Ermənilərin "Qarabağ" mifi və
tarixi həqiqətlər
"QARABAĞ:
MİF VƏ HƏQİQƏT" KİTABI HAQQINDA QEYDLƏR
Qafqazda
XIX yüzildən başlayaraq bugünəcən davam edən
çoxvektorlu proseslərə nəzər saldıqda
görürük ki, bu proseslərin əslində iri dövlətlərin
hegemonluğu ilə bağlılığı xarakter
baxımından həm də yerli siyasi strukturlar və Qafqaz
meqaregionu üçün epoxal siyasi hadisələri
özündə əks etdirməkdədir. Bu hadisələrin tarixi
kökləri 300 ilə yaxındır ki,
yaşadığımız regionu (əvvəllər
Persiyanı və Türkiyəni) daha çox narahat etmiş,
XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin
kütləvi şəkildə Qafqazda (əsasən Azərbaycan
torpaqlarında) yerləşdirilməsi yerli əhali, ilk
növbədə onun əksəriyyət təşkil etdiyi
müsəlman hissəsi üçün neqativ nəticələrə
gətirib çıxarmışdır.
Ermənilərin qeyd edilən dövrdən Azərbaycan
ərazilərində iğtişaşlar törətməsi,
yerli torpaqlara göz dikməsi, müsəlman (oxu azərbaycanlı
- N.M.T.) əhali üçün misli görünməmiş
problemlər yaratması bəzi dövrlərdə güclənib
səngisə də, sonda çox böyük faciələrə
səbəb olmuşdur. Burada əvvəlki dövrlərin
xronologiyasına ardıcıl diqqət yetirməsək də,
XX əsrin 80-ci illərinin sonlarından başlayan erməni həyasızlığı
2020-ci ilin 27 sentyabr-10 noyabr arasında özünün son
uğurlu nöqtəsinə yetişdi. Məhz
bu dövrdə artıq bıçaq boğaza dirənmişdi.
Ermənilərin həyasızlığı elə
bir həddə çatmışdı ki, erməni rəhbərliyi
utanıb-çəkinmədən Qarabağda, onun ürəyinin
başı Şuşada at oynatmaq istəyində
bulunmuşdu. Belə olduğu halda Azərbaycanın
bütün əhalisi erməni
özbaşınalığına qarşı ayağa
qalxmışdı. İndi artıq atəşə
atəşlə cavab vermək vaxtı
çatmışdı. Müharibə Azərbaycan
xalqının və ordusunun triumfal qələbəsi ilə,
Ermənistanın isə biabirçı kapitulyasiyası ilə
sonuclandı. Misli görünməmiş
zəfərə imza atıldı. Əvvəllər
bu barədə nə qədər deyilib, yazılsa da, 2020-ci
ilin sentyabrından erməni məkrinin, erməni təcavüzünün
səbəblərini arayıb ortaya çıxaran
çoxsaylı məqalələr, materiallar, kitablar, analitik
monoqrafik tədqiqatlar işıq üzü görməyə
başladı. Məhz qeyd etdiyimiz kontekstdə Sadir Məmmədov
və Tural Məmmədovun "Qarabağ: mif və həqiqət"
kitabının rolu kifayət qədər diqqətçəkəndir.
Kitabda lakonik şəkildə ermənilərin Qafqaza, əsasən,
Azərbaycana necə köçürülmələri, bu ərazilərdəki
miqrasiya prosesləri, onların etnik tərkibinin ala-bəzəkliyi,
Azərbaycanda törətdikləri ölçüyə gəlməz
vəhşilikləri, Azərbaycanımızda onlar
üçün yaradılmış şərait, bizim ərazilərimizdə
bir dövlətə malik olduqdan sonra ikinci dövlət qurmaq
cəhdləri, monoetnik indiki Ermənistanda digər xalqlara
qarşı etnik təmizləmə apardıqları halda Azərbaycanda
istənilən qədər (hətta indiki çətin vəziyyətdə
belə 30 min ermənin yaşaması), toponimik, etnonimik,
zoonimik, antroponimik cinayətlər törətməsi, Azərbaycan
torpaqlarının işğalı, adət-ənənə və
elmi falsifikasiyaları, ermənilərin Azərbaycana
qarşı diplomatik müharibəyə girişməsi, bəşəriyyətə
qarşı cinayətləri və müasir ermənilərin
anti Azərbaycan insinuasiyaları, xalqımıza qarşı
soyqırımı kimi məsələlər kompakt və hədəfə
tuşlanmış şəkildə yer almışdır.
Bakı
Slavyan Universitetinin Azərbaycanşünaslıq və
slavistika şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə
doktoru, BSU-nun Diplomatiya və
xarici siyasət kafedrasının dosenti Sadir Məmmədovun və
Azərbaycan Respublikası hüquq-mühafizə
orqanlarının əməkdaşı Tural Məmmədovun
bu ilin əvvəllərində nəşr etdirdikləri
"Qarabağ: mif və həqiqət" kitabı
universitetlərin humanitar fakültələrində bakalavr və
magistr pillələrində təhsil alanlar üçün gərəkli
dərs vəsaiti olmaqla yanaşı, həm də doktorant,
professor-müəllim heyəti, eləcə də geniş
oxucu kütləsi üçün əhəmiyyətli mənbədir.
Kitabda Qarabağımızın tarixi coğrafiyası, təbii
landşaftı, etnik-milli və etik-mənəvi ənənələri
nəzərdən keçirilir, ermənilərin bizim
torpaqlarda Rusiya imperiyasının təkidi ilə yerləşməsi,
Zəngəzur, Qarabağ və digər ərazilərimizdə
törətdiyi vəhşiliklər, terror hadisələri və
misli görünməmiş, insanlıqdan kənar cinayətləri,
nəhayət, 2020-ci ilin payızında yenilməz Azərbaycan
Ordusunun ölkə Prezidenti İlham Əliyevin Ali Baş
Komandanlığı altında əldə etdiyi triumfal Qələbənin
başlıca səbəbləri retrospektiv və perspektiv
müstəvidə araşdırılır, əsaslı təhlil
süzgəcindən keçirilir. Kitabın Qarabağ, erməni-Azərbaycan
və erməni-türk münasibətlərini
işıqlandıran digər çoxsaylı mənbələrdən
ilk növbədə janr baxımından fərqi ondan ibarətdir
ki, burada müəlliflərin ən başlıca məqsədi
əsərin dərs vəsaiti kimi tələbələr tərəfindən
"həzm edilməsinə" nail olmağa
çalışmaqdır. Bəhs etdiyimiz mənbənin həm
də digər bir başlıca cəhəti ondan ibarətdir
ki, sanki Qarabağ mövzusunu dominanta kimi götürən
müəlliflər bir kontekstdən digər kontekstə keçidi
elə spontan və ardıcıl qururlar ki, Qarabağ problemi
ermənilərin türklərə və azərbaycanlılara
qarşı etdikləri bu "hədiyyələrin"
coğrafiyası müxtəlif regionlarda hansı şəkildə
cərəyan edib, təlatümlər yaratdığı
oxucuların gözü qarşısında canlanır. Məhz belə mövqedən yanaşdıqda müəlliflərin
sərlövhəyə çıxardığı
başlıqlara verdikləri izahlar oxucular (həm də digər
çoxsaylı təfəkkür sahibləri)
üçün problemin xüsusi olaraq
anlaşılmasında maraqlı yol xəritəsi, logistik
mahiyyət daşıyır. Odur ki, S.Məmmədov və
T.Məmmədov bu kitabda Qarabağın tarixi-coğrafi
mövqeyini aydınlaşdırdıqdan sonra, ermənilərin
adı çəkilən regionda məskunlaşması,
onların türk ərazilərində dövlət qurmaq istəyi,
bu xülyalarının Rusiya imperiyasının ambisiyaları
və dövlət maraqları ilə üst-üstə
düşməsi, erməni komitələrinin yaranması,
onların "xeyir-dua"sı ilə üsyanlara
hazırlaşmaları, müxtəlif coğrafiyalarda (Musabəy,
Ərzurum, Qumqapı və s.) törətdikləri hadisələr,
erməni silahlı dəstələrinin Türkiyəyə
hücumu, Merzifon və Yozqat hadisələri, I Sasun
üsyanı, Anadoluda ortaya çıxan erməni hərəkatları,
II Sasun, Zeytun, Van üsyanları, İngiltərənin erməni
siyasətinə təsiri, Muş hadisələri, onların
Osmanlı bankına basqınları, Ərzum və Bitlis
üsyanları, ermənilərin II Abdulhəmidə
qarşı terror cəhdləri,
Adana hadisələri, uydurma qırğın iddiaları, qədim
erməni dili ilə bağlı iddialarına cavablar və
eyni zamanda ermənilərin məkirli niyyətlərinin tarixi
mənbələrdə yer almasına nəzər
yetirilmiş, problemə uyğun təfəkkür
bucağından yanaşılmışdır.
Araşdırmaya
cəlb edib, təhlilini apardığımız kitabın
növbəti hissəsi bir neçə əsaslı bölmələri
əhatə edir ki, burada müəlliflər Azərbaycanın
müstəqillik dövründə əldə etdiyi
uğurları nəzərdən keçirir, Prezident İlham
Əliyevin "Valday" klubundakı
çıxışının, MDB dövlət
başçılarının Aşqabadda keçirilən tədbirdə,
Dini liderlərin II Sammitində, BDU-ində, MDB Dövlət
başçıları Şurasının videokonfrans
formatında keçirilən iclasındakı
çıxışı, Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən
müharibəsindəki qələbəyə həsr
olunmuş Zəfər paradındakı (10 dekabr 2021-ci il) və
yenə də onun Milli Məclisdəki
çıxışı (16 iyun 2021-ci il), Ali Baş Komandan
İlham Əliyevin Şuşada hərbçilər
qarşısında etdiyi çıxışı (8 noyabr
2021-ci il) və s. kimi materiallar öz mahiyyətinə görə
nəzərdən keçirilmiş, onlara uğurlu münasibət
sərgilənmişdir.
Müəlliflərin dərs vəsaiti
materiallarının janrına uyğun olaraq qurduqları bu
kitabın daha çox nəzərəçarpacaq tərəflərindən
biri də hər konkret, hətta yığcam bölmə və
hissələrdə tələbələrin bilik səviyyəsini
yoxlamaq üçün "Sual və
tapşırıqlar"ın təqdim olunmasıdır. Fikrimizcə,
kitabda müvafiq "Sual və tapşırıqlara" yer
verilməsi Qarabağ, Ermənistan-Azərbaycan, azərbaycanlıların
və türklərin deportasiyası və soyqırımı
ilə bağlı əsaslı məsələlərin dərindən
öyrənilməsinə nəzərəçarpacaq dərəcədə
köməklik göstərir. Çünki
dərs və tədris vəsaitlərinin başlıca məqsədi
tələbələr tərəfindən alınmış
biliklərin dərindən və əsaslı mənimsənilməsini
nəzərdə tutur. Fikrimizcə, tarix və
ədəbiyyat üzrə dərslik və dərs vəsaitləri
kimi S.Məmmədov və T.Məmmədovun araya-ərsəyə
gətirdikləri bu mənbə, həm də dərsliklərin
ortaya çıxması üçün mühüm
özül, mənbə və materiallardan biri kimi xidmət edə
bilər. Məlum olduğu kimi, dərs vəsaitlərinin
növləri də rəngarəngdir - onlar oxu
üçün kitablar, müntəxabatlar, sorğu
kitabları, lüğətlər, adaptasiya olunmuş mətnlər,
tapşırıq və təmrinlər və s. ola bilər.
Burada belə bir sual da meydana çıxa bilər ki, adətən,
dərs vəsaitləri dərsliklərə
yardımçı mənbə kimi ortaya gəlməlidir. Bu baxımdan ölkəmizdə
Qarabağ, Ermənistan-Azərbaycan, erməni məkrinin
müxtəlif tərəflərini təhlil edib, ortaya
qoymuş ali məktəb, yaxud orta məktəb,
orta ixtisas məktəbləri üçün nəzərdə
tutulmuş dərsliklərdən istifadə olunması ilə
bağlı mənbələrin mövcud olub-olmaması da
maraqlıdır. Bu suala biz cavab verməkdə
bir qədər çətinlik çəksək də, hesab
edirik ki, əgər belə dərslik və dərs vəsaitləri
yoxdursa, deməli, biz hələ də xalqımız
üçün taleyüklü məsələni gərəyincə
qiymətləndirmir, ya da ona lazımi önəm vermirik.
Odur ki, bugünkü mürəkkəb mərhələdə
dərs vəsaiti kimi hazırlanmış "Qarabağ:mif və həqiqət" kitabının
funksional və tətbiqi dəyərinin böyük
olduğuna inanırıq.
S.Məmmədov
və T.Məmmədovun "Qarabağ: mif və həqiqət"
kitabının digər bu tipli əsərlərdən fərqli
tərəfi materialın lakonikliyi, müxtəsərliyi,
kompakt şəkildə təqdimatı, tezisvari tərtibatı
daha çox diqqəti cəlb edir. Elə zənn
edirik ki, tələbələr belə mənbələrdən
rahat şəkildə istifadə etməyə həvəsli
olacaqlar. Başqa sözlə desək,
haqqında bəhs etdiyimiz bu dərs vəsaitindən tələbələrin
yığcam konspekt etmələri də mümkündür.
Bu rakursdan yanaşdıqda deyə bilərik ki,
belə materiallar kitabın tətbiqi əhəmiyyətini də
xeyli dərəcədə artırır.
S.Məmmədov
və T.Məmmədovun tələbələrin və
oxucuların diqqətinə təqdim cəlb etdiyi bu mənbənin
dərslik janrında ortaya çıxacaq nümunələrdən
fərqi bir də ondan ibarətdir ki, burada həm tarixi, həm
nəzəri, həm praktik materialların hamısı sanki
"üçü birində" kimi təqdim olunmuşdur.
Bu dərs vəsaitinin digər bir önəmli cəhəti
onun yetərincə sadə dillə yazılmaqla Qarabağ, Ermənistan-Azərbaycan
müharibəsi, erməni məsələsi, mənfur erməni
hiyləgərliyi, onların Türkiyəyə və Azərbaycana
torpaq iddiası ilə bağlı məsələ
qaldırması kontekstindən müəlliflərin
başlığa çıxardıqları mövzu ilə əlaqədar
ətraflı bilgilər verməyə
hesablanmışdır. Dərs vəsaiti daha
operativ ortaya qoyulduğundan kitaba yeni və daha çox
aktuallıq kəsb edən materiallar daxil edilmişdir. Bu materiallar tələbələrin Qarabağ, ermənilər
və erməni xisləti ilə bağlı fundamental bilikləri
mənimsəmələri baxımından daha böyük dəyər
daşımaqdadır. Kitabın tematik
bölmələri, ümumiləşdirici müddəaları,
didaktik aparatı, tələbələrin biliklərinin
yoxlanılmasına istiqamətlənən sual və
tapşırıqlar nəzərəçarpacaq dərəcədə
uğurlu və ölçülü-biçili şəkildə
təqdim olunmuşdur.
Bir neçə kəlmə də kitabın poliqrafik baxımdan uğurlu təqdimatı barədə. Kitabın üz qabığını çevirəndə oxucu kimi dağıdılmış, viran qoyulmuş tükürpədici, qorxunc mənzərə ilə rastlaşırıqsa, üz qabığının arxa tərəfinin içərisində yetərincə əzəmətli mənzərənin şahidi oluruq. Burada 44 günlük Zəfər qələbəsindən sonra yeni tikilib istifadəyə verilmiş Zəfər yolu, Füzuli Beynəlxalq aeroportu, Şuşa qalasının o yanından Xurşidbanu Natavan, Üzeyir Hacıbəyli və Bülbülün əzəmətli baxışları, Vaqifin dağıdıldıqdan sonra bərpa edilmiş məqbərəsi və heykəli, Şuşaya gedən Zəfər yolunun yaşıllığa bürünmüş əsrarəngiz landşaftı bu mənzərəyə baxanları heyran etməkdədir. Hesab edirik ki, poliqrafiya, forma və struktur baxımından da S.Məmmədov və T.Məmmədovun "Qarabağ: mif və həqiqət" kitabını (dərs vəsaitini) uğurlu nəşr nümunəsi kimi təqdir etmək mümkündür. Kitabın başlıca leytmotivi Qarabağın Azərbaycanın minilliklərdən bəri tərkib hissəsi olduğunu sübut etməkdədir. Müəlliflər fikrimizcə, nəzərdə tutduqları mətləbə gərəyincə yetişmişlər. Onları bu uğur münasibəti ilə bağlı təbrik edir və bir daha "Qarabağ Azərbaycandır - deyirik".
P.S. Adını çəkdiyimiz
kitabla bağlı fikirlərimizi yekunlaşdırarkən onu
da qeyd etməyi lazım bilirik ki, bu gərəkli əsərin
müəlliflərindən biri - Birinci Qarabağ müharibəsi
dövründə Dağlıq Qarabağda Daxili İşlər
İdarəsinin rəis müavini işləmiş polis
polkovniki Sadir Surxay oğlu Məmmədov müharibə
veteranı kimi regionda gedən proseslərin canlı şahidi
və iştirakçısı olmuşdur. Qarabağda
baş vermiş faciələrin xeyli hissəsi məhz onun
gözləri qarşısında baş verdiyindən,
kitabın əksər yerləri nəinki müharibə
xronikasını xatırladır, həm də həmin faciənin
əksər tərəflərinin müəllif şəhadəti
ilə qələmə alındığını
sübut edir. Atalarımızın məsəli var,
gözü ilə görən hamıdan çox bilir. Sadir Məmmədov
da bu kitabda qələmə alınanların xeyli yerlərini
öz canında yaşamışdır. Məhz buna görə
də bəhs etdiyimiz kitabda problemə münasibətdə
tarixiliklə yanaşı, insan hisslərinin səmimi
notları da üstünlük təşkil edir.
Nizami
TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet.- 2022.- 9 aprel.- S.16;17.