İctimai-pedaqoji fikir tarixinin görkəmli nümayəndəsi  

 

 

Xalqımızın ədəbi-mədəni, ictimai-siyasi həyatında böyük xidmətləri olan, amma fəaliyyətləri bu gün də lazımi səviyyədə tədqiq edilməmiş elm, mədəniyyət və maarif xadimləri az deyil. Belə böyük şəxsiyyətlərdən, maarif xadimlərindən biri də Axund Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadədir. Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, dövlət quruculuğunun və digər mühüm sahələrin inkişafında Qazızadələrin böyük xidmətləri olub. Qazızadələr soyu XVIII-XIX əsrlərdə nəinki Cənubi Qafqazda, bütün Yaxın Şərqdə tanınırdı. Bu sülalə son iki əsr ərzində Azərbaycanın elmi, ədəbi-mədəni, ictimai-siyasi mühitinə dəyərli şəxsiyyətlər bəxş edib.

 

Axund Molla Məhəmmədbağır Qazızadə 1829-cu ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində, bölgənin tanınmış din xadimi Hacı Molla Mehdinin ailəsində dünyaya gəlib. Atası Molla Mehdi onun həyatında mühüm rol oynayıb.

 

İlk dini savadını atasından alan Məhəmmədbağır Qazızadə sonra İrəvanda mədrəsədə oxuyub. Bu müddətdə özünün səyi və çalışqanlığı sayəsində Quranı, fars və ərəb dilini öyrənib. Elm və maarifə böyük marağı olan Məhəmmədbağır mədrəsə təhsilini başa vurduqdan sonra İrəvan qəza məktəbinə daxil olub, dünyəvi təhsil alıb. İrəvanda mədrəsədə və qəza məktəbində təhsil aldığı vaxtlarda yüksək istedada malik bir gənc kimi tanınan Məhəmmədbağır İrəvan qəza məktəbini bitirdikdən sonra elmini və təhsilini daha da təkmilləşdirmək, ali ruhani təhsili almaq üçün qədim mədəniyyət mərkəzlərindən olan Nəcəf şəhərinə gedərək təhsilini orada davam etdirib. Nəcəf şəhərində yerləşən ali dini təhsil müəssisələrinin əsasnamələrinə əsasən burada ali dini təhsilə yiyələnən müdavimlər eyni zamanda xüsusi ixtisas seçiminə də malik olurdular. Məhəmmədbağır Qazızadə ali dini təhsilə yiyələnməklə yanaşı, xüsusi ixtisas seçimi kimi riyaziyyat elmini seçir. Məhəmmədbağır Qazızadə Nəcəf şəhərində tanınmış alimlərindən təhsil aldığı illərində o, Şərq ədəbiyyatını, tarixini və digər elm sahələrini də dərindən öyrənməyə müvəffəq olur. Ümumiyyətlə, burada oxuduğu dövr onun dünyagörüşünə, həyat və yaradıcılığına ciddi təsir göstərir. Məhəmmədbağır Qazızadə Şərq ədəbiyyatının, mədəniyyətinin gözəl bilicisi olmaqla yanaşı, Avropa ölkələrinin maarif sisteminə, mədəniyyətinə də dərindən yiyələnir.

 

Məhəmmədbağır Qazızadə Nəcəf şəhərindəki ali dini təhsilini başa vurduqdan sonra doğma vətəni İrəvana qayıdır. Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək axund titulu alır. 1873-cü ildə İrəvan Quberniyası Ruhani Məclisinin üzvü seçilir və Ruhani Məclisinin sədri Axund Molla Xəlil Qazızadə, məclis üzvləri Axund Hacı Molla Abasqulu Sultanhüseynbəyov, Lütvəli bəy Qazıyevlə birlikdə çalışmağa başlayır. Axund Molla Məhəmmədbağır Qazızadənin İrəvan Quberniyası Ruhani Məclisinin üzvü kimi fəaliyyəti istər möminlər, istərsə də azərbaycanlı əhali arasında ona böyük hörmət və nüfuz qazandırır.

 

Məlumdur ki, XIX əsrin əvvəllərində çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra bütün sahələrdə olduğu kimi, dini məsələlərə də nəzarət etmək üçün bu qurumları təsis etmişdi. İrəvan Qubernatorunun Zaqafqaziya Şiə Ruhani İdarəsinə 9 dekabr 1892-ci il tarixdə göndərdiyi əmrlə Axund Molla Abasqulu Sultanhüseynbəyov İrəvan Quberniyası Ruhani Məclisinin sədri və qazisi vəzifəsindən azad olunur, 28 fevral 1893-cü il tarixli əmrlə Axund Məhəmmədbağır Qazızadə onun yerinə İrəvan Quberniyası Ruhani Məclisinin sədri və qazisi təyin edilir. Onu da qeyd edək ki, 1829-cu ildə yaradılmış İrəvan Quberniyası Ruhani Məclisi İrəvandakı Göy məsciddə yerləşirdi. İrəvan Quberniyası Ruhani Məclisi quberniyanın İrəvan, Aleksandropol, Naxçıvan, Üçmüədzin, Yeni Bəyazid, Şərur-Dərələyəz, Sürməli, Ordubad qəzalarının müsəlmanlarına xidmət göstərirdi. Quberniya Ruhani Məclisi qəza qazilərini, şəhər və kənd axundlarını təyin etmək, kəbin və nikah işlərini, boşananları, ailə münaqişələrini, quberniya ərazisində olan vəqf torpaqlarını idarə etmək, icarəyə vermək, ruhani adlara yiyələnmək kimi səlahiyyətlərə malik idi.

 

Axund Molla Məhəmmədbağır Qazızadə İrəvan Quberniyası Ruhani Məclisinin sədri təyin ediləndə, ilk dəfə məclisin üzvləri Axund Mirzə Abdulla Qazıyev, Axund Hacı Molla Əli Müzəffərzadə, İsmayıl bəy Bağırbəyov, qəza qaziləri Axund Məmmədəli Qazızadə (Üçmüədzin), Axund Hacı Molla Əli Axundzadə (Naxçıvan), Axund Qurban Cənnətzadə (Novobəyazid), Axund Hacı İsmayıl Nadirxanzadə (Şərur-Dərələyəz), Axund Molla Abbasqulu bəy Sultanhüseynbəyov (Ordubad), Molla Qənbər Axundzadə (Sürməli) və müxtəlif vaxtlarda başqaları ilə birlikdə çalışıb.

 

Dərin biliyə və erudisiyaya malik olan Məhəmmədbağır Qazızadənin azərbaycanlı əhali arasında böyük hörmət və ehtirama sahib olmasında başlıca cəhət, onun öz bilik və bacarığını təkcə bir məscidin, bir icmanın maraqları baxımından deyil, bütövlükdə xalqa, onun inkişafına xidmət naminə sərf etməsi idi. Dövrün qabaqcıl maarifçiləri kimi Məhəmmədbağır Qazızadə də yeni tipli məktəblərin yaradılması, pedaqoji kadrlara olan ehtiyacı ödəmək, savadlı kadrlar hazırlamaq zərurətini görüb, İrəvanda bu işlərin həyata keçirilməsi uğrunda mübarizə aparanların önündə gedirdi.

 

1881-ci ildə noyabr ayının 8-də İrəvan Müəllimlər Seminariyası açılır. Seminariyanın Azərbaycan şöbəsinin müdiri tatar (Azərbaycan) dili və ilahiyyat müəllimi, dövrün görkəmli elm, maarif və din xadimi Axund Molla Məhəmmədbağır Qazızadə təyin edilir.

 

 

 

Məhəmmədbağır Qazızadə seminariyanın Azərbaycan şöbəsinin ahəngdar fəaliyyəti, azərbaycanlı gənclərin bu təhsil ocağına daha çox cəlb edilməsi üçün qüvvə və bacarığını əsirgəmir. Müxtəlif vaxtlarda seminariyanın direktorları olmuş Mixail Alekseyeviç Miropiyev və Sergey Nikolayeviç Streleçkinin azərbaycanlı seminaristlərə, bura qəbul olunmaq istəyən gənc soydaşlarımıza qarşı törətdikləri maneçilik, onların milli ayrı-seçkilik siyasəti və şovinist münasibəti getdikcə dözülməz bir hal alır. Axund Məhəmmədbağır Qazızadə seminariya direktorlarının bu haqsız münasibətlərinə dəfələrlə öz etirazını bildirir. Mürtəce fikirli seminariya direktorlarının azərbaycanlı seminaristlərə qarşı bu təqibləri Azərbaycan şöbəsinin müdiri ilə onlar arasında ciddi mübahisələrə səbəb olur. Molla Məhəmmədbağır Qazızadənin belə bir çətin şəraitdə fəaliyyət göstərməsi heç də asan deyildi.

 

Fədakar maarif xadimi Axund Məhəmmədbağır Qazızadə nəinki çalışdığı seminariyada, yaşadığı İrəvanda, bütün Şərqdə böyük nüfuza malik idi. O, bütün ömrünü, bilik və bacarığını yorulmaq bilmədən müəllim kadrların hazırlanmasına, yeni tipli məktəblərin yaradılmasına, Azərbaycan maarifinin və mədəniyyətinin inkişafına sərf etmişdi. Bütün bunları onun ictimai və maarifçilik fəaliyyəti ilə bağlı apardığımız araşdırmalarda daha aydın görmək olar. Axund Məhəmmədbağır Qazızadənin pedaqoji ustalığı, hər şagirdlə fərdi məşğul olması, təcrübəsi, fəal və qabaqcıl maarif işçisi kimi seminariyadakı fəaliyyəti bir çox xüsusiyyətlərinə görə fərqlənirdi.

 

Məhəmmədbağır Qazızadə səmərəli pedaqoji və ictimai fəaliyyətinə görə 1882-ci ildə gümüş medalla, 1898-ci ildə isə müqəddəs Anna ordeni ilə təltif edilmişdi. O 1989-cu ildə İrəvanda rus-tatar məktəbinin açılmasında xüsusi təşəbbüskarlıq göstərmişdi. Mütərəqqi ziyalı, böyük pedaqoq Axund Molla Məhəmmədbağır Qazızadə azərbaycanlı qızlar üçün təhsil ocaqlarının yaradılmasına da ciddi səy göstərmiş, 1902-ci ildə İrəvanda öz evində rus-tatar (azərbaycanlı) qızlar məktəbi açmışdı. Məktəbin himayəçisi İrəvan Quberniyasının vitse-qubernatoru knyaz Aleksey Çaqadayevin arvadı Yelena Çağadayeva, müdiri Antonina Valerianovna Kalinina, rus dili müəllimi Yevgeniya Georgiyevna Pxanadze, ana dili müəllimi Məmmədvəli Qəmərlinski olmuşdular. Məktəbdə şəriət fənnini isə onun özü tədris etmişdi.

 

O, 1911-ci ildə bir neçə irəvanlı müəllimin Tiflisdə Azərbaycan dilində nəşr etdirdiyi "Ana dili" dərsliyinin həmməlliflərindən biri idi.

 

Axund Molla Məhəmmədbağır Qazızadə İrəvanın ictimai-siyasi, mədəni həyatında da böyük rol oynamış və hər zaman azərbaycanlı əhalinin hüquqlarının keşiyində dayanmışdı. 1905-ci ildə ermənilərin İrəvanda azərbaycanlı əhaliyə qarşı törətdikləri total qırğınlarla bağlı Sankt-Peterburqa gedən İrəvan Quberniyası Ruhani Məclisinin sədri və qazisi Axund Molla Məhəmmədbağır Qazızadədən ibarət nümayəndə heyətinin tərkibində İrəvanda böyük nüfuz sahibi olan şəhər dumasının üzvü Hacı Mir Abbas Ağa Mirbabayev, İrəvan Quberniyası Ruhani Məclisinin üzvü Məhəmməd Axundov, tanınmış vəkil Məmmədqulu bəy Kəngərlinski də var idi. O, Sankt-Peterburqda Rusiyanın Qafqaz canişini knyaz Vorontsov Daşkovla görüşmüş, İrəvanda yaşayan azərbaycanlıların mənəvi və maddi ehtiyaclarını ona çatdırmışdı.

 

XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində İrəvanda bütün çətinliklərə sinə gərib xalqın tərəqqisinə çalışan Axund Molla Məhəmmədbağır ilə birlikdə maarif və mədəniyyətin yayılmasına xidmət göstərmiş ziyalı və maarifçilər - Fazil İrəvani, Məmmədvəli Qəmərlinski, Məmməd bəy Qazıyev, Cəfər bəy Cəfərbəyov, İbadulla bəy Muğanlinski, Mirzə Cabbar Məmmədzadə, Həsən bəy Qazıyev, Cabbar Əsgərzadə, Mir Məhəmməd Fətullayev, Rəhim Xəlilov, Abbas Ağa Fərəcov, Məhəmməd Axundov və başqalarının milli pedaqoji kadrların yetişdirilməsində danılmaz əməyi var idi.

 

Axund Molla Məhəmmədbağır Qazızadə ömrünün sonuna kimi İrəvan Quberniyası Ruhani Məclisinin sədri, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müdiri və ilahiyyat müəllimi vəzifəsində çalışdı. O, xalqımızın tarixində və taleyində mühüm rol oynamış Həmid bəy Şahtaxtinski, Həmid bəy Səlimov, Mirzə Cabbar Məmmədzadə, İbrahim Səfi, İbadulla bəy Muğanlinski, Saleh Güllücinski, Haşım bəy Vəzirov, Məmməd Nəsirbəyov, Rəşid İsmayılov və bu kimi onlarla böyük şəxsiyyətlərin müəllimi oldu. Həyatının 45 ilindən artıq bir hissəsini müəllimliyə, İrəvanda Azərbaycan maarifi və mədəniyyətinin inkişafına həsr etmiş ictimai-pedaqoji fikir tariximizin görkəmli nümayəndəsi Axund Molla Məhəmmədbağır Qazızadə 1911-ci ilin dekabr ayında İrəvanda vəfat etdi.

 

 

Cəlal ALLAHVERDİYEV

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 9 aprel.- S.14;15.