistlər Almaniyada və işğal etdikləri ölkələrdə 1942-ci ildən başlayaraq daha mütəşəkkil qaydada yəhudilərin ölüm düşərgələri vasitəsilə kütləvi qırğınına - holokosta yol verdilər. Təəssüf ki, Roma Papası da Hitlerin insanlığa zidd olan hərəkətlərinə qarşı, yəhudiləri müdafiə etmək üçün heç bir tədbirə əl atmadı. Hitler isə artıq 10 yanvar 1942-ci ildəki çıxışında Avropada bütün yəhudilərin məhv edilməsini müharibənin gələcək vəzifələrindən biri elan etmişdi.
Dini ayrı-seçkilik, millətçilik, irqçilik naminə ən ağır cinayətlərə də əl atılır. Lakin hətta bu qüsurlar da dinin tərbiyəvi əhəmiyyətini gözdən sala bilməz. Uşaqlara din öyrədilməsə, onlar mənəvi dəyərlərdən necə baş çıxara bilərlər.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 9 aprel.- S.22.