Yaddaş ağrılarının toplusu
İstedadlı yazıçı-pubisist, savaş mövzusunda çoxsaylı əsərlər
müəllifi Zemfira Məhərrəmlinin "Bədii
düşüncədə Qarabağ" kitabını
oxuyarkən bir daha əmin oldum ki, dünyanın
harasında baş verməsindən asılı
olmayaraq, müharibənin
yalnız bir üzü, bir sifəti var. Bu elə bir simadır ki, millətindən, irqindən, düşüncəsindən
asılı olmayaraq, insanları eyni dərəcədə incidir,
həyatını, xoş
güzəranını əlindən
alır, arzu və diləklərinin üstündən qara xətt çəkir. Ölüm-itim, qan-qada olan
müharibələr şəhər
və kəndləri viran qoyur, xarabazara
çevirir, uşaqlar
ata-anasız qalır.
Müəllif bu kitabında öz yaradıcılıq
məziyyətlərini ilk növbədə
gözə çarpdırmadan
çox təvazökarcasına
davranıb. Yəni öz orijinal
yaradıcılığını kitabın ön səhifələrində yox,
sonuncu bölməsində
yerləşdirib. Qələm dostlarını
daha öndə görməsi, onların ədəbi uğurlarına
sevinməsi və yaradıcılığına kitabının
ilk fəsillərində yer
verməsi Zemfira xanımın söz adamlarına - həmkarlarına
ehtiramının təzahürüdür.
Mən isə belə bir sayğılı münasibət sərgiləyən
müəllifin bədii
nümunələri barədə
fikirlərimi öncədən,
kitabda toplanmış
publisistik yazılarından,
esselərindən daha
əvvəl bölüşmək
istəyirəm.
Əbəs yerə demirəm ki, müharibənin bir üzü var və dəhşətli
hərb qovğaları
düçar etdiyi fəlakətləriylə bütün
xalqlar üçün
eynidir. Bir neçə il
öncə beynəlxalq
poeziya festivallarından
birində fasilə zamanı insanlardan uzaq gəzən, daim spirtli içkilər
içən gənc bir yazıçı diqqətimi cəlb etmişdi. Onun bu halının
səbəbini soruşanda
dedilər ki, o, əslən iraqlı yazıçı Kazım
Xəncərdir, hazırda
Fransada yaşayır.
Onu da əlavə etdilər ki, taleyində müharibə
acılarını yaşayan
insandır, doğmalarını,
yaxınlarını savaşda
itirib. Sonra onun "SOS: bir torba məzar tapılıb" adlı
real faktlara əsaslanan
hekayəsini oxudum və çox ürək ağrıdan həyat hekayəti ilə qarşılaşdım.
Deməli, qəhrəmanı polis idarəsinə çağırıb
deyirlər ki, qardaşının cənazəsinin
qalıqlarını tapmışıq,
gəl onları apar.
Hekayənin qəhrəmanı müharibədə
şəhid olmuş qardaşının torbaya
yığılmış sümüklərini
əzablar içində
polis idarəsindən evə
gətirir. Bu torbanı
əlindən yerə
qoymur, avtobusda torbanın əvəzinə
də pul ödəyir - qardaşının
gediş haqqını
verir. Hansı ki, bu jesti daim mərhum
qardaşı edərmiş.
Evə gəlir, sümükləri
evdə divanın üstünə qoyur.
Öz-özünə pıçıldayır:
"Bəla, dərd ondadır ki, indi qardaşım həm bizimlədir, həm də bizimlə deyil".
Bitən
müharibələr də
belədir: Onların fəsadları, qalıqları
daim bizimlədir, bitən savaşların bəlaları müdam könül məskənimizdədir.
Göründüyü kimi, müharibənin
belə acıları,
üzüntüləri var,
belə ağrılı
gerçəkliklər qaçılmazdır.
Bu bədii nümunə
ilə Zemfira Məhərrəmlinin kitabında
verilmiş Qarabağ hekayələri arasında
bir ruh yaxınlığı
gördüm. Zemfira
xanımın savaş
hekayələrində otuz
il çəkən
qanlı münaqişədə,
hərb qovğasında
üzləşdiklərimizin bədii təsviri ilə qarşılaşırıq.
Bu yeddi hekayə
bütövlükdə Qarabağı
itirməyimiz və onu şəhidlərimizin
qanı, igidlərimizin
hünəriylə yenidən
qazanmağımızla bağlı
bir silsilədir.
Əgər "Sevgimi neylədin,
Daşaltı dərəsi?"
adlı hekayə Birinci Qarabağ savaşının dəhşətlərini
xatırladırsa, "Şuşanı
aldıq, Şuşa azaddır" hekayəsi Zəfər savaşımızın
bizə yaşatdığı
sevinc, fəxarət duyğusunu çatdırır,
yada salır.
Bu bədii nümunələr
o kədərli, nisgilli
çağlarımızla bərabər, həm də qürurlu bu günümüzün hekayətləridir. "Qırxqızın
qırxbirincisi" adlı
hekayət o sönük
illərin, çarəsiz
qaldığımız, xəcalət
sindromundan qurtula bilmədiyimiz dövrün
inikasıdır.
Müharibələr daha çox amansızlığı, qəddarlığı
ilə yadda qalır. Fəlakətlə üzləşən ailələr itkin düşən dirilərinin
qaytarılmasına sevindikləri
qədər, şəhid
olmuş doğmalarının
cəsədlərinin tapılmasına
da şükür edirlər. Laçın işğal edilərkən
əsir düşmüş
Səmanın Xankəndindən
gətirilmiş cəsədi
torpağa tapşırılanda
el-oba göz yaşı axıtmış,
doğmaları heç
olmasa, bununla təsəlli tapmışdı.
Axı, itirdiklərini
qaytarmaq, əziz insanın məzar yerini bilmək belə insana əslində, az
da olsa, sevinc yaşadır. Hətta həmin ağır itkinin hansı formada qaytarılmasından
asılı olmayaraq.
Bu kitab taleyimizə
yazılan otuz illik savaşın başlanğıcından Vətən
müharibəmizədək olan bir dövrü
əhatə edir. Xalq şairləri R.Rza, X.R. Ulutürk, F.Qoca, Xalq yazıçıları
Anar, Elçin, sonrakı nəslin təmsilçiləri F.Məmmədli,
S.Səxavət, E.Hüseynbəyli,
R.Məcid, Elxan Zal, A.Abbas, Q.Nəcəfzadə,
Q.Ağsəs, V.Bəhmənli,
T.Vavid, N.Məmmədli,
gənc yazarlar X.Rza, E.Piri və
digər qələm sahiblərinin yaradıcılığında
Qarabağ mövzusu müəllifin yazıçı
tənqidinin diqqətini
cəlb edib.
Kitabda ümumən 32 yazarın, həm də müxtəlif yazı üslubuna malik qələm adamlarının bədii mətnlərinə istinad olunub. Bu, araşdırmaçıdan böyük zəhmət, qətiyyət istəyir. Çünki ayrı-ayrı yazıçıların əsərlərini oxuduqca fərqli ovqatlara düşürsən, sonra isə həmin ovqatları bir kitabın məcrasında birləşdirmək qələm adamından zəhmət tələb edir. Əslində bu, zəhmətdən də çox, böyük səbrin nişanəsidir. Bu əmək mənə "Nizami Gəncəvinin əsərlərinin el variantları" kitabındakı "İsgəndərin balıqlardan xərac alması" adlı nağılı xatırlatdı. Deməli, İsgəndər dəryalar padşahından xərac istəyir və imtina cavabı alır, belə olan təqdirdə o əmr edir ki, qoşun dəryadan suyu qablarda daşıyaraq boşaltsın və nəticədə dəryadakılar üzə çıxsınlar və cəng başlasın. Dəryaların hakimi əyanlarından soruşur ki, gedin baxın, görün dəryanın suyunu yavaş-yavaş boşaldırlar, yoxsa sürətlə? Cavab gəlir ki, qoşun dəryanı səbrlə boşaldır. Bu xəbəri eşidən dərya sultanı təslim olur. Çünki ordu dənizi tez boşaltsa yorular, gec boşaltsa isə iş-işdən keçmiş olardı. Dəniz hökmdarı fikirləşir ki, səbrlə boşaldırlarsa, deməli, istədiklərini əldə edəcəklər. Yəni səbrlə hər müşkülü asan etmək olur. Haqqında danışdığımız kitaba sərf edilən zəhmət mənə bu nağılda söylənilənləri yada saldı.
Zemfira xanım Qarabağ dərdimizdən bəhs edən, lakin fərqli yazı üslublarında qələmə alınmış əsərlərə araşdırmaçı gözü ilə baxıb, bu bədii mətnləri təhlil süzgəcindən keçirib. Ən müxtəlif imzalar isə fərqli zövqlər, fərqli yanaşma deməkdir. Belə kitablar nə qədər çox yazılsa, Qarabağ həqiqətləri, erməni vəhşilikləri təfərrüatı ilə üzə çıxar.
Vaqif Poeziya Günləri çərçivəsində Şuşaya səfərimiz zamanı o müqəddəs şəhərimizin küçələrində gəzişərkən divarlarda müxtəlif məzmunda əsgər yazılarına rast gəldik. Bir yol işarəsi lövhəsinin üstündə yazılmışdı: "Polad prospekti". Bu, Şuşanı qanıyla, canıyla alanların arzularının ifadəsiydi. Başqa bir divar yazısını oxuyanda kimsə: "Nə çox hərf səhvi var" - söylədi. Qələm dostumuz Seyfəddin Hüseynli isə dedi ki, "o cür hərf səhvləri edənlər çox böyük tarixi səhvləri düzəltdilər: çoxlarının düzəldə bilmədiyi səhvləri..." Zemfira Məhərrəmlinin "Şuşanı aldıq, Şuşa azaddır" hekayəsinin qəhrəmanları Fərid, Ərtoğrul, Bəhruz, Pərviz kimi...
Fərid
HÜSEYN
525-ci qəzet.- 2022.- 9 aprel.- S.15.