"Bizi
bağışlayın, Rəfiqə ana!"
RƏFİQƏ MƏMMƏDOVANIN XATİRƏSİNƏ
Azər yaxın dostumdur, yaş fərqi az olmasa da, ikimizin qəlb dünyasında Rəfiqə xanım - nur sifətli Rəfiqə ana bir ömürlük xatirə kimi qalacaq. Bunun səmimiyyətinə varmaq üçün kiçik bir xatirəni danışmaq yerinə düşərdi.
İş günü idi. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məni çox maraqlı bir qonağı ilə tanış etdi: "Azər Məmmədovdur, Avropa ölkələrində müxtəlif diplomatik missiyalarda və digər vəzifələrdə işləyib. Anasının kitablarını gizlicə qoltuğuna vurub gətirib ki, baxaq görək fikrimiz nədir. 75 yaşına sürpriz - rəy hazırlamaq olarmı?"
Mənalı-mənalı üzümə nəzər salanda bildim ki, bu işi mənə tapşırmaq niyyətindədir: "İstəyirəm sən də peşəkar jurnalist kimi qələmini işə salasan, Rəfiqə xanımın yubileyini oxunaqlı bir yazı ilə təbrik edək". Sədr fikrini daha yığcamlaşdırdı: "Bəyənəcəyinə söz olmayacaq. Bu gündən onun 90 yaşınadək ildə ad gününə yazı təqdim eləmək sənin vəzifəndir. Yerdə qalanını da Allahdan rica edərik".
İlləri beləcə sıraladıq. Mən yazdıqlarımla nəfəs aldım, o isə barəsində yazılanlarda təskinlik tapdı. Allah-təala elə bir hiss, duyğu bəxş etmişdi, sanki yüz il idi qəlbini, ürəyini oxuyurdum. Anasızlıq dərdimi də onunla sovuşdururdum. Rəfiqə anamız məni bala adlandırdıqca anasızlıq niskilinin üstünə sərin su səpirdi. Bu xeyirxahlığın baiskarı təbii ki, hər an valideyn yolunda zəhmətə qatlaşan sədrimiz və oğlu idi.
Beləcə "Özü gözəl, sözü gözəl Rəfiqə ana!", "Rəfiqə Məmmədovanın yaradıcılıq dünyası ilə üzbəüz", "Rəfiqə xanımın "Dolu"su ətrafında düşüncələr", "Beynəlxalq kitab gününün duyğuları" və digər yazılar ərsəyə gəldi.
Hər il avqustun 24-də ad gününə dəvət adətə çevrilmişdi. Gözləri həmin gün oğulları Azər və Şakirlə yanaşı, məni də arayırdı. Gəlinləri, nəvələri, doğmaları başına toplaşıb şeirlərindən bir neçəsini dilə gətirirdilər. Çünki böyüyün də, kiçiyin qəlbini ovudan misralar onun söz ehtiyatının bəzəyinə çevrilmişdi.
Növbəti Novruzda Rəfiqə xanımın bayramını təbrik etməzdən öncə Azərə zəng vurdum. Üzüntülü səsdən anasının dünyasını dəyişdiyini bildirdi. Yalnız "Bizi bağışlayın, Rəfiqə ana, ruhunuz şad olsun!" deyə bildim.
Bax, bu da zəmanəmizin gerçəkliyi, dünyasını dəyişənlərimizin çoxundan vaxtında xəbər tuta bilmirik, ruhlarına el qaydası ilə salam-salavat tapşırmaq olmur.
Rəfiqə xanım həyat universitetlərində topladığı təcrübədən dərs dedi. Həmin dərslərin səhifələrinə ilk növbədə səbr, dözüm, iradə, Vətən üçün, el üçün namuslu, qeyrətli, bilikli və xeyirxah övladlar yetirmək kimi ifadələr yazmaq olardı. Onu əhatə edən mühitə bu cəhətlər əvəldən hakim kəsilmişdi.
Müharibə mövzusu bu nəslin qan yaddaşına həkk olunub. Orta təhsilini aldığı Füzuli və Zəngilan məktəbləri, sonra Şuşa Pedaqoji Texnikumu və Azərbaycan Dövlət Univesitetinin İqtisadiyyat fakültəsi. Görüb-götürdüklərini əbədi xatirə kimi yaddaşında saxladı. Bu illərdə də bədii yaradıcılıqla məşğul oldu. Vətən gözəlliklərini, özəlliklərini vəsf etdi. İncə boyalar bütün bunlara bir silinməz rənglər qatdı. Rəfiqə xanım 30 ilə yaxın müharibə mövzusundan yazdı. Şeirləri, poemaları orijinal təsvirlərlə yadda qaldı. Faşizmi lənətləyərkən onun erməni sifətini də göstərdi. Ata varlığından xəbər tutmaq üçün haralara ayaq döymədi. Moskvada, redaksiyalarda oldu, axtarışlar apardı, yazılarla çıxış etdi. Uşaqlıq dünyasını xarabazara çevirən faşizmi lənətlədi. Buna görə də Rəfiqə xanımın şeirləri həqiqətdən nəşət aldığından həyatiliyi ilə yadda qaldı.
2014-cü ildə Cəbrayılın Cocuq Mərcanlı kəndi qəhraman döyüşçülərimizin səyi ilə düşməndən azad olunanda Rəfiqə xanımın "Dolu"su ətrafında düşüncələri birgə bölüşürdük. Söhbət əsnasında bildirdi ki, biz sülhsevər millətik, nə edək ki, 30 ilə yaxındır torpaqlarımızı azad etmək zorundayıq. Cocuq Mərcanlı Qarabağın tamamilə düşməndən xilas edilməsi yolunla bir siqnaldır. İnşallah qəhrəman ordumuzun əsgər və zabitləri şanlı Zəfər bayrağımızı Şuşa zirvəsində də dalğalandıracaqlar. Elə bilirəm ki, Ağdamda dünyaya gəlmiş həyat yoldaşım Əmirin ruhu bununla rahatlıq tapar.
Söhbət o Əmirdən gedirdi ki, bir "həsini" almaq üçün 7 il günbəgün onu izləmiş, əyağına bir daşın belə toxunmasına imkan verməmiş, nazir müavini səlahiyyətlərini həyata keçirən Üzümçülük və Şərabçılıq Komitəsinin sədr müavini vəzifəsini daşıyarkən ömrünün sonunadək halal həyat tərzi ilə özünə və ailəsinə başucalığı gətirmişdi.
Rəfiqə ana bu evin, bu yurdun ab-havasına özü ilə bərabər halallıq, namus, qeyrət, dözüm daşıdı. Əsl kişi üçün belə arxayınçılıqın dəyəri nə ola bilərdi ki... Bakı şəhərində, Zərifə Əliyeva küçəsindəki köhnə beşmərtəbəli binadakı mənzili ilk dəfə görəndə heyrətimi gizlədə bilmədim. Yəni, doğrudanmı, həyatımızda belə insanlar mövcud olub? Rəfiqə xanım sadə görünüşlü, kitab rəfləri üstünlük təşkil edən binaya necə köçmüşdüsə, dekorasiyanı eləcə də ömrünün sonunadək qorumuşdu. Onu doğma yurda, xatirələrlə yaşadığı əbədi ünvana çevirə bilmişdi.
52 il yaradıcılıqla məşğul oldu. Dövrün görkəmli sənətkarlarının xeiyr-duası ilə sənət aləmində inamla addımladı. Mətbuatda, ədəbi-bədii nəşrlərdə yazıları işıq üzü gördü. Rəfiqə ananın müxtəlif janrlı yaradıcılıq nümunələri mütəmadi olaraq "Göyərçin", "Günəş", "Pioner" jurnallarında, "Savalan", "Azərbaycan müəllimi", "Bakı", "Kənd həyatı", "Xalq qəzeti", "Azərbaycan gəncləri", "Mədəniyyət qəzeti", "Şərq qapısı", "Sovet Naxçıvanı", "Əmək bayrağı", "Araz" və digər qəzetlərdə dərc olundu. O həm də "Könül", "Şahin balam" adlı iki romanın və "Şəfəq müğənnisi" adlı bir povestin müəllifidir. Müxtəlif illərdə onun yeniyetmələr və uşaqlar üçün "Dağların qızı Lalə", "Dolu", "Uğurlu ov", "İnam", "Qar işığı", "Allo, allo, Ayanam", "Dostluq", "Güllü kəpənəkli bağ", "Nəciblik duyğusu", " Bizim bağ", "Ardımca gəl" adlı kitabları işıq üzü görüb. Rəfiqə xanımın respublika radiosunda saxlanılan səs yazıları fondumuzda indi də etibarla qorunur.
Sonda bir
daha deyirik: "Bizi bağışlayın, Rəfiqə ana!". Söz vermişdik ki, azı 90-da
görüşəcəyik! Nə edək, bu bir
taledir, heç kəs ondan qaça bilməz.
Rəhim HÜSEYNZADƏ
525-ci qəzet.- 2022.- 9 aprel.- S.17.