Uşaq ədəbiyyatımızın
ağsaçlı şairi
ZAHİD
XƏLİLİN SƏNƏT DÜNYASINA BİR BAXIŞ
Azərbaycan uşaq ədəbiyyatı yaradıcıları ümumbəşəri və milli dəyərlərə söykənən, mənəvi-əxlaqi keyfiyyətlərə malik, başlıcası, estetik zövqlü, müasir ruhlu, nikbin, vətənpərvər ruhlu nəslin yetişməsində rol oynayan bədii nümunələr yaradıblar. Bu nümunələr həcmcə kiçik olsalar da, sadəliyi, paklığı, müqəddəsliyi, ən başlıcası, mənsub olduqları dünyaya sədaqəti ilə seçilir. Bu nümunələri yaradanlar da fitrətən uşaq kimi saf, məsum olur, həyata, insana, cəmiyyətə, təbiətə, onları əhatə edən hər bir şeyə sayqı və heyranlıqla yanaşırlar.
Çağdaş Azərbaycan uşaq ədəbiyyatında "uşaq nəsrinin yaşarı ənənələrini yaradan, ölməz korifeylərin davamçıları cərgəsində" (C.Əhmədov) orijinal duyumu, öz sözü və üslubu ilə seçilən şair, nasir, dramaturq, publisist, filoloq-alim, professor Zahid Xəlil belə sənətkarlardandır. Ömrün 80-ci onilliyini kövrək addımlarla yaşayan Zahid Xəlilin yaradıcılığı, sənəti, şəxsiyyəti barəsində söz demək nə qədər asandırsa, bir o qədər də çətindir. Asandır ona görə ki, əlinə qələm aldığı gündən sözün sehrinə, möcüzəsinə bütün varlığı ilə hakim kəsilən Zahid Xəlil öz kiçik oxucularına dünyanı bütün rəngləri ilə tanıdır, məsumiyyət, müqəddəslik, sədaqət, etibar, qayğı, mərhəmət, ehtiram kimi incə duyğular aşılayan şeirləri ilə kiçikdən böyüyə milyonların sevgisini qazanır. Onun şeir və hekayələrində dil açıb danışan gül-çiçəklər, quşlar, xırda böcəklər, həşəratlar, vəhşi heyvanlar, cansız əşyalar belə uşaqlara Vətən torpağının gözəlliklərini anladır. Şair irqindən, milliyyətindən asılı olmayaraq, kiçik dostlarının əlindən tutub sevə-sevə Vətən bağçasını gəzdirir, torpaq-vətən-xalq sevgisini onlara damcı-damcı aşılayır.
Çətindir, ona görə ki, Zahid Xəlil həm də pedaqoq, alim, tərcüməçi-nasir və gözəl müəllimdir. Onun istər elmi-filoloji, istər bədii yaradıcılığı oxucularını həmişə orijinallığı və sadəliyi ilə cəlb edib, ən kiçik mətləbləri belə böyük məsələlərin həlli kimi düşündürüb.
Zahid Xəlil yaradıcılığının özəl xüsusiyyəti uşaqlar üçün yazdığı şeirlərin təkcə uşaqlar tərəfindən deyil, böyüklər tərəfindən də sevilməsidir.
Hər üç ədəbi növdə uşaq əsərləri yaradan Zahid Xəlilin mövzu dairəsi olduqca genişdir; vətən, xalq, birlik, mənəvi dəyərlər, yüksək iradi keyfiyyətlər, ətraf aləmin dərki, təbiətə sevgi, coşqu və heyranlıq onun şeir, hekayə və dram əsərlərində assosiativ şəkildədir. Zahid Xəlil təqdimində hər uşaq obrazı səciyyəvi cizgilərlə yadda qalır.
Zahid Xəlilin yaradıcılığını izlədikdə məlum olur ki, şair özünü sətirlərdə yaratdığı dünyanın - uşaq dünyasının bir üzvü kimi hiss edir. Bu dünyada bütün uşaqlar şən, mehriban, səmimi və şıltaqdır.
Zahid Xəlilin şeir və hekayələrinin mövzu dairəsi olduqca genişdir. Uşaqları sevindirən, onlarda nəcib duyğular oyadan, dünyanı tanıdan, təbiəti sevdirən, mənəvi zövq verən məsələlər şairin qələmində başlıca mövzuya çevrilir. Sadə üslubda, uşaqların dilinə yatan bir tərzdə yazılmış şeirlərin əksəriyyətində əməyə məhəbbət, həyatın mənasını başa düşmək, vətəni sevmək, doğru danışmaq və başqa bu kimi hisslər tərbiyə olunur.
Zahid Xəlil şeirlərində diqqət çəkən cəhətlərdən biri canlı təbiət mövzusu, təbiət lövhələrinin yaradılmasıdır. Şair gözəl bilirdi ki, "təbiət gözəlliklərini uşaqlara sevdirmək, ağaclar, quşlar, heyvanlar haqqında poetik bir dillə söhbət açmaq həm balaca oxucuların dünyagörüşünün genişlənməsinə, həm də onların estetik zövqlərinin inkişafına mühüm kömək edir". Onun şeirlərində, nağıl və hekayələrində təbiətdə hər bir canlı dil açıb danışır, uşağın adını bilmədiyi, tanımadığı quşlar, çiçəklər, heyvanlar elə detallarla təsvir edilir ki, oxucunun gözü qarşısında istər-istəməz onun obrazı canlanır. Şeirlərdə təsvir olunan bildirçin, kəklik, bülbül, qızılquş, qırqovul, hacıleylək, qaranquş, şanapipik, qartal, kəpənəklər, ağacdələn, qırğı, sağsağan, ördək balası, arıların obrazı Zahid Xəlilin təsvirində sözlə deyil, fırça ilə çəkilmiş bir portreti xatırladır. Bunların hər birini şair elə ştrixlərlə təqdim edir ki, bəzən onun şair deyil, təbiətşünas bir alim olduğu fikrinə gəlirsən.
Tükləri çəhrayıdır,
Qanadı neçə rəngdi,
Ayaqları uzundu,
Qırmızıdı, qəşəngdi.
Bu gölün bəzəyidir,
Bir qızılı quşdu o.
Baxan elə bilir ki,
Günəşdən qopmuşdur o.
Uşaq psixologiyasında rəng çalarlarını bir-birindən ayırmaq üçün şair onları əşyaların üzərində izah edir. Dünyanı, təbiəti, rəngləri təzəcə duymağa başlayan uşaq belə mavi, qırmızı, ağ, qızılı rəngi əbədi yaddaşına həkk etmiş olur:
Səma mavi,
Yumurta ağ,
Sapsarıdır günəbaxan,
Qırmızıdır gülöyşə nar,
Yarpaq yaşıl, kömür qara,
Dəniz göydü,
Qızılıdır boranılar.
Zahid Xəlil sözçülükdən uzaq bir şairdir. Təsadüfi deyil ki, onun əksər şeirlərinin sətirləri iki-üç sözdən ibarət olur, bu isə həmin ədəbi nümunələrin uşaqlar tərəfindən tez əzbərlənməsinə, yadda qalmasına əsas olur. Zahid Xəlil təbiətin min bir rəngini, canlı portretini sözlə yaratmağa müvəffəq olur. İstər şeirlərində, istərsə də hekayələrində baharın ilıq nəfəsi ilə qışın sazağı, yayın cırhacır istisi ilə payızın sərin küləyi eyni xoş hisslər oyadır.
Təbiətdə hər bir canlı - tikanotundan, qarışqadan tutmuş yırtıcı pələngə qədər onun bəzəyidir. Ən kamil varlıq olan insan təbiət gözəlliklərinə uşaq yaşlarından biganə qalmamalı, onları sevməyi və qorumağı bacarmalıdır. "Arı və kəpənək", "Kəklik", "Bildirçin", "Qırqovul", "Hacıleylək", "Bülbül", "Davakar sərçə", "Cüllüt", "Qaranquş", "Şanapipik", "Qartal", "Qızıl qaz", "Qırğılar", "Qağayılar", "Ördək balası", "Tovuz quşu", "Hacıleylək", "Göyərçin" şeir və hekayələrində uşaqlar Azərbaycanın dilbər guşələrini bəzəyən quşlarla tanış olur, onların gözəlliyi, əsrarəngizliyi vasitəsilə nəcib hisslərə yiyələnirlər.
Zahid Xəlil şeirlərinin dili nə qədər sadə, oynaq, şirindirsə, bir o qədər xəlqidir. "Folklora xas olan dilin aydınlığı, səlisliyi, poetizm, orijinal deyim" şairin şeirlərində diqqət cəlb edir. Ədəbiyyatşünas alim xalq danışıq dilindən aldığı ifadələri uşaqların yaş və anlam səviyyəsinə uyğun şəkildə ipə-sapa düzür. Şeirin ideya məzmunu ilə yanaşı, poetikası, bədii sənətkarlığı adi sözlərə orijinal biçimdə verdiyi obrazlılqda özünü göstərir.
Bizim bağçamıza bir çəmən düşüb,
Sürüşüb baharın çiynindən düşüb.
Ağaclar şabaş tökür yollarına payızın,
Gəlib toyunu etsin neçə oğlanın, qızın.
Həyatı əksetdirmə üsullarının heç birinə biganə qalmayan Zahid Xəlilin uşaq əsərlərinin bir hissəsini də hekayələr təşkil edir. Bu hekayələr ilk növbədə təsvir olunan hadisələrin qeyri-adiliyi ilə diqqəti cəlb edir. "Bağırmaq istəyən adam", "Coğrafiya dərsində taxılan eynək", "Üçbucaq ölkənin adamları", "Quyruq", "Kölgələr", "Cırtdanla Azmanin yeni sərgüzəştləri", "Əlvan nəğmələr", "Yumru Yumaq və Qumru", "Ayaqqabıların söhbəti" və sair hekayələrdə yazıçı ilk baxışdan əyləncəli, yumoristik, bəzən də oxucunun qəbul edə bilmədiyi qəribə hadisələrlə mürəkkəb məzmun yaratmağa nail olur. Uşaqlara adi görünən hadisə yaxud əhvalatın görünməyən tərəfində Zahid Xəlil cəmiyyəti narahat edən, bir ziyalı-müəllim kimi onu düşündürən əxlaqi-mənəvi dəyərlərin korşalmasını, xudbinlik, lovğalıq, özündənrazılıq kimi xüsusiyyətlərin uşaq yaşlarından özünü göstərən, illər ötdükcə isə faciəyə çevrildiyini göstərir.
Yazıçının hekayə və nağıllarının qəhrəmanları hər gün gördüyü, rastlaşdığı, üzügülər, gözlərindən xoş hiylə yağan, şuluq, ərköyün uşaqlardır. Onlar azyaşlı olsalar da, xalq malına, sərvətinə sədaqətlə, göz bəbəyi kimi baxır, xeyirxah yoldaşlıq edir, lazım gəldikdə "düşmənə" qarşı birləşib mübarizə aparır, ən əsası, təbiəti sevir və onu qoruyurlar. Qəlbi, Aygəz, Cırtdan, Qəlbinur, Anar, Orxan, Qumru, Qədir valideynlərini məhəbbətlə sevən, həssas, diribaş, qoçaq, qayğıkeş, qorxmaz uşaqlardır. Bu obrazlar o qədər dolğun yaradılmışdır ki, ilk tanışlıqdan oxucunun qəlbinə hakim kəsilir, nağıl-hekayədən çıxıb hər bir ailənin sevimlisinə çevrilir.
Onun nağıl-hekayələri xalq nağıllarından bir o qədər də fərqlənmir. İngilis yazıçısı Oskar Uayldın nağıllarını xatırladan bu nağıllarda xeyirlə şəri bir-birindən ayırmaq, yumor hissi oyatmaq, satqınlığa nifrət, dostluğa sədaqət aşılamaq, düzlüyü, doğruçuluğu, sadəliyi, təvazökarlığı, mənəvi saflığı təbliğ etmək əsas motivlərdəndir.
Rus ədəbiyyatşünası, tənqidçi İqor Motyaşov Zahid Xəlilin nəsr yaradıcılığı barədə yazır: "Zahid Xəlil hekayələrinin xarakterik cəhəti nədən ibarətdir? Hər şeydən əvvəl, onların həyatiliyindən. Belə ki, Zahidin hekayələrinin mövzusu gündəlik həyatımızdan, bizi əhatə edən detallardan, hadisələrdən götürülmüşdür. Hekayələrdəki konfliktlər, xarakterlər, personajlar, onların söhbəti hər gün gördüyümüz, qarşılaşdığımız əhvalatlardır. Hadisələrdəki illüziya, hekayələrin dinamikliyi maraq dairəsini artırır, yumor hissini gücləndirir ki, bu da bədii əsər üçün yaraşmayan sığala, primitivliyə yol vermir. Zahid Xəlilin bütün hekayələri özünün rəngarəngliyi, kolliziyası ilə bir yazıçı təxəyyülünün, fantaziyasının məhsulu olub xeyirli qüvvələri şərə qarşı qoyur".
Zahid Xəlil hekayələrində istər uşaqların, istər quş və heyvanların, istərsə də əşya və predmetlərin həyatı uydurma yox, realdır. Onların hər birini danışdıran şair uşaqlarda əşya və predmetlər haqqında dolğun təsəvvür formalaşdırır. Halal-haram, toxluq-tamahkarlıq, düzlük, mənəvi saflıq və sair fəzil və rəzil cəhətlər qarşı-qarşıya qoyulur.
"Quş toyu" hekayəsində baharın gəlişi ilə quşların toy-bayram etdiyi təsvir edilir. Yazıçı "toy" ifadəsini hərfi mənadan uzaqlaşdırıb uşaqlara sevinc, bayram, şadlıq kimi izah edir. İnsanların təkcə ailə qurmaq, birgə yaşayışının təntənəli mərasimi olan toy həm də sadlıq, fərəh deməkdir. Hekayədə göstərilir ki, aprel ayının sonuna təyin olunan toya bərk hazırlıq gedir. Ev sahibləri kolların dibini, yuvaları gözdən keçirib təmizləyirlər. Toyun ilk qonağı Qızıl qaz dəstəsi olur. Onların - çəhrayı tükləri günəşin işığında solğun alova bənzəyən qazların gəlişi ilə toy başlayır - bahar gəlir. Toya şanapipik "bup-bup" harayı ilə qoşulur, o tərəfdən ağacdələnlər öz "tuq-tuq" nağaralarını çalır. Ev sahibi - sərçələr hələ qonaqların çoxunun gəlmədiyinə görə həyəcanlansalar da, bu həyəcan havayı idi. "Leyləklər dimdiklərini şaqqıldatmağa, bülbüllər tütəklərini püfləməyə başlamışdılar. Qarğalar "qarr-qarr" edərək deyirdilər: "Əgər mümkünsə, bir az bərk çalın. Torağayların, bildirçinlərin, kəkliklərin səsi bir-birinə qarışır. Qızılağac qoruğunda quşların toyu apreldən sentyabradək davam edir". Göründüyü kimi, quş toyunu yazıçı incə yumorla onların baharda qoruqda bir yerə toplaşması, uzaq ölkələrdən köçüb gəlmələri kimi təsvir edir. Onlar sevinir, həm də ona görə ki, qoruqda onlara heç kim ziyan vermir, insanlar onların qayğısına qalır. Yazıçı quşların timsalında böyük bir gələcəyə, xoş günlərə inamını bildirir.
Təbii ki, quşların gözəlliyini dəqiqliyi ilə təsvir etməsi Zahid Xəlilin onları tanımaqdan daha çox özünün təbiət aşiqi, təbiətin bu nəğməkar aşiqlərinə məftunluğunun təcəssümüdür.
"Bülbül səsi və Aytac" hekayəsində yazıçı quşların da insanlar kimi xoş və pisniyyətli olduqlarını göstərir. Bülbül şirin nəğməsi ilə Aytacı yuxudan oyadır, onu sübh çağı təbiətin gözəlliyindən zövq almağa məcbur edir. Aytac hər gün qulaqlarını oxşayan bu lətif səsi həyəcanla gözləyir, onun kimi qızılgüllər də bülbülün səsindən nazlanır, bənövşələrin zərif yarpaqları titrəyir. Lakin bir gün Aytacın qulağını bülbülün səsi ilə yanaşı, başqa bir səs də qıdıqlayır; qarğanın səsi. Aytac bu səsdən nə qədər qorunmaq istəyirsə, olmur. Qarğanın gəlişi ilə bağda çiçəklər solmuş, yarpaqlar sapsarı saralmışdılar. Ağaclar hirslə uğuldayaraq bülbülün səsini qaytarmaq istəyirdilər. Lakin Aytac hirslənmir, o bilir ki, yenə bahar gələcək, yenə bülbül gələcək və öz nəğməsi ilə həyata sevinc bəxş edəcək.
Quşlar kimi, heyvanlar, həşəratlar da Zahid Xəlilin şeir və hekayələrində uşaqların sevimlisi, dostudur. Təbiəti bütün gözəllikləri ilə sevdirməyə çalışan şair ən vəhşi yırtıcını belə vətən torpağında olduğu üçün sevməyi təlqin edir. Şairin poeziyasında uşaqlarla bağlı pis, xoşagəlməz heç nə yoxdur, ən mənfi hallara qarşı belə pedaqoq şair müdriklik fəlsəfəsi ilə yanaşır, bir müəllim kimi onların zəif damarını tuta bilir. Uşaqların xoşlamadığı, qorxub çəkindiyi heyvanlar elə əhvalatlarla qarşılaşdırılır ki, uşaqlar bunu pislik, vəhşilik kimi deyil, həmin heyvanın xarakteri, xüsusiyyəti kimi qəbul edirlər. "Çəmənlikdən qovulan qurbağa" hekayəsində qurbağaların arılar, çiçəklər kimi niyə çəmənlikdə deyil, gölməçələrin kənarında yaşamalarının səbəbini yazıçı onların axşama kimi quruldamaqları ilə bağlayır. Xoşagəlməz səslərinə görə onları suda balıqlar da qəbul etmir. Mahnılarını göllərin qırağında oxuyub qurtarandan sonra gölə atılırlar.
Yazıçı uşaqların anlaya biləcəyi eyhamlarla hər bir heyvanın, gülün-çiçəyin, həşəratın yaşadığı yeri, məkanı oxucusuna çatdırır. "Siçanların padşahı pişik", "Qayaya çevrilmiş balina", "Qaçağan dovşan", "İki ağcaqanad", "Qoyunun başına gələnlər", "İt şəhəri", "Yaşıl kərtənkələ", "Dünyanın ən tənbəl tısbağası", "Başqa planetə uçan çəyirtkə", "Tülkü və beçələr", ""Dovşan və köpək", "Dovşan və canavar", "Hörümçək və mozalan", "Ayı balası", "Buğa və bağa", "Kirpi", "Toğlunun bazarlığı" və s. şeir və hekayələrdə uşaqlar heyvanlar aləminə səyahət edir.
Zahid Xəlil yaradıcılığında uşaqlar təkcə quşlar, heyvanlar deyil, əşyalarla da ünsiyyətə girirlər; qapılar, poçt yeşikləri, qabağa qaçan kirşə, itmiş pul kisəsi, stolüstü lampa, ayaqqabılar, saz və digər əşyaların başına gələn əhvalatlar yazıçı fantaziyası ilə uşaqların maraq dünyasının sintezidir. "Lalə", "Çobanyastığı", "Sırğaçiçəyi", "İnciçiçəyi", "Qaymaqçiçəyi" əl-ələ verib çələng hörür, "Gicitkan", "Quşəppəyi", "Qanqal", "Qırxbuğum", "Zəncirotu", "Günəbaxan", "Cincilim", "Qantəpər", "Keçisaqqalı" çəmənə xalı sərir.
Zahid Xəlil hər şeydən əvvəl, uşaqların əxlaqi-estetik tərbiyəsini düşünür, onların kiçik yaşlarından ədəb-ərkanlı, səxavətli, qənaətcil, böyük-kiçik yeri bilmələrini istəyir. Yazıçının orta məktəbin ibtidai sinif dərsliklərinə salınmış mətn və hekayələrində millətçilik, soykökünə bağlılıq, humanizm, inam kimi əxlaqi dəyərlər aşılanır. Azərbaycanın tanınmış elm və sənət adamlarını kiçikyaşlı oxucularına Zahid Xəlil maraqlı süjetə malik kiçik hekayələrlə tanıdır. Ulu öndər Heydər Əliyev, M.Ə.Sabir, M.F.Axundzadə, C.Cabbarlı, S.Vurğun, C.Məmmədquluzadə və başqalarının həyat yolu ilə bağlı qələmə alınan maraqlı əhvalatlar artıq ibtidai siniflərdən uşaqların yaddaşında dərin iz qoyur. Xalqın tarixi abidələri, maddi-mənəvi dəyərləri sırasında Qobustan qayaları, 2500 illik yaşı olan Bərdə xalısı, dövlətçilik tarixində hər bir uşağın bilməli olduğu önəmli tarixlər - 18 Oktyabr Dövlət Müstəqilliyi Günü, 10 Mart - Milli Teatr Günü və s. əlamətdar gün və tarixlər pedaqoq-müəllim təəssübkeşliyi ilə xatırladılır.
Zahid Xəlil yaradıcılığı mövzu və ideya aktuallığı, müasirliyi ilə təkcə uşaqların deyil, bəstəkarların, kino və teatr xadimlərinin, tərçüməçilərin də daima diqqət mərkəzindədir. Onun irqindən, milliyyətindən asılı olmayaraq, dünya uşaqlarının zövqünü oxşayan şeir və hekayələri rus, belarus, moldav, özbək, eston, gürcü, türkmən və sair dillərə dəfələrlə tərcümə olunub, uşaqların dilinin əzbəri olan 20-dən çox şeirinə musiqi bəstələnib.
Bu gün
Azərbaycan uşaq ədəbiyyatı orijinal, maraqlı, xalq ruhundan və mənəviyyatından qaynaqlanan nümunələri ilə gündən-günə
püxtələşir və dünyaya pəncərə
açır. Bu pəncərədən boylanan milyonlarla məsum, saf, qaynar, hüznlü, donuq uşaq
baxışlarına, sərhəd
tanımayan uşaq dünyasına
onların başı üstündən çox-çox
uzaqlara zillənən şair,
yazıçı, publisist, filoloq-alim, pedaqoq, müəllim
Zahid Xəlilin,
müdrik Zahid
babanın qayğılı gözləri, məhrəm
səsi, kövrək şeirləri, bir də
onlardan - uşaqlardan
ayrı döyünməyən ürəyi kölgə
salır.
Nazilə
ABDULLAZADƏ
Pedaqogika
üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun
Ədəbiyyatın tədrisi texnologiyası
kafedrasının müdiri
525-ci qəzet.- 2022.- 9 aprel.- S.18;19.