Fəlakətdən həzz alanlar
Ölkə həftə sonu gecə klubunda baş verən partlayışla sarsıldı. Ərazidə aparılan çəkilişlərdə
hadisənin miqyası
və necə dəhşətli olduğu
açıq-aydın görünürdü.
Bu faciə cəmiyyətdə
nəzərəçarpacaq fikir ayrılığı
yaratdı. Bir qism məyusluğunu dilə gətirərkən, digərləri
sevincdən göyün
yeddinci qatına ucaldılar.
Otuz yeddi nəfərin yaralandığı, bir nəfərin öldüyü
hadisənin zərərçəkənlərindən
ikincisinin dünən
dünyasını dəyişməsi
günlərdir durulmayan
suları bir az daha bulandırdı. Sosial şəbəkədə bir şənlik, bir vur-çatlasın idi, gəl görəsən.
Bu qeyri-insani davranışa
almanlar "Schadenfreude" deyir. Mənası başqasının başına gələn fəlakətdən həzz
almaq deməkdir.
Şadınfıroyde insanda dörd
yaşlardan etibarən
formalaşan kompleksli xüsusiyyətdir. Yeddi
yaşdan sonra kökü dərinləşən
bu hiss, gənclik dönəmindən etibarən
özünü daha qabarıq şəkildə
bəlli edir. Qısqanclıqla qarışdırılmasın,
bu daha betər
durumdur. Artur Şopenhaur vəziyyəti
belə izah edir: "Qısqanclıq hissi insani haldır,
birinin zərər görməsindən həzz
almaq, bunun ləzzətini çıxarmaq
isə şeytani davranışdır". Bu fikir insanı daha da qorxudur.
Düşünürsən ki, gör, ətrafda
qana həris nə qədər adam var!
Yoxsa
normal düşüncə sahibi diri-diri yanan insanların iniltisindən niyə zövq alsın ki?
Başqalarının ağrısından həzz alanlar daxili bədbəxtlik yaşadıqları üçün kimsənin xoşbəxt olmasını istəmir, üstəlik, onların kədərlərindən qidalanırlar. Bu şəxslərin həyata baxışları dardır. Tək doğru onların qəbul etdikləridir. Empatiya hissi onlar üçün mövcud deyil. Dinləməyi deyil, danışmağı üstün bilirlər. Bu cür insanlar vampirdirlər, mövcud olduqları yerdəki bütün pozitiv enerjini gəmirirlər. Yalnız qaldıqda isə daxillərindəki bataqlığa qərq olurlar. Bu bataqlıq onları daha da kirləndirir. Buna görə də içlərində böyütdükləri qaranlıq hirsə çevrilir. Hirs isə öz yanına nifrəti çəkir. Daxildə baş verən bu qarmaqarışıqlıq insanı təməl duyğularından qopardaraq canavarlaşdırır. Və beləcə, faciəyə şadlanmaq onlar üçün qaçılmaz olur. "Cinayət və cəza" romanında Dostoyevski bu ruh halını belə qələmə alıb. "Hər birinin üzündən ən yaxınlarının gözlənilməz fəlakəti qarşısında insanlarda hər zaman görünən qəribə bir sevinc hissi yağırdı. Ən səmimi şəkildə acı paylaşılmağına rəğmən, istisnasız olaraq heç kim özünü belə bir duyğuya qapılmaqdan uzaqlaşdıra bilməyib" - deyir böyük yazıçı. Ümidləri baltalayan həqiqətdir bu.
Faciəyə sevinən insanların başqalarına zərər verməməklərinin tək səbəbi fürsət tapa bilməməklərindən qaynaqlanır. Faciəyə sevinənlərin daxili üfunətlə doludur. Bu insanlar qızınmaq üçün başqasının evini yandırıb istisində əlini ovuşduracaq əqidəyə sahibdirlər. Faciəyə sevinənlərin ruhları əxlaqsızdır, ətrafdakılar tərəfindən təcrid edilməmək üçün əxlaqı təqlid edirlər. Faciəyə sevinən insan içindəki xıltı püskürəcəyi imkanı əsla qaçırmaz. Bu şəxslər yaxınlarının acısına belə səmimiyyətlə üzülmür, üzülmüş kimi davranırlar. Onların hər zaman bir bəhanəsi və kasad düşüncələrini dəstəkləyən bir yığın cahil ordusu var. Faciəyə sevinən insan dayazdır, öyrənməyi sevmir, ona sərf etməyən bilgiyə, yüz faiz doğru olsa belə, inanmaq istəmir. Bu şəxsləri maraqlandıran bir tək özü, bir də mənfəətləridir. Ən qorxulu irqçilər onların içərisindən çıxır. İnsanları "bu bizdən, bu sizdən" deyərək kateqoriyalara bölür, mühakimə edir, edam kürsüsünə çıxarırlar. Fərqli düşüncəyə, rəngə, dilə, dinə, irqə nə sayqıları olur, nə sevgiləri. Baş vermiş partlayış zamanı "Ramazanda kluba gedənlər ölməlidir" deyənlər məhz bu qəbildəndirlər. Faciədən xoşbəxt olmaq ciddi psixoloji xəstəliyin xəbərçisidir. Belələrinin cəmiyyətə, dünyaya qata biləcəkləri dəyər sual altındadır.
Fəlakətə sevinən insanların bu qədər çox olduğunu görmək sağlam gələcəyə də ümidləri azaldır. Düşünürsən ki, dünyaya gətirdikləri və ya hazırda böyütdükləri övladları da özləri kimi yetişdirəcəklər. Bu isə cəmiyyət üçün uzanıb gedən qara zolaq deməkdir. İşin ürküdücü tərəfi də odur ki, bu insanlarla tədbirlərdə, küçədə, marketdə, parklarda yan-yanayıq. Hətta çox təəssüf ki, həmkarıq. Məsələn, bir sayt rəhbərinin ağzı köpüklənə-köpüklənə "gecə kluba gedənlərə ölüm" deyə bar-bar bağırması əlbəttə, xəcalətvericidir. Cəmiyyəti informasiya ilə təmin edən şəxsin bu cür təhlükəli düşüncəyə sahib olması qəbuledilməzdir. Fəlakət öz başına gələnə qədər bunun nə qədər ağır olduğunu dərk etmək asan deyil. Hiss etmədiyin ağrını isə anlamaq mümkünsüzdür. Tolstoy ona görə deyirdi: "Acı hiss edə bilirsənsə canlısan, başqasının acısını duya bilirsənsə insansan!" Bir başqa həqiqət də var, bu dünyada hər şey olmaq asandır, insan olmaq çətindir.
İnsan olmaq
diləyi ilə!..
Türkan
TURAN
525-ci qəzet.- 2022.- 9 aprel.- S.19.